Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Göyçayda bir gün: Nar bayramı

 

Azərbaycanda meyvəçiliyin inkişafında mühüm rolu olan Göyçay rayonunda bu il də ənənəvi Nar bayramı keçirildi. Artıq 10-cu dəfədir ki, təşkil olunan bu bayram rayonda narçılığın stimullaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Nar bayramı 2006-cı ildən başlayaraq, prezident İlham Əliyevin təşəbbüsü ilə hər il Göyçayda təşkil olunur. Biz də “İqtisadiyyat” qəzeti adından bu bayramda iştirak etdik və rayonda son 10 ildə həyata keçirilən dəyişiklikləri öz gözümüzlə görə bilmə fürsəti qazandıq.

Göyçaya daxil olarkən ilk diqqətimizi çəkən şəhərin dəyişən və gözəlləşən mənzərəsi və bu gözəlliyə xüsusilik qatan bayram əhval-ruhiyyəsi oldu. Regionların mənzərəsini və sosial-iqtisadi həyatını son illərdə dəyişən dövlət proqramları Nar bayramının yüksək səviyyədə təşkilindən də hiss olunurdu. Ölkənin dörd bir yanından gəlmiş vətəndaşlar, həmçinin xarici qonaqlar  Heydər Əliyev prospektində milli musiqilərin sədaları altında qarşılanır və onlara yerli müəssisələrin istehsalı olan nar şirələri təklif olunurdu. Qonaqlar əsasən nardan hazırlanmış müxtəlif təamlara, milli ornamentlərin nardan hazırlanmış fiqurlarına xüsusi maraq göstərirdilər. Festivalda diqqəti çəkən əsas amillərdən biri isə Nar şahzadəsinin festivala xüsusi təşrifi idi. Rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi də Göyçayda narçılığın yüksək səviyyədə inkişafından xəbər verirdi. Ümumiyyətlə isə, bayramda insanların çoxluğunu, müxtəlif millətlərin nümayəndələrinin iştirakını və tanınmış şirkətlərin öz stendləri ilə çıxış etməsini Göyçaydakı inkişafın və rayona olan marağın bariz nümunəsi saysaq, heç də yanılmarıq. Festivalda imkan tapıb rayonun icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla da söhbət etdik və Nar festivalı, meyvəçiliyin inkişafında nar məhsullarının yeri, əvvəlki illərlə müqayisədə narçılıqda mövcud olan fərqlər ilə bağlı fikirlərini aldıq. Ədalət Dövlətov həm yerli əhali, həm də xarici qonaqlar tərəfindən maraqla qarşılanan bu bayramın Azərbaycan mədəniyyəti, adət və ənənələri ilə sıx bağlı olduğunu, həmçinin bu bayramın prezident İlham Əliyevin qərarı ilə artıq 10-cu dəfədir ki, təşkilindən məmnunluq duyduğunu dilə gətirdi. Təbii sərvətlərimizdən olan narın əhəmiyyətinə diqqət çəkən Ə.Dövlətov: “Öz dadına, tamına, növlərinin sayına və keyfiyyətinə görə seçilən nar insanların sağlamlığında da öz effekti ilə seçilir. Məhz bunları nəzərə alaraq, ölkəmizdə keçirilən  birinci Avropa Oyunlarının əsas simvollarından biri kimi narın seçilməsini  heç də təsadüfi saymaq olmaz. Çox böyük fəxrlə qeyd edə bilərəm ki, ölkəmizdə mövcud olan nar bağlarının 20, nar ağaclarının isə 30 faizi məhz Göyçay rayonunun payına düşür”, - deyə qeyd etdi.

 Onun sözlərinə görə, Göyçayda narın 67 sortu yetişdirilir və bu məhsulun şirə və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Rayonda bu il narçılıqda xüsusilə bol məhsul əldə edilmişdir. Cari ildə 47 min tona yaxın nar yığılması gözlənilir ki, bu da ötən ilə nisbətən 2 min ton çoxdur. Göyçayda hazırda nar bağlarının sahəsi 3920 hektardan artıqdır. Halbuki bu rəqəm 90-cı illərin əvvəllərində 251 hektar idi. Son iki ildə rayonda 110 hektar sahədə nar bağları salınıb. Hazırda yeni nar bağlarının salınması istiqamətində də tədbirlər həyata keçirilir. “Gülövşə”, “Şəndi”, “Vələs”, “Bala Mürsəl”  və s. nar sortlarından əldə olunan məhsullar “AzNar” zavodunda emal olunaraq ABŞ, Kanada, Rusiya, Polşa, Almaniya, Yeni Zelandiya və başqa ölkələrə ixrac olunur. Təbii ki, burada 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsini, bu sahədə ixrac potensialının artırılmasını da xüsusi qeyd etmək lazımdır. 

Fürsətdən istifadə edib icra başçısının müavinindən rayonun ümumi inkişaf mənzərəsi, regionların sosial-iqtsadi inkişaf planının Göyçay rayonunda təzahürü ilə əlaqədar infomasiyalar da aldıq.

Ə.Dövlətov müasir dövrdə Azərbaycanın, demək olar ki, bütün sahələrdə özünün mövcud potensialını daha da artıraraq dünya dövlətləri ilə rəqabət etmək iqtidarında olan bir ölkəyə çevrildiyini qeyd etdi: “Təbii ki, bunlar da ulu öndər Heydər Əliyev strategiyasının uğurla həyata keçirilməsi ilə əlaqədar müxtəlif sahələrdə aparılmış köklü islahatlar və dinamik sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuşdur”.

“Son illərdə Azərbaycanın maliyyə imkanları artmış, ölkədə müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görülmüşdür. Bu məqsədyönlü siyasətin davamı olaraq regionların hərtərəfli inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul edilmiş və uğurla icra edilməkdədir.

Regionların iqtisadi inkişafında mühüm rol oynayan, sahibkarlıq fəaliyyətinin genişlənməsi və makroiqtisadi sabitliyin təmin olunmasında, yeni iş yerləri və müəssisələrin açılmasında, iri infrastruktur laihələrinin həyata keçirilməsi və yoxsulluq səviyyəsinin aşağı düşməsində, ümumən əhalinin rihaf halının daha da yaxşılaşdırılmasında əhəmiyyətli olan bu dövlət proqramlarının uğurlu icrasını Göyçay rayonunun timsalında da görmək mümkündür”, - deyə o əlavə etdi.

İcra başçısının müavini mövcud sosial-iqtisadi inkişafı daha dəqiq görmək üçün rayonda həyata keçirilən yenidənqurma və abadlıq işlərinin statistik göstəricilərinə diqqət çəkdi.

 1930-cu ilin avqust ayında təşkil edilən Göyçay rayonunun ərazisi 0,74 min kv.km, əhalisi 116,2 min nəfərdir. Rayonda 1 şəhər və 55 kənd yaşayış məntəqəsi var.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində 2003-2014-cü illərdə rayon üzrə ümumi məhsul istehsalı 2,8 dəfə, sənaye məhsulunun həcmi 4,6 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 141 faiz, əsas kapitala yönəldilmiş vəsait 42,8 dəfə artmışdır. Son 10 il ərzində rayon üzrə 9129 daimi olmaqla 11173 yeni iş yeri açılmışdır. Ötən müddət ərzində Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Əlil və Şəhid ailələri üçün 21 və  24 mənzilli yaşayış evləri, 2984 şagir yerlik 14 məktəb binası, 576 şagird yerlik 32 əlavə sinif otağı, 1 uşaq bağçası inşa edilmiş, 5100 şagird yerlik 8 məktəb binası əsaslı təmir olnmuşdur. Əkin sahələrinin suvarma suyu ilə  təminatının yaxşılaşdırılması üçün Göyçay çayının məcrasında nizamlayıcı qurğu, 2750 tonluq 2 soyuducu ambar kompleksi, ümumi istehsal gücü gün ərzində 360 ton olan 2 asfalt zavodu, 60 kub metr olan beton zavodu istifadəyə verilmiş, il ərzində 5700 ton nar şirəsi istehsal edən “AzNar” ASC-nin konserv zavodu, gün ərzində 15 ton süd və mövsüm ərzində 2000 ton nar emal edən “Göyçay-Süd” ASC və illik istehsal gücü 15 milyon kərpic olan “Kərpic SAN” LTD-nin kərpic zavodu, 528 min başlıq broyler quşçuluq fabriki ən müasir avadanlıqlarla yenidən qurulmuşdur. Ölkə prezidentinin sərəncamlarına əsasən, rayon icra hakimiyyətinə ayrılmış vəsait hesabına 9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçıplaq-Şıxəmir və 7 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd avtomobil yolları istifadəyə verilmişdir.   

Şöbə  müdiri  dövlət proqramlarının uğurla həyata keçirilməsinin  rayonda abadlıq və quruculuq işlərinin aparılmasına münbit şərait yaratdığını da bildirmişdir: “Xüsusən son aylar rayonda bu istiqamətdə böyük irəliləyişlər əldə edilmiş, şəhərin memarlıq görünüşünün yaxşılaşdırılması, şəhər və kənd yaşayış məntəqələrinin əhalisini narahat edən bir çox sosial-məişət problemlərinin həlli istiqamətində əməli tədbirlər görülmüşdür”.

Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə də böyük tikinti və abadlıq işləri həyata keçirilmiş, bu əraziyə bitişik 20 yaxın fərdi ev və sahibkarlıq obyekti ümumi razılıq qaydasında vətəndaşlardan satın alınmış və mərkəzin ümumi sahəsi 3 hektara çatdırılmışdır. Sökülən ərazidə qısa müddət ərzində gənclər mərkəzi, bayraq meydanı və bayraq muzeyi, fəvvarə kompleksləri, mərkəzin qarşısında ulu öndərin ağ mərmərdən abidəsi ucaldılmışdır. 

Gənclər mərkəzi 2 mərtəbəlidir, ümumi sahəsi 3400 kv.m-dir. Mərkəzin 1-ci mərtəbəsində bovlinq zalı, qolf, tir və texniki otaqlar, kafe və mətbəx, 2-ci mərtəbədə iş və müxtəlif dərnəklər üçün 16 otaq vardır.

Ədalət Dövlətovun sözlərinə görə, Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazi başdan-başa abadlaşdırılmış, yeni işıqlandırma sistemi qurulmuş, İtaliyadan gətirilmiş 500-dən artıq ağac və 10 mindən artıq gül və bəzək kolları əkilmiş, ərazidəki səkilərə  2800 kv.m. tamet piltələr, 1140 kv.m. bardürlər  düzülmüş, 3330 kv.m. yaşıllıq ərazisi salınmış və şəhər sakinlərinin istirahəti üçün oturacaqlar düzülmüşdür. Mərkəzin qarşısında, həmçinin parkın ərazisində fəvvarə kompleksləri inşa edilmişdir. Burada həmçinin monitor quraşdırılmış, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması  layihəsi çərçivəsində şəhərə verilən içməli suyun rəmzi açılışını bildirən fəvvarə inşa edilmişdir.

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminə də toxunan icra başçısının müavini bu sahədə yenidənqurma işlərinin  başa çatdırılmaq üzrə olduğunu bildirmişdir. “Layihə çərçivəsində rayonun Potu kəndi ərazisində mərkəzi nasosxana, 5 ədəd subartezian qurğusu, xlorator, şəhərin şimal hissəsindəki yüksəkliklərdə hər birinin tutumu 2000 kub metr olan 3 mərkəzi və hər birinin tutumu 500 kub metr olan 2 ötürücü su anbarı inşa edilmiş, müxtəlif diametrli 161474 p/m su, 131091 p/m kanalizasiya xətləri çəkilmiş, 563 ədəd yanğın hidrantı, abonentlər üçün 10210 sayğac quraşdırılmışdır. Hazırda 9400 abonent yeni su mənbəyindən içməli su ilə təmin olunur. Layihə üzrə işlər davam etdirilir və 3 ədəd subartezian quyusunun qazılması, 1 ədəd 2000 kub metr su anbarının, 1 ədəd kanalizasiya nasos stansiyasının, təmizləyici qurğular kompleksinin tikintisi və 4 km. uzunluğunda elektrik xəttinin yenidən qurulması nəzərdə tutulur”, - deyə Ədalət Dövlətov əlavə etmişdir. 

Kənd əhalisinin içməli su ilə təminatını yaxşılşdırmaq məqsədilə 4 kənddə su təmizləyici qurğular istifadəyə verilmiş, ilin sonuna qədər daha 3 kənddə belə qurğuların işə salınması planlaşdırılır. Şəhərin su təchizatı sisteminin yenidənqurulması işlərinin aparılması ilə əlaqədar küçələrdə dağılmış asfalt örtüyünün bərpası istiqamətində işlər aparılmış, 250 min kv.m. yaxın yeni asfalt örtüyü salınmış, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə 20 ədəd yeni rəqəmsal işıqforlar quraşdırılmış, şəhər ərazisindəki bütün yol nişanları təzələnmişdir.

Kəndlərin qaz təchizatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüş, cari ilin ötən dövrü ərzində  Yekəxana, Şahsoltanlı, Məlikkənd, Şıxbəy, Şıxəmir, Aşağı Qaraməryəm və Dövranlı kəndlərinə təbii qaz verilişi bərpa edilərək, rayon üzrə təbii qazla təmin olunan yaşayış məntəqələrin sayı 28-ə çatdırılmışdır. Hazırda daha 11 kəndə yeni qaz xətləri çəkilir. Rayonun təbii qazla təmin olunmayan digər kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanır.

Ədalət Dövlətovla Göyçay rayonunun son 10 ildəki dəyişən mənzərəsi haqqında söhbətimizi vaxtla əlaqədar olaraq yekunlaşdırırıq. Təbii ki, rayonun 10 illik sosial-iqtisadi inkişafının əhatə etdiyi bütün sahələri bir məqalədə cəmləşdirmək mümkün deyil, amma ən azından bunu öz gözlərimizlə görə bildik və bacardığımız qədər sizlərə çatdırdıq.

Düşünürük ki, Nar bayramının təşkil olunduğu hər il Göyçay rayonu bizi öz dəyişən mənzərəsi ilə təəccübləndirəcək və gələcəkdə ölkənin yalnız meyvəçilik deyil, həm də turizm mərkəzlərindən birinə çevriləcək.

 

Mətanət Hüseynova

Bakı-Göyçay-Bakı