Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

BU YOL GƏNCƏNİ UCA ZİRVƏLƏRƏ ÇƏKİB APARACAQ

 

Neftin dəyərinin hansı qiymətə düşməsindən asılı olmayaraq, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji dəhlizinin mərkəzinə çevrilib. Ötən 12 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, qeyri-neft sektorunun iqtisadiyyatda payı 70 faizə çatıb. 2004-cü ildən bu günədək Azərbaycana 200 milyard dollardan artıq sərmayə cəlb olunub ki, bunun 100 milyardı Azərbaycan dövlətinin özünün sərmayəsidir. Azərbaycan hökuməti tərəfindən düzgün fiksal siyasətin həyata keçirilməsi, o cümlədən azad sahibkarlığın inkişafı üçün güzəştli kreditlərin verilməsi, iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 12 ildə ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmış, 1 milyon 400 min yeni iş yeri açılmış, strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çox olmuşdur. Bu müddət ərzində həyata keçirilən Dövlət Proqramları nəticəsində regionlarımız abadlaşıb, müasirləşib, infrastrukturu köklü şəkildə dəyişib. Ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni bu gün tanımaq olmur. Ölkəmizdə sahibkarlıq subyektlərinə yaradılan şərait və əlverişli investisiya mühiti Gəncənin sosial-iqtisadi həyatında sıçrayışlı inkişafa gətirib çıxarıb. Bu gün Gəncə regionun sayılıb-seçilən şəhərləri sırasında dayanır. Gəncə qədimliyi müasirliklə birləşdirən unikal bir şəhərdir. Burada qədimliklə müasirlik heyrətamiz vəhdətdə qoşa addımlayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Gəncənin vəziyyətini göz önünə gətirdikdə bu günün özündə də insan vahimələnir. Şəhər miskin görkəmə düşmüşdü, qədim tikililər və abidələr uçub dağılırdı. Şəhər əhalisi axın-axın köçüb gedirdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Gəncənin üzərində günəş doğdu və Gəncə tərəqqi yoluna çıxdı. 2004-cü ildən başlayan, bu gün də uğurla davam edən inkişaf və yüksəliş dalğası ulu Gəncəyə ikinci həyat bəxş etdi. Bu gün Gəncə elə gözəlləşib, elə abadlaşıb ki, bunu bəzən adi sözlə ifadə etməkdə çətinlik çəkirsən. İndi elə şəhər tapmaq çətindir ki, qısa müddətdə 1000 binanın dam örtüyü yenidən qurulsun, fasadları təzələnsin, yollar çəkilsin, körpülər tikilsin, su və kanalizasiya xətləri, elektrik və qaz xətləri dəyişdirilsin, yüzlərlə sosial, inzibati obyektlər inşa olunsun, saysız-hesabsız infrastruktur layihələri gerçəkləşsin…

Cəmi cari il ərzində ərsəyə gələn 450 hektar ərazidə salınan Heydər Əliyev park-kompleksi öz əzəmətinə və böyüklüyünə görə dünyanın 5 parkından biridir. Gəncə şəhərinin, demək olar ki, bütün prospektləri, əsas küçələri, şəhərin hər iki istiqamətindən giriş hissələri, Nizami məqbərəsi, İmamzadə abidə-kompleksi son standartlar səviyyəsində, milli-memarlıq üslubunda yenidən qurulub, hər yan gülə-çiçəyə qərq olunub, yüz minlərlə ağaclar əkilib, yaşıllıq zolaqları, parklar, xiyabanlar və çəmənliklər salınıb. Bütün bu  gözəlliklər Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində hasil olmuşdur. Gəncədə bir-birinin ardınca elə sosial obyektlər, məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilib ki, gələn qonaqlar öz heyranlıqlarını gizlədə bilmirlər. Əgər Gəncədə son 10-12 il ərzində görülən işləri, tikilən obyektləri sıralamalı olsaq, buna bir qəzet səhifəsi kifayət etməz. Bu gün Gəncə elə yüksəliş yoluna çıxıb ki, bu yol onu çox uca zirvələrə çəkib aparacaq.

Gəncədə tikilən və bu ilin sonunacan istifadəsi nəzərdə tutulan Filarmoniya binasının bənzəri yoxdur. Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın inşasına başlanılıb. Son 4-5 ildə şəhərin müxtəlif yerlərində yeni parklar, xiyabanlar salınıb. Elə bu ilin fevralında ölkə prezidentinin açılışını etdiyi park-bulvar kompleksi möcüzələr aləmini xatırladır. Gəncə genişlənir, böyüyür, 15-20 il ərzində Baş Plana görə, onun ərazisi təxminən 3 dəfə genişləndiriləcək, əhalisi 1 milyonu ötüb keçəcək. Şəhərin iqtisadiyyatı möhkəmlənir, özəl bölmənin inkişafında hər il artan dinamika özünü göstərir. Hər yerdə, hər sahədə, hər addımda dövlətin ciddi dəstəyi hiss olunur. Lakin bütün bu inkişafa və yüksəlişə rəğmən, Gəncədə görüləsi işlər, həll olunası problemlər çoxdur. Şəhər sənayesinin bugünkü səviyyəsini  yüksəltmək üçün yeni yollar, səmərəli istiqamətlər axtarılır. Uzun illərdir ki, şəhər sənayesi, əsasən Det Al Alüminium, Cihazqayırma, Avtomobil zavodları, «Gəncə şərab-2» ASC, NEON firması və bu kimi digər müəssisələr hesabına formalaşıb. Lakin imkanlar daha böyükdür, perspektivdə daha qlobal işlərin həyata keçirilməsi nəzərdə tutulur. Yaxın 2-3 il ərzində Gəncədə nəhəng sənaye parkının yaradılması prosesi başa çatacaq. Metallurgiya sənayesi üzrə ixtisaslaşacaq parkda yüzlərlə yeni iş yerləri açılacaq, həmçinin burada istehsal olunan məhsullar xaricə ixrac olunaraq ölkəmizə valyuta gətirəcək. Şəhər nəqliyyatında olan problemlərin həlli istiqamətində mühüm addımlar atılır. Köhnə, yararsız nəqliyyat vasitələri istismardan çıxarılır, onlar müasir avtobus və taksilərlə əvəzlənir. Gəncəyə artıq London taksiləri gətirilib, Naxçıvanda istehsal olunan maşınlar da şəhər əhalisinin xidmətinə verilib. Başqa cür də ola bilməzdi. Gəncə artıq beş-on il əvvəlki Gəncə deyil. Şəhər, demək olar ki, hər il, hər ay dəyişir, böyüyür, müasirləşir. Keçirilən tədbirlərin səviyyəsi, əhatə dairəsi, məzmunu da dəyişib, zənginləşib. Gəncə əvvəlkindən qat-qat qonaqlı-qaralı olub. Gəncəyə dünyanın dörd bir yanından qonaqlar axışıb gəlir.

