Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yenilik və tərəqqi yolunda

 

Əsrlərin yadigarı Qəbələ... Azərbaycanın dilbər və səfalı guşələrindən biri. Tarixin müxtəlif dönəmlərində zəif inkişafı, əhalisinin çətin dolanışığı ilə seçilən rayon bu gün artıq, demək olar ki, yüksək iqtisadi yüksəlişi ilə fəxr duyduğumuz gözəl məkandır.

Azərbaycan Respublikasının şimal bölgəsində yerləşən Qəbələ rayonu qədim tarixi abidələri, zəngin flora və faunası ilə məşhurdur. Rayonun ətraf kəndləri Azərbaycanın ən məşhur meyvəçilik sahələrindən sayılır. Qəbələ rayonu dünya səviyyəli məhsulların istehsalı üçün əlverişli yer olub, münbit torpağı, bol dənli bitkiləri və inkişaf edən meyvə bağları ilə məşhurdur. Qədim  tarixə  malik  Qəbələ həm də çox böyük  turizm imkanlarına malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, son onillikdə rayonda çoxlu mehmanxana və pansionat tikilmişdir. Burada təkcə Azərbaycan vətəndaşları deyil,  həm də MDB, Avropa, Amerika və Asiya ölkələrindən gələn qonaqlar üçün nəzərdə tutulmuş müvafiq infrastruktur yaradılmışdır.

Son illər Azərbaycanın dinamik iqtisadi inkişafını və bunun nəticəsi olaraq ölkəmizin hər bir bölgəsinin canlanmasını və tərəqqisini təmin edən mühüm amillərdən biri regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul olunmasıdır. 2004-cü ildən başlayaraq iki Dövlət Proqramı həyata keçirilmiş və hazırda 2013-2018-ci illəri əhatə edən proqramın icrası  uğurla davam etdirilir. Ötən 10 il ərzində regionlarda görülən işlərin miqyası çox böyükdür, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, yeni açılan sənaye və emal müəssisələri, həyata keçirilən infrastruktur layihələri, tikilib istifadəyə verilən səhiyyə, təhsil və mədəniyyət obyektləri, yollar və körpülər, parklar və xiyabanlar şəhər və kəndlərimizin simasını inanılmaz dərəcədə dəyişmişdir. Bütün bu işlərin qısa zaman kəsiyində görülməsi insanı heyrətə gətirməyə bilməz. Etiraf edək ki,  Azərbaycanda  heç vaxt bu möhtəşəmlikdə işlər həyata keçirilməyib.

Qəbələyə daxil olarkən istər-istəməz düşünürsən ki, quruculuq işləri bu  rayondan da yan keçməyib. Ölkə prezidentinin bu bölgəyə müntəzəm səfərləri, meydana çıxan problemlərin yerindəcə aradan qaldırılması, bununla bağlı prezidentimiz tərəfindən müvafiq sərəncamların imzalanması təqdirəlayiqdir. Hər dəfə yeni sənaye müəssisələri, təhsil və səhiyyə obyektləri açıldıqca yeni iş yerləri yaradılır. Bununla yanaşı, əhalinin həyətyanı sahələrində becərdikləri məhsullardan gəlir götürmək üçün geniş imkanlar açılır. Bu barlı-bərəkətli torpağın hər bir neməti yerli camaatın gəlirinə çevrilib. Belə ki, Konserv zavodu kəndlilərin yetişdirdiyi meyvələri şirələrə çevirir, Fındıq zavodu onlardan fındığı alıb ləpə istehsal edir, mal-qara ilə məşğul olan əhali isə ağartıları Süd zavoduna satır. Bununla da, burada yerləşən müəssisələr xammal ehtiyatını əldə etməklə əhalinin həyat səviyyəsinin yüksəlişini təmin edirlər.

Qəbələdə son zamanlar həyata keçirilən böyük miqyaslı işlərin başında Gilan Holdinq durur.

Gilan Holdinq fəaliyyətə başladığı gündən ticarət, ixrac-idxal əməliyyatları ilə məşğul olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni bazar münasibətlərinə keçid, sahibkarlıq fəaliyyəti üçün zəruri qanunların qəbul edilməsi ilə Gilan Holdinqin fəaliyyət sahəsi də genişlənmiş, şirkət yerli bazarda  aparıcı mövqe tutmuşdur.

Bu gün Gilan Holdinq çoxprofilli konserndir. Sıralarında onlarla zavodu və böyük kollektivi birləşdirən bu konsernin fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişafına öz payını verməyə, ölkənin ixrac potensialının artırılmasına, yerli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluq səviyyəsinin artmasına və nəhayət, insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.

“Gilan” Azərbaycanın qeyri- neft sektorunun aparıcı müəssisələrindən biridir. Bu holdinqin fəaliyyət dairəsinə yüngül və qida sənayesi, kənd təsərrüfatı, tikinti və tikinti materiallarının istehsalı, bank sektoru, sığorta, daşınma və turizm kimi sənaye sahələri daxildir. Gilan holdinqin Qəbələ rayonunda yerləşən müəssisələrindən biri də   “Gilan Qida şəhərciyi”dir. Bura konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavod daxildir.  

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində (22 sentyabr 2014-cü il) Gilan Qida Şəhərciyi ilə tanış olarkən demişdir ki, burada müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Əsası 2005-ci ildə qoyulmuş,  2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. 12 hektar ərazidə yerləşən zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qatqısız şirələr, pürelər, mürəbbələr, duza qoyulmuş məhsullar, konsentratlar,  konservləşdirilmiş məhsullar istehsal edilir və qablaşdırılmış formada buraxılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur. Ekoloji təmiz məhsullar istehsal edən şirkət hazırda məhsullarını yeni beynəlxalq bazarlara daxil etməkdədir. Şirkət distributor və satıcılar üçün müdaxilə olunmayan çatdırılma proqramını həyata keçirərək Azərbaycan ərazisində yerli çatdırılma və distribusiya şəbəkəsi yaratmışdır. Qəbələ Konserv Zavodunun istehsal etdiyi bütün məhsullar beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür.

Qəbələ Konserv Zavodu 10 ilə yaxın müddətdir fəaliyyət göstərsə də, yerli konserv bazarının liderinə çevrilmişdir. Bu gün zavod konservləşdirilmiş qida məhsullarının qabaqcıl istehsalçısıdır.  Bütün bunlar şirkətin innovasiyalı inkişafının, istehsal proseslərinin təkmilləşdirilməsinin, yeni məhsul növlərinin işlənib hazırlanması, həmçinin, qabaqcıl texnologiyalardan istifadənin nəticəsidir.

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır. 
İl ərzində 700 000 ton meyvə emalı,  210 000 ton meyvə şirə və nektarı istehsalı gücünə malik Qəbələ Konserv Zavodunun məhsulları 100% təbiiliyinə, qatqısız və konservantsız hazırlanmağına tam zəmanət verir. Bu məhsullar sırasında “Jalə” və “Золотой Сад” – Albalı, Alma, Ananas, Armud, Banan, Böyürtkən, Çaytikanı, Çiyələk, Ərik, Feyxoa, Gavalı, Göyəm, Heyva, Nar, Manqo, Portağal, Qara Qarağat, Şaftalı, Tomat, Üzüm, Zoğal və Multivitamin  çeşidləri ilə 100% təbiiliyini qorumuş təbii meyvə şirə və nektarlarını göstərmək olar.
Qəbələ Konserv Zavodu fəaliyyəti dövründə ISO 9001:2008, ISO 22000:2005, ISO 1401:2004, HACCP, IOAS,  Koşeri və UKAS keyfiyyət və keyfiyyətə nəzarət sertifikatlarını almışdır.

Brendlərinin dünya bazarına daxil edilməsi üçün mütəmadi olaraq əsas beynəlxalq sərgilərdə iştirak edən zavod son illərdə ProdExpo (Rusiya), SIAL (Çin), Berlində Beynəlxalq Yaşıl Həftə (Almaniya), World Food (Ukrayna), World Food (Qazaxıstan), Fine Food (Yeni Zelandiya) kimi sərgilərdə də iştirak edib və istehsal etdiyi məhsullar qızıl medallara və digər mükafatlara layiq görülüb.

Regionda beynəlxalq standartların tələblərinə cavab verən zavodun fəaliyyət göstərməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində müsbət addımdır, belə ki, əhalinin maddi rifah halının yaxşılaşdırılması ilə yanaşı, məhsulların keyfiyyətinin beynəlxalq standartlara cavab verməsi və onun müasir texnika və texnologiyalarla təchiz edilməsi əsl tərəqqidən xəbər verir. Qəbələ Konserv Zavodunun yenilik və tərəqqi yolunda inamlı addımları onun ölkə iqtisadiyyatının inkişafında mühüm rolunun təcəssümüdür.

Qəbələ torpağının  zəngin tarixi keçmişilə bugünü gələcəyə böyük inamla, nikbinliklə baxmağa ümid verir. Yeni təsərrüfat və istehsal təyinatlı obyektlərin işə salınması rayonun dinamik inkişafının göstəricisidir. Qəbələnin fəxri olan konserv zavodu da daim inkişafdadır. Qəbələ Konserv Zavodunun məhsullarının dünya brendləri sırasında özünə layiqli yer tutacağının şahidi olmaq ümidi ilə Qəbələdən ayrılırıq.


 

 

P.S. Məqalənin son cümlələri böyük ümidlər doğurur. Lakin yazını yazıb qurtardıqdan sonra sosial şəbəkədə bir dostumun ABŞ-ın Virciniya ştatındakı bir supermarketdə qürur hissi ilə çəkib paylaşdığı şəkil artıq mənə deməyə imkan verdi ki, Qəbələ Konserv zavodunun məhsulları hazırda dünya brendləri sırasındadır. Həmin şəkli oxucularla bölüşürəm.

 

Yeganə MƏMMƏDOVA