Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bazar ticarəti günün tələblərinə uyğunlaşdırılmalı 

 

Bazar iqtisadiyyatı şəraitində aqrar-sənaye kompleksini inkişaf etdirməklə yanaşı, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı, saxlanılması, tədarükü, emalı və daşınmasının təşkili də uyğun surətdə aparılmalıdır. Bizim məqsədimiz ölkəmizdə aqrar-sənaye kompleksini inkişaf etdirməklə Dövlətin Ərzaq Proqramının həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı məhsullarının bolluğunu yaratmaqla onların inkişafına diqqət yetirməkdir. Eyni zamanda, ölkə əhalisini keyfiyyətli, təbii cəhətdən təmiz, təhlükəsiz ərzaq məhsulları ilə təmin etməkdir.  Bu göstərilənlərin həyata keçirilməsində ölkədə mövcud olan “Ticarət mərkəzləri”nin (bazarların) rolu böyükdür. Sovetlər dönəmində bunlar kolxoz bazarları adlandırılırdı. İndi kolxoz da mövcud deyildir, ona görə “ticarət mərkəzləri” adlandırılır. Bu bazarların təkcə adlarında deyil, məzmununda da dəyişikliklər baş vermişdir. Bu bazarlarda təkcə kənd təsərrüfatı məhsulları yox, sənaye malları da satılır. Bizim zənnimizcə, bu, müasir ticarət qayda və tələblərinə cavab vermir. Fikirlər təkcə müəllifin mülahizəsi deyil, istehlakçılardan alınan çoxsaylı sorğuların da nəticəsidir. Şübhəsiz ki, oxucular da öz münasibətlərini bildirsələr, pis olmaz.  Ona görə də bazar ticarətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bazarlara gətirilən və satılan kənd təsərrüfatı məhsullarının həcminin artırılması, ticarətin təşkilinin yaxşılaşdırılması və bir sıra təşkilatı tədbirlərin həyata keçirilməsi vacibdir və zamanın tələbidir. Ona görə də indi ölkə bazarlarına bir ekskursiya etməklə nəzər salaq.  Dünya görmüş müdrik insanlar belə fikir söyləyirlər ki, bir yerə, səfərə gedərkən oranı tanımaq  üçün vağzala və bazara fikir verməklə şəhərdəki vəziyyəti, əhalinin durumunu  müəyyən etmək mümkündür. Məlumdur ki, bazar insanların, ölkə vətəndaşları və xarici turistlərin ən çox üz tutduqları, hər gün təmasda olduqları məkandır. Ona görə də gün-güzəranımız və əhval-ruhiyyəmiz də müəyyən dərəcədə bazardakı vəziyyətdən asılıdır desək, səhv etmərik.  Bazarda istehlakçını, alıcını çox vaxt malın qiymətindən əvvəl onun keyfiyyəti düşündürür. Ancaq çox təəssüf hissi ilə söyləyə bilərik ki, bizim müşahidə apardığımız və gündəlik alıcı kimi getdiyimiz bazarlarda vəziyyət heç də ürəkaçan deyildir.  Çağdaş dövrdə  bizim düşündüyümüz kimi və ya müasir dövrün tələblərinə cavab verə biləcək bazarlarımız, demək olar ki, yox dərəcəsindədir. Bir çox bazarlarda natəmizlik və özbaşınalıq hökm sürür. Bazarlara kim nəzarət etməlidir? Küçə ticarəti ilə bazarlardakı alış-veriş arasında nə kimi  fərq vardır? Bazarlara gedən hər bir istehlakçı ucuz və keyfiyyətli mal almağa çalışır. Bakı şəhərindəki bazarlarda qiymətlər, eləcə də göstərilən xidmətlərin keyfiyyəti çox müxtəlifdir. Bəzi bazarlarda qiymətlər nisbətən ucuz olduğu halda, bəzilərində qiymətlər marketlərdən də bahadır. Məsələn, 8-ci km qəsəbəsindəki bazarda qiymətlər nisbətən ucuz, Nəsimi, Təzə bazarda çox bahalıqdır və satılan məhsullarda xarici meyvələr üstünlük təşkil edir. Bu məqalədə