Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Kənd təsərrüfatına vergi güzəşti effektlidirmi?

 

İqtisadi nəzəriyyədə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını sürətləndirmək məqsədilə bir sıra mexanizmlər nəzərdə tutulmuşdur. Bunlardan biri də məhz birdəfəlik və ya daimi vergi güzəştlərinin verilməsidir. Belə imtiyazlara Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı tətbiq edilən vergi güzəştini misal göstərmək olar.

Aqrar sektora vergi güzəştinin tarixçəsi

Aqrar sektorun ölkə iqtisadiyyatının bünövrəsini təşkil etməsi, o cümlədən sənaye üçün xammal bazası rolunu oynaması, ən əsası isə məşğul əhalinin təqribən 40%-nin bu sektorda fəaliyyət göstərməsi nəzərə alınaraq, ulu öndər Heydər Əliyev tərəfindən 22 mart 1999-cu il  tarixli müvafiq fərman ilə kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilmişdir.

2001-ci il 27 noyabr tarixində qəbul edilmiş «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin  verilməsi haqqında» Qanun ilə  kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. 2001-ci ildə qəbul olunan bu qanun əvvəlcə 3 illik vergi güzəştlərini nəzərdə tuturdu. Daha sonra isə həmin qanunla müəyyən edilmiş vergi güzəştlərinin qüvvədə olma müddəti 2014-cü il yanvarın 1-dək, nəhayət məcəlləyə edilən son dəyişikliklərə əsasən 2019-cu ilə qədər uzadılmışdır.

Hansı məhsulların istehsalçıları vergi güzəştlərindən yararlana bilər?

Bəs, hansı kənd təsərrüfatı məhsulları və ya onların istehsalçılarına vergi güzəştləri şamil edilir? Qeyd edək ki, bu mövzu vergi ödəyiciləri və ictimaiyyət arasında son dövrlər ən çox müzakirə edilən məsələdir.  Bəzi ekspertlərin fikrincə, bu güzəştlər bütün növ kənd təsərrüfatı məhsullarına tətbiq edilir. Lakin bu, yalnız fikirdir və Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına görə, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulan güzəşt kənd təsərrüfatı emalı ilə məşğul olan şəxslərə aid edilmir. Belə ki, kənd təsərrüffatı məhsullarının emal olunan (emala yönəldilən) hissələrinin alınmasından əldə edilən məhsulların təqdim edilməsindən qazanılan gəlirlər ümümi qaydada vergiyə cəlb olunmalıdır. Misal üçün, xama və kəsmik, habelə meyvə şirələri və s. satılması kimi fəaliyyətlərlə məşğul olan müəssisələrə güzəşt tətbiq olunmur və ümümi qaydada müvafiq vergilərə (mənfəət, gəlir, əmlak, sadələşdirilmiş və ƏDV) cəlb edilir.

Əlavə olaraq qeyd edək ki, məhsulların sırf kənd təsərrüfatı və ya emal sənayesi məhsulu olmasını dəqiqləşdirmək və vahid siyahısının təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanmış və 14 noyabr 2008-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmişdir. Bu təsnifatına əsasən, məsələn süd kənd təsərrüfatı məhsulu olsa da, süddən alınan xama, qatıq, dovğa, ayran və s. kimi məhsullar sənaye məhsullarıdır.

 

Kənd təsərrüfatının vergidən azad olunmasının bu sahəyə təsiri: dünya təcrübəsi

Azərbaycanda olduğu kimi, dünyada da kənd təsərrüfatına verilmiş vergi güzəştlərinin kənd təsərrüfatı sektoruna təsiri kifayət qədər maraq doğuran mövzudur. Bunun nəticəsidir ki, çoxsaylı tədqiqat işlərində müxtəlif ölkələrin aqrar sektora tətbiq etdiyi vergi güzəştlərinin əhəmiyyəti təhlil edilmişdir. Maraqlısı isə ondadır ki, belə araşdırmaların əksəriyyətində vergi güzəştlərinin kənd təsərrüfatı sektoruna müsbət təsir göstərməsi aşkar edilməmişdir. Belə tədqiqatlardan biri Oleg Nivievskyi tərəfindən Ukrayna nümunəsində aparılmış araşdırmadır. Bu araşdırma nəticəsində o, 1999-cu ildə Ukraynada dövlətin aqrar sektora verdiyi vergi güzəştləri ilə kənd təsərrüfatı istehsalının məhsuldarlığı arasında bir müsbət əlaqə aşkar etməmişdir.

