Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionların sosial-iqtisadi inkişafında universitetlərin rolu

1. Universitetlər paytaxtdamı  cəmləşməlidir?

                                                                                                                 

Universitetlərin müəyyən  missiyası  var. Ölkə  səviyyəsində universitetin  missiyası biliklərin yaradılması, saxlanılması  və  yayılması yolu  ilə  cəmiyyət  və  şəxsiyyətin   inkişafına,  zənginləşməsinə  nail  olmaqdır. Region  səviyyəsində  isə  universitetin  missiyası  regionun  inkişafına  dəstək  vermək, regionun sosial-iqtisadi və  mədəni  inkişafına  təkan  verən  xidmətlər  təqdim  etməkdir. Universitetin hansı  xidmətlər  təklif  etməsindən asılı  olaraq  regionun gələcək  inkişaf  vektoru  müəyyən  edilə bilər.  Əgər keyfiyyətli  universitet  qlobal  mənada millətin, dövlətin rəqabət qabiliyyətliyini   yüksəldirsə, keyfiyyətli regional universitet təhsili ölkə daxilində regionun rəqabət qabiliyyətliyini   yüksəldir.

Son  vaxtlar  universitetlərin  şəhərdən  kənara  köçürülməsi  ilə  əlaqədar  müəyyən  tədbirlər  aparılır.  Bu,  uzunmüddətli  və  xeyli  maliyyə  tələb edən  prosesdir.  Bu  məsələ  təkcə  bir  binadan  digər  binaya  köçmək  kimi  qiymətləndirilməməlidir.  Burada  kompleks  problemlər  həll  edilməlidir.   Bu  prosesdə  universitet  təkcə zahirən  yenilənməməli,  məzmunca  da  yeni  keyfiyyət  səviyyəsinə  yüksəlməlidir.  Əks  halda   yeni,   müasir  binada  yerləşən,  formaca  müasir, lakin  məzmunca  arxaik,  gələcək   perspektivi   olmayan,  tələbələr  və  iş dünyası üçün  maraq  kəsb etməyən,  dünyada  və  regionda  tanınmayan  bir  universitet  olacaqdır.   Bu  məqsədlə universitetlərin  tədris  metodik,  ən  əsası isə  kadr  təminatı  gücləndirilməlidir. Ali məktəb   müəllimləri   üçün   mükəmməl  təkmilləşdirmə  və  ixtisasartırma  sistemi  yaradılmalıdır.  Çünki son  20  ildə  dünya  universitetlərində  xeyli  yeniliklər  olmuşdur, bu  yeniliklərin  çox  hissəsi  isə bizim universitetlərdə  öz əksini  tapmayıb. Bu gün  təhsil innovasiyalarını   mənimsəmək  və  tətbiq  etmək  universitetlər  üçün zəruridir.

Digər  tərəfdən regionlarda  olan  universitetlərin də  tədris  metodik  və  kadr  təminatı  gücləndirilməlidir. Çünki  universitetin  gücü  orada  olan tələbə-müəllim heyətinin səviyyəsindən, universitetin  kadr  potensialından  asılıdır.  Bu mənada  universitetlərimiz  müasirləşməlidir,  informatlaşmalıdır,  müasir  təhsil  innovasiyalarının  geniş  poliqonuna  çevrilməlidir.   Yəni,  tədricən  universitetlər  paytaxtdan  kənara köçürülə  bilər,  amma  universitetin  əsas  missiyası  unudulmamalıdır.  Universitet  xalqın,  dövlətin  gələcək  inkişafını  təmin etməlidir.  Necə  deyərlər, bu gün  universitetlərimiz  necədirsə,  sabah  ölkə  o səviyyədə  olacaqdır.  

Bu  gün respublika  qarşısında  yeni  iqtisadi  vəzifələr  müəyyənləşmişdir.  Dünyada,  eləcə  də  respublikamızda  neft  erası  sona  çatır.  “Azərbayca 2020- gələcəyə  baxış”   inkişaf  strategiyasında və  digər  sənədlərdə  bu  vəzifələr  konkret  göstərilmişdir.  Ölkənin  qeyri-neft  sektorunun  inkişafı,  tədricən elmtutumlu   innovasion   inkişafa  keçid  prioritet  istiqamət  hesab edilir. Bu  isə  insan  kapitalının, xüsusən də  təhsilin  inkişafını  tələb edir.  Universitetlər  bu  mərhələyə hazır  olmalıdırlar. Çünki bu  mərhələnin  nəticəsi daha  çox universitetlərdən  asılı  olacaq.

