Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qəlblərdə yaşayan insan

 

Martın 10-da Azərbaycan Texniki Universitetində  Azərbaycanın görkəmloi iqtisadçı alimi, iqtisad elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.

Konfransın Plenar iclasını AzTU-nun rektoru, Əməkdar elm xadimi professor Havar  Məmmədov açaraq uzun illər bu Universitetdə işləmiş görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən ətraflı söhbət açmışdır. Sonra AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Azərbaycanda iqtisadiyyatın riyazi və instrumental üsullarının inkişaf mərhələləri”, AMEA İdarəetmə Sistemləri İnstitutu, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun “Respublikada innovasiya probleminin tədqiqində prof. Şamil Səmədzadənin rolu”, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, i.e.n., dosent Elşad Səmədzadənin “Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatıdır” mövzularında məruzələri dinlənilmişdir.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad elmləri namizədi, dosent Elşad Səmədzadə demişdir:

- Hörmətli tədbir iştirakçıları, mən də sizi Azərbaycan İqtisadçılar İttifaqı adından salamlayıram. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Öncə Şamil müəllimin əziz xatirəsini anaraq, ruhunun şad olmasını diləyirəm. Şamil müəllim uzun illər idarəetmə sisteminin səmərəliliyinin artırılmasına yönəldilmiş elmi-nəzəri əsasların hazırlanmasında iştirak etmişdir. O zamanlar Sovet İttifaqının görkəmli iqtisadçıları, kibernetikləri azərbaycanlı həmkarları ilə fəal dialoq şəklində idarəetmə qərarlarının optimallaşdırılmasına xidmət edən elmi-tətbiqi sistemlərin yaradılması ilə məşğul olmuşdur. Dünyada gedən proseslər texniki və iqtisadi elmlərin kəsişməsində yerləşən mərkəzlərin rolunu artırır. Çünki bu təsisatların real iqtisadiyyatla əlaqəsi çoxdur, innovasiyalara açıq olur, onlar hətta nobel mükafatları laureatlarının yetişdirilməsində də mühüm rol oynayırlar. Şamil müəllimin elmi fəaliyyətinin son dövrünün Azərbaycan Texniki Universitetilə bağlanması da Azərbaycan iqtisadiyyatına real nəticələrin verilməsi ilə bağlıdır. Şamil müəllim haqqında şirin xatirələr çoxdur.  Onların bir hissəsini mən "İqtisadiyyat" qəzetinin dərc etdiyi Professorun 70 illik yubileyinə təbrik olaraq yazdığım “Əllərində bel, zəkasında sistemli fikir olan cəngavər qamətli alim” məqaləmdə bölüşmüşəm. Görkəmli alim daim  sistemli yanaşmanın təbliğatçısı olub. Onun fəaliyyət dairəsi idarəetmə olduğundan mən də bugün Azərbaycan üçün vacib olan məsələrədən birinə - davamlı inkişafın idarə olunması probleminə yığcam da olsa, sistemli şəkildə toxunmaq istəyirəm.

     Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır

    İnsan yarandığı gündən öz rifahını yüksəltməyə çalışıb. Daş dövründə ov ovlamaqdan, orta əsrlərdə sənətkarlıqdan gələn yol indiki dövrdə innovasiyalı, informasiya texnologiyalarına əsaslanan istehsalla davam edir. Lakin inkişafının müəyyən anında insan düşünür. Görəsən rifahı artırmaq, iqtisadiyyatı gücləndirmək naminə yaşadığı ətraf mühiti korlamağa, insanlarla münasibəti ikinci plana atmağa dəyərmi? Bu fikirlər sistemləşərək BMT çərçivəsində bizim ümumi gələcəyimiz kimi elmi sistemlərin yaranması ilə nəticənib, davamlı inkişaf konsepsiyasını yaradıb. Bu konsepsiyanın əsasında 3 sistemin ahəngli inkişafı nəzərdə tutulur: iqtisadiyyat, ətraf mühit və sosial mühit. İngilis dilində davamlı sustainable, rus dilində ustoyçevoe razvitiye, Azərbaycan dilində isə bəzi tədqiqatçılar tərəfindən davamlı, bəziləri tərəfindən isə dayanıqlı inkişaf kimi tərcümə olunub. Biz davamlı inkişaf ifadəsinin tərəfdarıyıq, çünki dinamik proses dayanıbsa, demək o inkişafda deyil. Amma dayanıqlılıq istilahının (kateqoriyasının) burada vacib fəlsəfi yükü var. 3 alt sistem arasında dayanıqlılıq təmin olunmalıdır ki, cəmiyyət dayanıqlı, inkişaf isə davamlı olsun. Bu gün Azərbaycan cəmiyyətini maraqlandıran suallardan biri də beynəlxalq bazarlarda dəyişən vəziyyət və Azərbaycan iqtisadiyyatının buna cavab reaksiyasıdır. Azərbaycanın inkişaf strategiyası var, lakin bir daha arzulamaq istəyirik ki, istənilən vəziyyətdə qeyd etdiyimiz beynəlxalq prinsiplər nəzərə alınmalıdır. Sonrakı məsələ həqiqətin axtarılmasıdır. Şamil müəllimin çox hörmətlə xatırladığı Leonardo Da Vinçidən sitat gətirmək istəyirəm: “Elm sərkərdədir, təcrübə əsgərlər”. Biz indiki məqamda iqtisadi nəzəriyyəyə baxmalıyıq. Qəbul olunmuş bir faktdır ki, dünya iqtisadiyyatında baş vermiş ən böyük kataklizm ABŞ-da baş vermiş Böyük İqtisadi Depressiya olmuşdur (1929-1933).  Birləşmiş Ştatları isə bu vəziyyətdən iqtisadi ideoloq Con Meynard Keyns çıxarmışdır. Ona görə iqtisadiyyatda çətinlik baş verdikdə deyirlər ki, keynsçilərin sayı artır. Amma bu gün Azərbaycanda da, dünyada da baş verən hadisələr liberallaşmağa, rəqabət mühitinin artırılmasına, ixracın təşviqinə yönəldilmişdir. Buradan belə nəticə çıxır ki, meyil klassik məktəbə istiqamətlənmişdir. Lakin milli iqtisadiyyat çərçivəsində liberallaşma olduqdan sonra iqtisadi ədədlərin necə hərəkət etməsi də maraqlı olacaq. Deməli, həm sərt tənzimlənməni, həm azad bazarı, həm rasional elmi istiqamətləri özündə birləşdirən nəzəriyyə çələngi Azərbaycanın dövlət iqtisadi siyasətinin əsasında dayanmalıdır. Növbəti sual aralıq məqsədin müəyyənləşdirilməsidir.  Xatırladım ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra əsas məsələ sabitliyin, xüsusilə makromaliyyə sabitliyinin təmin olunması olub. Sonra institusional, daha sonra ifrastruktur inkişafı diqqət mərkəzində dayanıb. Hazırda isə əsas diqqət məşğuluq olmalıdır. Cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda da  vurğuladı ki, məşğulluq öncül istiqamətdir.

Nə qədər iş yeri yaradılmalıdır? Statistikaya müraciət edərək qeyd edim ki, ölkəmizdə əmək qabiliyyətli əhalinin, yəni 18 yaşına çatmış şəxslərin bu il üçün təqribən 76 900 nəfər (1998-ci il əhali artımı) artdığını nəzərə alaraq deyə bilərik ki, bu qədər yeni iş yerinin yaradılmasına da çalışmaq lazımdır. Amma əvvəlki dövrlərin kəsrlərini, bugünkü ixtisarları nəzərə alaraq deyə bilərk ki, daha artıq yeni iş yerinin yaradılmasına ehtiyac var. Bunu isə sərmayələrin artırılması yolu ilə etmək lazımdır. Sual yaranır ki, bir iş yerinin yaradılması üçün nə qədər vəsait lazımdır? Sahibkarlığa Kömək Milli Fondunun Statistikasına əsasən, deyə bilərik verilmiş hər 19741 manata 1 iş yeri yaradılmışdır. Amma sahibkarların öz  vəsaitlərini və məzənnə dəyişikliyini nəzərə alaraq deyə bilərik ki, bu, 30-40 000 manat arasında dəyişir. Bunu 100 000 yeni iş yeri hesabı ilə götürsək, il ərzində 3-4 milyard manat və daha böyük həcmdə sərmayə yatırılmalıdır. Azərbaycan İqtisadcılar İttifaqında  biz bu sərmayələrin dövlət büdcəsi, digər institutlarla əlaqəsi, sahibkarlara çatması sxemini və sahibkarlara veriləcək intellektual dəstək sxemini hazırlamışıq.  Bunu da yaxın zamanlarda ictimaiyyətə açıqlamaq niyyətindəyik. Onu da bildirmək istəyirəm ki, makromaliyyə sabitliyinin qorunub saxlanması, islahatlar aparılması üçün dövlət idarəetmə qurumları arasında koordinasiyanın gücləndirilmıəsi, biznesin müdafiəsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Nəticə etibarilə Azərbaycanın həm beynəlxalq enerji, həm nəqliyyat layihələrində iştirakı...

