Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şəmkirdə nümunəvi təsərrüfatlar yaradılır

 

Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft ixrac edən ölkə kimi Azərbaycanın iqtisadi vəziyyətinə təsirsiz ötüşməyib. Lakin belə çətin şəraitdə respublikamız özünün iqtisadi sabitliyini, regionda aparıcı rolunu qoruyub saxlaya bilib. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində əhalinin aztəminatlı təbəqəsinin sosial mühafizəsinə, insanların məşğuliyyətinin təmin edilməsinə, xırda və orta biznesin inkişafına diqqət və qayğı artırılır. Yeni iş yerlərinin açılması, daxili bazarın qorunması, ixrac potensialının artırılması istiqamətində məqsədyönlü və təsirli tədbirlər həyata keçirilir.

Mövcud vəziyyətdə çevik və operativ hərəkət etmək üçün dövlət başçısı hər bir qurum qarşısında konkret vəzifələr qoymuşdur. Həmin vəzifələr sırasında aqrar bölmənin yeni çağırışlara uyğun şəkildə inkişafının təmin edilməsi xüsusi önəm daşıyır.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından biri olan Şəmkirdə də bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər diqqət çəkir. Öncə qeyd etmək yerinə düşərdi ki, Şəmkir rayonu tərəvəzçilik üzrə ixracyönümlü məhsul istehsalına görə respublikamızda ön mövqedə dayanır. İqtisadi çətinliklərə, manatın devalvasiyaya uğramasına, rus pulunun məzənnəsinin aşağı düşməsinə rəğmən, şəmkirlilər əllərini işdən soyutmayıb. Əkin-səpin və təsərrüfat işləri əvvəlki coşğu ilə davam etdirilir. Bu gün ən çox narahatlıq doğuran problem istehsal olunan məhsulun satışı ilə bağlıdır. Bu istiqamətdə ciddi işlər görülür və yaxın vaxtlarda bunun nəticəsini görəcəyik. Onu da qeyd etmək lazımdır ki, Şəmkirdə istehsal olunan məhsullar Rusiya bazarlarında çox yaxşı satılır. Rayonda yeni yaradılan Aqropark məhsulun yetişdirilməsindən tutmuş, onun emalı, çeşidlənməsi, qablaşdırılması, həmçinin satışı ilə bağlı mövcud olan çətinliklərin aradan qaldırılmasını, istehsal olunan məhsulun həm respublika daxilində, həm də «Şəmkir» markası ilə xarici ölkələrdə satışını təmin edəcək. Son vaxtlar görülən tədbirlər əhalinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərmişdir. Statistikaya müraciət edək. 2015-ci ildə rayon məşğulluq mərkəzinə 471 nəfər müraciət etmiş və onların 167 nəfəri işlə təmin olunmuşdur. Cari ilin iki ayı ərzində isə müraciət edənlərin sayı təxminən dörd dəfədən çox artaraq, 2500 nəfərə çatmış və qısa zaman kəsiyində 453 nəfər daimi işlə təmin edilmişdir. Rayon ərazisində əmək ehtiyatlarından səmərəli və düzgün istifadə edilməsi məqsədilə rayon icra hakimiyyətində vakant yerlərin və işləməyən əhalinin qeydiyyatı aparılır. Vakant iş yerlərinin siyahısı dəqiqləşdirilərək «kadr bankı»na yerləşdirilir və işlə əlaqədar müraciət edən vətəndaşlara təklif olunur. İndiyədək müraciət edənlərin 889 nəfəri işlə təmin edilmişdir.

