Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ev təsərrüfatlarının gəlirləri və xərcləri həyat səviyyəsinə

təsir edən mühüm amillərdən biri kimi

 

Müasir dövrdəhəyat səviyyəsi dedikdə  cəmiyyətin rifah halını xarakterizə edən sosial-iqtisadi kateqoriya başa düşülür. Həyat səviyyəsi mövcud iqtisadi sistemlərin son məqsədi və ya fəaliyyətinin nəticəsi olub daim təkmilləşir. Hazırkı bazar iqtisadiyyatı şəraitində həyat səviyyəsinin  formalaşması, təkmilləşdirilməsi, ona təsir edən müxtəlif amillərin öyrənilməsi, tədqiq edilməsi müasir sosial-iqtisadi  siyasətin əsas hədəfləri kimi diqqəti cəlb edir. Həyat səviyyəsinin  yüksəlməsi istehlak tələbatının tam və hərtərəfli ödənilməsi mahiyyətini kəsb edir. Təbii ki, iqtisadi inkişaf səviyyəsi yüksək olan ölkələrdə həyat səviyyəsi  yüksək olacaq, dövlət tərəfindən həyata keçirilən sosial proqramların icrası həyat səviyyəsinin   qənaətbəxş səviyyədə saxlanmasına və davam etməsinə kömək edəcək.

Həyat səviyyəsi  dedikdə təkcə əhalinin gəlirləri, maddi və mədəni nemətlər  istehlakı  deyil, onların  iş və məişət şəraiti, təhsil, sağlamlıq, mədəni həyatının və istirahətinin  təşkili və demoqrafiq vəziyyəti nəzərə alınır. Alimlər həyat səviyyəsinə təsir edən ilk göstəriciləri əhali gəlirləri hesab edirlər. Gəlirə məhsul istehsalında iştirak edən iqtisadi subyektin payı kimi baxılır. Bazar iqtisadiyyatında gəlirlərin formalaşması  ən əsas tələb və təklif qanunu ilə tənzimlənir. Bu baxımdan rəqabətə davam gətirib uğur əldə edənlərin gəliri yüksək, digərlərinin gəlirinin aşağı olması labüddür. Yaxın keçmişdə yaşadığımız planlı təsərrüfat  sistemində dövlət əhali gəlirlərinin bölgüsünə müdaxilə edərək onların qismən də olsa, bərabərləşməsinə çalışırdı. Çünki bu dövrdə tələb və təklifin qarşılıqlı əlaqəsi yox idi, istehlakçılara məhdud təklif diktə olunurdu. Lakin hər kəsin fərdi qabiliyyəti, bacarığı, seçdiyi işlə (ictimai zəruri əməklə) məşğul olmaq həvəsi və istedadı insanlara fərqli yanaşmanı tələb etdiyi kimi, onların əldə etdiyi gəlirlərin də təbii olaraq müxtəlif olacağını təsdiq edir. Lakin bununla belə, müasir dövrdə dövlətlər əhali gəlirlərinin ədalətli bölgüsünə çalışırlar və buna müəyyən dərəcədə nail olurlar. Müəyyən sosial proqramların həyata keçirilməsi, eləcə də vergilərin tətbiqi gəlirlərdə mövcud olan qeyri-bərabərliyi qismən də olsa azaldır. Gəlirlərin mütləq bərabərsizliyinin dərəcəsini əks etdirən göstəricilər olan Lorens əyrisinin və Cini əmsalının hesablanması inkişaf etmiş ölkələrdə bu prosesin müsbət dinamika ilə irəlilədiyini göstərir.

Əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik müşahidə metodu ilə öyrənilməsi ev təsərrüfatlarının  büdcələrinin seçmə tədqiqatıdır. “Ev təsərrüfatı” dedikdə  müştərək iqtisadi qərarlar qəbul edən şəxslər qrupu nəzərdə tutulur. İqtisadi  münasibətlər sistemində ev təsərrüfatlarının rolu  xüsusilə əhəmiyyətlidir, çünki onlar öz şəxsi mülkiyyətində olan istehsal amillərinin mülkiyətçisidirlər. İqtisadi  sistemdə ev təsərrüfatlarının rolu aşağıdakılardır:

  • Müəsisə tərəfindən istehsal olunan əmtəə və xidmətlərin alıcısı kimi çıxış edirlər.
  • Həmin müəssisələrə istehsal amillərini təklif edirlər.
  •  İstehsalda  formalaşan məcmu gəlirin müəyyən hissəsini yığıma yönəldərək, real  maliyyə aktivləri əldə edirlər.

Ev  təsərrüfatının gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- əmək gəlirləri;

- kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlər;

- sosial transfertlər;

- digər gəlirlər.

Ev təsərrüfatının fəaliyyət növlərinə aiddir:

  • İctimai və özəl sektorda ödənişli işlər;
  • Ev təsərrüfatı çərçivəsində ödənilməyən işlər;
  • Digər ev təsərrüfatı üzvlərinin gördüyü işlər və ya  onlar üçün görülən işlər (onlar həm ödənilə bilər, həm də  havayı ola bilər).