biz əsasən bir neçə il bundan əvvəl ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bazarlarda baş alıb gedən inhisarın, qiymətlərin özbaşına, süni şəkildə artırılmasının qarşısının alınması, əhalinin ölkədə yetişdirilən ekoloji cəhətdən təmiz ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının mövcud bazar qiymətlərinə nisbətən ucuz qiymətlərlə ödənilməsinin təmin edilməsi üçün təşkil olunan kənd təsərrüfatı yarmarkaları haqqında danışacağıq. Təbii ki, bu təşəbbüsü alqışlamaq lazımdır. Bazar ticarəti kənd təsərrüfatı istehsalçıları üçün  stimul yaratmaqla, şəhərlərin, sənaye qəsəbələrinin əhalisinin kənd təsərrüfatı məhsulları ilə, xüsusən meyvə və tərəvəz, kartof, ət, süd və başqa məhsullar ilə təchizində çox mühüm rol oynayır. Bu məsələ ona görə də həmişə ölkə başçısının diqqət mərkəzindədir və o, daima əhalinin təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasının qayğısına qalır. Qeyd etmək lazımdır ki, ilk vaxtlar bu yarmarkaların sayı nisbətən çox idi və onlara nəzarət də, demək olar ki, yaxşı idi. İctimai asayiş keşikçiləri də öz səlahiyyətləri daxilində vəzifə borclarını yerinə yetirirdilər. 2014-cü ilin sonu, 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Olimpiya oyunları ilə bu məsələ bir qədər zəiflədi. Bu, anlaşılandır. Buna baxmayaraq, hörmətli cənab prezidentimiz yenə öz çıxışlarında təkrarən yarmarkaların yenidən fəaliyyətə başlamaları söhbətinə qayıtdı. Bu yarmarkaların yerləşdirilməsi üçün Bakı şəhərində münasib yerlərin müəyyənləşdirilməsi bir qədər çətin məsələyə çevrilmişdir. Bu səbəbdən də onların sayı xeyli azalmışdır. Digər tərəfdən, həmin mövcud olan yarmarka məkanları istehlakçılar üçün qeyri-münasib yerlərdədir və heç bir tələbata cavab vermirlər.  Ticarətin, bazarların yerləşdirilməsinin özünün spesifik xüsusiyyətləri mövcuddur, nəqliyyat və əhalinin yaşayış ərazisi, əhatə dairəsi və s. bunları mümkün qədər nəzərə almaq pis olmazdı. Nəticə etibarilə bu yarmarkaların küçə ticarətindən heç bir üstün cəhəti yoxdur. Bu yarmarkalarda əvvəllər müxtəlif dövlət təşkilatlarının nəzarəti mövcud idisə, indi o nəzarət öz funksiyasını itirmişdir. Bu yarmarkalarda yenə də hansı ünsürlərə desəniz, rast gəlmək olar və buradakı məhsullar kənd əhalisinin istehsal etdikləri məhsulların miqdarına görə azlıq təşkil edir. Burada ticarət aparılması üçün adi şərait bələ yoxdur. Sanitariya qaydaları gözlənilmir, bütün ərzaq məhsulları açıq havada, külək və tozun altında olmaqla satılır, əl yumaq üçün su da yoxdur. Elə ərzaq məhsulları vardır ki, onların yuyulması mümkün deyildir: pendir, şor, süzmə, yağ, bal, bəhməz, şorabalar. Bəziləri isə açıq havada öz keyfiyyətini itirir: toyuq, ət, balıq, kişmiş, qaysı qurusu, xurma və s. Bunlar əsasən küçədə satılır. Biz, bir tərəfdən, küçə ticarəti ilə mübarizə aparır, digər tərəfdən, özümüz küçə ticarətinə insanları sövq edirik. Bu, özü ziddiyyət təşkil etmir mi? Digər tərəfdən, bu yarmarkaları müasir sivil qaydalara uyğun olan, daimi fəaliyyət göstərən bir tədbirə   çevirmək yaxşı olmazmı? Və yaxud, indi iri təmərküzləşmiş kənd təsərrüfatı kooperativlərinin yaranması ilə əlaqədar, həmin