Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AZƏRBAYCAN REGİONUN GÜCLÜ TURİZM MƏRKƏZİNƏ ÇEVRİLMƏK YOLUNU SEÇİB

 

Dünyada siyasi, iqtisadi, hərbi böhranlar davam edir. Vəziyyətin nə qədər bu cür davam edəcəyini proqnozlaşdırmaq çətindir. İndi hər bir ölkə böhranın törətdiyi fəsadlardan qurtarmaq üçün yollar axtarır və bütün daxili resurslarını bu işə səfərbər edir. Dünya Birliyinin üzvü olaraq Azərbaycanda da bu istiqamətdə təcili tədbirlər görülür, yaxın və orta perspektivlər üçün strateji hədəflər müəyyən edilir və zəruri addımlar atılır. Belə addımlardan biri də turizm industriyasının inkişaf etdirilməsi və ölkəyə güclü turist axınının təmin edilməsidir. Qeyri-neft sektorunun strukturunda mühüm yer tutan turizm sahəsi respublika iqtisadiyyatının möhkəmləndirilməsində əvəzsiz rol oynaya bilər. Zəngin təbiəti, füsunkar gözəlliyi, vüqarlı dağları, zümrüd meşələri, bir də ki, mavi gözlü Xəzəri ölkəmizin cəlbediciliyini bir az da artırır. Üstəlik, xalqımızın qonaqpərvərliyi, tolerantlığı, unikal məişəti və süfrə mədəniyyəti Azərbaycana ayaq basan hər kəsdə məmnunluq hissləri yaradır. Tarix boyu xaqanların, sərkərdələrin, səyyahların diqqətini özünə çəkən məmləkətimizin adı həmişə uca tutulub. Bu, indinin özündə də belədir.

Turizm sektoru çox geniş anlamı özündə ehtiva edir. Çağdaş dünyada turizm seqmentləri şaxələnmiş və keyfiyyətcə yeni forma və çalarlar kəsb etməyə başlamışdır. Bu gün artıq turizmin kənd, aqroekoloji, müalicə-kurort, mədəni-kütləvi, sosial, kommersiya-biznes, idman, dini və s. növləri intişar tapıb. Öncə qeyd etmək lazımdır ki, son illər ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı turizmin bütün növlərinin hərtərəfli inkişafı üçün real imkanlar yaratmışdır. Belə ki, ölkə üzrə turizm ehtiyatlarının öyrənilməsi, zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, turizm obyektlərinin sayının artırılması və bu sahədə dayanıqlı və rəqabətədavamlı biznes mühitinin formalaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. Hər il Azərbaycanda 50-ə qədər mehmanxana, otel və digər turizm obyektləri tikilir, yaxud təməli qoyulur. Bu sahəyə yönəldilən investisiyaların həcmi artırılır.

Ölkə prezidenti cənab İlham Əliyev bir neçə mühüm istiqamətlə yanaşı, turizm sektorunu önə çəkərək qeyd etmişdir ki, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, istirahət zonaları, beynəlxalq standartlara cavab verən turizm kompleksləri açılır. Məhz buna görə də ölkəmizə turist axını ilbəil artır. Son illər respublikamızın regionlarına gələn həm yerli, həm də xarici turistlərin sayında artan dinamika müşahidə olunur.

Gözəlliyi və cəlbediciliyi ilə heyranlıq doğuran paytaxt Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün bölgələrindən turizm obyektlərinin yaradılması prosesi böhranlı illər olmasına baxmayaraq davam etdirilir. Qısa zaman ərzində ölkəmizin müxtəlif bölgələrində turist marşrutları üzrə dolğun infrastruktur şəbəkəsinin yaradılması və müasir tipli turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bu sahədə yüksək inkişafdan xəbər verir.