Əhalinin məşğulluğunun təmin edilməsində, özəl bölmənin və sahibkarlığın inkişafında rayonda fəaliyyət göstərən şəhər və kənd bələdiyyələri mühüm rol oynayır. Ayrılan güzəştli kreditlər hesabına bələdiyyələrin nəzdində yeni istehsal və emal sahələri yaradılır. Hazırda rayon ərazisində 42 bələdiyyə fəaliyyət göstərir. Əgər hər bir bələdiyyə belə təşəbbüslə çıxış edərsə, rayonda yüzlərlə yeni iş yerləri açılmış olar. Uğurlu başlanğıclar və gözəl örnəklər var. Təkcə son iki il ərzində rayonda 45 məhdud məsuliyyətli cəmiyyət yaradılıb ki, bu cəmiyyətlərin köməyi ilə bir sıra layihələr reallaşdırılıb. 2015-ci ilin may ayından fəaliyyət göstərən Şəmkir şəhər bələdiyyəsi tərəfindən «Abad Şəmkir» MMC-nin nəzdində yaradılan «Natural» su və konserv istehsalı zavodunda 50 nəfərdən artıq işçi çalışır. Ümumi sahəsi 1,1 hektar olan müəssisədə su yeni yaradılmış Şəmkirçay dəryaçasından götürülür. Burada 5 dondurma xətti fəaliyyət göstərir. İstehsal olunan «Natural» Şəmkir suyu şüşə və plastik qablarda satış nöqtələrinə göndərilir. Şüşə xəttində sutkada 3 min ədəd, plastik xətdə isə 5 min ədəd içməli su doldurulur. Bundan əlavə, müəssisədə şüşə qablarda cem, mürəbbə, kompot və turşu da istehsal olunur. Avadanlıqlar Türkiyə Respublikasından gətirilib. Hazırda sexdə genişləndirmə işləri aparılır və yaxın vaxtlarda işçilərin sayı 70-ə çatdırılacaq. Bundan başqa, həmin bələdiyyənin nəzdində daha bir müəssisə – «Morul tikinti» MMC yaradılır ki, burada 30 nəfər işlə təmin olunacaq.

Çinarlı bələdiyyəsinin nəzdində yaradılan «Şəmkir səbəti» kənd təsərrüfatı məhsullarının satış yarmarkasında tikinti işləri son tamamlanma mərhələsindədir. Burada milli memarlıq ornamentlərinə uyğun olaraq taxta konstruksiyalarla 147 ədəd köşk quraşdırılıb. Gələcəkdə burada 300 nəfərə yaxın işçinin çalışacağı nəzərdə tutulur.

Qaracəmirli kənd bələdiyyəsi tərəfindən təsis edilmiş «Qaracəmirli» MMC-də quşçuluq təsərrüfatı fəaliyyətə başlayıb. Ümumi sahəsi 50 hektar olan təsərrüfatda «Lindovskiy», «Qubernator» cinsli qaz və «Kanada» cinsli hind quşunun yetişdirilməsinə başlanılıb. Sabirkənd bələdiyyəsinin təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun üstündə sahəsi 21 hektar olan «İnşaat» bazarında həm satıcılar, həm də alıcılar üçün hər cür şərait yaradılıb. Burada 60-dan çox işçi çalışır.

Çənlibel kənd bələdiyyəsinin yaratdığı «Maral» MMC-nin fəaliyyəti isə dağ turizminin və maralçılığın inkişafı ilə bağlıdır. Rayonun dağlıq ərazilərində yaradılmış guşədə vətəndaşların istirahəti, maralların saxlanması və artırılması üçün hər cür şərait yaradılıb. Burada mövsümi işlərə 75 nəfər, daimi işlərə isə 35 nəfər cəlb olunub.

Kəndlərdə istixana təsərrüfatlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Kənd bələdiyyələrinin ehtiyat fondundan ayrılmış torpaqlardan səmərəli istifadə olunaraq çoxlu sayda yeni istixanalar yaradılır ki, burada pomidor, xiyar, badımcan, bibər, kələm və digər məhsullar yetişdirilir. Hazırda rayon ərazisində 1515 hektardan artıq sahədə qapalı şəraitdə müxtəlif çeşidli tərəvəz məhsulları becərilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uğun olaraq, istixana təsərrüfatı ilə məşğul olan sahibkarlara dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına verdiyi güzəştli kreditlərindən yararlanması imkanı bu sahənin inkişafına əlavə impuls vermişdir.

