Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İsmayıllıda qədim el sənətini yaşadan müəssisə

Son illər həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə yüngül sənayenin inkişafında mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004 –2008-ci illər)” Azərbaycan Respublikasının regionlarında yüngül sənayenin inkişafı üzrə önəmli tədbirlər nəzərdə tutulmuş və bu tədbirlər icra edilmişdir. Proqramın icrası toxuculuq və tikiş sənayesinin inkişafına müsbət təsir göstərmişdir. Proqramın icrası nəticəsində regionlarda çoxsaylı sənaye müəssisələri fəaliyyətə başlamış, bəzi sənaye müəssisələrinin fəaliyyəti yenidən qurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na regionlarda yüngül sənayenin inkişafı ilə bağlı önəmli tədbirlər daxil edilmişdir. 2011-ci ildə toxuculuq sənayesi məhsulları istehsalı 8.4 faiz, geyim istehsalı 57.2 faiz artmışdır.

Ötən il Azərbaycanda dəri və dəri məmulatlarının istehsal həcmi 21 milyon 300 min manat, toxuculuq məhsullarının həcmi 51 milyon manat, geyim istehsalının həcmi isə 40 milyon manat təşkil edib.  Emal bölməsində geyim istehsalında 65 faiz, toxuculuq sənayesi məhsullarının istehsalında isə 6,7 faiz artım olub.

Hazırda sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu mərhələnin başlanğıcı olaraq Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” elan edilmişdir. Sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycan regionlarının güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanmışdır.        

   Azərbaycanda yüngül sənayenin inkişafı qədim vaxtlardan məlumdur.  Ölkəmizdə yüngül sənaye toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir.  Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələr əsasən Bakı, Sumqayıt, Gəncə, Şəki, Yevlax, Xankəndi şəhərlərində, həmçinin, Ordubad inzibati rayonunda fəaliyyət göstərmişdir. Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Azərbaycanda xalçaçılığın tarixi XIII əsrə təsadüf etsə də, zaman keçdikcə bu sahə incəsənətin ən mühüm növlərindən birinə çevrilmişdir.

    İsmayıllı rayonunda xalçaçılıqdan şöz düşəndə, ilk növbədə, Lahıcın, Təzəkəndin, Qalacığın adı çəkilir. Amma rayonun özündə də adlı-sanlı xalçaçılar, xalçaçı-rəssamlar çoxdur. İsmayıllıda ilk qadın iş adamı  və xalçaçılıq üzrə sənətkar - Ruhiyyə Süleymanova bu qədim el sənətini yaşatmaq məqsədilə rayonun adlı-sanlı xalçaçılarını dəvət edərək, “Xoşbəxt–X” kiçik müəssisəsi yaratmışdır.  Peşəsinin vurğunu olan bu xanım bizə çox böyük həvəslə öz işindən danışdı. Ona ilk sualım belə oldu:

- Ruhiyyə xanım, necə oldu ki, özünüz təşəbbüs göstərərək, bu qədim sənəti yaşatmaq, dirçəltmək məqsədilə müəssisə yaratdınız?

- Xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Xalçaçılıq kənd evlərində yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalça insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hissləri aşılayır. Mən rayonun tanınmış xalçaçılarını, öz peşələrini sevən qadınları bir araya yığaraq bu müəssisəni yaratmaq qərarına gəldim. Artıq 20 ildir ki, bu işlə məşğul oluram.  1995-ci ildə yaranmış “Xoşbəxt–X” kiçik müəssisəsinin məhsullarına bu gün də istər Azərbaycanda, istərsə də, respublikamızdan kənarda böyük tələbat vardır. Mən qürurla deyə bilərəm ki, bizim müəssisənin xalçaları artıq dünyada böyük nüfuz qazanmışdır.
-  Müəssisə və onun məhsulları barədə nə deyə bilərsiz?

- “Xoşbəxt–X” kiçik müəssisəsində xalça toxunuşundan əlavə, iplər də hazırlanır, xalçaların toxunmasında istifadə olunan cəhrə ipləri elə sexdə rənglənir. Bəzən yerli iplər keyfiyyətinə görə müasir tələblərə cavab vermir. Buna görə də, İran və Türkiyə kimi xarici ölkələrdən iplər gətirilir. Müəssisədə “Köhnə Quba”, “Şirvan”, “Qazax”, “Heyratı”, “Pirəbədil”, “Xiləfsan”, “Xırdagül”, “Qollu-Çiçi”, “Ağgül”,  ipəkdən “Ümid”, “Xəzan”, “Sarıçiçək” və “Buta” xalça növləri toxunur.  Yun və ipəkdən toxuduğumuz xalçaların ölçüləri də müxtəlifdir. Burada müxtəlif ölçülərdə milli ornamentli xalçalar, portretlər, kilimlər, sumaxlar, palazlar və suvenirlər toxunur. Ən böyük xalçanın ölçüsü 70 kvadratmetrdir. Bir xalçanın toxunması 6 aydan 2 ilə qədər vaxt aparır. Bu müddət xalçanın naxışından, sıxlığından və ölçüsündən asılı olaraq dəyişir. Onu da qeyd edim ki, hazırda ipək xalçalara maraq artmaqdadır. Müəssisəmizdə toxunan məhsullar yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş turistlərin də diqqətini cəlb edir. Ancaq sexin fəaliyyətinin davamı üçün maddi amil də rol oynayır. Buna görə də, hazırda xalçaların çoxu sifarişlər əsasında hazırlanır.

-  Ruhiyyə xanım, müəssisənin işçi heyəti barədə də məlumat versəniz, oxuculara maraqlı olar. Gənclər arasında bu sənətə maraq varmı?

-  Müəssisəmizdə sifarişlərin sayından asılı olaraq 50-70 nəfər işçi iki növbədə çalışır. Sifariş artdıqca, yeni işçilər cəlb edirik.  İşçilər arasında ömrünün yarıdan çoxunu bu sənətə həsr etmiş yaşlı xalçaçılar da, bu sənətə həvəsi olan gənclər də vardır. Çalışırıq ki, bu peşənin sirlərini gənc nəslə layiqincə öyrədək ki, bu qədim sənət yaşasın, inkişaf etsin. Onu da qeyd etmək istəyirəm ki, bizim üçün xalça toxumaq təkçə pul qazanmaq yox, həm də xalçaçıların həyat tərzi deməkdir. Qedim el sənətinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün bu sənətin genclər tərəfindən davam etdirilməsinə ehtiyac var. 

-  Bəs toxunan xalçalar necə satılır?

-  Müəssisəmizin məmulatları Lahıc qəsəbəsində yerləşən xalça mağazasında alıcılara təklif olunur. Amma hazırda daha çox sifarişlərlə işləyirik. Bu da onu göstərir ki, bizim xalçalara həm yerli, həm də xarici bazarda tələbat ildən-ilə artır.
Onu da deyim ki, İsmayıllı xalçaları digər xalçalardan sıxlığı, rəng çalarları ilə seçilir. Xalçalarımızın zəngin rəng tonları var. Burada yaşayan xalçaçının təbiətin gözəlliyini yüksək ustalıqla xalçaya köçürməməsi mümkün deyil. Hər bir xalçaçı təbiətin əsrarəngiz rənglərini öz sənətinə, ilmələrə ötürür. İsmayıllı xalçalarında, əsasən, yaşıl və bu rəngin tonlarına üstünlük verilir. Xalçaçılar bu rənglərlə xalçalara təravət, bahar ətri gətirmək istəyirlər. Mən son olaraq onu da qeyd etmək istəyirəm ki, hazırda yayda Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunaları üçün suvenir xalçalar toxumaqla məşğuluq. Əminəm ki, İsmayıllı xalçaları dünyanın bir çox ölkələrində Azərbaycanın kiçik bir parçası kimi şöhrət qazanacaq.

İsmayıllıda olduğumuz müddətdə müəssisənin qabaqcıl xalçaçıları ilə də görüşdük. Onlardan adlı-sanlı xalça ustaları Şövkət Ağayeva, Sevinc Həşimova, Əsli Əliyeva, Aybəniz Paşayevanı göstərə bilərik. Xalça ustası Şövkət Ağayeva 1988-ci ildən xalça toxumaqla məşğuldur. Dediyinə görə, bu işindən böyük zövq alır, xalça toxumaq onun əsəblərini sakitləşdirir, rahatlıq gətirir.

Qocaman xalçaçı Aybəniz Paşayeva isə ömrünün 40 ilini bu sənətə həsr edib. Aybəniz xanım deyir: “Xalçaçılıq əsl qadına xas olan bir sənətdir. Mən öz sənətimi sevirəm, toxuduğum hər xalıya ürəyimi qoyuram, ona görə də, bu iş mənə zövq verir”. 
İsmayıllı rayon İcra hakimiyyətinin  mədəniyyət şöbəsindən aldığımız məlumata görə, ənənəvi və tarixi sənət sahələrinin inkişafı üçün şərait yaradılır. Uzun illər bu sahədə bir qədər boşluq olduğuna baxmayaraq, son illər bu qədim sənət sahəsinə diqqət artırılmışdır. Bir fakt da maraq doğurur, belə ki, xarici turistlər həmişə bizim yerli xalçalara maraq göstəriblər, uzaq-uzaq ellərdən gəlib Azərbaycan xalçalarını alıb aparıblar. Bizim yerli əhali isə əvvəllər xaricdən gətirilən xalçalara üstünlük verirdisə, hazırda öz milli, əl ilə toxunan xalçalarımıza da maraq göstərir.

Yazının ərsəyə gəlməsində mənə yardım edən bələdçim, “Xoşbəxt X” kiçik müəssisəsinin rəhbəri, öz peşəsinin vurğunu, xalça ustası Ruhiyyə xanım Süleymanovaya dərin minnətdarlığımı bildirirəm.

 Yeganə MƏMMƏDOVA