Azərbaycanın turizm aləmində reytinqinin artmasında və tanınmasında Şahdağ Qış-Yay Turizm mərkəzi kimi unikal kompleksin xüsusi yeri və rolu vardır. Bu möhtəşəm kompleks nəinki regionda, eyni zamanda, dünyada öz üstün cəhətlərinə görə fərqlənir.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - «Tufan» Dağ-Xizək Qış istirahət kompleksi son üç ildir ki, Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə fəaliyyət göstərir. Belə nəhəng kompleksin yaradılması və turistlərə yüksək xidmət təqdim etməsi onu göstərir ki, Azərbaycan güclü dövlətdir və digər sahələrdə olduğu kimi, turizm sahəsində də böyük imkanlara malikdir. Bu layihə çərçivəsində indiyədək mükəmməl infrastruktur yaradılmış, yeni avtomobil yolu çəkilmiş, torpaq sürüşməsinin qarşısının alınması üçün lazımi bəndbərkitmə və mühafizə tədbirləri həyata keçirilmişdir.

Təkcə son üç il ərzində Bakı şəhərində bir neçə beş ulduzlu otel açılmışdır ki, həmin otellər dünyanın ən yüksək standartlarına cavab verən otellər sisteminə daxildir.

«Four seasons», «Fairmont», « Marriott», «Hilton», «Kempinski», «Cumeyrah», «Sheraton», «Hyatt» kimi nəhəng otellər paytaxtımıza xüsusi gözəllik və kolorit bəxş etmişdir. Belə otelləri heç də hər ölkədə görmək mümkün deyil. Bunlar yalnız dünyanın inkişaf etmiş ölkələrində mövcuddur.

Ölkəmizdə müalicə-kurort mərkəzlərinin bərpa edilməsi, yenilərinin yaradılması istiqamətində ciddi işlər aparılır və bu istiqamət dövlətimizin turizm siyasətində mühüm yer tutur. Hələ sovetlər dönəmində adı dünyaya yayılan Naftalan şəhəri əvvəlki şöhrətini özünə qaytarır. Burada üç otel fəaliyyət göstərir. Lakin Naftalan daha böyük potensiala malikdir. Naftalan nefti elə bir şəfaedici məlhəmdir ki, onu yüksək səviyyədə təqdim etmək üçün geniş təbliğati tədbirlər aparılarsa,  buraya üz tutanların sayını on dəfələrlə artırmaq olar. Çünki Naftalana bir dəfə gəlib şəfa tapan mütləq bir də buraya dönəcək. Sovetlər Birliyində Uzaq Şərqdən, soyuq Sibirdən tutmuş bütün ittifaq respublikalarına qədər Naftalana pənah gətirənlərin ardı-arası kəsilmirdi. Nədənsə iş adamlarımız dövlətimizin yaratdığı gözəl imkanlardan istifadə edərək, Naftalanın çiçəklənməsinə və inkişafına az maraq göstərirlər. Qalaaltı Kurort-Müalicə Mərkəzi də turistlərin müraciət etdikləri qiymətli müalicə-sağlamlıq ocaqlarından biridir. Bu müalicə mərkəzi də ölkəmizə turist axınının təmin edilməsində mühüm rol oynaya bilər.

Azərbaycan Respublikası turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub, inkişaf etmiş ölkələrin turizm təşkilatları ilə birgə əməkdaşlıq sazişləri imzalayıb. Respublikamızın turizm şirkətləri Dünya Turizm Təşkilatının tədbirlərində fəal iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyində elektron hökumət Dövlət İnformasiya sisteminə qoşulmaq üçün müvafiq işlər aparılmış, nazirliyin elektron xidmətlər saytında müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hal-hazırda turizm, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu yalnız elektron xidmətlər vasitəsilə həyata keçirilir.