Göründüyü kimi, bələdiyyələr özəl bölmənin inkişafında, yeni iş yerlərinin açılmasında, məhsul bolluğunun yaradılmasında müstəsna rol oynaya bilərlər. Özünüidarəetmə qurumu olaraq bələdiyyələrin fəaliyyətini yalnız abadlıq-quruculuq, səliqə-sahman işləri ilə məhdudlaşdırmaq yanlış yanaşma olardı. Fikrimizcə, Şəmkir rayonunda bələdiyyələrin təsərrüfat fəaliyyəti ilə bağlı olan müsbət təcrübənin respublikamızın bütün bölgələrində geniş təbliğinə və yayılmasına ehtiyac vardır.

Şəmkir rayonunda tərəvəz məhsulları ilə yanaşı, bostan, dənli və paxlalı bitkilərin, o cümlədən meyvəçiliyin və üzümçülüyün inkişafı sahəsində böyük potensial mövcuddur. Açığı demək lazımdır ki, sözügedən sahənin inkişaf səviyyəsi qaneedici deyil. Hələ ki, təsərrüfatlar istər yem, istərsə də qida məhsullarının istehsalı sarıdan geri qalırlar. Deyilən istiqamətlər üzrə ciddi tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur və artıq rayonun Qaracəmirli kəndi ərazisində müəyyən tədbirlərin görülməsinə başlanılıb. Belə ki, 32 hektar sahədə Gürcüstan Respublikasından gətirilmiş «Abaşa» sortu adlanan qida qarğıdalısının səpini aparılıb. Bundan əlavə, 10 hektar sahədə quru lobya bitkisinin səpini aparılacaq. Gələcəkdə hər iki sort üzrə yerli toxumçuluq təsərrüfatlarının yaradılması nəzərdə tutulur.

Açığını demək lazımdır ki, respublikamızda bir çox bitki növləri üzrə geni dəyişdirilmiş toxumlardan istifadə olunur. Bu sahədə boşluqları doldurmaq üçün yerli ənənəvi toxum sortlarının və növlərinin yaradılmasına ciddi ehtiyac vardır. Qaracəmirli kəndində əkilən qarğıdalının hər hektarından 120-125 sentner məhsulun götürülməsi nəzərdə  tutulur ki,  həmin məhsulun bir hissəsi toxum materialı kimi tədarük edilib saxlanılacaq, digər bir hissəsindən çörək, kökə, qrupa və digər məmulatlar hazırlanaraq satış məntəqələrinə göndəriləcək. Ekoloji cəhətdən təmiz, vitaminlərlə zəngin olan həmin məhsulların qiyməti də yerli istehsal olduğuna görə istehlakçıları razı salacaq. Lobya bitkisi kalorisinə görə ət məhsullarına yaxındır və bir çox ölkələrin qida rasionunda bu məhsul üstünlük təşkil edir. Odur ki, Azərbaycanda lobya, soya, qreçka (qarabaşaq), mərci, noxud və s. kimi məhsulların istehsalının artırılmasına ehtiyac vardır. Bu həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm ekoloji təmiz məhsulun bazara çıxarılması, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.

Cari ildə Qaracəmirli fermerləri bol məhsul əldə etmək əzmi ilə çalışırlar. Gələcəkdə əkin-səpin sahələri genişləndiriləcək və emal müəssisələri yaradılacaq. Lakin lazım olan avadanlıqlar xarici ölkələrdən alınıb gətirilməlidir ki,  bunun üçün xeyli miqdarda maliyyə vəsaiti tələb olunur. Həmin vəsaiti onlar güzəştli şərtlərlə Sahibkarlığa Kömək Milli Fondu xətti ilə əldə edəcəklərinə böyük ümid bəsləyirlər.

 

ZülfüİLYASOV,

«İqtisadiyyat» qəzetininbölgə müxbiri,

Şəmkirrayonu