Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

REGİONLARIMIZ 2015-Cİ İLİ YÜKSƏK NƏTİCƏLƏRLƏ BAŞA VURUB

 

Yola saldığımız 2015-ci il istər qlobal, istərsə də regional anlamda asan il olmayıb. Bir tərəfdən dünyanı cənginə alan maliyyə-iqtisadi böhranlar, digər tərəfdən hərbi-siyasi münaqişələr bəşəriyyəti ağır durumla üz-üzə qoyub. İndi dünyada az ölkə tapılar ki, belə ağır situasiyalardan çıxmaq, daxili iqtisadi və siyasi sabitliyi və müvazinəti qorumaq üçün lazımi qabaqlayıcı tədbirlər həyata keçirə bilsin. Məhz belə ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin dövlətçilik modeli və cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət dayanır. 2004-cü ildən həyata keçirilən regional proqramlar ölkəmizin hər bir regionunun tarazlı inkişafını təmin etmiş, həyat üçün, insan üçün, cəmiyyət üçün vacib olan problemlərin bir çoxu həll edilmişdir. Son 10 il ərzində ÜDM 3,4 dəfə, investisiyalar 6,5 dəfə artmış, yoxsulluq səviyyəsi 4,9 faizə, işsizlik 5 faizə enmişdir. Bu müddət ərzində regionlarda 59 minə yaxın müəssisə fəaliyyətə başlamış 1,2 milyondan çox yeni iş yerləri açılmışdır. Təkcə yola saldığımız 2015-ci il ərzində ölkə iqtisadiyyatına 16 milyard manat sərmayə qoyulmuş, bunun 9 milyardı daxili, 7 milyardı xarici sərmayə olmuş, 70 minə yaxın yeni iş yerləri açılmışdır.

Həmçinin, cari ildə ölkə iqtisadiyyatı 3,7 faizdən çox, kənd təsərrüfatı 6,7 faiz, sənaye istehsalı 2,1 faiz, əhalinin pul gəlirləri 5,8 faiz, qeyri-neft sektoru 6 faizdən çox artmışdır. Tərəqqi və yüksəliş dalğası ölkəmizin dağlıq ərazilərində yerləşən rayonlarında da özünü göstərmişdir.

 

GƏDƏBƏY RAYONU – İQTİSADİYYAT VƏ SOSİAL HƏYAT YENİ MEYARLAR ƏSASINDA QURULUR

 Belə rayonlardan biri də Gədəbəydir. 2015-ci il ərzində əvvəlki illərdə olduğu kimi, Gədəbəy rayonunda inkişaf dinamikası qorunub saxlanılmış, sosial-iqtisadi və infrastruktur tədbirləri davam etdirilmişdir. Yola saldığımız ildə rayonun İsalı və Moruxlu kəndlərində hər biri 180 şagird yerlik olan tam orta məktəb binaları və Gədəbəy şəhərində 100 yerlik uşaq bağçası istifadəyə verilmişdir. Novosaratovka kəndində isə 100 yerlik uşaq bağçasının tikintisinə başlanmışdır. Cari ildə rayonda abadlıq-quruculuq işləri də yüksək templə davam etdirilmişdir. Belə ki, Şəhidlər xiyabanında və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş «Ana» abidəsi kompleksində əsaslı təmir işləri, Zərifə Əliyeva və 20 Yanvar küçələrində yenidənqurma işləri aparılmış, şəhər istirahət parkının, Mədəniyyət və Turizm İdarəsinin əsaslı təmiri tamamlanma mərhələsindədir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilmiş və həmin Proqramda Gədəbəy rayonunun inkişafını təmin edən 17 tədbirin icrası özünə yer almışdır. Cari il üçün proqramda nəzərdə tutulan tədbirlərin hamısı görülmüşdür.

2015-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 271 milyon manat olmuş və ümumi məhsul istehsalında sənaye məhsullarının istehsalı 23 faiz, kənd təsərrüfatı 35,4 faiz, ticarət 39,7 faiz, tikinti, nəqliyyat, rabitə və digər sahələr 1,9 faiz təşkil etmişdir.

Gədəbəy aqrar rayondur. İqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil edir. Cari ildə rayon üzrə 5,6 min ton ət, 41 min ton süd istehsal olunmuşdur ki, bu da ötən ilin göstəricilərindən çoxdur. Rayonda iribuynuzlu mal-qaranın sayı 54460 baş, qoyun və keçilərin sayı isə 278782 baş olmuşdur. Rayon üzrə 11656 hektar kartof, 913 hektar dənli bitkilər, 223 hektar tərəvəz və 42,5 hektar qarğıdalı əkilmişdir.

Cari ildə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Məşğulluq mərkəzinə müraciət etmiş 209 nəfərdən 142 nəfəri müxtəlif idarə, müəssisə və təşkilatlarda iş yeri ilə təmin olunmuşdur. Mərkəzə müraciət etmiş 67 nəfər qadından 53 nəfəri daimi iş yerləri ala bilmişdir.

2015-ci il ərzində əhaliyə 1 şəhər və 31 kənd poçt şöbəsi, 1 mərkəzi və 23 kənd elektron avtomat stansiyası vasitəsilə rabitə xidməti göstərilmişdir.

Əhalinin keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi istiqamətində işlər aparılmış, Miskinli kəndinə 10 km, Dəyəqarabulaq kəndinə 6 km FO-12 optik kabel çəkilmiş, Kiçik Qaramurad, Gərgər, Söyüdlü, Maarif və Açıqdam kəndlərində 48 portluq DSLAM avadanlığı quraşdırılmış, rayon üzrə geniş zolaqlı internet istifadəçilərinin sayı 1623-ə çatmışdır. Düzyurd kəndində yeni quraşdırılmış EATS-ə bütün abunəçilərin qoşulması təmin edilmişdir.

Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 10 kv-luq hava xəttinin 45,7 km-lik, 0,4 kv-luq hava xəttinin 41,7 km-lik məsafəsində, 72 ədəd transformatorda əsaslı və cari təmir işləri aparılmışdır.

Gədəbəy şəhərində və 27 kənddə 7554 abonent təbii qazla təmin edilmişdir. Cari il ərzində 62 mənzildə sayğac quraşdırılmış, 200 ədəd sayğac yenisi ilə əvəz edilmişdir. Gədəbəy şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanmış və Qumlu yaşayış massivində su və kanalizasiya xəttinin tikintisi 85 faiz yerinə yetirilmişdir. İl ərzində 14770 metr məsafədən «Südlübulaq» su mənbəyindən layihələndirilmiş magistral su xəttinin 11000 metri çəkilib qurtarmışdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Gədəbəy rayonu ərazisində 50,5 hektar yeni meşə əkini aparılmış, 0,70 hektar tinglik salınmışdır. Yol kənarında yaşıllıq zolaqlarının salınması tədbirləri davam etdirilmiş və cari ildə 10500 ədəd müxtəlif ağac növləri əkilmişdir. Rayonun 83 ümumtəhsil məktəbində 10153 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1609 nəfər pedaqoji işçi məşğul olur. Orta məktəbi bitirənlərin 241 nəfəri, yəni 25 faizi ali məktəblərə qəbul olmuş, bunların 7 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən çox bal toplamışdır. Rayonda əhaliyə tibbi xidmət göstərən 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Rayon Mərkəzi xəstəxanası, 19 həkim məntəqəsi, 25 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya mərkəzi mövcuddur. Təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində cari ildə nəzərdə tutulmuş bütün tədbirlər görülmüşdür.

Gədəbəy sərhəd bölgəsində yerləşir. Yerli sakinlərin, xüsusilə də gənclərin yüksək mövqelərdə xidmət edən əsgərlərimizə tez-tez baş çəkməsi artıq ənənə halını almışdır. Belə görüşlərin ordumuzun döyüş ruhunu yüksəltmək baxımından müstəsna əhəmiyyəti vardır.

Bu gün dağlar qoynunda yurdlaşan Gədəbəy ağ örpəyə bürünüb. İndi bu yerin dağları daha vüqarlı, daha əzəmətli görünür. Dağların paklığından, təbiətin sağlığından, torpağın bərəkətindən güc alan gədəbəylilər bu qış mövsümünü də uğurla başa vuracaqlar.

 

 OĞUZDAN TƏBİƏT HEÇ NƏYİNİ ƏSİRGƏMƏYİB

 Ötən saylarımızda Oğuz rayonunun sosial-iqtisadi inkişafı barədə yazmışdıq. Bu dəfə Oğuz şəhəri haqqında söhbət açacağıq. Bəri başdan qeyd etmək istərdik ki, Oğuz şəhərinin inkişaf etdirilərək müasir tipli, abad və cazibədar şəhər səviyyəsinə çatdırılmasına ciddi ehtiyac duyulur. Çünki Oğuz elə bir coğrafi ərazidə yerləşir ki, təbiət ona bütün gözəllikləri bəxş edib.

Yaşıl donlu dağları, zümrüd meşələri, şəfalı yaylaqları, buz bulaqları, şırıltılı şəlalələri, tarixin dərin qatlarına söykənən maddi mədəniyyət abidələri, barlı-bərəkətli torpaqları, bir də bu əsrarəngiz gözəllikləri hifz edib qoruyan mərd, cəsur insanları Oğuz elinə ayaq basan hər kəsi özünə məftun edir. Bu gün Oğuz şəhəri respublikamızın çiçəklənən, müasirləşən, görkəmini dəyişən, göz oxşayan şəhərlərindən birinə çevrilib. Çox yox, cəmi üç-dörd il əvvəlki durumu ilə Oğuzun bugünkü vəziyyətini müqayisə etsək, nə qədər böyük dəyişiklik və inkişafın baş verdiyini görmək çətin deyil. Oğuz şəhəri 2076 ev təsərrüfatını əhatə edir. Burada 7,1 min nəfərdən çox əhali yaşayır, 82 küçəsi olan şəhərdə 1948 fərdi ev vardır. Ötən il 28 fərdi ev tikilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Belə ki, 70 fərdi yaşayış evində tikinti işləri aparılır. Oğuz həm də beynəlmiləl rayondur. Bu qədim diyarda əsrlərdir müxtəlif millətlərin nüma­yəndələri çiyin-çiyinə, dostluq və mehribanlıq şəraitində yaşayırlar. Son 3-4 ildə Oğuz şəhəri sosial infrastruktur quruculuğu, abadlıq və yenidən­qurma baxımından öz simasını köklü şəkildə dəyişib. Şəhərin Qoşabulaq adlanan ərazisindən başlayaraq iki istiqamətli, dörd zolaqlı asfalt-beton yol çəkilmiş, yol boyu müasir işıqlandırma sistemi qurulmuşdur. Şəhərin girəcəyində yaradılan Bayraq meydanı həm gözəlliyinə, həm də əzəmətinə görə heyranlıq doğurur. Şəhərin girəcəyindən başlanan abadlıq-quruculuq işləri onun bütün küçə və dalanlarına qədər hər yanı əhatələmiş, şəhərə xüsusi gözəllik və zövq bəxş etmişdir. Şəhərin S.Qazıyev küçəsində 700 metr uzunluğunda beton su arxı yenidən bərpa olunmuş, 1200 metr səkiyə beton örtüyü salınmış, bütün ictimai binaların, idarə və müəssisə binalarının həyət-bacası və ətraf ərazisi abadlaşdırılmış, yaşıllıq zolaqları və çəmənliklər salınmışdır. Təkcə 2015-ci ildə şəhərin küçə və dalanlarına 19800 kvadratmetr asfalt örtüyü salınmışdır. Hazırda Oğuz şəhərində hər biri 100 yerlik iki uşaq bağçası, üçmərtəbəli Heydər Əliyev mərkəzi, Statistika və Kənd təsərrüfat idarələri üçün inzibati binalar tikilir. Şəhər, demək olar ki, başdan-başa telefonlaşdırılmış, hər 100 sakindən 96-nın evinə telefon çəkilmişdir. Şəhər ərazisi tam şəkildə qazlaşdırılmışdır. Ötən il 75 ailəyə yeni qaz xətti çəkilmiş, 508 ədəd sayğac quraşdırılmış, cari ildə 2 min metr yeni qaz xətti çəkilmiş və şəhərin yeni yaşayış sahəsi təbii qazla təmin edilmişdir.

Şəhərdə sahibkarlıq fəaliyyəti də genişləndirilir. Təkcə Oğuz şəhər inzibati ərazi dairəsində 220-dən çox kommersiya obyekti fəaliyyət göstərir, 500 nəfərlik yeni şadlıq evinin tikintisi başa çatmaq üzrədir. Oğuzda istehsal və emal sahələrinin yaradılması üçün hər cür şərait yaradılıb, bu sahəyə yersiz müdaxilələrin qarşısının tam alınması istiqamətində tədbirlər davam etdirilir. Artıq rayon əhalisinin içməli su problemi həll olunmaq üzrədir. Nəinki Oğuz şəhərinə, hətta bir çox digər yaşayış məntəqələrinə də müasir standartlara uyğun yeni su xətləri çəkilib. Oğuz şəhərinin su və kanalizasiya sistemi tam şəkildə yenilənib. Ümumiyyətlə, şəhərə 77,3 kilometrlik içməli su xətti çəkilmiş və 1930 abonentə su sayğacı quraşdırılmışdır. Oğuz şəhərində 25 hektar yaşıllıq ərazisi vardır. Təbiətin bəxş etdiyi yaşıllıqlar insan əlinin zəhməti ilə daha da artırılır, genişləndirilir. Bu məqsədlə hər həftə iməciliklər təşkil olunur. Bunun nəticəsidir ki, şəhərin Dostluq küçəsi boyunca Oğuz-Şəki avtomobil yolu istiqamətində 5 hektara yaxın ərazidə yaşıllıq zolaqları salınmış, həmçinin Qoşabulaq kəndi ərazisində şimal istiqamətinə doğru yeni salınmış ikitərəfli yolun kənarları boyunca müxtəlif növ ağaclar və gül-çiçək kolları əkilmişdir. Bundan başqa, binaların fasad hissələri və dam örtükləri yenilənir. Ötən il H.Əliyev prospektində və B.Vahabzadə küçəsində 5 binanın dam örtüyü yenilənmiş, fasadlarda, həyətlərdə geniş abadlıq işləri görülmüşdür. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, şəhərin 33 döngə və dalanında 7720 kvadratmetr sahəyə asfalt-beton örtüyü salınması işləri yerinə yetirilmişdir. Şəhərin 10-dan çox əsas küçələrinə 18400 kvadratmetr asfalt-beton örtüyünün salınması işləri də cari ildə başa çatdırılmışdır. Oğuz dağlıq ərazidə yerləşdiyinə görə sel sularından mühafizə mühüm əhəmiyyət kəsb edir. Bu gün şəhərin Oğuz çayı boyunca hər iki tərəfində sel sularından mühafizə məqsədilə beton bəndlərin tikintisi davam etdirilir.

Oğuzda turizm infrastrukturunun inkişafı ilə bağlı bir sıra tədbirlərin görülməsinə rəğmən, hələ görüləsi işlər çoxdur. Bu sahənin uzunmüddətli inkişafını özündə ehtiva edən dövlət konsepsiyası vardır və mərhələ-mərhələ həmin proqramların icrası istiqamətində müvafiq işlər görülür. Yaxın illərdə biz bunun real nəticəsini görəcəyik.

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri