Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qabaqcıl texnologiyaların inkişafına töhfə - Sumqayıt Texnologiyalar Parkı

Sumqayıt əslində nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.

İlham ƏLİYEV

Azərbaycanda qeyri-neft sahəsinin inkişafı strateji vəzifə kimi qarşıya qoyulmuşdur. Ölkə hökuməti istehsal sektorunu hər cəhətdən işə salmağa, biznesə innovasiyalar tətbiq etmək arzusunu aşılamağa çalışır. İqtisadiyyatda həm birbaşa dövlət investisiyaları, həm də sahibkarların fəal işə stimullaşdırılması yeni vüsət alır. Buna parlaq misal kimi biznesin və dövlətin birgə səyi nəticəsində yaranmış unikal texnologiyalar parkını göstərmək olar.

Azərbaycan innovasiyalı iqtisadi vasitələri uğurla tətbiq etmək üçün real perspektivlərə malikdir. Bu innovasiyalı iqtisadi vasitələr iqtisadiyyatın bütün sektorlarının inkişafı və sosial-iqtisadi problemləri daha səmərəli həll etmək üçün əlavə vasitələrin meydana gəlməsi, onun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün stimul ola bilər.

Dünya təcrübəsi göstərir ki, texnoparkların və xüsusi iqtisadi zonaların yaradılması rəqabətqabiliyyətliliyi və inkişafın gələcək perspektivlərini artırır. Çin, Türkiyə, BƏƏ, Cənubi Koreya, Polşa və başqa ölkələr iqtisadi inkişaflarının müxtəlif dövrlərində xüsusi iqtisadi zonalar və texnoparklar yaratmaqla sahibkarlığın fəallığı, istehsal fəaliyyəti, elmi-texniki tədqiqatların səviyyəsini artırmağa nail olmuşlar ki, bu da bütövlükdə ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsinə müsbət təsir göstərmişdir.

Azərbaycanda 2009-cu ilin aprel ayında “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Qanun qəbul edilmişdir. Qanunun qəbul edilməsi və onun həyata keçirilməsi ilə ölkəmizin müxtəlif regionlarında innovasiya fəaliyyəti genişlənir, sosial-iqtisadi problemlərin həlli sürətlənir, regionlar və iqtisadiyyatın geridə qalan sahələri inkişaf edir, qeyri-neft sektorunun ixrac potensialı artır. Sənayenin inkişaf etdirilməsi məqsədilə hökumət sənaye şəhərcikləri yaradır. Belə ki, 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıtda və Bakı şəhərinin Balaxanı qəsəbəsində sənaye parklarının yaradılması haqqında iki sərəncam vermişdir. Sənaye şəhərciklərinin yaradılması “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf  Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Bu gün Azərbaycanda və regionda texnoparklara bariz nümunə Sumqayıt Texnologiyalar Parkıdır. Qeyd edək ki, Sumqayıt Böyük Vətən müharibəsindən sonra kimya və alüminium sənayesi mərkəzi kimi tikilirdi. Getdikcə bu şəhər respublikanın ikinci böyük şəhərinə çevrildi. 90-cı illərin əvvəllərində istehsalın tənəzzülü özünü Sumqayıt zavodlarında da göstərdi. Köhnə avadanlıq, yüksək ixtisaslı kadrların getməsi istehsalın bəzi sahələrini lazımsız etdi. Lakin son illər Sumqayıt sanki yenidən doğuldu. Alüminium zavodu işə düşdü, onun ardınca digər istehsal sahələrində iş canlandı. Çox qısa zaman kəsiyində regionda unikal istehsal kompleksi – Sumqayıt Texnologiyalar Parkı tikildi.

MDB məkanında analoqu olmayan layihə - Sumqayıt Texnologiyalar Parkı

XX əsrin 70-ci illərindən etibarən umummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bugünkü uğurlu iqtisadiyyatımızın inkişafının bünövrəsi qoyulmuşdur. Həmin siyasətin uğurlu davamçısı - Prezident İlham Əliyevin səy və bacarıqları nəticəsində bir çox iqtisadı islahatlar həyata keçirilmişdir və nəticədə fərdi sahibkarlar üçün çox əlverişli şərait yaradılmışdır ki, Sumqayıt Texnologiyalar Parkı (STP)  kimi nəhəng, çoxşaxəli və respublika sənayesini inkişaf etdirən müəssisə formalaşmışdır. Sumqayıt Texnologiyalar Parkı  regionda texnoparkların yaradılmasında pioner olmaqla, həm də məhsullarının fərqli çeşidləri ilə seçilən, regionda analoqu olmayan ixtisaslaşmış zavodlar kompleksidir.

Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtilə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir. STP nəinki istehsal sahələri və elektroenergetikanın digər sahələri üçün materiallar və mühüm avadanlıqlar buraxan sənaye mərkəzidir, həm də yüksək texnologiyaların, innovasiyalı mühəndisliyin geniş profili və ekoloji mərkəzidir.

STP 2009-cu ilin dekabrın 24-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilmişdir.

STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

​​Ümumi sahəsi 250 hektar olan sənaye tikililəri sahəsində yeni zavodların dizaynı və tikintisi davam edir.

STP-nin bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditasiyadan keçib; STP-də istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

Onu da qeyd edək ki, bu gün Sumqayıtda xarici ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş  müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına imkan yaradıb. Müasir texnologiyaların tətbiqi, eyni zamanda, tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə səbəb olur. 

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Texnologiyalar Parkının birinci növbəsi çərçivəsində tikilmiş obyektlərin açılış mərasimində demişdir: “Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Respublikasının artan iqtisadi qüdrətinin göstəricisidir”.

Hazırda STP-də Polimer Məmulatlar Zavodu, Kabel Zavodu, Alüminium və Mis Elektrotexniki Çubuqlar Zavodu, Elektrik Avadanlıqları Zavodu, Elektron Cihazlar Zavodu, Günəş Kollektorları və Boylerlər Zavodu, Maşınqayırma zavodu, Ağır Maşınqayırma Zavodu, Dəqiq Mexanika Zavodu, Press Zavodu, Qaynar Sinkləmə Zavodu, Texniki Qazlar Zavodu, Sendviç-Panellər Zavodu fəaliyyət göstərir.

Sumqayıt Texnologiyalar Parkının ən böyük və perspektivli müəssisələrindən biri Kabel Zavodudur. Burada  istehsal prosesi Avropa istehsalı olan yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçirilir. Zavodda yalnız dünyanın aparıcı təchizat şirkətlərinin istehsalı olan yüksək keyfiyyətli xammal və materiallardan istifadə edilir.

Bu zavodda istehsal olunan məhsullar sınaq labaratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Burada yerləşdirilmiş labaratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər çox yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur.

İstehsal prosesində bu sahədə böyük təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər çalışır. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi kabel məhsulları rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılmışdır.

Bütün bu kabel və naqillərin qeyri-alışqan, yanğına dayanıqlı, aşağı tüstü və qaz emissiyalı, halogensiz və s.  növləri var.

XXI əsrin zavodu adlandırılan Kabel Zavodu steril təmizliyi ilə seçilir. Zavodun istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçmiş və ISO 9001:2008, OHSAS 18000:2007 sertifikatları ilə təltif edilmişdir.

2012-ci ilin dekabr ayında zavod "Intercabel" Beynəlxalq Assosiasiyasına qəbul edilmişdir.

Kabel Zavodunun bir hissəsi kimi fəaliyyət göstərən Alüminium və Mis Çubuqları Zavodunun da adını qeyd etmək istərdik. Bu zavodun illik gücü 30,000 ton alüminium və 40,000 ton mis çubuqdur. Yerüstü elektrik xətləri üçün 1250 mm2-a qədər müxtəlif göstəricili naqil hazırlayan zavod 2012-ci ildə istismara verilib. Zavodda 91 unikal naqil bükmə avadanlığı quraşdırılıb. Bu zavodun gücü gün ərzində yerüstü xətlər üçün 80 ton naqildir.

Polimer Məmulatlar Zavodu Sumqayıt Texnologiyalar Parkının ikinci zavodudur. 2009-cu ilin dekabr ayından fəaliyyət göstərən bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb. Plastik borularla yanaşı, müxtəlif növ PE, PP qurğular, policarbonat lövhələr, PVC profilləri də istehsal edilir. Polimer Məmulatlar Zavodunda 80-dən artıq müxtəlif istehsal xətləri fəaliyyət göstərir.

Zavodda bütün istehsal prosesi Almaniya, Avstriya və İtalya istehsalı olan ən müasir texnoloji avadanlıqların köməyi ilə həyata keçirilir. Hazır məhsullar Danimarkadan gətirilmiş və yaxşı təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilir. Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Zavodun ümumi istehsal qabiliyyəti illik 250 000 tondan çoxdur.

STP-nin iri zavodlarından biri - Elektrik Avadanlıqları Zavodu ən müasir avadanlıqlarla təchiz edilmiş müəssisələrdən biridir. Burada innovativ texnologiyaların tətbiqi ilə Avropa standartlarına uyğun və müasir tələblərə cavab verən məhsullar istehsal olunur. İstehsal prosesi Almaniya və Finlandiyada istehsal olunmuş və proqramlaşdırılmış kompyuter sistemi ilə idarə olunan dəzgah və avadanlıqlarda icra olunur. Hazır məhsulların yekun testləri isə ABŞ istehsalı olan sınaq laboratoriyasında həyata keçirilir.

Ölkə prezidentinin apardığı uğurlu iqtisadi siyasət yeni istehsal sahələrinin yaranmasına səbəb olmuşdur. Belə istehsal sahələrindən biri də STP-nin Maşınqayırma zavodudur.

Zavodda tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları,habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar istehsal olunur.

Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən digər müəssisə - Ağır Maşınqayırma Zavodu 2011-ci ildən istifadəyə verilmişdir. Zavodda ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılmışdır.
Ağır Maşınqayırma Zavodu daxili bazarda rəqabətliliyin artırılması məqsədilə yaradılmışdır. AMZ-nin tərkibində olan istehsal sahələrindən biri kran təsərrüfatı sexidir. Kran təsərrüfatı sexi 2011-ci ildən fəaliyyət göstərir.

Zavodun kran təmiri və kran istehsalı kimi fəaliyyət sahələri vardır. Qeyd edək ki, Ağır Maşınqayırma Zavodunun illik istehsal gücü 120 000 tondur.

Sumqayıt Texnoloqiyalar Parkında yerləşən daha bir müəssisə - Press Zavodunun təməli 2010-cu il mayın 26-da qoyulmuş, 2011-ci ilin avqust ayında istismara verilmişdir. Press zavodu müasir tələblərə uyğun yüksək texnologiyalı xətlər və universal presləmə avadanlıqları ilə təchiz olunmuşdur.

Press zavodunda müxtəlif markalı hidravlik pres xətləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Respublikamızda analoqu olmayan hidravlik presinin köməyi ilə avtomobilqayırma sahəsində avtomobillərin müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür.

2012-ci ildən Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən Dəqiq Mexanika Zavodu mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı məqsədi ilə yaradılmış yeni tipli müəssisədir.

STP-nin digər müəssisəsi - Texniki Qazlar İstehsalı Zavodu burada yerləşən ən böyük istehsal vahidlərindən biridir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində bu zavod yüksək keyfiyyətli maye və qaz halında oksigen, azot, arqon və karbon dioksid istehsal etməyə başlamışdır.

Avropa standartlarına uyğunluq və ən son texnologiyalardan istifadə yerli və xarici bazar üçün yüksək keyfiyyətli məhsullar istehsal edilməsinə şərait yaradır.

Daha bir zavod - Sendviç Panelləri Zavodunun buraxdığı sendviç panelləri çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan montaj və sökmə qabiliyyəti, uzunömürlülüyü, suya yüksək müqaviməti, yanğına müqaviməti, səs izolyasiyası və korroziyaya davamlılıq kimi xüsusiyyətləri  ilə seçilir, demək olar ki,  bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam tikintisi üçün istifadə olunur.

Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz Qaynar Sinkləmə Zavodunun yaradılmasına zəmin yaratmışdır. Qaynar Sinkləmə Zavodu böyük həcmdə istehsal gücünə malikdir, belə ki, zavodun illik istehsal gücü 40000 tondur.

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. STP-nin ümumi sahəsi 250 hektardır və 17 müəssisəni birləşdirən nəhəng texnoparkın 4500-dən artıq işçisi vardır.

Texnoparkın icraçı direktoru Sahib Musayevdir. O, STP-nin bu günü barədə deyir: “Azərbaycanın hər yerində elektrik stansiyalarının, yarımstansiyaların tikildiyi, yüksək gərginlikli xətlərin çəkildiyi yerlərin hamısında  STP-nin istehsal etdiyi məhsullardan,  məmulatlardan istifadə olunur. Bizim Ağır Maşınqayırma zavodunun istehsal etdiyi müxtəlif markalı maşınları artıq yollarımızda görürsünüz. Həmin maşınların üstünə STP markası yazılıb. Dəmir Yolları zavodu isə Rusiya, Ukrayna ilə danışıqlar aparır. Bu zavod həmin respublikalar üçün vaqonlar istehsal edəcək. Artıq Sumqayıt Texnologiyalar Parkının zavodlarında istehsal olunan mallar xarici bazarlarda satışa çıxarılıb. Gürcüstana kabellər veririk. Qazaxıstana borular verəcəyik. Əfqanıstana borular satmağı palanlaşdırmışıq. Hindistana yüksək gərginlikli kabellər satacağıq. Bp şirkəti ilə neft sektorunda çoxlu işləri görməyi razılaşdırmışıq. Deməyim odur ki, xarici dövlətlərlə də satış məqsədi ilə işbirliyi qururuq. STP “Sənaye ili”nin bütün meyarlarına cavab verir, Prezident İlham Əliyevin sənayenin inkişafı, xüsusən ixrac potensialının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkını, eyni zamanda, qarşıda perspektivli gələcək gözləyir”.

Qeyd edək ki, fizika elmləri doktoru, əməkdar mühəndis Sahib Musayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkının tikilməsində gördüyü böyük işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əməkdar mühəndis fəxri adına layiq görülmüşdür.

Bu il yanvar ayının 13-də ölkə başçısı İlham Əliyev Sumqayıt şəhərində olarkən demişdir: “...Sumqayıtda Texnologiya Parkı neçə ildir ki, fəaliyyət göstərir. Kimya Parkı, digər istehsalat zonaları. Yəni, Sumqayıt əslində nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir”.

Həqiqətən, indi sumqayıtlılar həm öz doğma şəhərləri, həm də regionda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı ilə fəxr edə bilərlər. Bu gün STP Azərbaycan sənayesində özünün çoxçeşidli zavodları ilə layiqli sözünü deyir.

Yeganə MƏMMƏDOVA