 

2. Regionların  inkişafında universitetlərin  nə  kimi  rolu  var?

 

Təhsil  bir  xidmət  növüdür. Universitetlərin  regionlarda  fəaliyyəti  həmin  bölgənin  inkişafı  üçün  zəruridir.  Regional  universitet  regionun  inkişafının  baza  elementidir. Bu  günün  regional universiteti  bölgənin beyin mərkəzi olmalıdır.  Regionun  sosial-iqtisadi  inkişaf  strategiyası  ilə  universitetin  fəaliyyət  istiqamətlərini  əlaqələndirərək,  regionun  kadr  potensialını,  həyata  keçirilən  regional  və  lokal  layihələrin  kadr  təminatı  və  elmi  təminatını  gücləndirmək  olar.  Təəssüf ki,  bu  gün biz lazımı səviyyədə  rəqabətə davamlılığı  təmin  edə  bilməmişik.

Beynəlxalq  ticarət  təşkilatı  artıq 15  ildir  təhsili  bir  xidmət  növü  kimi  dəyərləndirir.  Universitetlər  hansı  xidmətlər  göstərməlidir?  Bu  günün universiteti  aşağıdakı  xidmətlər  spektrini  cəmiyyətə  təqdim edə  bilər:

1. Təhsil  sahəsində  xidmətlər. 2. Elm-innovasiya  sahəsində  xidmətlər. 3. İnformasiya  sahəsində  xidmətlər.

 

3. Beynəlxalq  əlaqələr  sahəsində  xidmətlər. 5. Sosial mədəni sahədə  xidmətlər.

 

  1. Təhsil  sahəsində  xidmətlər. Regionun  tələbinə uyğun olaraq kadr hazırlamaq, bu  məqsədlə regionun əmək bazarı ilə əlaqə yaratmaq. Regional universitet bölgə əhalisinin yenidən  hazırlanması, ixtisasının  yüksəldilməsi istiqamətində səmərəli fəaliyyət göstərə bilər. Bu, regionda təhsilin fasiləsizliyini təmin etməklə kadrların daha mürəkkəb peşələrə yiyələnməsinə, çoxprofilli mütəxəssis olmasına kömək edə bilər.
  2. Elm-innovasiya  sahəsində  xidmətlər. Universitetlər əsasən fundamental, tətbiqi və monitorinq tədqiqatları aparırlar. Universitetin fundamental tədqiqatları nəzəri biliklərin  yaradılmasına xidmət edir, hipotezlər irəli sürür, nəzəri metodlar hazırlayırlar. Fundamental tədqiqatlar kommersiya məqsədi daşımır. Universitetin monitorinq tətqiqatları isə region həyatının müxtəlif sahələrinə istiqamətlənib və bu təhlil nəticəsində problemləri müəyyən edir. Universitet regional  innovasiya sisteminin mühüm obyektidir. İnnovasiya sisteminin digər obyektlərinə nəzərən  univeristetlər daha səmərəli innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Universitetin innovasiya fəaliyyətinin  öncül istiqaməti təcrübi kontrusktiv işləri,  elmi-tədqiqat və innovasion elmi tədqiqatlar olmalıdır. Universitetlər  regional  innovasion fəaliyyətin lideri olaraq texnoparklar, regional innovasiya mərkəzləri yaradaraq,  öz elmi işlərinin  layihələrini burada tətbiq edə bilərlər.
  3. İnformasiya  sahəsində  xidmətlər. Elmi məqalələrin və təhsil proqramlarının yayılması vasitəsi ilə təhsil və biliyin nüfuzunun yüksəldilməsi, region əhalisinin  yeni informasiya texnologiyaları sahəsində səriştəliyinin  yüksəldilməsi. 

Regional  universitetin  informasiya  sahəsində  xidmətlərinə  həmçinin İKT  sahəsindəki  fəaliyyət  də  aid edilə  bilər. Qlobal şəbəkələr regionun informasiya sistemlərinin dünya informasiya sisteminə inteqrasiya edilməsinə, yeni informasiya texnologiyalarının inkişafına dəstək  olmalıdır. Regional şəbəkələrin fəaliyyətinin əsas problemi şəbəkədə regional informasiyanın azlığı və bu səbəbdən də regionun dünya informasiya cəmiyyətinin bərabərhüquqlu üzvü olmasına problem yaradır. Regional universitetlər   bu mənada regionun qlobal  şəbəkədə təmsil olunmasına dəstək  ola bilər.

  1. Beynəlxalq  əlaqələr  sahəsində  xidmətlər. Regional universitetin xarici universitetlərlə qarşılıqlı əlaqəsi zamanı xarici ölkə universitetlərinin professor, tələbə , magistrlərinin region universitetinə dəvət edilməsi və beləliklə regionun beynəlxalq əlaqələrinin artması, birgə layihələrin icrası mümkün olur.
  2. Sosial mədəni sahədə  xidmətlər. Bura gənclər  siyasətinin həyata keçirilməsi, müxtəlif  sosial-mədəni  tədbirlərin, gənclər arasında  idman  yarışlarının və s. kimi  kütləvi  tədbirlərin  təşkili  aid edilir.