Turizm ölkə üzrə ümumdaxili məhsulun 4 faizini təşkil edir. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan kimi geniş turizm imkanlarına malik bir ölkə üçün bu azdır. Çünki Azərbaycanda bu sahənin inkişafı üçün bütün zəruri infrastrukturlar yaradılıb. Bir fakta diqqət yetirək. Azərbaycanda hazırda 250-dək turizm şirkəti, 570-dən çox turist yerləşdirmə məkanları fəaliyyət göstərir, həmçinin yeni obyektlər tikilir. Bütün bunlardan səmərəli şəkildə istifadə etməklə ölkəyə gələn turistlərin sayını bir neçə dəfə artırmaq olar. Bunun üçün optimal yollar arayıb-axtarmaq lazımdır. Fikrimizcə, qiymət siyasətinə  yenidən baxmağa ehtiyac var. Bizdə qiymətlər bahadır. Odur ki, bir çox insanlar qonşu ölkələrə üz tuturlar. Təkcə ötən il Gürcüstanın dənizkənarı zonalarında 280 mindən artıq soydaşımız istirahət etmişdir. Bu rəqəm hər il artır. Yay aylarında sərhəd keçid məntəqələrində saatlarla növbədə qalmalı olursan. Bu qədər insan kütləsini oraya çəkib aparan nədir? Əgər xidmətin səviyyəsindən söhbət gedirsə, bizdə olan şərait onlardakından çox-çox yüksəkdir. Azərbaycanda yaradılan turizm infrastrukturunun heç 10 faizi Gürcüstanda yoxdur. Burada beşulduzlu otelləri barmaqla saymaq olar. Deməli, problemin kökünü başqa şeydə axtarmaq lazımdır. Bu sahəni tənzimləmək, ölkəyə turizm axınını təmin etmək üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür. Ölkəmizi təmsil edən bir neçə turizm şirkəti Dünya Turizm Təşkilatının assosiativ üzvləri sırasına daxil edilib. Azərbaycan hər il dünyanın böyük şəhərlərində təşkil olunan beynəlxalq turizm sərgilərində iştirak edir. Bu yaxınlarda Çin Xalq Respublikasında keçirilən «COTTM-2016» beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və «Azərbaycan Hava Yolları» ASC-nin nümayəndələri ilə təmsil olunmuşdur. Sərgidə nazirlik tərəfindən 39 kvadratmetr pavilyon icarəyə götürülmüş və burada Bakı şəhəri, regionlarımız, ölkəmizin təbiəti, milli mətbəxi, turizm potensialı ingilis və çin dillərində müxtəlif reklam və çap məhsulları vasitəsi ilə nümayiş etdirilmişdir. 65 ölkənin qatıldığı beynəlxalq sərgidə Azərbaycan beşinci dəfə iştirak etmişdir.

Bir məsələni də qeyd etmək lazımdır ki, təkcə 2015-ci ildə Çin Xalq Respublikasından ölkəmizə 5 mindən çox turist səfər etmişdir. Heç təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün səyahət və turizm rəqabətliliyi hesabatlarında respublikamız 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricilərinə görə 36-cı yeri tutmuşdur. Bütün bu deyilənlərdən aydın olur ki,  artıq Azərbaycan qlobal müstəvidə tanınan turizm ölkəsinə çevrilir. Azərbaycanın Göy-göl, Hacıkənd, Xoşbulaq yaylaqları kimi ecazkar məkanlarına gəliş-gediş azdır. Bu yerlərin şanını-şöhrətini özünə qaytarmaq lazımdır. Ölkəmizi başdan-başa turizm ölkəsinə çevirmək, minlərlə insana iş yerləri açmaq üçün hər bir bölgədə, yaşayış məntəqəsində, dəniz kənarı zonalarda, meşə massivlərində, dağətəyi ərazilərdə, axarlı-baxarlı təbiətin qoynunda mövcud olan bütün imkanlardan səmərəli şəkildə istifadə olunmalıdır. Belə olarsa, Azərbaycan yaxın perspektivdə regionun ən güclü turizm mərkəzinə çevriləcək!

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri