Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda arıçılığın inkişafı üçün hər cür şərait var

 

«Gələcəkdə kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin, demək olar ki, yarısı kənd təsərrüfatı bölgələrində yaşayır».

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq o qədər inkişaf etmişdi ki, bu məhsullar xarici ölkələrə də satılırdı. 1910-cu ildə hər arı ailəsindən orta hesabla 5-6 kq bal alınırdı. Qabaqcıl arıxanalarda hər pə­tək­dən 150 kq, bəzən daha çox bal toplanırdı. Həyətyanı təsərrüfatlarda da arıçılığın in­ki­şafına böyük əhəmiyyət ve­ri­lirdi. Həvəskar arıçılardan vergi alınmırdı, onlar öz artıq məhsullarını müəyyən olunmuş qiymətlərlə dövlət tədarük təş­kilatlarına təhvil verə və ya bazarda sata bilərdilər.

Azərbaycanda arıçılıq, xüsusilə sovet hakimiyyəti dövründə inkişaf etməyə başlamışdı. Hələ Böyük Vətən müharibəsi illərində Azərbaycanda arıçılığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdi. Müharibə illərində respublikada kifayət qədər yem bazası olmasına baxmayaraq, kolxozların yalnız 20%-nin arı ferması var idi və onların vəziyyəti heç də qənaətbəxş deyildi. 1945-ci il Azərbaycan Xalq Komissarları Soveti və K(b)P MK SSRİ Xalq Komissarları Sovetinin “Arıçılığın inkişaf etdirilməsi tədbirləri haqqında” 25 fevral 1945-ci il 371 nömrəli qərarına müvafiq olaraq qəbul etmişdi ki, bu qərarda Azərbaycan SSR-in kolxozlarında olan arı ailələrinin sayını 1945-il yanvarın 1-dək 2600 vahidə çatdırmaq nəzərdə tutulurdu. Bu qərarda həmçinin, 1945-ci ildə kolxozlardan kolxozçulara, fəhlə və qulluqçulara, Qızıl Ordu döyüşçülərinin ailələrinə, Böyük Vətən müharibəsi əlillərinə və təqaüdçülərə fərdi istifadə üçün 1000 ədəd arı pətəyinin satışı planı müəyyən edilmişdi. O dövrdə arıçılıq kadrlarının hazırlanmasının yaxşılaşdırılması üçün Azərbaycan SSR-də 1945-ci ildə tədris müddəti 1 il olan arıçılıq məktəbi açmaq da qərara alınmışdı.

Ölkəmiz müstəqillik əldə etdik­dən sonra arıçılıq özəl təsərrüfat sahəsi kimi geniş inkişaf etməyə başlamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, «Arıçılıq haqqında» Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə yeni cinslərin yetişdirilməsinə və son nəticədə  arıçılıq məhsulları istehsalının artmasına səbəb olacaqdır. Bu Qanunun tətbiqi ilə əlaqədar alimlərin və arıçıların fəal iştirakı ilə  14 qayda işlənilib hazırlanmışdır. Qanunun əsas məqsədi  arıçılığın tənzimlənməsini, damazlıq-seleksiya işlərinin aparılmasını, ekoloji bal məhsulunun istehsal olunmasını təmin etməkdən ibarətdir.

Hazırda Azərbaycanın əlverişli təbii-iqlim şəraiti, arılar üçün yem ehtiyatları bazasının olması və yüksək keyfiyyətli arı genofondu arıçılığın inkişafı üçün geniş imkanlar açır.

Ölkəmizdə əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən arıçılar birliklərini bir araya gətirmək, onların əlaqələndirilmiş fəaliyyətini təmin etmək və sonda ölkə arıçılığını tam əhatə edən təşkilatlanmaya nail olmaq olan daha bir qurum fəaliyyət göstərir. 2008-ci ildə qeyri-hökumət təşkilatları tərəfindən yaradılan və fəaliyyəti bütün ölkə ərazisini əhatə edən bu qurum  Azərbaycan Arıçılar İttifaqıdır (AAİ).
Bu təşkilat arıçılığın müasir dövrün tələblərinə uyğun inkişafına, daxili və xarici bazarda rəqabət qabiliyyətli olmasına və region ölkələri arasında ön sıraya çıxmasına nail olmağı özünün prioritet vəzifəsi hesab edir.
Arıçıları ölkə və dünya arıçılığı təcrübəsi ilə yaxından tanış etmək, təcrübə mübadiləsi üçün münbit şərait yaratmaq, sahə üzrə mütəxəssisləri bir araya gətirmək, perspektiv imkanları qiymətləndirmək və arıçılığın inkişafını təmin edəcək layihələrin həyata keçirilməsinə yardımçı olmaq da bu qurumun hədəflərindəndir.
Elə bu yaxınlarda, sentyabrın 10-da Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Yerli arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin rolu" mövzusunda keçirilən konfransın işində də AAİ yaxından iştirak etmişdir. Konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov kənd təsərrüfatının inkişafının ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olduğunu, arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini vurğulamışdır. O, bildirmişdir ki, 2015-ci il - "Kənd təsərrüfatı ili" çərçivəsində həyata keçirilmiş tədbirlər aqrar sektorun, o cümlədən arıçılığın inkişafına öz töhfəsini verəcək, keyfiyyətli arıçılıq məhsullarının istehsalının artmasına və ixracına imkan yaradacaqdır.

Konfransda çıxış edən Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyevin sözlərinə görə, Azərbaycanda bala olan istehlak tələbinin həcmi ildə 4500 ton olmasına baxmayaraq, ölkədə 2500 ton bal istehsal edilir, bəzi illərdə  isə bu rəqəm 1 tondan da az olmuşdur. O, demişdir ki, Azərbaycanda yaxşı bal mütəxəssisləri çox olsa da, bütövlükdə onların bilik səviyyəsi müasir tələblərə cavab vermir. Bundan başqa, Azərbaycan arıçılarının əsas problemlərindən biri də məhsulların qablaşdırılması ilə bağlıdır. Bu çox vacib məsələdir, belə ki, arıçılıq məhsullarının ixracı və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən qablaşdırma çox önəmli rol oynayır.

Konfransda həmçinin, aqrar sahədə görülən işlər və nailiyyətlər, ölkədə arıçılığın inkişafı, o cümlədən damazlıq işinin təşkili ilə bağlı həyata keçirilən layihələr də müzakirə olunmuşdur. Son illər Azərbaycanda turizm sənayesinin sürətlə inkişaf etdiyi, ölkəmizə gələn turistlərin sayının artdığı, arıçılıq məhsullarının satışının təşkili və sərgilənməsində turizm müəssisələrində əlverişli imkanların olduğu vurğulanmışdır.
Hazırda Azərbaycanda arıçılıq məhsullarının standartlarının yaradılması üzərində iş aparılır. Bu standartların tətbiqi alıcının məhsulun keyfiyyəti barədə daha ətraflı məlumat almasına imkan verəcək.  2016-cı ildə Azərbaycanda arıların genefondunun yaradılacağı və arıların sayının və arıçılıq məhsullarının həcminin artırılacağı da nəzərdə tutulmuşdur.

Respublikada yüksək keyfiyyətli və rəqabət qabiliyyətli arıçılıq məhsulları istehsalı bu məhsulların xarici bazarlara çıxarılması məsələsini də gündəmə gətirir. Belə ki, Azərbaycanda bunun üçün hər cür şərait vardır. Konfransda bu məsələyə də toxunulmuş, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bu sahəyə dövlət dəstəyinin göstərildiyini də xüsusi qeyd etmişdir. Onun sözlərinə görə, "Arıçılar 2019-cu ilədək torpaq vergisindən başqa, bütün vergiləri ödəməkdən azad ediliblər. Onlara müxtəlif subsidiyalar, güzəştli kreditlər, güzəştli lizinq əsasında texnika verilir". Arıçılıq məhsullarının tanıdılmasında turizm müəssisələrinin xüsusi rolunu vurğulayan nazir müavini demişdir ki,  Azərbaycan arıçılıq sahəsində məhsulların mütəmadi əsasda ixrac tədarükünü təşkil etməlidir.  

Sabahdan, yəni oktyabrın 17-dən Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edir. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılıb. Yarmarkanı keçirməkdə məqsəd ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq  və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdan ibarətdir.
İqtisadi baxımdan çox sərfəli sayılan arıçılıq gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından çox faydalı təsərrüfat sahəsidir. Kənd təsərrüfatının başqa sahələri ilə müqayisə etsək, bura daha az xərc çəkməklə, daha qısa müddət ərzində məhsul əldə etmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, arıçılıq elə sahələrdəndir ki, burada iş şəraiti ekoloji sağlamlıq cəhətdən də əlverişlidir. Bütün bunlar respublikamızda arıçılığın inkişaf perspektivlərinin geniş olduğunu söyləməyə imkan verir.

Son illər Azərbaycanda arı ailələrinin sayı 71,3%  artmışdır. Zaqatala, Şəmkir, Lerik, Astara, Lənkəran, Balakən, Quba, Qusar, Şamaxı, Qəbələ, Şəki, Daşkəsən, İsmayıllı, Kəlbəcər, Laçın rayonlarında arıçılıq intensiv inkişaf dövrünü yaşayır.

Arıçılıqda məhsuldarlığın artırılmasında vacib mənbələrdən biri damazlıq işinin düzgün təşkilidir. Respublikamızda  bu sahədə  31 özəl damazlıq arıçılıq təsərrüfatı fəaliyyət göstərir. Damazlıq işinin əsasını ana arıların yetişdirilməsi təşkil edir. Türkiyənin TİKA  beynəlxalq təşkilatı Azərbaycan Dağ Arıçıları Birliyinə (sədri Şamil Quliyevdir) ana arı yetişdirib digər əmtəəlik təsərrüfatlara satmaq üçün müasir avadanlıq vermişdir. Şamil Quliyevin köməkliyi ilə Qəbələ rayonunun Həzrə kəndində, Lerik rayonunun Şingədulan kəndində və Yardımlı rayonunun Sırıq kəndində, Beyləqan rayonunda Azərbaycan arı populyasiyalarının yetişdirilməsi istiqamətində geniş  iş aparılır.

Mingəçevir şəhərində yaradılmış  «Çiçək» arıçılar birliyi öz ətrafında 40 nəfər arıçını birləşdirir. Bu şəhərdə də arıçılığın inkişafı istiqamətində işlər görülür.

Son illər arıçılığın sürətlə inkişaf etdirildiyi Qəbələ rayonunda da arı ailələrinin sayı və məhsuldarlıq ildən-ilə artırılır. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb. “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayonda görülən işlərin nəticəsidir ki, bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 36 fiziki şəxs fərdi arıçılıq təsərrüfatı yaradıb və 192 yeni arı ailəsi formalaşdırılıb. Hazırda Qəbələdə arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 633-ə, arı ailələrinin sayı isə 1625-ə çatıb.

Qəbələnin Vəndam qəsəbəsində 25 ildən çox arıçılıqla məşğul olan qəsəbə sakini Tahir Rəcəbovun sözlərinə görə, rayonda arıların qidalanması üçün 50-yə yaxın bitki mövcuddur. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün arı ailələrinə xüsusi qulluq göstərmək lazımdır. Yaxşı qulluq olunarsa, hər arı ailəsindən ildə 10 kiloqrama yaxın bal almaq mümkündür. İnsan orqanizmi üçün əhəmiyyətinə görə balın üstünlüklərinin olduqca çox olduğunu deyən mütəxəssis bu faydalı həşəratın baldan daha keyfiyyətli məhsullar da istehsal etdiyini deyir. Belə ki, bal məhsulu ilə müqayisədə arı südü 18 dəfə güclüdür. Çiçək tozu epilepsiya, bir sıra qan xəstəliklərinin müalicəsində əhəmiyyətli rola malikdir. Arı zəhəri, qara mum və sadə mum da arının keyfiyyətli məhsullarından hesab olunur”.

2014-ci ildə Qəbələ arıçıları 9 min 800 ton bal istehsal ediblər. Bu il isə arıçılar 11 min tona yaxın məhsul götürüblər. Yaxın illərdə rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının 2 dəfə artırılması nəzərdə tutulub.

Ekspertlərin hesablamalarına görə, ölkəmizdə arı ailəsinin sayını  təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə   arıçılığın ətraf mühiti yaxşılaşdırma və qiymətli qida məhsulu mənbəyi kimi geniş imkanları dünya ölkələri tərəfindən qəbul edilmişdir. Təsadüfi deyil ki, dünya arıçıları birliyinin beynəlxalq federasiyası – «Apimondiya»nın arıçılığın inkişafını və tətbiqini nəzərdə tutan bir çox layihələri BMT-nin arıçılıqla mübarizə kampaniyası proqramına daxil edilmişdir.

Düzdür, dünya üzrə arıçılığın inkişaf səviyyəsi ilə müqayisədə Azərbaycanda arıçılığın mövcud vəziyyətinə əla da demək olmaz. Bu sahədə nöqsanlar çoxdur. Bir sıra səbəblərdən ölkənin zəngin bitki aləminin təbii şəkildə yaratdığı min tonlarla nektar və çiçək tozu istifadəsiz qalaraq itkiyə gedir. Bunun qarşısını almaqdan ötrü indi ölkəmizdə arıçılıqda müasir texnologiyalar tətbiq etməklə onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm işlər görülür. Arı ailələrinin artırılması,  damazlıq və ana arı  yetişdirilməsinin təşkili, köçəri  arıçılığın inkişafı xəstəliklərlə səmərəli mübarizə aparmağa, arıçılıq məhsullarının istehsalı, tədarükü, emalı, qablaşdırılmasına nail olmaqla, bu sahəni kənd təsərrüfatının  perspektivli sahəsinə çevirmək mümkündür.

Yeganə Məmmədova