Ev təsərrüfatlarının təklifləri  istənilən halda xüsusi biznes təşkilindən fərqlidir, burada  görülən bütün işlər üçün pul ödənilmir.

Müasir iqtisadi  şəraitdə  ev təsərrüfatının fəaliyyəti  pul münasibətləri olmadan  mümkün deyil. Deməli, ev təsərrüfatı səviyyəsində maliyyə  münasibətlərinin meydana gəlməsi üçün real baza var. Lakin bütün pul münasibətləri pul dövriyyəsi münasibətləri demək deyil. Bunlara pulun dəyər ölçüsü funksiyası daşıdığı hallar və mübadilə münasibətlərini (Ə-P-Ə) aid etmək olar ki, burada ev təsərrüfatı iştirak edə bilər. Maliyyə  münasibətləri isə pul vəsaiti fondlarının yaranması və bölgüsü zamanı meydana çıxan pul münasibətləridir.

 Ev təsərrüfatının  fəaliyyəti bazar subyektləri ilə  maliyyə  münasibətləri (xarici əlaqə) olmadan  mümkün deyil. Eləcə də ev təsərrüfatının üzvləri arasında olan daxili maliyyə əlaqələrinə aşağıdakıları aid etmək olar:

  • Onların arasında ailəvi pul fondlarının formalaşması;
  • Növbəti istehlak səviyyəsini saxlamaq üçün  sığorta ehtiyatları;
  • Kapital xərcləri səviyyəsinin artırılması üçün  pul ehtiyatları;
  • Gələcək investisiya məqsədi ilə pul fondları.

Göründüyü kimi, ev təsərrüfatının maliyyə münasibətlərinə aşağıdakılar daxil olur:

  • Digər  ev təsərrüfatları ilə  - müştərək pul fondlarının formalaşması və istifadəsi münasibətləri. Bura ev təsərrüfatının iştirak edə bildiyi qarşılıqlı mübadilə aid deyil.
  • Maddi istehsal və ya xidmət sahəsində fəaliyyət göstərən ev təsərrüfatı iştirakçılarını işlə təmin edən müəsisələrlə münasibətlər. Bu müəssisələrlə ev təsərrüfatı arasında əlaqə istehsal olunmuş ÜDM-in dəyər formasında bölgüsü ilə həyata keçirilir.
  • Kommersiya  əsasında fəaliyyət göstərən banklar ilə -  istehlak kreditləri və onların ödənilməsi, sərbəst pul vəsaitlərinin banklara cəlb edilməsi prosesində;
  • Sığorta təşkilatları ilə - müxtəlif növ sığorta fondlarının formalaşması və istifadəsi zamanı;
  • Digər maliyyə  (lizinq, faktorinq və s. xidmətlərindən istifadə) institutları ilə,
  • Dövlətlə - büdcə və büdcədən kənar fondların yaranması və istifadəsi baş verir.

Ev təsərrüfatının maliyyəsinin yaranma sahəsi - təkrar istehsalın ikinci mərhələsi - yəni, bölgünün baş verdiyi mərhələdir.  Ev təsərrüfatınin üzvləri işçi qüvvəsinin mülkiyyətçiləri, yəni istehsal prosesinin bir faktoru kimi  yaranmış məhsulun müəyyən hissəsini əldə etmək hüququna malikdirlər. Qeyd edək ki, ev təsərrüfatı təkcə maliyyə gəlirlərinin  ilkin bölgüsündə deyil, təkrar bölgüsündə də iştirak edir. Dövlət həm birbaşa vergilərə cəlb etmək, həm də pensiya sistemi, sosial transfertlər sistemi vasitəsilə gəlirləri müxtəlif ev təsərrüfatlarının  arasında bölüşdürür (məs: mənzil-kommunal, təhcizat xidmətlərinin ödənilməsinə dotasiya verir).

Ev təsərrüfatı üzvlərinə uşaqlar, eləcə də müxtəlif səbəblərdən işləməyənlər daxildir. Milli  gəlirin  ev təsərrüfatına düşən hissəsi ev təsərrüfatı  üzvləri arasında bölünür. Ev təsərrüfatının maliyyəsi bölgü funksiyasını yerinə yetirərək, iş qüvvəsinin təkrar istehsalının fasiləsizliyini istehsal amilləri  ilə təchiz edərək təmin edir. Məhz bununla da hər bir insanın həyatı üçün vacib resurslarla təmin olunma prosesi baş verir.

Bölgü funksiyasının obyekti gəlirdir ki, bu da vergilər və digər məcburi ödəmələrdən sonra qalan hissə hesab olunur.

Bölgü funksiyasının subyekti isə  ev təsərrüfatının bütün üzvləridir.

Ev təsərrüfatının maliyyəsinin digər funksiyası nəzarətdir.

 Ev təsərrüfatı müstəqil təsərrüfat subyektidir, yəni hər bir üzvün həyat səviyyəsi daxil olan  gəlirdən asılıdır. Buna müxtəlif  amillər bu  və ya digər dərəcədə  təsir edir. Ona görə də mütəmadi istehlak səviyyəsini saxlamaq üçün nəzarət qaçılmazdır. Ev təsərrüfatı üzvləri arasında anlaşma, qarşılıqlı maraqların qorunması vacib şərtlərdən sayılır.

Ev təsərrüfatının maliyyəsinin tənzimləmə funksiyası ev təsərrüfatının  tarazlı inkişafını təmin edir. Bu zaman işləyən ev təsərrüfatı üzvləri maliyyənin tənzimlənməsində dövlətdən asılı deyillər, onların maliyyə münasibətlərini dövlət məhdudlaşdırmır. Lakin bununla belə, ev təsərrüfatı maliyyəsi  dövlət maliyyə sisteminin  bir elementi olmaqla  ictimai istehsal prosesinə təsir edir.

Fiziki şəxslərdən vergilərin tutulması gəlirləri azaldır, digər tərəfdən  isə səhiyyə, təhsil, sosial təminat verilməsi  onların həyat səviyyəsini yüksəldir.

Maliyyənin investisiya funksiyasının mahiyyəti ondan ibarətdir ki, ev təsərrüfatı iqtisadiyyat  üçün əsas maliyyə resurslarının təchizatçısıdır -  ev təsərrüfatının  gəlirləri artdıqca, bu funksiya da  artır. Bunun təkcə kapital gəlirlərinin artması ilə deyil, həm də istehlak səviyyəsinin artması ilə əlaqəsi var. Bu haqda ötən əsrdə ingilis iqtisadçısı C.Keyns “səmərəli tələb” nəzəriyyəsini irəli sürmüş, gəlirlərin artımı ilə istehlak meylinin azalması, yığıma meylin artımı arasında əlaqəni  “əsas psixoloji qanun” adlandırmışdı.

Ev təsərrüfatının maliyyə resurslarına daxildir:

  • Ərzaq,  geyim və  s.  (qısamüddətli xidmətlər) üçün  pul vəsaitləri;
  • Kapital xərcləri üçün olan pul  vəsaitləri (uzunmüddətli, məsələn,  mebel, tibbi əməliyyatlar, səfər xərcləri);
  • Pul yığımları;
  • Daşınar-daşınmaz əmlaka qoyulan  pul  vəsaitləri.

Əksər hallarda  ev təsərrüfatı öz fəaliyyətinə  başladıqda müəyyən mülkiyyətin sahibi kimi çıxış  edir.  Lakin ilk resurslar - ev təsərrüfatının  sərəncamında olan gəlirlər, heç də həmişə kifayət etmədiyi üçün əlavə olaraq aşağıdakılara ehtiyac var:

  • İstehsal və istehlak kreditləri;
  • Sosial transfertlər;
  • Digər resurslar (məsələn, lotereya, qiymətli kağızlar və s.)

Ev təsərrüfatının resurslardan istifadəsi  qərarları xərclərlə  əlaqəlidir. Onların bir qismi gəlirin çox hissəsini istehlak edir, digər qismi isə yığır. Məs. ABŞ üçün ev təsərrüfatının  qiymətli kağızlara sərmayə qoyması daha çox xarakterik hesab olunur, Almaniyada isə buna risk edənlər daha azdır.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə,  2015-ci ildə əhalinin gəlirləri 2014-cü illə müqayisədə  nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatmışdır. Gəlirlərin 72,1 faizi son istehlaka, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 15,9 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir. 

Onu da qeyd etmək lazımdır ki, son zamanlar dünya iqtisadiyyatında baş verən qlobal hadisələr, o cümlədən enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi, bir çox dövlətlərin milli pul vahidlərinin dəyərini dəfələrlə itirməsi və bunun fonunda baş verən qiymətlərin artımı (inflyasiya) əhalinin, o cümlədən ev təsərrüfatlarının real gəlirlərinin azalmasına gətirib çıxarır.  Bu baxımdan  Azərbaycanda da analoji vəziyyyətlə qarşılaşırıq. Son illərin statistikasına müraciət edərək deyə bilərik ki, əhali gəlirlərinin böyük bir hissəsinin istehlaka, xüsusən də ərzaq mallarının istehlakına xərcləndiyi dövr arxada qalmışdır. Artıq əhalinin gəlirlərinin bölgüsündə yığımın nisbəti artmış, qeyri-ərzaq mallarının istehlakı, xidmət sahələrindən istifadə əhəmiyyətli dərəcədə yüksəlmişdir. Lakin qlobal dünya iqtisadiyyatında baş verən hadisələrin  ölkə  iqtisadiyyatının  bir çox sahələrinə, o cümlədən gəlirlərə  təsirini azaltmaq məqsədilə dövlət sosial proqramlar həyata keçirilməsinə böyük üstünlük verərək, dövlət  büdcəsi hesabına  maliyyələşən əksər insanların   əmək haqlarının indeksləşməsini  həyata keçirməyə başladı. Ümid edirik ki, atılan bu mütərəqqi addımlar  çətin sosial-iqtisadi durumda əhalinin rifah halının  qənaətbəxş vəziyyətdə davam etməsinə imkan verəcək.

Kooperasiya Universitetinin

doktorantı Aytən Səmədzadə