Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Belə insanları tarix sinəsində daşıyır

 

Tale hər kəsə bir ömür payı bəxş edib. İnsan ömrünün fəlsəfəsi illərin sayında deyil, onun mahiyyətindədir. Heç vaxt iki ömür bir-birinə bənzəmir. Əgər onlar bütün çalarları ilə bir-birinə oxşasaydılar, həyatın sonu bitərdi, insan sosial varlıq olaraq heç bir mahiyyət daşımazdı. Bəzən görürsən ki, bir anın, bir dəqiqənin içində göstərdiyi hünərə və şücaətə görə, tarix əsrlər boyu həmin insanı sinəsində daşıyır.

Milləti millət edən, onu itib-batmağa qoymayan, səsini-sorağını uzaqlara aparan da belə insanlardır, onların nəcib əməlləridir. Azərbaycan xalqının mücadilə və mübarizələrlə dolu tarixində belə örnəklər çoxdur. Bütün bunların sayəsində xalqımız milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini saxlamış və bugünkü müstəqillik zirvəsinə ucalda bilmişdir. Tanrının bizlərə bəxş etdiyi Heydər Əliyev kimi böyük şəxsiyyətlər olmasaydı, biz nə o ucalığa yüksələ bilərdik, nə də ki orada duruş gətirə bilərdik. Bunları yazmaqla müstəqilliyimizə aparan yolun nə qədər çətin, mürəkkəb olduğunu göstərməklə yanaşı, 90-cı illərin başlanğıcında baş verən, lakin indiyədək çoxlarına məlum olmayan bir tarixçəni vərəqləmək istərdik. Söhbət 1990-cı ilin 20 Yanvar hadisəsi ərəfəsində Gəncə şəhərində yaşanan bir olaydan, daha doğrusu, bir insanın şücaətindən gedir.

Onun haqqında çox az deyilib, çox az yazılıb. Ancaq onu Azərbaycan xalqı daha yaxından tanımalıdır. Çünki illər keçdikcə tarix bizi o qanlı-qadalı illərdən uzaqlaşdırır. Dünyaya yeni nəsillər gəlir. Bizlər – o hadisələrin canlı şahidləri sağıq, ən kiçik detalı belə yazıb övladlarımıza çatdırmalıyıq ki, onlar da öz övladlarına nə isə deyə bilsinlər.

Həmin şəxsi təqdim edirik: Yusif Həsənqulu oğlu Məmmədov. 1949-cu ildə Daşkəsən rayonunda dünyaya göz açıb. 1971-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini, 1979-cu ildə Milis (indiki Polis) Akademiyasını, 1998-ci ildə T.Şevçenko adına Ukrayna Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Nə az, nə çox, düz 28 il polis orqanlarında işləyib, sahə müvəkkilliyindən idarə rəisi vəzifəsinədək yüksəlib. 2003-cü ildə polkovnik-leytenant rütbəsi ilə yaşına görə ehtiyata buraxılıb. İşlədiyi müddətdə bir sıra mükafatlara, fəxri fərmanlara və medallara layiq görülüb. Çox səmimi, mehriban və təvazökar insandır. Hazırda Gəncə şəhəri Ağsaqqallar və Veteranlar Şurasının sədridir. Gözəl ailə başçısıdır.

Yusif müəllimin göstərdiyi şücaətdən danışmaq üçün 90-cı illərin əvvəllərinə qayıtmalıyıq.

Həmin vaxtlar Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun Baş katibi işləyən Mixail Qorbaçov 1990-ci il yanvarın 15-də «Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında» SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzaladı. İki gün sonra yanvarın 17-də mətbuatda işıq üzü görən fərmanla tanış olduqda hiss olunurdu ki, Azərbaycan xalqına qarşı Kremldən ciddi və dəhşətli cəza tədbirləri hazırlanır. M.Qorbaçovun imzaladığı fərmanın 7-ci bəndində yazılmışdı: «Müqəssirləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində qadağan saatları tətbiq olunmaqla, hər cür lazımi tədbirlər görülsün...». Burada qaranlıq, başa düşülməsi mücərrəd olan nə var idi ki?! Bakı və Gəncə şəhərlərində dəhşətli qırğınlar törədilməli, xalqın milli azadlıq hərəkatı boğulmalı və Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-yə birləşdirməli idi, vəssalam. M.Qorbaçovun azərbaycanlılara qarşı pataloji nifrəti, ermənilərə isə hüsn-rəğbəti açıq-aşkar hiss olunurdu. Baxmayaraq ki, münaqişəni yaradan da, onu alovlandıran da ermənilər idilər. Ermənilər dövlət səviyyəsində monoetnik siyasət apararaq azərbaycanlıları minilliklər boyu yaşadıqları tarixi torpaqlarından qovub çıxardırdılar. Onlar hətta bunu bir neçə dəfə Sovet imperiyasının sərt qanunlarının tüğyan etdiyi dönəmlərdə həyata keçirmişdilər.

Yəni demək istəyirik ki, 20 Yanvar qətliamı Kremlin ermənilərə havadarlığı və M.Qorbaçovun dirijorluğu ilə uzun illər hazırlanan mənfur planın bir bəndi, bir hissəsi idi.