Bununla yanaşı, Pekin Universitetinin İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Xiaxin Vanq Çində kənd təsərrüfatı sektorunun vergidən azad edilməsinin bu ölkədə kənd əhalisinin gəlirlərini və istehsal həcmini əhəmiyyətli şəkildə artırdığını aşkar etmişdir. Müəllif araşdırmasının sonunda belə qənaətə gəlir ki, kəndlilərin il ərzində 181 yuan vergidən azad edilməsi onların gəlirlərinin 425 yuan artmasına gətirib çıxarır. Bununla yanaşı, Xiaxin Vanq onu da üzə çıxarmışdır ki, Çin hökumətinin bu siyasəti nəticəsində kənd təsərrüfatı sektoruna kapital qoyuluşları, eləcə də kapitalın və əməyin məhsuldarlığı ciddi şəkildə yüksəlmişdir. Bütün bunları nəzərə alaraq Çin dövləti aqrar sektorun vergidən azad edilməsini uzun müddətdir ki, qüvvədə saxlayır.

Apardığımız təhlilləri ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, ümumiyyətlə hər hansısa bir sahənin vergidən azad edilməsinin həm həmin sahənin, həm də ölkə iqtisadiyyatının inkişafına bir sıra müsbət və mənfi təsirləri mövcuddur. Bunları aşağıdakı kimi sadalaya bilərik:

  • Müsbət təsirləri:
  • vergi güzəşti istehsalçının xərcini azaldır;
  • son məhsulun rəqabətqabiliyyətini artırır;
  • sahənin investisiya cəlbediciliyini yüksəldir;
  • istehsalçıları vergi sənədləşməsindən azad edir.
    • Mənfi təsirləri:
    • istehsalçılar arasında diskriminasiyaya yol açır;
    • istehsalçıların arxayınlaşmasına gətirib çıxarır ki, bu da onların innovativ yenilikləri öz istehsalına tətbiq etməyinə mane olur;
    • vergi ödəyicisinin fəallığını azaldır; 
    • istehsalçıların sosial müdafiəsinə və onların pensiya təminatından yararlanmasına imkan vermir;
    • statistik göstəricilərin qeyri-dəqiqliyinə və natamam olmasına gətirib çıxarır;
    • kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxışını məhdudlaşdırır. Çünki vergi ödənişi, eləcə də balans sənədlərinin mövcud olmaması kredit təşkilatları tərəfindən aqrar istehsalçıların kredit müraciətinin qiymətləndirilməsinə mane olur. Zəruri sənədlərin olmaması səbəbindən əksər sahibkarların müraciətləri banklar tərəfindən cavabsız qalır.

Azərbaycanda vergi güzəştlərinin aqrar sektora təsirinin qiymətləndirilməsi

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin əməkdaşı Akif Musayevin sözlərinə görə, heç bir güzəşt daimi deyil və kənd təsərrüfatının yüksək inkişafına nail olunduğu təqdirdə, o güzəşt də ləğv edilə bilər: «Amma hazırda bu məsələ müzakirə olunmur və 2014-cü ilə qədər həmin güzəşt qüvvədədir». Güzəştdən heç kimin könüllü olaraq imtina etməyəcəyini deyən nazirlik rəsmisinin sözlərinə görə, güzəşt olacağı müddətdə hamı bundan yararlanacaq. Onun fikrincə, güzəşt vergi ödəyiciləri arasında diskriminasiya yaradır, vergi ödəyicisinin fəallığını azaldır və ödəyici öz qarşısında rəqib görmür: «Bu mənada, güzəşt iqtisadi inkişaf üçün o qədər də əlverişli addım deyil. Bütün beynəlxalq qurumlar belə güzəştlərin əleyhinədir. Hesab edirəm ki, güzəştin əvəzinə subsidiyaların verilməsi daha məqsədəuyğundur».