Gəncədə müxtəlif dərnəklər, ictimai birliklər fəaliyyət göstərir, forumlar, treninqlər, konfranslar keçirilir. Bütün bunlar şəhər gənclərinin fəallığını artırır, yeni peşə və fəaliyyət növlərinə yiyələnmələrinə təkan verir. Şəhərin beynəlxalq əlaqələrinin genişlənməsi biznes strukturunun inkişafına, yeni emal və xidmət növlərinin yaranmasına kömək edir. Bütün yüksəlişlərin təməlində iqtisadi inkişaf dayanır. İndi hər şeyi bazar münasibətləri tənzimləyir. Azad sahibkarlığa dövlətin qayğısı və dəstəyi hər il artırılır ki, bu da real işlərdə öz təcəssümünü tapır. Dünyanı cənginə alan iqtisadi və maliyyə böhranları Azərbaycandan da yan keçməyib. Neftin ucuzlaşması və bunun nəticəsi olaraq manatın devalvasiyaya uğraması real sektora öz təsirini göstərib və bir sıra məsələlərə yenidən baxılması zərurətini ortaya qoyub. Bununla bağlı cənab prezident yaxın və orta perspektivlər üçün əsas sahələr və istiqamətlər üzrə strateji hədəfləri elan edib. İndi həmin proqramların icrası üzərində gərgin iş gedir. Ölkənin ikinci böyük sənaye, elmi-mədəni mərkəzi sayılan Gəncə şəhərində də bir sıra zəruri addımların atılmasına ehtiyac duyulur. Bir araşdırmaçı jurnalist olaraq bu xüsusda bəzi məqamlara aydınlıq gətirməyə cəhd edəcəyəm. Söhbət bütün şəhər ictimaiyyətinin istəklərini əks etdirən problemlərin çözümündən gedir. Hələ sovetlər dönəmində Gəncədə toxuculuq, xalçaçılıq və tekstil sənayesi üzrə ixtisaslaşmış bir neçə iri müəssisə fəaliyyət göstərirdi, həmin müəssisələrdə minlərlə şəhər sakini çalışırdı. Gəncədən bir sıra ölkələrə, o cümlədən Rusiyaya kətan parça və hazır məhsullar ixrac edilirdi. Sonralar həmin müəssisələrin fəaliyyəti tamamilə dayandırıldı və nəticədə Rusiya Federasiyası kimi böyük bazarı itirdik. Hazırda dünyada təbii pambıqdan toxunan parçalara, çeşidli məhsullara böyük tələbat vardır, sintetik məhsullara maraq azalır. Cənab prezidentin göstərişinə əsasən, bu il pambıq əkin sahələrinin ərazisi genişləndirilib. Cari ildə 100 min tondan artıq pambıq istehsalı nəzərdə tutulur. Qarşıdakı illərdə bu rəqəm bir neçə dəfə artırılacaq. Belə bir sərəncamı imzalamaqla cənab prezident tekstil sənayesi ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün geniş imkanlar açdı. Pambıq təkcə xammal şəklində yox, həm də emal olunaraq hazır məhsul halında satılmalıdır. Getdikcə bu proses dərinləşdirilməli və elə vəziyyət yaradılmalıdır ki, məhsulun xammal şəklində satılmasının qarşısı alınsın. Bu sahədə Gəncədə olan imkanlar ölkəmizin başqa heç bir şəhərində yoxdur. Gəncədə Texnologiya İnstitutu fəaliyyət göstərir, böyük elmi potensial var. Həmin institutu bitirən gənclər öz ixtisasları üzrə iş tapa bilmirlər. Gəncədə həmçinin toxuculuq və xalçaçılıq sahəsində böyük təcrübə formalaşıb və bu işi bilən mütəxəssislər vardır. Neçə illərdir ki, hətta daxili tələbatı ödəmək üçün çeşidli malları Çindən, Koreyadan, Türkiyədən və digər ölkələrdən idxal edirik. Özümüzün istehsal edə biləcəyimiz məhsulları  nəyə görə xaricdən gətirməliyik?!

Elə şəhər sakinlərini narahat edən məsələ də budur. Gəncədə bu sahədə yeni, modern sənaye müəssisələri, həmçinin kiçik emal sahələri, tikiş sexləri yaradılarsa, tez bir zamanda əhalinin böyük bir qismini daimi işlə təmin etmək, Azərbaycan brendi ilə xarici bazarlara çıxmaq olar. Bu, Gəncənin yüksəlişi, Azərbaycanın yüksəlişi naminə atılan vacib addım olardı.

 

ZülfüİLYASOV,

«İqtisadiyyat» qəzetininbölgəmüxbiri,

Gəncə şəhəri