Texniki Universitetdə nəqliyyatçıların hazırlanması ilə əlaqədar bir faktı da qeyd edim - rus alimi, RTEA-nın həqiqi üzvü K.Sencaqov iqtisadi təhlükəsizliklə bağlı  bir tədqiqat aparmışdır ki, nəqliyyatın inkişafından nəqliyyat özü daha çox gəlir əldə edir, yoxsa ümumilikdə cəmiyyət? Müəyyən olunmuşdur ki, bundan cəmiyyət nəqliyyata nisbətən 7 dəfə daha çox gəlir əldə edir.  Nəqliyyat inkişaf etdikcə ətraf ərazilər abadlaşaraq qiyməti artır, göz qabağında nəql olunan yüklər əsasında rahat çevik marketinq nəticəsində istehsal yaranır, düzgün korporativ inkişaf strategiyaları seçilir. Bu baxımdan cəmiyyətə verilən səmərə çoxalır. Bayaqkı fikri tamamlayaraq, yəni Azərbaycanın potensialını qiymətləndirəndə, demək olar ki, ölkəmizin həm beynəlxalq enerji, həm nəqliyyat layihələrində iştirakı, zəngin təbiəti, elmli, yaradıcı insanlarının olması və bu gücü cəmləndirərək hədəfə istiqamətləndirən dövlət iqtisadi siyasəti  davamlı inkişaf üçün bütün şərtlərin mövcud olduğunu göstərir. Diqqətinizə görə təşəkkür edirəm.

Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək, ölkənin mövcud resurslarından uararlanmaqla iqtisadiyyatın dinamik inkişafını təmin edən prinsipial məsələlərdən və Azərbaycan dövlətinin bu problemlərin həllindəki rolundan danışmış və belə bir mötəbər tədbirin təşkilatçılarına, Azərbaycan Texniki Universitetinin rəhbərliyinə, şəxsən rektor – Əməkdar elm xadimi, professor Havar Məmmədova öz minnətdarlığını bildirmişdir.

O, demişdir:

-  Əvvəla, mən çox təşəkkür edirəm ki, bizim nəslin ağsaqqlı, qardaşım Şamil haqqında belə dəyərli, xoş sözlər deyildi, həqiqətən də, biz qardaşlar - Fikrət, Məzahir, onların burada iştirak edən övladları, mənim övladlarım şaddır ki, bugün böyük qardaşım Şamilin yubileyinə həsr olunmuş tədbir yüksək səviyyədə keçirilir.  Şamil çox mənalı həyat yaşayıb. Burda çıxış edənlərin hamısına təşəkkür edirəm ki,  Şamil haqqında  çox ürəklə, saf duşüncəylə, saf əqidəylə fikir söylədilər. Təşəkkür edirəm, Havar müəllim, sizə, bu tədbiri yüksək səviyyədə keçirməyə nail oldunuz. Burada Azərbaycan elminin  dəyərli nümayəndələri – iqtisadçılar, mühəndislər və digər elm sahələrini təmsil edən insanlar var.  Bu da Şamil müəllimin yaradıcılığına, elmi fəaliyyətinə, insani keyfiyyətlərinə olan diqqətdir, çünki iqtisadçı ilə mühəndis təfəkkürü birləşəndə daha böyük nailiyyətlər əldə etmək olur. Qorxmaz müəllim, Akif müəllim və Vahid müəllim - bu üçlük həmişə Şamillə bir olub. Mən 1961-ci ildə Moskvaya aspiranturaya gedəndə Şamil artıq Moskvada idi, onun da bir ləqəbi vardı, yataqxanada ona  Qladiator deyirdilər. Bilirdilər ki,  mən onun kiçik qardaşıyam. Mənim də əlim-qolun bağlanmışdı,  artıq hərəkət edə bilməzdim. Gec gələ bilməzdim, azca pivə içmək səlahiyyətində də deyildim. Burada Qəhrəman Hüseynov əyləşib. O, Şamilin ən yaxın dostlarından biri olub. Mən də o illərdə Qəhrəman Hüseynovla bir otaqda, beşinci mərtəbədə yaşamışam. Böyük çətinliklər olub, amma çalışmışıq ki, ailəmizin verdiyi tərbiyəni orada qoruyaq.

Burda hesablama texnikası haqqında danışdılar.  O vaxtlar, doğrudan da, çətin dövrlər idi. Qəhrəman müəllim  Kristalloqrafiya  İnstitutunun aspirantı idi. O instituta da akademik Belov rəhbərlik edirdi. Onlar günlərlə gözləyirdilər ki, iri elekrton maşınlarında bir-iki saat hesablamalar aparsınlar. Mən o vaxtlar çox heyran qalırdım, orada 600 aspirant var idi. Bu insanların xeyli hissəsi  gecələr elektron maşınlarında işləmək üçün vaxt alırdılar. Məhz bunun nəticəsində böyük alimlər yetişdi. Ümumiyyətlə, Azərbaycandan 60-ci illərdə  gedənlər sonralar Azərbaycan gəncliyinin inkişafına böyük kömək göstərdilər və indi də göstərirlər. Onlardan biri də Şamildir.

Şamilin yaradıcılığı haqqında çox danışmaq istəmirəm. Mən 2 gün bundan qabaq Şamilin nəvəsindən mənə onun avtoreferatını tapmasını istədim.  1973-cü ildə Şamil doktorluq müdafiə edib və onun avtoreferatı idarəetmə elminin əsaslarına və onun tətbiqinə həsr olunan ilk əsərlərdən biridir.  Akademik Petrakov,  Baranov,  Pedorenko, Marvin, Aleynik və digər alimlər Şamilə tövsiyələrini veriblər, Şamil o aurada böyüyüb. O vaxtlar Şamil SSRİ Elmlər Akademiyasının İdarəetmə İnstitutunun  aspirantı idi.  Şamil Qluşkovun, Dobrovun məruzələrini, çıxışlarını dinləyib. Ona görə də onun formalaşmasında həm Moskva, həm Avropa, eyni zamanda, Şərq məktəbinin təsiri olub.

Doğrudan da, bu gün Şamil müəllimə, Şamil alimə, Şamil qardaşa layiq bir məclis oldu. Çoxsaylı fikirlər söyləndi. Bizim gücümüz, elmimizin gücü də ondan ibarətdir ki, biz düşünək, fikirləşək, müzakirələr aparaq, bir-birimizi dinləyək, bunsuz elmin axırı yoxdur. Əgər eyni fikri hamı deyirsə, elm onda inkişaf etmir, elm o vaxt inkişaf edir ki, mübahisələr var, fikirlər var və s.

Ona görə Azərbaycan iqtisad elminin də tarixi  böyükdür. Bizim ana dilimizi əvvəllər tərcümə etməyiblər, neçə ildən sonra bu tərcümələr olub. Avropa klassiklərinin dediyi fikirləri  Şərqdə ondan qabaq deyiblər. Biz Böyük İqtisadi Ensiklopediyanı hazırlayanda, mühasibat uçotu ilə əlaqədar materiallar  axtaranda bizə Avropa mütəxəssislərinin,mühasiblərinin adlarını göstərdilər. Amma Osmanlı İmperiyası olub, Şah İsmayılın imperiyası olub, Əmir Teymurun imperiyası, xəzinəsi, zəngin varidatı olub, o uçota alınıb. Onların heç biri  artıq pul götürməyib, vaxtında vergisini ödəyib. Akif müəllim sağ olsun, Şərq iqtisadiyyatının  Yaxın və Orta Şərqdən, Uzaq Şərqdən mühasibat uçotunun, verginin köklərini araşdırıb. Bizə çatdırıb ki, təkcə Avropa deyil, bizim Şərqimizdə də böyük ustadlar olub. Akademik Əbdülkərim Əlizadə XIII əsrdə Azərbaycanın sosial-iqtisadi həyatına dair əsər yazıb, orada o dövrün iqtisadi siyasətinin vergi sistemini açıb göstərib.

Biz ondan bəhrələnməliyik. Ona görə də biz nəinki Avropa məktəbinin, eyni zamanda, özümüzün, xalqımızın, türk dünyamızın yaratdığı dəyərlərə fikir verməliyik. Çünki dünyada o qədər proseslər gedir ki, bir az da qloballaşma getsə, millət özünü itirəcək. Ona görə millətin özünü qorumasını, millətin alimlərinin, siyasətçilərinin dediklərini ön plana çəkmək lazımdır.

Burada  iqtisadiyyatla   bağlı fikirlər söylənildi. Hər kəsin fikrində, çıxışında böyük məna var.  Hər insan öz fikrini deyir. Mənim ən böyük arzum ondan ibarətdir ki, fikirlər açıqlansın. Sonra onları müzakirə edək. Eldar  Nuriyev təcrübəli iqtisadçıdır, böyük məktəb keçib. Uzun illər Azərittifaq sisteminə rəhbərlik edib. Bu sistem təsərrüfatı, emalı, tikintini və s. özündə birləşdirən bir qurum idi. Yəni, o, iqtisadi münasibətlərin idarə olunmasının  təkmilləşməsini həyata keçirən bir struktur idi. Bu gün zəmanə dəyişib.  Biz islahatların ilk mərhələlərində çoxlu  səhvlər buraxmışıq. Beynimizə yeritdilər ki, bazar hər şeyi həll edir, bazarı isə görünməz əllər idarə edir. Bu bəlaların çoxu ondan başımıza gəldi. Hər şey dağıldı, müəssisələr getdi, iri müəssisələr dağıdıldı və s. Bu, təkcə bizdə olmadı. Rusiyada, Orta Asiya respublikalarında, Ukraynada, Belorusiyada da oldu. İqtisadçılar yazırdılar ki, Azərbaycanda iqtisadi azadlıq aşağıdır, nəsə özəlləşdirilməyib, ya nəsə dövlət nəzarətindədir. Dünya göstərir ki, azad bazar münasibətləri şəraitində dövlət müəyyən prosesləri tənzimləməlidir. Qlobal dünyanın hər yerində böhrandır. Böhrandan çıxmaq üçün tədbirlər görülür. 10-15 dövlət birləşir ki, bunun qarşısını alsın.

Hazırda əsas hədəf cənab Prezidentin  müəyyən  etdiyi inkişaf strategiyasıdır. Dövlət başçımız qeyd edib ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir. Bunun üçün biz nə etməliyik? İqtisadi inkişaf səviyyəsini yüksəltməliyik. Bu mənbələrdən biri də aqrar sektordur. Mən 1971-ci ildə ”Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturunun problemləri"  mövzusunda yazdığım doktorluq dissertasiyasında ilk dəfə olaraq SSRİ-yə sübut etdim ki, ölkənin inkişaf göstəricisi kənd təsərrüfatında olan adamların sayı ilə müəyyən edilmir. Biz kənd təsərrüfatını elə inkişaf etdirməliyik ki, orda məşğul olan əhalinin sayı gələcəkdə 3, 4, 5 faizdən artıq olmasın.  Bu gün bu göstərici 40 faizdir. Biz bunu azaltmaq üçün kənd təsərrüfatını ön plana çəkməliyik. Kiçik dövlətik. Müharibə vaxtı, 90-cı illərdə Azərbaycanın pulu yox idi.  Pulu olduqda da taxıl vermədilər. Dünyada bu gün  ən vacib məsələ ərzaq məsələsidir. Hədəf iqtisadi inkişafdırAzərbaycan dünyanın aparıcı inkişaf etmiş ölkələrdən birinə çevrilməlidir. Hədəfimiz budur. Bu hədəflərdən biri nədi? Gərək kənd təsərrüfatını qaldıraq, normal həddə saxlayaq ki, kənd təsərrufatı məhsulları artsın, hədəf eyni zamanda sənayenin strukturunun təkmilləşməsidir.  Mən istəyirəm ki, bizim iqtisadçılarımız üçün iqtisadi, yüksək və keyfiyyətli inkişaf olsun. Biz bu məsələdə fikirləşməliyik. Baltikyanı ölklərdə əmək ehtiyyatları yoxdur, amma onlar maşınqayırma zavodları yaradırlar. Bu gün Azərbaycanda zavod qurarkən fikirləşməliyik ki, bu, nə qədər iş yeri yaradacaq.  Bu yaxınlarda Şahin Mustafayevlə fikir mübadiləsi zamanı da qeyd etdim ki, biz məşğulluğu iqtisadi inkişafın bir amili kimi qiymətləndirməliyik. Mən çox istərdim ki, iqtisadçılarımız belə mübahisələr etsinlər. Şamil Səmədzadənin yaratdığı, çalışdığı istiqamət bu gün komyuterlərlə əvəz olunub.  Amma bu tədqiqatlar aparılmasaydı, o dövrün kibernetikasının banisi Norbert Vinerin apardığı  tədqiqatlar olmasaydı,  bizim elə kadrlarımız olmazdı. Biz inkişafımızı təmin etmək üçün nə edək,  məşğulluğu, əhalinin orta gəlirlərini necə təmin edək? Əgər biz adambaşına düşən ixrac potensialını  min dollara qaldırsaq, bu, təxminən bir milyard olacaq. Bir milyardı da 25 minə, 30 minə bölsək, bu 45-50 min olacaq. Bizim ixracımızı 3 dəfə artırdığımız şəraitdə işçilərimizin sayı təxminin 60 min olacaq. Hər il isə əhalinin sayı 100 mindən çox artır. Hətta nəzərə almalıyıq ki, işləməyənlər də var. Bu gün bu, ən böyük problemdir və bunu həll etmək lazımdır. Biz məqsədi həll etmirik. Hələ o məqsədə çatmaq üçün biz yeni iş yerləri yaratmalıyıq ki, bütövlükdə Azərbaycanın iqtisadi inkişafı artsın, ictimai sabitlik yüksəlsin, cəmiyyətdə sosial gərginlik olmasın. İşsizliyin yüksək olması yoxsulluğu artırır. Biz, bütün iqtisadçılar fikirləşməliyik, müqayisələr aparmalıyıq ki, bu kimi mübahisəli məsələlərdə vahid fikrə nail olaq. Bu gün burada iş adamı – “Mətanət A” şirkətinin prezidenti də iştirak edir. Bu yaxınlarda cənab Prezident şirkətin yeni zavodunun açılışında iştirak etdi və ilk suallarından biri nə qədər işçinin çalışması ilə bağlı oldu.  Bütövlükdə götürdükdə, burada 500-600 nəfər işləyir. Biz insanları əməyə həvəsləndirməli, bu sahədə təbliğat işini gücləndirməliyik.

Mən bir daha hər kəsə təşəkkür edirəm. Şamil doğrudan da, parlaq bir sima idi, onun nəsihətləri olmasaydı, bəlkə da biz başqa cür formalaşardıq.  Allah Şamilə rəhmət eləsin.

Respublika Elmi Konfransı daha sonra “İnnovasiya fəaliyyəti və onun idarə olunması”,  Azərbaycan Respublikasında iqtisadi islahatlar: nəticələr, problemlər və perspektivlər”, “Sənayenin inkişafının səmərəliliyinin artırılması yolları” və “İnnovasiyalı kənd təsərrüfatı istehsalının inkişaf istiqamətləri” adlı 4 bölmə üzrə öz işini davam etdirmişdir. Konfransda 160-dan çox məruzə dinlənilmiş və müzakirə olunmuşdur.