təsərrüfatların müxtəlif növ kənd təsərrüfatı məhsullarını istehlakçıya çatdıran firmanın adını daşıyan ticarət mağazalarının yaradılması daha səmərəli olmazmı? Bu təcrübə hələ sovetlər dövründə də mövcud olmuşdur. Belə olan təqdirdə ikinci və üçüncü vasitəçilərin iştirakı olmadan alqı-satqı əməliyyatları aparırlar. Bu, özünü qiymətlərin aşağı düşməsində də göstərə bilər. Həmin firmanın məhsulu adından digər məhsulları istehlakçılara sata bilməzlər, nəticədə həmin müəssisə, firma  özünün daimi müştərilərinə sahib olur, lazım gəldikdə istehlakçılar həmin firmaya istədiyi məhsulu sifariş edə və əziyyət çəkmədən öz sifarişini müəssisədən ala bilər.  Bazarlarda əmtəənin növü və xüsusiyyətlərinə uyğun satış yerlərinin ayrılması, hər bazarın özünün nəqliyyat vasitələrinin olması vacibdir. Həmin nəqliyyat vasitələri ilə respublikanın rayonlarından, xüsusilə ucqar rayonlardan şəhərlərə kənd təsərrüfatı məhsullarının daşınmasını təşkil etmək mümkündür. Bazarların piştaxtaların məhsullara görə bölüşdürülməsi ilə əlaqədar məhsula uyğun təchizat vasitələri ilə təmin edilməsi də önəmlidir, məsələn, əlcək,  xalat, qaşıq, bıçaq və s.; Bazarlarda soyuducu kameralar, anbarların olması vacib məsələdir. Bazarlar çəki tərəziləri ilə təmin edilməli və onlar istehlakçının görə biləcəyi yerə bərkidilməlidir. Hazırda elektron tərəzilər mövcuddur, onları da  bazarlarda kim necə istəyir qoyur və çəki işlərini aparırlar, ancaq bizə məlumdur ki, həmin tərəzilər düzgün yerləşdirilmədikdə düzgün çəki ola bilməz.  Bazarlarda vaxtaşırı sanitariya günləri keçirilməli, dezinfeksiya işləri görülməlidir və bu iş həkimlərin nəzarəti altında aparılmalıdır.  Bazarlarda struktur dəyişiklikləri həyata keçirilməlidir. Belə ki, bazarların satıcı-işçi yerlərindən tutmuş ticarət avadanlıqlarınadək, nəzarət kassa maşınlarının, çəki-ölçü və daşıyıcı nəqliyyat avadanlıqlarının yenidən təşkil edilməsi istehlakçıya mədəni xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verər. Bazar ticarətinin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, bazarlara gətirilən və satılan kənd təsərrfüatı məhsullarının həcminin artırılması, ticarətin təşkilinin yaxşılaşdırılması və bir sıra təşkilatı tədbirlərin həyata keçirilməsi bazar iqtisadiyyatının əsas atributlarından biridir. Bu da, şübhəsiz, bazar ticarətinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına lazımi şərait yaradılmasına səbəb olar.  Yuxarıda  göstərilən məsələlərin həllini təkcə dövlət strukturlarının üstünə atmaq heç də düzgün olmazdı. Bu işdə ictimai birliklər, qeyri-hökumət təşkilatları və istehlakçılar (ölkə vətəndaşlarının hamısı istehlakçıdır) birgə səy göstərməklə bazardakı xoşagəlməz halların aradan qaldırılmasına nail ola bilərlər. Sadəcə müşahidəçi kimi kifayətlənmək olmaz, hər bir istehlakçı bu işdə fəal iştirak etməlidir. Dövlət strukturları və ictimai təşkilatlar, birliklər özlərinin müşahidə etdikləri neqativ hallar haqqında istehlakçıları məlumatlandırılmalıdır.    İmaməddin  MEHRƏLİYEV,  AKU-nun Gömrük işinin təşkili kafedrasının professoru, əməkdar müəllim, İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi ictimai birliyinin sədri