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmovun fikrincə, ölkəmizdə kənd təsərrüfatı vergiyə cəlb edilməli, beləliklə də onların həm öz təsərrüfatlarını inkişaf etdirmələrinə, həm də dövlət büdcəsinin doldurulmasında iştirak etmələrinə imkan yaradılmalıdır. Belə ki, onun qənaətinə görə, aqrar istehsalçıların vergidən azad edilməsi onların öz fəaliyyətlərini sığortalaya bilməmələri ilə nəticələnir. Ekspert hesab edir ki, bu sektora tətbiq edilən vergilər simvolik məbləğdə, məsələn, 1 faizdən də az ola bilər və zaman keçdikcə tədricən bu vergilərin artırılması da  mümkün ola bilər.

Bununla yanaşı, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini S.Həsənova hesab edir ki, vergi güzəştləri biznesə əlverişli şərait yaradır, sadələşdirilmiş verginin tətbiqi, vergi dərəcələrinin optimallaşdırılması və digər tədbirlər aqrar sektora investisiyaların artımına səbəb olur.

Eyni zamanda, vergi güzəştlərinin kənd təsərrüfatına nəticələri barədə  “Vergilər” qəzetinə məlumat verən, əvvəllər Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışmış Rafiq Məcidovun fikrincə, vergi güzəştləri nəticəsində kənd təsərrüfatında xərclər 10%-dək azalmışdır. Onun sözlərinə görə, vergilərin ləğv olunması nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları təkcə 2010-cu ildə dövlət büdcəsinə 164,1 mln. manat vergi ödəməkdən azad edilmişdir: hüquqi şəxslərdən mənfəət vergisi 24,6 mln., hüquqi və fiziki şəxslərdən əlavə dəyər vergisi 126,1 mln., hüquqi şəxslərdən sadələşdirilmiş vergi 6,3 mln., hüquqi şəxslərdən əmlak vergisi 5,7 mln., fiziki şəxslərdən gəlir vergisi 1,4  mln. manat təşkil edib. Bunun nəticəsidir ki, vergilərin müvəqqəti ləğvi aqrar sahədə böyük stimul yaratmış, 2001-ci ildən başlayaraq ölkədə kənd təsərrüfatı məhsullarının həcmi sabit olaraq artmışdır. Bu da öz növbəsində Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin təmin edilməsində və ölkədə ərzaq bolluğunun yaradılmasında mühüm rol oynamışdır.

Apardığımız araşdırmadan və iqtisadçı ekspertlərin fikirlərindən də aydın olduğu kimi, Azərbaycanda kənd təsərrüfatı sektorunun vergilərdən azad edilməsinin bu sahədə fəaliyyət göstərən sahibkarlara həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Lakin unutmaq lazım deyil ki, ölkəmizdə məşğul əhalinin az qala yarısı kənd təsərrüfatında fəaliyyət göstərir. Digər tərəfdən bu sektorda çalışan sahibkarların böyük əksəriyyəti kiçik və orta biznes sahibləri və ya kəndli ev təsərrüfatlarıdır. Bu baxımdan aqrar sektora verilən vergi güzəştlərinin ləğvi kəndli fermer və ev təsərrüfatlarının yoxsullaşmasına, eləcə də regionlarda işsizliyin artmasına və şəhərlərimizin həddindən artıq yüklənməsinə gətirib çıxara bilər.

Son olaraq onu qeyd etmək istərdim ki, ölkəmizdə kənd təsərrüfatının vergidən azad olunması davam etdirilməli, lakin dünya təcrübəsindən də yararlanaraq bu güzəştlərin effektivliyi artırılmalıdır. Məsələn, hər il verilən güzəştin 50%-i miqdarında istehsala kapital qoyuluşunu sübut edən sənədlər göstərildikdən sonra güzəştin verilməsi daha effektli və məhsuldar ola bilər. Beləliklə də istehsalın davamlı olaraq müasirləşdirilməsinə, innovativ yeniliklərin geniş şəkildə istifadəsinə və son məhsulun rəqabətqabliyyətinin yüksəldilməsinə nail olmaq olar.

 

Elnur Abbasov,

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı

 

Qeyd: Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.

Məqalə müsabiqənin "Yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu" istiqaməti üzrə hazırlanıb.