 

4. Universitetlərin   regionlardakı   filiallarının  perspektivlərini  necə dəyərləndirirsiniz?

Universitetin filialı ali təhsil müəssisəsinin xüsusi struktur bölməsi olub onun yerləşdiyi şəhərdən fərqli məkanda fəaliyyət göstərir, universitetin bütün funksiyalarını və ya bir qismini həyata keçirir. Filial tabe olduğu universitetin tərkibində ümumi qaydalarla yuxarı təşkilat tərəfindən attestasiyadan keçir.  Hər  hansı  universitetin   filialının  açılması  perspektivdə  onun  bazasında  müstəqil  regional  universitetin  yaradılması məqsədi  güdür. Bizim  respublikada  vaxtı  ilə  Neft-Kimya İnstitutunun  (indiki ADNSU) Sumqayıt  və  Mingəçevir  şəhərlərində  açılan   filialları  sonralar  SDU  və  MPİ (indiki MDU) kimi  regional  universitetlərə  çevrildilər. Hər  hansı  universitetin  filialının yaradılması   çətin  və  məsuliyyətli  işdir. Bu addımı  atmazdan  əvvəl  onun  zəruriliyi  əsaslandırılmalı, müəyyən  hazırlıq  mərhələsi çərçivəsində  filialın kadr  təminatı  məsələləri  həll  edilməlidir. Çünki  filialda  təhsilin  keyfiyyəti   orada  çalışan professor-müəllim  heyətinin elmi-pedaqoji  səviyyəsindən çox  asılıdır.  Universitetin məzunu  ilə  filialın  məzunu  eyni  diplom alırlar,   diplomda  məzunun  filialda  təhsil  alması  barədə qeyd  olmur.  Bu  səbəbdən universitetin rəhbərliyi  filialın  verdiyi  diploma  və  onun məzununun   səviyyəsinə görə  məsuldur.   Amma  müstəqilliyin ilk  illərində  regionlarda  filialların  açılmasında  tələskənliyə  yol  verilmişdir.  Belə  ki, respublikada  müəllim  kadrlarına  elə də  ciddi  ehtiyac  olmadığı  halda, Azərbaycan Müəllimlər İnstitutu  yaradıldı  və  az  zamanda  respublikanın  11 bölgəsində   onun filialları  açıldı.  Təbii  ki, yeni  yaradılan  ali  məktəbin özünün   formalaşmasına  illərlə  vaxt  lazım  olduğu  halda,  az  zaman  ərzində  onun   11  filialını  formalaşdırmaq,   keyfiyyətli  professor-müəllim heyəti  ilə  təmin  etmək  real  deyildi. Yəqin  ki,  bu  səbəbdən  son  illərdə   bu  filialların   bir  neçəsi    bağlandı  və  ya  başqa  universitetlərin  tabeliyinə  verildi, AMİ  isə  digər  filialları  ilə  birgə  ADPU-ya birləşdirildi.   

Regionlardakı  filiallarda  tədrisin  keyfiyyətini  yüksəltmək,  kadr  təminatını  gücləndirmək  üçün  ya  əsas  universitetin  müəllimlərini  tez-tez  filiallara  ezam  etmək,  ya  da  təhsil  innovasiyalarından,  müasir texnologiyaların  imkanlarından  istifadə  edərək  online  mühazirələr  təşkil  etmək  lazımdır. Bu  halda Bakıda   əsas  universitetin  auditoriyasında  professorun  oxuduğu   mühazirələri  filialın  tələbələri  də canlı  olaraq  izləyə  bilər,  sonralar  isə  bu  mühazirələrin  video  və  audio  arxivlərindən  ibarət   videoteka  yaratmaqla  filialdakı  keyfiyyətli kadr  təminatı  problemini  qismən  həll etmək  olar.

Beynəlxalq  təcrübədə  (məsələn,  Türkiyədə) regional  universitetlər  yaradılarkən, paytaxtın  aparıcı  universitetlərindən professor-müəllim  heyəti  daha  yüksək  məvaciblə (bəzən ikiqat həcmdə)  regional  universitetlərə  işə  dəvət  olunur,   onların  mənzil  problemi  də  universitetin  hesabına  həll  edilir.  Moskva Dövlət Universitetinin  filiallarının   da  iş  modeli maraqlıdır.  Əgər  biz  də regionlarda  universitet  və  filiaların  real  inkişafını  istəyiriksə,  belə  təcrübələrdən faydalanmalıyıq.  Bu  halda  regionlarda    müxtəlif  sahələr  üzrə  kadr hazırlığı  vasitəsi  ilə  insan  kapitalını  gücləndirə  bilər,   bölgələrin  sosial-iqtisadi  inkişafını    təmin edərik.  

 

Dos. İlham Əhmədov (ADPU)