Yuxarıda deyildiyi kimi, qırğın Bakı ilə bərabər, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də törədilməli idi. Sovet qoşun bölmələrinin bir hissəsi Gəncə aeroportunda qərarlaşmışdı və onlar Moskvadan göndərilən silah-sursat, hərbi texnika və canlı qüvvə dolu vaqonları səbirsizliklə gözləyirdilər. Həmin qatarlar yanvarın 19-da axşamüstü Gəncəyə çatdırılmalı və yanvarın 20-ə keçən gecə Bakı ilə eyni vaxtda Gəncəyə hücum başlanmalı idi. O vaxtlar Azərbaycan SSR DİN-nin Sosial Dövlət Əmlakını Dağıdanlara qarşı Mübarizə İdarəsinin Gəncə şəhəri üzrə bölmə rəisi işləyən polkovnik-leytenant Yusif Məmmədov olmasaydı, bu faciə qaçılmaz olacaqdı. Gəncədən Qazağa qədər dəmiryolu stansiyasına nəzarət ona həvalə olunmuşdu. O, vəzifə səlahiyyətlərinə uyğun siqnal alır ki, yanvarın 19-da Gəncə şəhərinə içərisində hərbi texnika və əsgəri qüvvə aparan iki qatar daxil olacaq. Məlumatı alan kimi Yusif Məmmədov təcili olaraq özünü Ucar dəmiryolu stansiyasına çatdırır. Burada o, stansiyanın o vaxtkı rəisi Namiq Rəhimovla görüşərək ondan Ucardan keçərək Gəncəyə gedən 2674 saylı qatarı dayandırmağı tələb edir. Stansiya rəisi bunun yolverilməz olduğunu və onlar üçün ağır nəticələr verəcəyini bildirir. Lakin polkovnik-leytenant israrından dönmür və bütün məsuliyyəti öz üzərinə götürür. Yusif Məmmədov özü elektrovozun kabinəsinə qalxır və maşinistdən aparılan yükün sənədlərini tələb edir. Sənəddə «st.Kirovabad» sözləri yazılmışdı. O,  anlayır ki, vaqonlar silah-sürsatla doludur və Gəncəyə çatmamış Zazalı stansiyasında boşaldılacaq. Yusif müəllim dərhal Gəncə aeroportuna zəng edib, aeroport rəisi Adil Mövsümovla əlaqə saxlayır, vəziyyətin nə yerdə olduğunu ona başa salır. Burada Ucar ağsaqqallarını başına yığır, rus hərbiçilərini və zabitləri nahara dəvət edir və onlar yeyib-içməyə başlayırlar. Fürsətdən istifadə edilərək elektrovoz depoya verilir. Lakin bununla da təhlükə sovuşmamışdı. 2614 saylı ikinci «ölüm» qatarı Kürdəmirə yaxınlaşırdı. Təcili tədbir görülməliydi. O, qatarı dayandırmaq üçün plan cızır, fikrini Kürdəmir dəmiryolu stansiyasının o vaxtkı rəisi İmaməli Allahverdiyevə bildirir. Stansiya rəisi bu təklifə gedə bilməyəcəyini söyləyir. Bu dəfə də bütün məsuliyyəti öz üzərinə götürən Yusif müəllim riskli addım ataraq «ölüm» qatarının Ucarla Kürdəmir arasında dayandırılmasına nail olur. Sonralar bu hadisəni xatırlayan hər iki stansiya rəisi onun fövqəladə şücaəti qarşısında baş əydiklərini dönə-dönə dilə gətirmişlər.

Yusif müəllim isə həmin gecə yalnız bir məsələ haqqında düşünürdü: ona sabah hansı cəza veriləcək? Lakin Yusif müəllimə cəza verilmədi. Həmin müdhiş gecədə bütün Azərbaycan xalqına ağır cəza verilmişdi, Bakı gülləboran edilmişdi. 131 nəfər öldürülmüşdü, 744 nəfər əlil olmuşdu, 850 nəfər həbs olunaraq zindanlara atılmışdı. Xüsusi təlim görmüş, quduzlaşmış, vəhşi xislətli rus qoşun birləşmələri üç istiqamətdən Bakıya daxil olaraq qarşısına çıxan hər şeyi məhv etmiş, qocaya, uşağa, əlilə, dinc əhaliyə divan tutmuş və tarixdə misli görünməyən soyqırımı aktı həyata keçirmişdi. Bu qətliam Gəncədə də ola bilərdi. Lakin Yusif müəllim kimi cəsur, mərd, vətənpərvər insanın hünəri, peşəkarlığı və sayıqlığı nəticəsində bunun qarşısı alındı. O, bu barədə çox danışmağı xoşlamır. Yusif müəllim şəhər Ağsaqqallar və Veteranlar qurumunun sədri olmaqla, gördüyü faydalı işlərlə və xeyirxah əməllərlə ağsaqqal adını şərəflə, ləyaqətlə daşıyır. Vəzifə onun üçün önəmli deyil, önəmli olan millətini, xalqını xoşbəxt və bəxtəvər görməkdir. Onun fikrincə, insan maddi cəhətdən nə qədər zəngin olursa-olsun, ətrafında bir boşluq, bir problem yaşanırsa, o, xoşbəxt ola bilməz. Ən böyük arzusu doğma Qarabağımızı azad görməkdir. O, bu günün yaxında, özü də lap yaxında olduğuna inanır. Arzunuz çin olsun, Yusif müəllim!

 

Zülfü İLYASOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.