Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadi münasibətlərin tənzimlənməsində vergiyə cəlb olunmanın inteqrasiyası

 

Dünyanın müxtəlif ölkələrində mövcud olan ictimai - siyasi quruluşun uzun dövr ərzində sabit iqtisadi fəaliyyətə malik olmasının əsas dayaqlarından sayılan vergilər mahiyyət və məzmunca uzun tarixi dövr keçməklə formalaşmışdır. Dövlətin məqsədyönlü idarə edilməsini təmin edən vasitələrdən biri kimi vergilər iqtisadi yüksəliş üçün zəruri amil olmaqla, hər bir konkret vəziyyəti nəzərə alaraq təkmilləşdirilmiş, müasir forma və üsullarla zənginləşdirilmişdir. Dünya ölkələrinin vergi qurumlarının fəaliyyətinin araşdırılması göstərir ki, milli vergi qurumlarının səmərəliliyi ölkənin siyasi durumundan asılı olmaqla, daxili iqtisadi tarazlığın bərqərar olmasının mühüm şərtlərindən sayılır. Vergi növlərinin formalaşması və xalq təsərrüfatı sahələrində normal fəaliyyət nəticələrinin əldə olunması hazırkı maliyyə münasibətlərini tənzimləmək və daim inkişafda olan iqtisadi-sosial tələbatların ödənilməsində aparıcı mövqeyə malikdir. Vergi təyin olunmasında ziddiyyətlərin aşkarlanması onların vaxtında həll olunması, bazar iqtisadiyyatlı ölkələrdə münasib təşkilati tədbirlərin işlənilib hazırlanması və reallaşdırılmasnı gündəmə gətirmişdir. Deməli, tətbiq olunan əməli planlaşdırma formaları və üsulları vaxt keçdikcə təkmilləşdirilməlidir. Cəmiyyətdə büdcə gəlirlərini ilk tədqiq edən K.Marks bildirirdi ki, “Roma imperiyasında ,onun ən yüksək inkişafı dövründə vergilərin əsasını natural vergi təşkil edirdi”. 1302-ci ildə Fransa kralı 1V Filip çox ehtiyatlı hərəkət edərək  tabeliyində olan zadəganlardan bütün növ vergilərin toplanmasını qadağan etmişdir. Daha sonra V1 Karl tərəfindən 2 noyabr 1439-cu ildə verilən fərmanla kübar ailələrdən olanlar üçün vergilər onların şəxsi istəyinə müvafiq məbləğlərdə təyin oluna bilərdi. Həmin dövrdə əmtəə-pul münasibətlərinin təşəkkülü və inkişafı, ticarət və bank  işinin təşəkkül tapması yeni pul kütləsinin bazara daxil olmasının dövlət tərəfindən nəzarətdə saxlamasına, vergi dərəcələrinin nisbi şəkildə diferensiasiya olunmasına şərait yaratmış oldu. Bu dövrə uyğun olaraq vergi qurumlarının tənzimlənməsi üzrə dövlət tədbirlərinin iqtisadi mahiyyəti yığılan pulların vergi verəndən dövlət xəzinəsinə köçürülməsində iştirak edən təşkilatların sayının minimuma endirilməsindən ibarət idi. Dövlətin vergi qurumlarının mərkəzləşdirilmiş forması kimi 1671-ci ildə Hollandiyada tətbiq olunan gömrük haqqları və 1683-cü ildə İngiltərədə həyata keçrilən “istehlak vergisi” formaları xəzinənin doldurulmasında mühüm rol oynamışdır. Çar Rusiyasında vergi ödəmələrinin nizama salınması sahəsində ilk uğurlar yalnız 1862-ci ildə təhkimçilik hüququ ləğv edildikdən sonra mümkün olmuşdur. Göstərmək lazımdır ki, böyük tarixi yol keçmiş vergi ödəmə formalarından istifadənin əsas vəzifələri dövlətin idarə olunma xərclərinin, xüsusən xarici təhlükələrdən müdafiə olunmaqla bağlı məsrəflərinin vaxtında və tam həcmdə ödənilməsindən ibarət olmuşdur.

Bazar münasibətlərinə keçmiş ölkələrdə vergi daxilolmaları iqtisadi inkişafın əsas meyarı olmaqla, onların həcm etibarilə artırılmasına deyil, müəyyən olunmuş vergilərin tam həcmdə və vaxtında büdcəyə köçürülməsinə yönəlmişdir. Məhz bu səbəbdən natural vergi ödəmələrindən birbaşa ekvivalent pul yığımlarına keçid  iqtisadi inkişaf istiqamətləri üçün daha məqbul və məqsədəuyğun sayılmalıdır. Bu amil X1X əsrdə F.Listin təklifi ilə Almaniyada yaradılan milli iqtisadi məktəbin alimləri tərəfindən ölkədə vergi qoymadan, xüsusilə proteksionist rüsumlardan milli sənayenin yaradılmasını təmin etmək məqsədilə istifadəni məqsədəyönlü sayırdı. Eyni ilə həmin illərdə Fransada H.Mellin kənd təsərrüfatı sahələrini xarici təzyiqlərdən qorumaq məqsədilə rüsumların artırılmasını vergi daxilolmaları üçün etibarlı vasitə saymaqla proteksionist ideyasını müdafiə etmiş olurdu. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarında iqtisadçılar Patten və Keri, Fransada Pol Kovi və V.Braner öz ölkələrini xarici rəqabətin təsirindən qorumaq məqsədilə gömrük rüsumlarının artırılması ideyasını irəli sürməklə ölkədaxili vergi yükünü azaltmağa çalışırdılar. Vergi yüklərinin həmin qaydada azaldılması formalarının tətbiqi İngiltərənin leyboristlər partiyasının və L.Ettilinin hakimiyyəti dövründə sınaqdan keçirilmiş və nəticəsi qənatəbəxş hesab olunmuşdu.

Aparılan araşdırmalar göstərir ki, keçən yüzillikdə büdcəyə daxilolmaların 85-90%-ni vergilər təşkil etmiş, bunun nəticəsi olaraq vergi daxilolmalarının rolu kəskin sürətdə artmaqla makroiqtisadi göstəricilər içərisində xüsusi çəkisilə seçilmişdir.

Təsərrüfat sahələrinin davamlı inkişafında vergilərin rolu və onun iqtisadi meyarlar əsasında təkmilləşdirilməsi dünyanın bəzi ölkələrində vergiyə cəlb olunmanın yeni, ənənəvi olmayan formalarından istifadəni önəmli etmişdir. Hazırda özünün səciyyəvi xüsusiyyətləri ilə seçilən vergiyə cəlb olunma istiqamətləri qeyri-adi olsa da, iqtisadi-sosial mahiyyətinə və məzmununa görə çox əhəmiyyətlidir.

Müasir iqtisadi münasibətlərin müxtəlif siyasi-iqtisadi qurumlar arasında daha çox inteqrasiya olunması vergiyə cəlb olunma sahəsində tətbiq olunan qaydaların mahiyyət və məzmunca dəyişdirilməsini zəruri etmişdir. Burada yeni demokratik cəmiyyətə transformasiya dövrünü yaşayan ölkə vətəndaşları öz seçimlərində müstəqil və sərbəst olmaqla yanaşı, eyni zamanda, əsl vətənpərvər kimi bütün vasitələrlə respublikanın iqtisadi gücünün artırılması istiqamətində səy göstərməyə borcludurlar. Məhz bunu nəzərə alaraq, yüksək idarəetmə qurumları vasitəsilə hüquqi və fiziki şəxslərin əllərində cəmləşdirilmiş sərbəst maliyyə vəsaitləri ölkə vətəndaşlarının istənilən sahədə daşınar və daşınmaz əmlak almaq hüququna malik olmalarına heç bir əngəl yaratmamalıdır. Lakin bu da o demək deyildir ki, hər hansısa bir vətəndaş respublika ərazisində yaşadığı halda, ölkəyə məxsus maliyyə-pul vəsaitlərini xarici dövlətin iqtisadiyyatına yönəltməklə öz ölkəsindən çıxarılmış nağd pul vəsaitlərinə görə müvafiq vergi ödəmələrindən tamamilə azaddır.

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan hər bir vicdanlı və şüurlu fiziki şəxs vaxtilə vətəndaşı sayıldığı dövlətə və millətə sadiq qalmağa borcludur və bu səbəbdən respublikadan kənarda əldə etdiyi hər bir daşınar və ya daşınmaz əmlakın qiymətinə müvafiq olan vergi yükünü ödəməklə öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Yəni, həmin əmlakın dəyərinə görə hesablanmış vergi yükü üzrə məbləği vətəndaşı olduğu ölkənin büdcəsinə vaxtında və tam həcmdə köçürməklə konstitusiyada qeyd olunan borcunu yerinə yetirmiş şəxs statusunu təsdiqləməlidir. Eqoizm amillərinin təsiri altında fiziki şəxslərin mövqelərinin dəyişməsi və onların yaşadığı cəmiyyətdə şəxsi mənafelərinin digərləri ilə müqayisədə yüksək səviyyədə təmin olunması iddiasında olanların, eləcə də izafi əməyin tətbiqində maraqlı olan fiziki şəxslərin gündən-günə qeyri-qanuni qazanclarının artması hallarını xatırlamaq yerinə düşərdi. Məsələ ondadır ki, yuxarı idarəetmə qurumları tərəfindən ölkədə həyata keçirilən vergi ödənişi qanunları çərçivəsində tətbiq olunan hər hansı hüquqi aktlar əslində ölkə vətəndaşlarının mənafeyindən çox hakim qurumun özlərinin şəxsi ambisiyalarına əsaslanır. Tarixən müxtəlif dövlət idarəetmə qurumlarının formalaşması vasitələri içərsində ən sərfəli üsul dövlət maşınından istifadə etməklə fiziki şəxslərin maraqlarına cavab verən müxtəlif dərəcəli vergiyə cəlb etmə formalarının tətbi olmuşdur.

Konkret siyasi hakimiyyət qurumu tərəfindən tətbiq olunan vergi yükü mahiyyət etibarı ilə dövlətin idarə olunma xərclərinin əsas hissəsi kimi qəbul olunsa da, əslində vergiyə cəlb olunma heç də həmişə eyni formada və eyni prinsip əsasında həyata keçirilməmişdir. Ayrı-ayrı  coğrafi-iqtisadi ərazilərdə yaşayan və fəaliyyət göstərən hüquqi-fiziki şəxslər daimi vergi ödəyiciləri olmaqla ən çətin həyat şəraitində  belə, ədalətsiz saydığı vergi ödəmə qanunlarına tabe olmaqla qazancının əhəmiyyətli hissəsini, ailəsinin maddi güzəranı həddən artıq pis olsa belə, onun üçün hesablanmış vergiləri vaxtında ödəmək məcburiyyətində qalmışlar. Ölkə vətəndaşlarının dövlətin xəzinəsinə vergi ödəmələri mahiyyət  etibarı və məzmunca eyni qalsa da, icra olunma mexanizmi və prinsipi, hakim təbəqənin mənafeyinin yüksək səviyyədə təmin edilməsi halları tarixin müxtəlif dövrlərində bəzi ölkə və xalqlarda müxtəlif formalarda həyata keçirilmişdir.

Eramızın 69-79-cu illərində hökmranlıq etmiş  Roma imperatoru Venpasian tabeliyində olan hər bir şəxsdən ayaqyolundan istifadəyə görə vergi ödəmələrini tələb edirdi. Dövlət başçısının ünvanına xalq tərəfindən edilən şikayətlərin qarşısını almaq məqsədilə onun oğlu Titi ona deyəndə ki – ata, həmin pulu sənin məmurların mənim adamlarımdan da alırlar və həmin pullar çox pis qoxu verir. Həmin sözdən qəzəblənən Venpasian dəmir pulu oğlunun burnuna yaxınlaşdıraraq ondan soruşur, de görüm, bu puldan hansı iy-qoxu gəlir? İmperatorun oğlu Titi cavabında deyir ki, - həmin puldan heç bir iy-qoxu gəlmir. Əvəzində imperator ona deyir ki, - sənin iyini belə hiss etmədiyin pul sənin adamlarından yığılan həmin pullardan biridir və deməli, pullar ayaqyolundan istifadəyə görə yığılsa belə, onlar heç vaxt iy vermir. Məhz həmin vaxtda yaranan “Pul iy-qoxu vermir” ifadəsi yaşadığımız dövrə qədər gəlib çıxmışdır. Hazırda bütün dünya ölkələrində əhalinin  çıxılmaz sosial vəziyyətindən süni surətdə istifadə edən müasir işbazlar və yerli icra hakimiyyəti qurumları tərəfindən belə sosial obyektlərin gündəlik fəaliyyətlərindən külli miqdarda pul toplanmasına baxmayaraq, onların həqiqi kəmiyyəti haqqında dövlətə heç bir rəsmi hesabat verilmir. Son illərdə dünyanın müxtəlif ölkələrinin ictimai-siyasi həyatında baş vermiş quruluş dəyişikləri iqtisadi-sosial münasibətlər müasir tələblərə müvafiq surətdə uyğunlaşdırmasını gündəmə gətirmişdir. Eyni zamanda, xarici təhriklərin birbaşa təsiri nəticəsində ölkəyə yabancı yeni yaşayış normalarının gətirilməsi cəmiyyət üzvləri içərisində qeyri-qanuni təbəqələşmə meyillərin də gücləndirmiş oldu.

Məsələn, Qədim İtaliyada Çippolino uşaq əsərinin müəllifi Canni Podari vaxtilə qeyd edirdi ki, Vizantiya ərazilərində dövlət məmurları əhalidən şəxsi istifadə üçün udduqları havaya görə müəyyən miqdarda haqq ödəməyə məcbur edirdilər. Daha sonra  dövlətin idarə edilməsi xərclərinə yönəldilən maliyyə vəsaitlərini çox olması üçün bəzən izafi vergi ödəmə növündən istifadə edirdilər. Belə ki, şəhər başçılarının fikrinə əsasən həmin şəhərdə yaşayan hər bir vətəndaş tikdiyi ev sahəsində geniş surətdə nəfəs almaq üçün güya ümumi hava kütləsinin bir hissəsini qeyri-ixtiyari olaraq normadan artıq mənimsəyir. Baxmayaraq ki, insanın şəxsi istifadəsi üçün zəruri olan hava kütləsi bir olan ALLAH tərəfindən bütün canlılar üçün əvəzsiz və heç bir haqq ödənilmədən vacib həyat neməti kimi verilmişdir.Vaxtilə Qədim Vizantiyada tətbiq olunan bu vergi forması çox ədalətsiz və qeyri-insani xassə daşımasına baxmayaraq əlbəttə ki, həmin dövrdə hakimiyyət qurumlarını təmsil edən bir qrup şəxs üçün həmin vergilər son dərəcə etibarlı gəlir mənbəyi sayıla bilərdi. Digər tərəfdən göstərmək lazımdır ki, o vaxtlarda dövlət məmurlarının tətbiq etdikləri vergilərin növü 400-dən çox olmuşdur. Nəzərə alsaq ki, müxtəlif ölkələrdə vergi sahəsində çalışan dövlət məmurları indinin özündə belə ağlasığmaz vergi formalarını geniş əhali kütləsinə sikayət etməkdən vaz keçə bilmirlər. Vergiyə cəlb olunma formalarına görə daha çox geniş təcrübəyə malik İtaliyanın Venesiya şəhərində bu günün özündə belə hüquqi və ya fiziki şəxs kölgədən istifadəyə görə vergi dşıyıcısı hesab olunur. Dövlət səviyyəsində  yığılan həmin vergilər əsas etibarilə şəhər ərazilərində açıq havada fəaliyyət göstərən kafe   və kiçik restoran sahiblərinin qurduqları böyük sahəli çətirlərin yaratdığı süni kölgəliklərin sahəsinə uyğun olaraq hesablanan pul vəsaitlərindən ibarətdir. Venesiya şəhəri üçün xarakterik olan bu vergi növünün tətbiqi onunla əsaslandırılır ki, isti yay günlərində həmin iaşə müəssisələrinə daha çox insan axını müşahidə olunur və həmin müştərilər öz rahatlıqlarını təmin etmək məqsədilə havadan daha çox istifadə etmək üçün məhz kölgəliyi seçirlər.Deməli bu tipli kafe və restoranlar gündəlik fəaliyyətlərinə müvafiq olaraq, hər bir müştəri yeri üçün yerli bələdiyyə idarəetmə qurumlarına və ya aidiyyatı üzrə vergilər idarəsinə müəyyən olunmuş miqdarda vergi ödəməyə borcludur.

Uzaq İtaliyadan fərqli olaraq Rusiyada hələ on səkkizinci əsrdə sadə xalq arasında vergilərə dair belə bir rəvayət də mövcud olmuşdur ki, müəyyən mülkədarın torpağından keçən yolda onun torpaq sahibi tərəfindən qəbul edilmiş qaydalara görə yük arabasından düşən və maddi dəyərə malik olan mal-əşya vergi yükü və ya vergi ödənişi kimi hesab olunurdu. Bu əsasən onunla izah edilir ki, çox geniş və dağınıq şəkildə olan ərazilərdə torpaq sahiblərinin müəyyən etdikləri gömrük haqları formasında onları ərazisindən nəqliyyat dəhlizi kimi istifadə edənlər həmin torpaq sahiblərinə mütləq haqq verməli idilər. Burada tətbiq olunan əsas ölçü vahidi kimi mülkədarın  torpağından-yolundan istifadə edənin yüklə dolu arabalarının sayı nəzərə alınırdı. Məhz bu səbəbə görə də hər bir tacir çalışırdı ki, istifadə etdiyi arabalara mümkün olduğundan çox satlıq mal-əşya yükləsinlər. Tacirlər tərəfindən işlədilən bu fəndgirlik onlara qarşı tətbiq olunan vergi yükünün azaldılması formalarından biri sayılırdı, lakin həmin dövrdə yolların bərbad olması və əsas nəqliyyat növlərinin məhdudluğu, çox saylı yüklərin daşınması üçün yolların əsasən qeyri-qənaətbəxş olması üzündən arabalarda daşınan yüklərin müəyyən hissəsi yerə düşərək itirdi. Bunu nəzərə alan torpaq sahibləri bir tərəfli qaydada qəbul olunmuş qərara əsasən arabalardan düşən bütün yükləri ələ keçirir və həmin yüklər torpaq sahibinin istəyinə uyğun olaraq mənimsənilməklə, onların daha da varlanmalarına imkan yaradırdı. Əlbəttə bütün bunlar tarixi həqiqətlər olmaqla uzaq keçmişdə əsasən hansı vergi növlərinin və formalarının tətbiq olunduğunu göstərir. Yaşadığımız indiki dövrdə də müxtəlif ölkələrdə ilk baxışdan çox qəribə də olsa onlara bənzər vergiyə cəlb etmə formalarından istifadə olunur. Rusiya Federasiyasında müxtəlif hüquqi və fiziki şəxslərə tətbiq olunacaq vergi dərəcəsinin artırılması haqqında məlumatı əldə edən yerli varlılar müxtəlif fəndlərdən istifadə edərək kapitallarını az-çox tanınan ofşor zonalarda yerləşən banklarda olan hesablarına köçürməklə gizlədirlər. Çünki göstərilən bankların fəaliyyətinə hər hansı bir formada müdaxilə etmək Rusiya Federasiyasının səlahiyyətlərinə aid edilmir. Bu da bir həqiqətdir ki, ölkə miqyasında həyata keçirilən vergi qanunvericiliyi aktlarının tələblərini yerinə yetirməmək istiqamətində bəzi üzdəniraq işbazlar, sahibkarlar müxtəlif istehsal, iş və xidmət sahələrində qüvvədə olan ictimai, iqtisadi və sosial qanunlara zidd olan fəndlərdən istifadə etməklə çox böyük miqdarda kapital toplamış şəxslər vergi yükünü ödəmək əvəzinə növbəti dəfə ölkədən  qaçmaqla, külli miqdarda kapitalın çıxarılmasına şərait yaradırlar. Belə bir vəziyyətdən hələlik yeganə çıxış yolu böyük kapital sahiblərinə tətbiq olunan vergi dərəcələrini artırmaq əvəzinə güzəştli vergiyə cəlb olunma formalarının tətbiqi məqsədəuyğun sayıla bilər. Bunun üçün dövlətin yüksək səviyyəli idarəetmə qurumlarında vergi qanunvericilik aktlarının hazırlanması və qəbulunda yerli sərmayədarların maraqlarını təmin edən vergi güzəştlərinin tətbiq olunması fiziki şəxslərə məxsus əsas kapitalın ölkədən çıxarılmasının qarşısının əhəmiyyətli dərəcədə alınmasına səbəb olacaqdır.

Rusiyanın  çarı  Birinci Pyotr ölkəsinin digər Avropa dövlətləri içərisində nüfuzunu qaldırmaq məqsədilə həyata keçirdiyi vergi siyasəti sahəsində yaşadığı dövrə və mühitə görə çox mütərəqqi adam kimi tanınmışdır. Belə ki, o, rusların xarici görkəmlərini digər Avropa dövlətlərində yaşayan xalqların səviyyəsinə çatdırmaq məqsədilə, Birinci Pyotr ölkəsində saqqal saxlayan hər bir Rusiya vətəndaşı onun əmrindən boyun qaçırdığı üçün dövlət xəzinəsinə müəyyən məbləğdə təzminat verməyə borclu idi. Həmin ödənişi yerinə yetirmiş şəxs yerli idarəetmə qurumu tərəfindən xüsusi olaraq hazırlanmış və üzərində “Pul alınmışdır”-digər tərəfində isə-“Saqqal artıq əzabdır” sözləri yazılan xüsusi dəmir jetonunun sahibi olurdular. Həmin dövrdə Rusiyada yaşayan digər vətəndaşlar isə sosial vəziyyətlərindən asılı olaraq əgər təmizliyi sevərək evlərində xüsusi hamam binasını tikdirməklə yüksək sosial şəraitə malik istəyinə görə onlardan ildə 15 qəpikdən 3 manata qədər vergi ödənilməsi tələb olunurdu, həmin məbləğ dövrünə görə çox yüksək sayılırdı.

Daha bir vergi növü 1926-cı ildə Tibetdə hökmdarın göstərişi ilə əhalidən ordunun saxlanması üçün onlara tabe olan sıravi vətəndaşlardan ALLAH tərəfindən onlara verilmiş və həyat üçün zəruri bədən üzvi sayılan qulaqlara görə xeyli miqdarda pul vəsaiti yığılırdı. Burada yalnız döyüş vaxtı hər iki qulağını itirmiş döyüşçülərə 50 faiz miqdarında vergi güzəştlərinə icazə verilirdi.

Dünyada inkişaf etmiş vergi qurumu ilə fərqlənən Amerika Birləşmiş Ştatlarında əyalət prinsipləri əsasında yerli və iqtisadi ərazilər üzrə aparılan biznes fəaliyyəti daimi vergi ödəyicisi obyekti kimi qəbul edilmişdir.Bununla yanaşı Birləşmiş Ştatlarda sərt və güclü vergi inzibatçılığı qaydaları da tətbiq olunur. Belə ki, ölkə vətəndaşları qanunla müəyyən olunmuş müddət ərzində hansı ölkədə yaşayırsa yaşasın o, mütləq əldə etdiyi qazancdan federal büdcəyə müəyyən olunmuş məbləği ödəməlidirlər.Hər bir ABŞ vətəndaşı öz ölkəsindən kənarda bank hesabı açdıqda həmin bank təşkilatı bu haqda Birləşmiş Ştatların baş vergi departamentinin tələb olunan formada lazımi məlumatla xəbərdar edir.

Yeni iqtisadi münasibətlər qurumunda və qlobal iqtisadiyyat şəraitində vergilərin kəmiyyətinin süni surətdə artırılması həmişə vergi ödəyicilərinin maraqlarına zidd sayıldığından həmin vergini ödəməmək üçün müxtəlif fırıldaqlardan-kələklərdən istifadə etməyə vergi ödəyiciləri həmişə ciddi maraq göstərirlər. Məsələn, Fransanın ən varlı adamı sayılan B.Arno növbəti dəfə vergi dərəcəsinin artırılması xəbərini eşidən kimi öz ölkəsindən Belçikaya köçməklə ona qarşı tətbiq ediləcək vergi ödənişindən yayınmışdır. Daha bir fransız kinoartisti Jerar Depardye öz ölkəsində kifayət qədər var-dövlət qazanmasına baxmayaraq əldə etdiyi mənfəətə görə müvafiq vergi məbləğini ödəməmək məqsədilə Rusiya prezidentindən siyasi sığınacaq istəmiş və onun bu arzusu təmin olunmuşdur.

Bu amil əsasən müxtəlif mənbələr hesabına ölkə vətəndaşlarının bir qrupunun müxtəlif üsullardan istifadə etməklə şəxsi maliyyə vəsaitlərini artırmasına şərait yaratmışdır. Həmin vətəndaşlar istifadəsiz qalan  pullarını əhali üçün bir o qədər də cəlbedici olmayan sahələrə sərf etməklə gəlirlərini artırmağa daha çox üstünlük verirlər. Belə ki, ölkənin maliyyə sərvətlərinin bir hissəsini ələ keçirmiş həmin şəxslər respublikadan kənarda fəaliyyət göstərən müxtəlif təyinatlı idman klublarının və ya həmin adamlar şəxsi nüfuz dairəsini süni yollarla genişləndirmək məqsədilə xarici ərazilərdə çox bahalı daşınar və daşınmaz əmlak almaqla ölkədən küllü miqdarda maliyyə vəsaitlərinin çıxarılmasına səbəb olurlar.Varlı şəxslərin vətəndaşı olduğu ölkədə yaşadıqları müddətdə müxtəlif yollarla mənimsədikləri həmin maliyyə vəsaitləri hesabına  digər ölkələrin ərazisində təşkil etdikləri fəaliyyət sahələrindən əldə etdikləri qazanca görə ilk vətəndaşı olduğu ölkənin büdcəsinə qanuni surətdə vergi yükü formasında müvafiq maliyyə-pul vəsaitini bir vətəndaş olaraq vicdanla ödəməlidir. Əgər həmin şəxslər tərəfindən belə sadə və şüurlu yanaşma müntəzəm surətdə yerinə yetirilmirsə, o zaman dövlətlərarası hüquqi razılaşmaları əsas götürməklə həmin şəxslərin əldə etdikləri gəlirlərin bir hissəsi məcburi şəkildə dövlət büdcəsinin tərkibinə köçürülməsi mütləq surətdə təmin edilməlidir. Demokratik prinsiplərə dönmədən əməl etməklə hər bir vergi ödəyicisi tərəfindən qeyd olunan qaydalara müntəzəm surətdə əməl edən və müvəqqəti olaraq xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarına dövlət dəstəyi göstərilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən respublika vətəndaşlarına dövlət dəstəyi olaraq müəyyən dövr ərzində onların vergi ödəmələrinin faiz dərəcələrini müvəqqəti olaraq nisbi qaydada aşağı salmağın özü də tamamilə məqsədəuyğun sayılmaqla vergi ödəmələrinin hüquqi bazasını möhkəmləndirməsi istiqamətində çox böyük funksiyaları yerinə yetirməyə şərait yaradacaqdır.

Məsələn, vaxtilə respublikanın Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində anadan olmuş və uzun illər orada yaşamış Zarax İliyev, Qod Nisanov, Telman İsmayılov və digər həmyerlilərimiz Vahid Ələkbərov tərəfindən xarici ölkələrdə qazanılmış  məcmu gəlirlərindən həmin qanunvericilik aktlarının tələblərini nəzərə alaraq vergiyə cəlb olunma qaydalarına riayət etmələri xarici ölkələrdə daimi  və müvəqqəti fəaliyyət göstərən minlərlə soydaşlarımıza -  vergi ödəyicilərinə hüquqi vətənpərvərlik sahəsində birbaşa təsir göstərmiş olacaqdır.

Bazar münasibətləri təşəkkül tapmış ölkələrin iqtisadiyyatının kifayət qədər inkişaf etməsinə geniş imkanlar yaratmaqla yanaşı beynəlxalq əlaqələrdə davamlı tərəfdaşlıq meyllərinin genişlənməsinə imkan yaratmışdır. Müasir sabit iqtisadi inkişafa malik ölkələrlə bütün sahələri əhatə edən daimi əlaqələrin qurulmasında ilkin tələblərdən biri kimi həmin dövlətin digər dünya dövlətləri ilə müqayisədə iqtisadi cəhətdən daha güclü inkişaf strategiyasına malik olmasıdır. Eyni zamanda həmin ərazilərdə yaşayan  əhalinin həyat tərzinin minimum səviyyəsinin davamlı  sürətdə yüksəldilməsi və idarəetmə qurumları tərəfindən aparıcı dövlətlərlə ölkə üçün əlverişli və tam hüquqlu iqtisadi-siyasi tərəfdaşlığın həyata keçirilməsinin məqsədyönlüyünü təmin etməklə bərabər həm də iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Sabit iqtisadi inkişaf yönümlü ölkələrin həm məhsuldar qüvvələrinin və ona müvafiq olan istehsal münasibətləri, həm də əhalinin artmaqda olan təlabatlarının dövlət idarəetmə qurumları vasitəsilə tənzimlənməsi büdcə  gəlirlərinin daim artırılması istiqamətlərinin genişləndirilməsini tələb edir. İstənilən ölkənin dövlət büdcəsinin kifayət qədər dayanıqlı olması orada toplanan maliyyə vəsaitlərinin həcminin ardıcıl surətdə artırılmasında əsas yeri həmin vəsaitlərin daxil olma mənbələrindən çox, onların toplanma üsulları və vergiyə cəlb olunma formaları tutur. Tarixən müxtəlif dövlətlərin yaranması və onların iqtisadi  fəaliyyətinin təşkili və idarə edilməsi üçün tələb olunan  maliyyə  vəsaitlərinin əldə edilməsi mühüm problemlərdən biri olmaqla hakimiyyət qurumlarını vergilərin kəmiyyətinin artırılması müxtəlif üsullardan istifadə etməyə məcbur edirdi. Güclü dövlət hakimiyyətinin təsir dairəsinin genişləndirilməsi və digər ərazilər hesabına xəzinəyə qanuni və ya zor tətbiq etməklə külli miqdarda vəsaitlərin toplanması zaman keçdikcə istər formaca, istərsə də mahiyyətcə  dəyişmək zərurəti ilə üzləşməli olmuşdur. Məhz bu istiqamətdə bütün dövrlərdə hakimiyyət qurumları tərəfindən ölkənin xəzinəsinə daha çox maliyyənin cəlb olunması formalarından biri kimi müxtəlif üsullardan istifadə edərək əhalinin böyük əksəriyyətini vergi ödəyicilərinə çevirmək iddiaları həmişə mövcud olmuşdur və bu gündə vardır.

Dövlət quruculuğu üçün əsas vasitə olan sərvət bolluğu və onun artırılması  vasitələrindən biri olan vergi-vergiyə cəlbetmə mexanizmi özünün cazibədarlığı ilə  hakim dairələrin güc mexanizmindən istifadə etməklə yeni-yeni vergi ödəmələrinin tətbiqinə sövq edir.Tarixin bütün təkamül mərhələlərində hər bir hakim sinif onun maraq və tələblərinə cavab verən vergi dərəcələrini tətbiq etməklə  tabeliyində olanlardan istənilən kəmiyyətdə maddi-pul vəsaitlərinin toplanmasında daim israrlı  olmuşdur. Əfsuslar olsun ki, nəzəri cəhətdən daha çox inkişaf etmiş bəzi ölkələrdə son yüzilliklərdə belə, dövlət xərclərinin ödənilməsi istiqamətində vergi yığımları nəinki azaldılmış, hətta onların mahiyyəti saxlanılmaqla əsas toplanma formaları müasirlik pərdəsi altında yeni-yeni üsullarla təzələnmişdir. Vergi ödəmələri adı altında aparılan bütün bu kimi tədbirlərin həyata keçirilməsindən əsas məqsəd fiziki və hüquqi şəxslərdən qeyri-qanuni yollarla daha çox pul yığmaqdır. Dünya ölkələrində əhali tərəfindən daha geniş istehlak olunan əmtəələrə tətbiq olunan vergilərdə müəyyən dərəcədə dövlətin iqtisadi maraqlarının təminatçısı kimi görünsə də əslində istehsal inhisarçılığının təmin edilməsi məqsədini daşıyır. Belə ki, dünyanın əksər ölkələrində gömrük rüsumları eyni qaydalar çərçivəsində və bir pəncərə prinsiplərinə uyğun  aparılsa da, bəzi inkişaf etmiş ölkələrdə əhalinin nisbətən daha geniş maraq göstərdikləri sənaye və ərzaq mallarına aksizlər formasında vergilər tətbiq olunur. Böyük Britaniyada və Almaniyada qənd, çay, kofe məhsullarına, Fransa, Almaniya, İngiltərədə avtomobil yanacağına, Yaponiyada isə yerli əhalinin ən çox istifadə etdiyi düyüdən hazırlanmış spirtli içkiyə yüksək aksiz vergiləri tətbiq olunur. Amerika Birləşmiş Ştatlarında isə bütün və spirtli içkiləri istehsal edən müəssisələr deyil, həmçinin onu reallaşdıran ticarət bölmələri də vergi ödəyiciləri kimi qeydiyyata alınırlar.Daha bir vergi forması kimi  Yaponiyada fiziki və hüquqi şəxslərə tətbiq olunan hava vergisi mahiyyət etibarı ilə insanların sağlamlığının qorunması məqsədilə tətbiq olunur. Dövlət qurumlarının yerinə əsasən əhalinin güclü axını müşahidə edilən ərazilərdə havanın təmizliyini sabit saxlamaq üçün əlavə texniki-texnoloji, maşın və mexanizmlərin istismar olunma xərclərinin bir hissəsini əhalinin hesabına ödənilməsi vergiyə cəlbolunma üsulları içərisində önəmli sayılır.

 

ADİU-nun dosenti, i.e.n. R.Ə. İsgəndərov

ADİU-nun dosenti, i.e.n.,  X.M. Yahudov