Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Hər bir insan həyatda öz yerini tapmalıdır.

Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.

Heydər ƏLİYEV


 

 Hər kəsin həyatda öz yerini tapması üçün  ilk olaraq onun sağlam mühitdə böyüməsi, düzgün fiziki və mənəvi inkişafı mühümdür. Dünyaya gəldiyi andan etibarən insan daim dəyişiklik və inkişafda olur. İstər fiziki, istərsə də mənəvi baxımdan özünü büruzə verən  bu dəyişikliklər həyatın müxtəlif mərhələlərində biri digərindən daha vacib sayılsa da, ümumilikdə  insanın formalaşmasında çox böyük əhəmiyyətə malikdir.

İnsan həyatının bu cür dəyişikliklərlə ən zəngin olduğu dövr isə onun uşaqlıq və gənclik illərinə təsadüf edir.  Məhz bu dövrlərdə yaşanan çatışmazlıq və əksikliklərin fəsadı sonrakı  dövrlərdə özünü daha qabarıq göstərir. Bu baxımdan  gələcək şəxsiyyətin cəmiyyətin layiqli üzvü kimi yetişməsi naminə  onun fiziki və mənəvi cəhətdən tam və mütərəqqi inkişafına çalışmaq xüsusilə vacibdir.

Bir ölkənin taleyi o ölkədəki hər bir uşağın tərbiyəsinə bağlıdır

Biz də bir vaxtlar uşaq idik və ətrafımızdakıların dəstəyinə ehtiyac duyurduq. İndi isə uşaqları anlamaq və onların düzgün fiziki və mənəvi inkişafına dəstək olmaq növbəsi bizdədir.

Mənəvi inkişaf həyatımızın hər anını əhatə etdiyindən fiziki inkişafla müqayisədə daha uzunmüddətlidir. Başqa sözlə, mənəvi inkişaf insanın ana bətnindən çıxdığı andan onun dünyasını dəyişdiyi son ana qədər davam edir. Deməli, bir insanın normal mənəvi inkişafı onun formalaşdığı dövrə qədər keçdiyi hər bir mühitin təsirindən asılıdır.

Uşaqların inkişafında ən mühüm məqamlardan biri doğum prosesidir. Bu, əlbəttə, dünyanın ən gözəl, sevinc dolu anlarından biridir. Çünki sən canı səndən olan birini 9 ay bətnində daşıyır və sonunda dünyaya gətirirsən. Ona toxunmaq, hiss etmək şansı qazanırsan. Təbii ki, bunlar insanın yaddaşında, həyatında unudulmaz xatirələr olaraq ömürlük yaşayır. Bəzənsə bu gözəl anlar heç də xoş olmayan xatirələrlə unudulmazlıq qazanır.

Doğumda yaranan problemlərdən ən çox ananın təsirləndiyini deyirlər. Lakin bu, heç də belə deyil, çünki uşaq doğulduğu ilk dövrlərdə ən çox onu 9 ay bətnində daşıyan anaya bağlı olur. Hətta maraqlıdır ki, təzə doğulan körpələr bir müddət özlərini hələ də analarının bir hissəsi sayırlar. Ona görə də ananın yaşadığı hər bir psixoloji vəziyyət, stress eyni qədər körpəyə də öz təsirini göstərir. Bəzən doğum zamanı ananın dünyasını dəyişməsi körpədə natamamlıq hissi yaradır, həmçinin uşağın yaddaşında ömürlük acı xatirə olaraq qalır.

Bu cür psixoloji vəziyyətin yaranması doğuş prosesinin çətinliyi, körpədə, yaxud anada təbii və ya doğuş prosesində diqqətsizlik ucbatından yaranan nöqsanlarla da bağlı ola bilər. Deməli, uşağın ilk mənəvi inkişafı onu dünyaya gətirən ana və dünyaya gəlməsinə kömək edən həkimlərdən asılıdır. Təbii ki, sonrakı mərhələdə rollar nisbətən dəyişməyə başlayır. Valideynlər, qohumlar, daha  sonra isə bağça və məktəb həyatı, orada tanıdığı insanlar uşaqların mənəvi aləminə əhəmiyyətli dərəcədə təsir edirlər.

Uşaqlar adətən çox emosional olurlar. Onlara ətrafda nə varsa təsir edə bilər. Buna görə də çox diqqətli olmaq lazımdır. Çünki xarakterin bünövrəsi məhz uşaq yaşlarda qoyulur. Yəqin ki, bizlər də uşağa çox güzəştə getdikdə, istər maddi, istərsə də mənəvi hər bir tələbatını qarşıladıqda, onu həddindən artıq əzizlədikdə eqoizm, ərköyünlük, sözə qulaq asmamaq kimi halların yarandığını müşahidə edirik. Bunun da səbəbkarları elə özümüzük. Uşağın düzgün mənəvi inkişafı üçün isə ona “yox” deməyi bacarmaq və onun  “yox”ları qəbul etməsinə çalışmaq lazımdır. Çünki hər yaş dövründə uşaq müxtəlif mühitlərə düşür, çoxlu insanlar tanıyır, çeşidli problemlər yaşayır. Təbii ki, o həyatının hər anında “hə” cavabı ilə qarşılaşmayacaq.  Ona görə də uşağın düzgün tərbiyələndirilməsi üçün ona doğru olanı öyrətmək, yanlışlıqlardan uzaqlaşdırmaq lazımdır.

Uşaqların fiziki inkişafı dedikdə isə yalnız boy və bədən çəkilərinin artması başa düşülməməlidir.  Bura sümüklərin böyüməsi, əzələlərin inkişafı, dişlərin, duyğu orqanlarının formalaşması da aiddir. Təbii ki, fiziki inkişafa düzgün qidalanma, pozulmayan yuxu sistemi, təmiz hava, ən əsası bədənin aktivliyi mühüm təsir göstərir. Bəzən düzgün qidalanmanı analar uşağa yeməyi güclə yedirtmək kimi başa düşürlər, əslində isə belə deyil. Hətta yemək yedirmək üçün uşağa “qardaşın yeyir, sən yemirsən” demək də onda özünə inamsızlıq hissi yaradır və nəinki fiziki inkişafına kömək etmir, mənəvi inkişafına da ciddi ziyan vurur. Yaxud da uşağa “bunu yesən,..” kimi sözlər deməklə əslində onu şərtə alışdırır, həm də yeməklərə qarşı seçici etmiş oluruq. Lakin uşaqlar yalnız yeməklərdən imtina edənlərdən ibarət deyil. Bir də hər şeyi yeyən uşaqlarımız var. Təbii ki, bu da sonda fiziki deformasiyalara gətirib çıxarır və onların səhhətində gələcək üçün arzuolunmayan xəstəliklər  yaradır. Belə vaxtlarda uşağın özünə qarşı “çirkinəm” düşüncəsinin yaranmaması üçün daim yanında olmaq, onu düzgün həyat tərzinə alışdırmaq, bu işdə  dəstək vermək lazımdır. Hətta arıqlama müddətində onunla eyni qidaları yemək də övladınıza mənəvi dəstəyin göstəricisi olacaq.

Fiziki inkişaf sağlamlığın əsas göstəricilərindən olduğundan uşaq doğulan andan onun oturduğu, yatdığı yerlərə önəm göstərmək, məktəbə getdiyi zaman parta arxasında düzgün oturmasına çalışmaq lazımdır. Çünki bu dövrdə sümüklər həssas olduğundan hər bir formanı tez alır.

Ölkəmizdə uşaqların hərtərəfli inkişafına dəstək göstərilir və şərait yaradılır. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini qeyd etmək olar. 6 fevral 2006-cı il  tarixdə yaradılmış komitə ailə, qadın və uşaq problemləri ilə bağlı dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirir. Komitə ölkəmizdə uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində çalışır. Eləcə də, uşaqların inkişafı məqsədilə ölkəmiz 21 iyul 1992-ci ildə BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmiş, 2000-ci il 6-8 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti «Uşaqların silahlı münaqişəyə cəlb olunması» və «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakültativ Protokollar imzalamışdır. 1993-cü ildə Azərbaycan «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə, 2004-cü ildə isə Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında Konvensiyasına və eyni adlı Tövsiyəyə qoşulmuşdur. 1998-ci il mayın 19-da isə «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmçinin, uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı ilə bağlı Azərbaycan UNİCEF ilə də uğurlu əməkdaşlıq edir.

Axar sular dönməz geri, eynilə gəncliyim kimi...

“İnsanlar birdən-birə müstəqilləşdikdə dərhal özlərini yenidən əsirə çevirəcək liderlər seçirlər”. Erik Fromma məxsus olan bu fikir daha çox gənc və yeniyetmələrə aiddir. Çünki uşaqkən biz istər-istəməz böyüklərin qayğı və diqqətinə ehtiyac duyuruq, artıq yetkinlik yaşına çatdıqda sanki özümüzü təsdiq etməyə, böyüdüyümüzü göstərməyə çalışırıq. Evdəkilərin himayəsindən uzaqlaşmaq, azad olmaq istəyir, müstəqilliyə can atırıq. Hətta bəzi gənclər müəyyən qruplara qoşulur, özlərinə dostlar seçir, bəzən də sırf müstəqil olduqlarını göstərmək üçün daxildə özlərinin belə qarşı olduqları nələrisə edirlər. Özlərinə kimlərisə örnək seçir, onların dediklərini edirlər və s. Bu zaman onlar özləri də bilmədən əslində bir tabelikdən çıxıb başqa tabeliyə düşürlər. Nəzərə alaq ki, müasir dövrümüzdə gənclərin normal inkişafını əngəlləyəcək bir çox zərərli qruplar mövcuddur. Xüsusilə bu dönəmdə ailənin və gəncə təsir edəcək mühitin düzgün seçilməsi çox vacibdir. Çünki qorxulu kinofilmlər  onda qorxu, treyler, döyüş filmləri şiddət duyğusu yarada bildiyi kimi, hər hadisənin ona təsiri də bu yaşda çox asandır. Təbii ki biz də bu yaş dövrlərini yaşamışıq və müstəqilliyə can atmışıq. Bəlkə də həmin vaxt düz hesab etdiklərimizin yanlış olduğunu yalnız indi görə bilirik. Lakin əgər biz hansısa uğursuzluqdan nəsə öyrəniriksə, bu, artıq uğurdur. Bu gün biz həmin səhvləri görə bilirik, amma bəzən o səhvlər gənclik yaşının elə bir xətasına çevrilir ki, onun fiziki yaxud mənəvi inkişafına birdəfəlik zərbə vurur.

Gənclərdə mənəvi inkişafa səbəb olacaq əsas amillərdən biri özünəgüvən sayəsində əldə etdiyi uğurdur. Bəzən hansısa işi görməmək üçün onu ertələmək və ya bəhanələr tapmaq da sonrakı inkişafda maneəyə çevrilir və adət halını alır. Çox maraqlıdır ki, gənclər bu dövrdə çox əsəbi olur, hətta adi əşyalarına toxunduqda belə əsəbləşirlər. Çalışmaq lazımdır ki, onların keçid dövrü gərginlikləri başa düşülsün, anlayışla qarşılansın. Çünki onlar bu dövrdə mənəvi inkiaf edirlər və onlarda çox duyğular dəyişir. Bu duyğulardan ən əsası isə hamımıza tanış olan sevgidir. Gənclik dövründə onların özü üçün sevib-seçdiyi  insanların sayı məhdud olsa da, məhəbbətləri  qüvvətli olur.

Yetkinlik yaşına çatmış insanın  fiziki inkişafı bəlkə də onun sağlamlığının əsas göstəricisi sayılmalıdır.  Çünki bu yaşda səhhətində yaranan bəzi problemlər ömür boyu onu müşayiət edə bilər. Bu yaşda düzgün qidalanma çox vacibdir. Daha çox enerji sərf edən gəncin düzgün qidalanmaması inkişafına ciddi əngəl yarada bilər. Nəzərə almaq lazımdır ki, fiziki inkişaf insanın mənəvi inkişafına da təkan verir. Çünki fiziki cəhətdən problemi olan birində mütləq mənəvi sarsıntlar da yaşanacaqdır. Adətən hər kəs görünüşü haqda xoş sözlər eşitdikdə bütün gün əhval-ruhiyyəsi də xoş olur. Xüsusilə bunun gənclərə təsirini nəzərə alsaq, onda fiziki inkişafın mənəvi aləmə təsir gücünü anlamaq çətin deyil.

Cəmiyyətimizdə fiziki cəhətdən qüsurlu insanlar da var. Təbii ki, qüsurlarının hansı səbəbdən və necə olmasından asılı olmayaraq, onların hər biri cəmiyyətin tamhüquqlu üzvüdür. Bunu olimpiya oyunlarında paraolimpiyaçıların qazandığı uğurlar, fiziki məhdudiyyətlərinə baxmayaraq, çox gözəl sənət nümunələri yaradanlar, iş həyatında uğurlu karyera qurmağı bacaranlar bir daha təsdiq edir. Onlar həyatı bəlkə də başqalarından daha yaxşı duyur və dəyərini bilirlər. Hazırda ölkəmizdə həm də fiziki məhdudiyyətli insanların inkişafı üçün çoxsaylı tədbirlər görülür, fiziki sıxıntılarını mənəvi dəstəklə aradan qaldırmağa çalışırlar. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamlarını göstərmək olar. Hər iki sərəncamda gənclərin intellektual, fiziki və mənəvi inkişafı, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında onların fəal iştirakını təmin etmək məqsədi əsas götürülmüşdür.

Yaşadığımız dünyada kiçik heçnə yoxdur (Ziqmund Freyd). Bizim cəmiyyət üçün etdiyimiz kiçicik şeylər bəlkə də kimin üçünsə böyük dəyərdir. Deməli, cəmiyyətin fiziki və mənəvi inkişafına biz də kiçik dəstəyimizlə böyük təsir göstərə bilərik.

 

H.Mətanət