Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 ÜZÜMÇÜLÜK ƏMƏK TUTUMLU SAHƏ KİMİ ƏHALİNİN MƏŞĞULLUĞUNUN

TƏMİNATINA ƏVƏZSİZ ROL OYNAYA BİLƏR

 

Azərbaycanda qeyri-neft sektorunun strukturunda aqrar bölmə xüsusi çəkiyə malikdir. Çünki Azərbaycan kənd təsərrüfatı bitkilərinin əkilib becərildiyi əlverişli ölkələr sırasında dayanır. İl ərzində bir neçə dəfə məhsul götürmək mümkündür. Azərbaycan həmçinin mədəni çoxillik bitkilərin, o cümlədən üzümçülüyün vətənidir.

Uzun tarixə malik üzümçülük Azərbaycanda ötən əsrin 70-ci illərində misli görünməmiş yüksəliş yoluna çıxmış, illik məhsul istehsalı bir milyon tonu ötüb keçmişdir. Bu, hər şeydən öncə, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə gəlişi və onun həyata keçirdiyi daxili uğurlu iqtisadi siyasətlə bağlıdır. Burada əsas məqsəd respublikanın təsərrüfat quruculuğunda mövcud olan tənəzzülün və durğunluğun qarşısını almaqla insanların geniş anlamda məşğulluğunu təmin etməkdən ibarət idi. Üzümçülük əmək tutumlu fəaliyyət növü kimi bu meyarlara cavab verirdi. Hələ o vaxtlar üzümçülük əhalinin iqtisadi həyatında mühüm rol oynamaqla istehsal edilən məhsulun ümumi illik dəyərində 48-51 faizi təşkil edirdi. Məhz ulu öndərin təşəbbüsü ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün Üzümçülük-Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, elmi mərkəzlər və laboratoriyalar yaradıldı.

Bunların köməyi ilə üzüm və şərab istehsalının texnoloji normativləri və kapital qoyuluşunun  iqtisadi effektivliyi işlənib hazırlandı. Bu gün də cənab prezident İlham Əliyevin aqrar siyasətində ərzaq təhlükəsizliyinin bütün istiqamətlər üzrə inkişafı, o cümlədən üzümçülüyün inkişafı prioritet mahiyyət kəsb edir. Lakin keçən əsrin 90-cı illərində üzüm plantasiyalarının çox hissəsi baxımsızlıq ucbatından məhv olmuş, uzun illər yeni bağlar salınmamışdır. Yalnız 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları çərçivəsində bir çox digər kənd təsərrüfatı sahələri, o cümlədən üzümçülük inkişaf etdirilməyə başlamışdır.

Hesablamalar göstərir ki, respublika əhalisi üçün ən azı ildə 140-150 min ton süfrə üzümü istehsal edilməlidir. Avropa ölkəsində adambaşına süfrə üzümü istehlakı Azərbaycanla müqayisədə 5 dəfədən çox, şərab istehsalı isə 10 dəfədən çoxdur. Bu gün respublikamızda istehsal olunan üzümün həcmi ildə 150-160 min tonu təşkil edir ki, həmin məhsulun təzə halda cəmi 25-30 faizi istehlak edilir. Lakin təkcə Bakı şəhərinin əhalisinə orta hesabla 6 ay təzə üzümlə təminatına ən azı 65-70 min ton süfrə üzümü tələb olunur.

Belə olan halda respublika əhalisini təzə üzüm məhsulu ilə təmin etmək üçün istehsalın həcmi 3 dəfədən çox artırılmalıdır. Texniki sortlarla yanaşı, süfrə üzümünün məhsuldar növlərinin əkin sahələrinin genişləndirilməsinə ehtiyac vardır. Bu cəhətdən Abşeron yarımadasında və digər üzümçülük rayonlarında üzümçülüyün inkişafına xüsusi diqqət verilməlidir. Azərbaycanın, o cümlədən Abşeronun iqlim şəraiti Ağ Şanı, Qara Şanı, Ağ Xəlili, Ağ kişmişi, Qara kişmişi, Kardinal, Ağadayı, Mərəndə və s. kimi tez, orta və gec yetişən süfrə üzüm sortlarının becərilməsinə imkan verir.

Abşeronun Maştağa, Şüvəlan, Saray, Zirə, Türkan, Buzovna, Bilgəh və s. kəndlərində hələ ötən əsrin 30-cu illərində 3,5 min hektar üzüm bağları mövcud olub. Bu gün həmin kəndlərdə nümunəvi üzümçülük təsərrüfatları olduqca azdır. Respublikamızda üzümçülüyün üstün mövqeyə gətirilib çıxarılması ölkə başçısının qarşıya qoyduğu zəruri məsələlərdən biridir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Fransa, İtaliya, İspaniya, Bolqarıstan, Ukrayna, Moldova və s. kimi ölkələrdə üzümçülük kənd təsərrüfatının aparıcı sahəsi hesab olunur. Bunun bir neçə səbəbi vardır. Üzüm minilliklər boyu insanların məişətinə daxil olub və kənd təsərrüfatını üzümsüz təsəvvür etmək çətindir. Digər tərəfdən, üzüm başqa bitkilərə nisbətən hər hektardan alınan məhsula görə daha sərfəlidir. Belə ki, əgər bir hektar üzüm  bağından orta hesabla 250-300 sentner məhsul əldə edilirsə, bir hektar taxıl sahəsindən ən yaxşı halda 46-50 sentner məhsul  götürmək mümkündür. Başqa sözlə, taxıla nisbətən 5-6 dəfə çox üzüm əldə edilir.

Düzdür maya dəyəri baxımından üzümçülüyə çəkilən xərclər artıq olsa da, sonucda yenə üzümdən əldə olunan gəlir çoxdur. Lakin bu o anlama gətirməsin ki, taxıla yox, üzümə üstünlük verilməlidir. Taxıl strateji məhsuldur, ölkənin ərzaq  təhlükəsizliyi sistemində ön sırada dayanır. Demək istədiyimiz budur ki, çoxillik bitki olduğuna görə və yaxşı mənfəət verdiyinə görə üzümçülüyün inkişafına ciddi fikir verilməlidir. Cənab prezident demişdir ki, üzüm-şərab istehsalı sahəsində olan potensial imkanlara yenidən baxmaq lazımdır. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, kiçik kəndli-fermer təsərrüfatları böyük və zəruri məhsulların istehsalını öz gücləri hesabına həyata keçirmək iqtidarında deyillər. Çünki yüksək maliyyə tutumlu sahələrdə, o cümlədən üzümçülükdə əl əməyinə əsaslanan təsərrüfatlar aqrotexniki qaydalara və texnoloji normativlərə əməl edə bilmirlər.

Mütəxəssislərin hesablamalarına əsasən, belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə ən az əmək və vəsait sərf etmək şəraitində ilk növbədə 90 min hektar sahədə üzüm plantasiyaları salmaqla, 4 il ərzində ildə bir milyon tonadək üzüm istehsal etmək olar. Bu həm də 605 min ton və ya 25 min dekalitr şərab materialı deməkdir. Bu isə minlərlə insanın daimi işlə təminatı deməkdir. Hazırda Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetində üzümçülüyün və şərabçılığın inkişafı, yeni sortların yaradılması və modern emal müəssisələrinin açılması ilə bağlı ciddi tədqiqat işləri aparılır. Bundan başqa, alkoqollu və alkoqolsuz üzüm məhsullarının çeşidlənməsinin təkmilləşdirilməsi, respublikamızda ekoloji təmiz kişmiş istehsalı ilə bağlı yeni texnologiyaların  işlənilib hazırlanması, tez və gec yetişən üzüm sortlarının müasir texnologiyalara əsaslanan formalarının tədqiqi və hazırlanması, xəstəlik və zərərvericilərə qarşı yeni preparatların təcrübədə sınağının keçirilməsi və onların ayrı-ayrı üzüm sortlarına təsiri mexanizmlərinin öyrənilməsinə dair geniş tədqiqat işləri həyata keçirilir.

Aparılan tədqiqat işlərinin içərisində yüksək keyfiyyət göstəricilərinə malik süfrə üzüm sortlarının yaradılması xüsusi önəm daşıyır. Respublikamızda 40-dan çox müxtəlif üzüm hibridləri yaradılıb. Bunlardan «Azəri» və «Göy-göl» üzüm sortları Dövlət komissiyası tərəfindən təsdiq edilərək rayonlaşdırılıb. Daha 6 sort – “İlhami”, “Şamaxı hədiyyəsi”, “Bəhrəli”, “Kəpəz”, “Şirəli”, “Gəncəvi” sortları isə sınaq üçün Dövlət komissiyasına təqdim edilib.

Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunda yaradılan üzüm sortları Beynəlxalq Üzüm və Şərab təşkilatları tərəfindən Madrid şəhərində keçirilən müsabiqədə «Almaz ulduz» medalına layiq görülmüşdür. İnstitutda hazırlanan «Mədrəsə» şərabı isə Yalta şəhərində keçirilən beynəlxalq müsabiqədə qızıl medal almışdır. «Bakı» konyakı 2011-ci ilin ən yaxşı konyakı adına layiq görülmüşdür. AzÜŞETİ-tu Bitki Ehtiyatları üzrə Beynəlxalq Təşkilat (Bioversity İntermational) və Elm və Texnika üzrə Avropa Əməkdaşlığı (COST) Beynəlxalq təşkilatları ilə birgə «Şərq-Qərb əməkdaşlığı çərçivəsində üzümün biomüxtəlifliyinin öyrənilməsi və becərmə üçün adaptiv xüsusiyyətlərinin mobilizasiyası» mövzusunda tədqiqatların aparılmasında iştirak edir.

Üzüm-şərab istehsalının modernləşdirilməsi ilə bağlı ortaya çıxan problemlərin həllində elmin rolu danılmazdır. Respublikamızda bu sahədə xeyli sayda bacarıqlı mütəxəssislər vardır. Lakin bununla belə gənc kadrların yetişdirilməsinə də ciddi ehtiyac duyulur. Açığını demək lazımdır ki, üzümçülük üzrə ixtisaslaşan kiçik təsərrüfatların bir çoxunda üzümçülüyü və şərabçılığı yaxşı bilən peşəkarlara az rast gəlinir. Hətta elə təsərrüfatlar da mövcuddur ki, mütəxəssis xidmətindən ümumiyyətlə istifadə olunmur. Belə olduğu halda üzüm bir neçə il ərzində yabanılaşıb sıradan çıxır.

Fikrimizcə, üzümçülüklə məşğul olan təsərrüfat subyektlərinə stimullaşdırıcı yardımlar göstərilməlidir. Bu tinglərin salınmasından tutmuş, tənəklərin dirəklərə vurulması, məftillənməsi, budanması, dərmanlanması, cərgəarası aqrotexniki əməliyyatların görülməsinə qədər bütün mərhələ tədbirləri əhatə etməlidir. Vaxt var idi, bütün evlərin həyət-bacalarında, eyvanlarında üzüm salxımları sallanırdı. İndi isə tənəklər kəsilib, yerində obyektlər tikilib. Üzüm ilahi meyvədir, onun hər qorasında bir möcüzə və şirinlik vardır. Gəlin bu qiymətli neməti qoruyaq, qayğısını çəkək, hərəyə bir tənək əkək!

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri