Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qanundan böyük şah yoxdur

2 iyul 2013-cü il tarixdə qəbul edilən və 01 mart 2014-cü il tarixdə qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə sahibkarların işini asanlaşdıracağı düşünülsə də, Prezident İlham Əliyevin son vaxtlar sahibkarlıq sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər bu məsələnin heç də tam şəkildə öz həllini tapmadığını göstərdi. Təbii olaraq, prezidentin qərar və çıxışları cəmiyyət, xüsusilə sahibkarlar tərəfindən də rəğbətlə qarşılandı və bir daha sahibkarlara dövlət dəstəyinin bariz nümunəsinə çevrildi.

Ölkədə sahibkarlığın inkişafı, son dövrlərdə bu sahədə nəzərə çarpan problemlər və bunlara dövlətin nəzarət mexanizmi ilə bağlı uzun illər qərarverici dövlət qurumlarında, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində məsul vəzifələrdə çalışmış Cahangir Qocayevin fikirlərini aldıq.  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri qəzetimizə müsahibəsində bir çox məsələlərə toxundu.  

- Son zamanlar prezident İlham Əliyevin sahibkarlıq sahəsində bir-birinin ardınca verdiyi qərarlar onlara göstərilən dövlət qayğısı və diqqətinin nəticəsi olmaqla, sahibkarlar tərəfindən də etimadla qarşılandı. Bu barədə düçüncələriniz.

- Hesab edirəm ki, bu, çox gərəkli və lazımlı addım olaraq cəmiyyətin inkişafı üçün çox yaxşı nəticələr verə bilən bir tədbir kimi hələ uzun illər bizim yaddaşımızda yaşayacaq. Digər tərəfdən gələcək inkişafın bəzi parametrləri də verilən qərarların icrası zamanı meydana çıxan bu və ya digər amillərin nəzərə alınmasına şərait yaradacaq. Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, cənab prezident ölkə iqtisadiyyatının əsasını təşkil edən sahibkarlığın indiki məqamda ali siyasi iradəyə ehtiyacı olduğunu çox ustalıqla hiss etdi və çox doğru addımlar atdı. Bu isə ümumi mənada ölkəmizin hər bir sahədə inkişafı baxımından əhəmiyyətli addımlardandır.

 - Sahibkarlıq ölkə iqtisadiyyatının inkişafı baxımından əsas sahələrdəndir. Sizcə, ölkə iqtisadiyyatının inkişafında mühüm rolu olan bu sahəyə prezident müdaxiləsindən əvvəl diqqətsiz və daha çox sahibkarları sıxışdırmağa yönəldilmiş münasibət nə ilə əlaqədar idi?

- Bir mütəxəssis, ziyalı, ağsaqqal kimi məni narahat edən əsas məsələ bu problemləri təkcə cənab prezident dedikdən sonra icra etməyə qoşulan adamların niyə indiyədək susmaları, bu problemləri araşdırmamaları, həllini ortalığa qoymamaqlarıdır. Əvvəla qeyd edim ki, bu sahədə bir sıra nöqsanlar vardı ki, onlar da son nəticədə korrupsiyaya yol açırdı.  Onlardan biri də elə  kimə gəldi lisenziya vermək idi. Cənab prezident bu məsələni çox düzgün olaraq qaldırdı. Vaxtilə lisenziya bir dəb kimi düşmüşdü. Hamı öz fəaliyyətində lisenziya verməyi o tənzimləmənin əsas amili kimi ortalığa qoyur, lisenziya verilən fəaliyyət siyahısına öz nazirliklərinin, komitələrinin, idarəetmə qurumlarının adının yazılmasını təkid edir və buna nail olurdular. Burada ilk olaraq təcrübənin az olması bu işə çox böyük rəvac verdi. Sözün həqiqi mənasında. Amma illər göstərdi ki, cənab prezidentin də dediyi kimi, lisenziyalar bəzi adamların dolanışıq yerinə çevrilmişdi. Yəni, o, heç də sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə xidmət etmirdi. Digər tərəfdən lisenziyaların verilməsi həm də sahibkarların maliyyə durumuna da mənfi təsir edirdi. Şəxsən mənim fikirləşdiyim əsas cəhət odur ki, cənab prezidentin qəbul etdiyi qərarlar sahibkarlarda özünə inamı artırdı. Bundan sonra sahibkarlarda özünə əminliklə yanaşı, ruh yüksəkliyi də yaranacaq. İdarəçilikdə, ümumiyyətlə fəaliyyətdə ruh  yüksəkliyinin, inamın çox olması həmişə qələbə və inkişafa aparır. O, baxımdan da hesab edirəm ki, cənab prezidentin atdığı addımlar çox müsbət nəticələr verəcək.

 - Qeyd edilən sahədə lisenziyadan başqa, daha hansı nöqsanlar vardı?

- Digər bir problem lüzumsuz yoxlamalardan ibarət idi. Hər təşkilat müəyyən mənada özünün varlığını təsdiq və sübut etmək üçün öz əsasnaməsində bir yoxlama cədvəli müəyyən etmişdi. Amma, təəssüflər ki, bu yoxlamaların çoxunun bir nəticəsi olmurdu. Əksinə, bu yoxlamalar davam etdikcə vəziyyət bir az da tündləşirdi. Bir neçə dəfə qeyd etmişəm, yenə demək istəyirəm. Məsələn, deyirlər ki, toyuq ətindən dönər olmaz, amma hər yerdə toyuq dönəri satılır. Baxmayaraq ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi bu məsələyə nəzarət edir. Təəssüf ki, bu nəzarətlərin çoxu elə “haqq almaq”la yola verilir. Yoxlamalar da nə qədər tez olursa, nöqsanlar da o tezliklə təkrarlanır, bir az da dərinləşir. Yoxlamaya gələnlər adətən sahibkara heç bir kömək etmir, sadəcə “səni araşdırsam, səndə çox nöqsan taparam” deyib “haqqını” alıb gedirlər. Bu isə cəmiyyətdə çox pis vəziyyət yaradır. Öz növbəsində də bu cəmiyyətlə haramla halalın bir-birinə qarışmasına şərait yaradır. Belə vəziyyətin aradan qaldırılması bizim cəmiyyətin mənəvi-əxlaqi durumundan da asılıdır. Burada isə sadəcə dövlət dəstəyi deyil, cəmiyyətin aktivliyi də vacibdir. Çünki cəmiyyətin maarifləndirilməsi ictimai nəzarəti də gücləndirir. Bu istiqamətdə KİV xüsusi yazılar, verilişlər hazırlamalıdır ki, cəmiyyət sadəcə maariflənməsin, həm də cəsarətlənsin. Bəziləri düşünür ki, oliqarxların onsuz da öhdəsindən gəlmək mümkün deyil. Amma prezident son çıxışı ilə göstərdi ki, qanundan böyük şah yoxdur.

- Siz lisenziya və yoxlamların əsas olaraq korrupsiya hallarına yol açdığını qeyd etdiniz. Bəs, korrupsiyanın yaranmasının əsas səbəblərini nədə görürsünüz?

- Korrupsiyalar bəzən çox maskalanmış formada həyata keçirilir. Hələ 1994-cü ildə podrat müsabiqələrinin tenderlə icrası haqqında Nazirlər Kabinetinin qərarı vardı. O qəraraları mən şəxsən əlimlə yazmışdım. Tender haqqında qanunu hazırlayan işçi qrupunun da  üzvü olmuşam. Hazırda isə tenderdən bir maska kimi istifadə olunur. Tender adı altında qeyd edilən işləri bir çoxları, hətta dövlət qurumları öz tanış və yaxın adamlarına ötürürlər. Bu isə çox böyük həcmli korrupsiya sisteminin yaranmasına səbəb olur. Eyni zamanda, çox vaxt yeni müdaxilələrə gətirib çıxarır. Bununla təkcə korrupsiya çiçəklənmir, həm də göstərilən xidmətlərin keyfiyyəti sıfıra yaxınlaşır. Buna görə tender haqqında qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. Bununla biz işlərin əsas peşəkarlara verilməsinə və həm peşəkarlığın, həm də sahibkarlığın inkişafına nail olacağıq. Əgər biz işin ən yaxşı icraçısını biliriksə, elə işi də əvvəlcədən müqavilə ilə ona vermək daha məsləhətlidir. Tenderə konkret standart və normları məlum olmayan nəyisə çıxarmaq daha düzgündür. Bəzən hər hansı ofisə mebel almaq üçün tender elan edilir. Təbii ki, bu, çox gülüncdür. Hazırda tenderlərin çoxunda layihənin kimə və ya hansı təşkilata veriləcəyi öncədən məlum olur və o müsabiqə sırf formal xarakter daşıyır.

 - Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğunun bu sahədə əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratması nəzərə alınaraq onların azaldıması ilə bağlı fərmanı bu sahədə hansısa sui-istifadə hallarına yol aça bilərmi?

- Bu məsələni öz çalışdığım tikinti sahəsinin timsalında qeyd etmək istərdim. Mən o sahədə lisenziya məsələsi ortaya çıxanda da onun əleyhinə olmuşam. Bu gün də əleyhinəyəm. Çünki layihəçilik, memarlıq əsasən yaradıcılıq sahəsidir. Burada da o, müəyyən standart normalara uyğun olur. Hər bir layihə də ekspertizaya təqdim edilir və ekspertizadan keçməzsə, o layihə reallaşmır. Bundan sonra isə o, niyə lisenziya almalıdır? Eyni zamanda, bu, tikintiyə də aiddir. Yəni tikinti ekspertizadan keçmiş layihə əsasında tikilibsə, layihə müəllifinin nəzarətindədirsə, sifarişçinin texniki və dövlət nəzarəti mövcuddursa və o keyfiyyətsiz məhsullardan tikildiyində sökdürüb yenidən tikdirə biliriksə, podratçı təşkilatlara biz niyə lisenziya verməliyik?! Yəni, bunlar lisenziyaya ehtiyac yaratmır və sahibkarlığın əlini-qolunu bağlayır, həmçinin beynəlxalq bazara çıxışın qarşısını alır.

 - Bəs, layihələndirmə və tikinti sahəsinə lisenziyaların ləğvi qanunsuz tikililərin sayının artmasına təkan verməzmi?

- Əksinə, mən tikinti və layihələndirməyə lisenziyanın ləğvinin tərəfdarıyam. Çünki bunların ləğvi sui-istifadə hallarının qarşısını alacaq. Adətən, sahibkarlar öz imiclərini düşünürlər. Hər sahibkar öz imicini formalaşdırmağa, brendə çevrilməyə çalışır. Heç bir sahibkar istəməz ki, öz imicini aşağı salan hallar yaşansın. Bu, ictimai nəzarətin və özünə nəzarətin güclənməsinə də təkan verəcək. Ümumiyyətlə, ekspertizadan keçməyən layihənin icrasına yol verilmir. Bu isə lisenziyalara ehtiyacın olmadığını göstərir. Bir məsələ də var ki, icra hakimiyyəti təqdim olunan layihələrə baxır, bəzən ordakı binaların üstündən xətt çəkir ki, bura həmin tikinti üçün uyğun deyil. Hazırda şəhərimizin də özündə bəzi uyğunsuz tikililər var. Təbii ki, bunlar da korrupsiya hallarının nəticələridir. Düşünürəm ki, tezliklə bu məsələ də gündəmə gələcək və onların da sökülməsi üçün tədbirlər görüləcək.

- Sizcə, daha hansı sahələrdə lisenziyalar gərəksizdir?

- Həqiqətən, bəzən heç icazəyə ehtiyacı olmayan işlər də lisenziyaya cəlb olunur. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyi zibil daşınması üçün lisenziyanı ləğv etdi. Təbii ki, bu sahədə lisenziyaya heç bir ehtiyac yoxdur. Bu, başqa sahələrə də aiddir. Dövlət büdcəsinə vergi ödəyən, öz nəqliyyat vasitəsi ilə fəaliyyət göstərən bir şəxs taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almalı idi. Əgər bu insan dövlətdən iş yeri istəmirsə, heç bir əmək haqqı tələb etmirsə, öz ailəsini dolandıra bilirsə, dövlətə bu və ya digər dərəcədə yardım eləyirsə, onların lisenziya almağına ümumiyyətlə ehtiyac yoxdur. Əgər onun əlində sürücülük vəsiqəsi varsa, sürücülüklə məşğul ola bilirsə, öz ailəsini daşıyırsa, o başqa adamları da daşıya bilər. İndi hər kəsin, o cümlədən professorun da sürücülük vəsiqəsi var, o da yanında öz ailəsini daşıyır. Əgər lisenziya məsələsi burada təhlükəsizlik nöqteyi-nəzərindəndirsə, onda gərək biz heç kimə sürücülük vəsiqəsi verməyək. Burdan da belə nəticəyə gəlmək olar ki, cənab prezidentin dediyi kimi, bu lisenziyalar elə müəyyən mənada korrupsiyaya meyilli insanların fəaliyyəti üçün münbit şərait yaratmaqdan ötrü olub.

 - Ümumiyyətlə, ölkədə korrupsiya hallarının qarşısının alınması və iqtisadiyyatın inkişafı baxımından nə kimi təklifləriniz var?

- İdarəetmə strukturlarında dağınıqlıq özünü göstərir. Məsələn, energetika ilə bağlı Azəriqaz, SOCAR, Azərişıq, Azərenerji, Azəristilik kimi təşkilatlar var. Bunların hamsını bir nazirlikdə birləşdirmək daha məqsədəuyğundur. Biz xırda-xırda qurumlar yaratmaqla cırtdan idarəçilik sisteminə rəvac veririk. Əslində, biz inkişafımızın elə mərhələsindəyik ki, idarəçiliyimiz də sanballı olmalıdır, güclər birləşməlidir. Bir məsələ üçün üç qurumda iş aparmaqdansa, onları birləşdirib bir qurumda araşdırma aparmaq daha yaxşı olardı. İnsan əməyi daha çox mexaniki əməklə əvəz olunmalıdır. Bizdə işıqforlar bəzən işləmir, yerinə yol polisinin əməyindən istifadə olunur. Bütün bunların tənzimlənməsinə ehtiyac var.

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Bir müddət əvvəl prezident İ.Əliyev  Dostluq parkının yanındakı villa və malikənələri sökdürdü. Orada qeyd etdi ki, bir çoxları əraziləri hasarlayıb, istifadəsiz saxlayırlar. Vaxtı gələcək və mən onların adlarını da açıqlayacam. Bəzən yaşıllıqları da hasara alırlar, halbuki bunlar heç də sadə vətəndaşlar deyil və prezidentin həyata keçirdiyi tədbirlərdən sonra da özləri heç bir tədbir görmədilər. Prezidentin son vaxtlar qeyd etdiyi məsələlər hamının bildiyi nöqsanların ona da məlum olduğunu göstərdi. Əlbəttə, hər kəs öz nöqsanlarını çox yaxşı bilir. Düşünürəm ki, fəaliyyətində qüsur olan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən  şəxslər işdən uzaqlaşdırma və ya həbs qətiimkan tədbirlərini gözləmədən istefa mədəniyyəti nümayiş etdirməlidirlər. 

 

Müsahibəni apardı:

Mətanət Hüseynova