Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gəncə avtomobil zavodu: “kiçikdən böyüyə”, addım-addım inkişafa doğru

Son on ildə həm paytaxt Bakının, həm də ayrı-ayrı regionların günü-gündən çiçəkləndiyi, inkişaf etdiyi göz qabağındadır. Bölgələrdə mövcud əmək ehtiyatlarından səmərəlii istifadə olunmaqla iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirilir, əhalinin məşğulluğunun artırılması istiqamətdə işlər həyata keçirilir.

Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə avtomobil zavodunun tikintisinə 1986-cı ildə başlansa da, Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanır. Ermənistan rəhbərliyi layihənin məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərir. Yalnız Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda  Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Layihəyə görə, müəssisənin gücü il ərzində 30 000 avtomobil istehsalına bərabər olub. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımçıq qalır. Bütün bu çətinliklərə baxmayaraq,  2004-cü ilin dekabrında «Gəncə avtomobil zavodu» işə düşür və müəssisədə yığımdan keçən ilk avtomobil istehsal olunur.

Zavodda VAZ 11113 «OKA» markalı avtomobillərin yığımına başlanılır. Azlitrajlı avtomobillərin istehsalı üzrə Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən zavodundan gətirilən komplektləşdirici detallar əsasında Gəncə zavodunda «OKA»nın 3 modeldə yığımı təşkil olunur, dekabrın 24-də müəssisənin konveyerindən ilk avtomobil hasil olur. Ölkənin müxtəlif bölgələrində yaşayan  120 Qarabağ əlili və Böyük Vətən müharibəsi iştirakçıları Gəncə avtozavodunda yığılan «OKA» avtomobillərinə sahib olurlar. Lakin «OKA» avtomobillərin istehsalı səmərə vermədiyinə görə bu maşının istehsalı dayandırılır.

 

«OKA»dan sonra müəssisədə «UAZ» avtomobillərin yığımına başlanmışdır. Rusiya şirkəti ilə 1 il davam edən işbirliyi Rusiya tərəfindən problem yarandığından, 2006-cı ilin avqustunda pozulmuşdur. Lakin bu, Gəncə avtomobil zavodunun fəaliyyətinə təsir etməmiş, həmin ərəfədə müəssisə Çinin Can Qan və Li Fan avtomobil korporasiyaları ilə əməkdaşlıq müqaviləsi bağlamış və 2005-ci ilin oktyabr ayında Gəncədə «Can Qan» avtomobillərin yığımına başlanmışdır. Müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımı təşkil olunmuşdur. Modellərdən 3-ü «GƏNCƏ» adı ilə buraxılır. Oktyabrın 8-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk çin avtomobilinin prezentasiyası keçirilib. Bu maşınlar əhalinin orta təbəqəsi üçün nəzərdə tutulduğundan, məhz bu tipli avtomobillərin istehsalı səmərəli hesab olunurdu, çünki bunlara tələbat böyük idi və əhalinin alıcılıq qabiliyyətinə uyğun gəlirdi. Hazırda bu avtomobillərin istehsalı müvvəqəti dayandırılıb. 

 

Gəncə avtomobil zavodunun fəaliyyətində yeni mərhələ

2006-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri Gəncə avtomobil zavodunun fəaliyyətində əsl dönüş yaratdı. Belə ki, bu səfər zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə «Gəncə avtomobil zavodu» arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılıq əldə edildi. Bu razılığa əsasən, «Gəncə avtomobil zavodu» bu müəssisələrlə müqavilə bağladı. Cəmi 1 ay ərzində müəssisədə yerli mütəxəssislər yeni texnoloji xətt quraşdırmışlar. 2007-ci il mart ayının 27-də isə Gəncə avtomobil zavodunda  yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Bununla əlaqədar müəssisədə yığılan «Belarus 80.1» model traktorun təqdimat mərasimi keçirilib. Hazırda müəssisədə «Belarus 80.1», «Belarus 82.1», «Belarus 1221», «Belarus 1025», «Belarus 892», «Belarus 80X» modeldə traktorlar istehsal edilir.

 

Paralel olaraq, müəssisədə MAZ yük avtomobillərinin yığımı da təşkil olunmuşdur. Ağırtonnajlı yük avtomobillərinin yığımı üçün zavodda əlavə texnoloji xətt quraşdırılıb. Müəssisədə «GƏNCƏ» və «PƏHLƏVAN» adları ilə MAZ-lar buraxılır. Zavodun istehsal gücü ildə 1700-2000 ədəd traktor və 950-1000 ədəd yük avtomobilinin istehsalına bərabərdir.

2011-ci ildə Gəncə avtomobil zavodunun mülkiyyət forması dəyişmiş, o, istehsalat birliyinə çevrilmişdir. Zavod mülkiyyətinin formasının dəyişdirilməsi və müəssisənin restrukturizasiyası onun işinin səmərəliliyini yüksəltməyə imkan verəcək, fəaliyyətini genişləndirməyə və gələcəkdə daha sürətlə inkişaf etməyə şərait yaradacaq.  Onu da qeyd edək ki, mülkiyyət formasını dəyişməsinə baxmayaraq, istehsalat birliyi  dövlət müəssisəsi olaraq qalır və Azərbaycan qanunlarına, Azərbaycan Respublikasının prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına və təsdiq edilmiş nizamnaməyə  müvafiq olaraq idarə edilir.

Hazırda ölkədə qeyri-neft sektorunun inkişafına böyük yer verilir və bununla əlaqədar respublikada ve regionlarda kənd təsərrüfatının inkişafı yeni vüsət almışdır. Texnikaya artan tələbatın yerinə yetirilməsi üçün «Gəncə avtomobil zavodu» əməkdaşlıq etdiyi istehsalçıların sayını artırmaq imkanlarını nəzərdən keçirir.

Bütövlükdə, bu gün  «Gəncə avtomobil zavodu» geniş profilli müəssisədir. Lakin prioritet olaraq yenə də “Belarus” və “MAZ” avtomobillərinin yığılması və istehsalı qalır. Son illərdə MAZ şassisi bazasında “HALLER” zibil maşınlarının yığılmasına başlanmışdır. 2010-cu ilin mart ayında «Gəncə avtomobil zavodu» HALLER  Uniweltsysteme GmbH & Co məşhur alman şirkəti ilə niyyət protokolu imzalamışdır. Gəncə avtomobil zavodunun mütəxəssisləri Minsk avtomobil zavodundan olan həmkarları və HALLER şirkəti ilə birlikdə avtomobilin Azərbaycan şəraitinə və tələblərinə cavab verən modelinin buraxılması üçün texniki şərtləri razılaşdırmışlar.  Mütəxəssislərin vahid qərarına görə, MAZ 6312A8 EVRO-4 şassisi ilə təkmilləşdirilmiş “Haller M21 x2s” zibil yığan avadanlığının qurulması razılaşdırılmışdır.

2011-ci il iyulun 7-də HALLER kommunal maşınlarının yığılması və qurulması ilə məşğul olan yeni sex istismara verildi. Bu münasibətlə təşkil edilmiş təntənəli mərasimdə Belarus respublikasının baş naziri cənab Myasnikoviç iştirak etmişdir. «Gəncə avtomobil zavodu» İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyevlə görüşü zamanı o, zavodun texniki və işçi potensialını yüksək qiymətləndirmiş və istehsal həcminin artmasından məmnunluğunu bildirmişdir. Belarus respublikasının baş naziri Myasnikoviçin Azərbaycana səfəri zamanı həm də Gəncə və Belarus tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi sahəsində də bir sıra sənədlər imzalanmışdır. Bunlar «Gəncə avtomobil zavodu» İB, Almaniyanın HALLER  Uniweltsysteme GmbH & Co şirkəti və Belarusun “Minsk avtomobil zavodu” ASC arasında üçtərəfli Memorandum, Gəncə avtomobil zavodunda böyük yükqaldıran avtomobillərin yığılması haqqında «Gəncə avtomobil zavodu» İB ilə “Minsk təkərli traktorlar zavodu” ASC arasında əməkdaşlıq memorandumu və cari müqavilələrdir.

2012-ci ilin oktyabrında Gəncəyə gəlmiş Belarus Respublikasının baş nazirinin müavini, Belarus-Azərbaycan əməkdaşlıq hökumətlərarası komissiyasının  həmsədri  Vladimir Semaşko «Gəncə avtomobil zavodu» İB-nin yığım sexlərində olmuş, zavodda istehsal edilən və kənd təsərrüfatında istifadə olunan traktor və avtomobillərlə, həmçinin qoşqu və avadanlıqlarla tanış olmuşdur. O, müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirmiş, Gəncədə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin olduğunu qeyd etmişdir. V.Semaşkonun Gəncəyə səfəri zamanı, həmçinin Gəncədə MAZ şəhərlərarası avtobusların  yığılması perspektivləri də müzakirə edilmişdir.

Hazırda «Gəncə avtomobil zavodu» İB yerli şəraitdə “Amkodor” məhsullarının istehsalının təşkili üçün “Amkodor” ASC ilə müvafiq danışıqlar aparır. Tezliklə “Amkodor” traktorlarının istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, bütövlükdə, Minsk avtomobil zavodu və Minsk traktor zavodu ilə əməkdaşlıq çərçivəsində 2007-ci ilin mart ayından başlayaraq, 2013-cü ilin sonuna qədər  müəssisələrimiz arasında əmtəə dövriyyəsi 215 milyon 425 min ABŞ dolları  təşkil etmişdir. Həmin dövr ərzində “Gəncə avtomobil zavodu” İB-də müxtəlif modellərdən olan 3989 “Belarus” traktoru və  1961 “MAZ” avtomobili, həmçinin 305 MAZ qoşqusu, 14 avtokran, 123 kommunal texnika, 43 HALLER zibil maşını və s. istehsal edilmişdir.

Sosial məsələlər daim diqqət mərkəzindədir

Gəncə avtomobil zavodunda prioritet məsələlərdən biri də sosial strukturun yaxşılaşdırılmasıdır. Son illər sosial infrastrukturun qurulması və yaxşılaşdırılması üzrə xeyli işlər görülüb.

Avtozavodun istehsal sahələrindən başqa kiçik təssərüfatı da var. Bu, 5 yaşayış binasından ibarət Avtozavod qəsəbəsi və Gülüstan yaşayış massivində yerləşən daha 1 yaşayış binası və yataqxanadır. Yataqxanada Kəlbəcərdən didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb. Avtozavod rəhbərliyi onların problemlərini daim diqqət mərkəzində saxlayır. Bundan başqa, avtomobil zavodunun nəzdində uşaq bağçası, qonaq evi, şahmat məktəbi və kitabxana fəaliyyət göstərir. 
Müəssisisə işçiləri isti yeməklə pulsuz təmin olunurlar. 

 

Qəsəbə sakinlərinin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində daim lazımi tədbirlər həyata keçirilir. Avtozavod qəsəbəsinin ərazisində idman meydançası, istirahət parkı yaradılıb. Ərazidə transformator məntəqəsi, 1500 tonluq su hovuzu, 1 artezian quyusu fəaliyyət göstərir. Gülüstan yaşayış massivində yerləşən avtozavodun yataqxanasının sakinləri üçün  yeməkxana və çayxana da var. Ərazidə  120 tonluq su hovuzu da fəaliyyət göstərir.

2011-ci ilin aprel ayından zavodda marketinq və servis xidməti fəaliyyətə başlamışdır.  Şöbə zavodun məhsullarına texniki və servis xidməti göstərməklə məşğuldur. Zavodun məhsullarına bir il təminat verilir və ölkənin bütün regionlarında keyfiyyətli  servis təmin edilir. Bunun üçün zavodun regional səyyar servis xidmətləri fəaliyyət göstərir. Bunlardan biri Bərdədən Şirvanədək ərazini əhatə edir. Digər səyyar bölmə Şamaxıda yerləşir və Qobustan-Şamaxı ərazilərinə xidmət göstərir. Bundan başqa, Qubada və İsmayıllıda da servis xidməti mərkəzləri mövcuddur. Əsas dispetçer məntəqəsi isə qaynar xəttə daxil olan hər hansı problemlə bağlı dərhal servis xidməti briqadasının həmin əraziyə göndərilməsinə və məsələnin həll olunmasına nəzarət edir.

 

Sevindirici haldır ki, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə zavodun üç nəfər işçisi: Məmmədov Həmzə Hüseyn oğlu,
Məmmədov Vahid Firuddin oğlu və
Muradov Zahid Bəhrəm oğlu “Tərəqqi” medalı ilə təltif edilmiş, səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova isə “Əməkdar mühəndis” fəxri adı verilmişdir.

Bu gün inamla deyə bilərik ki, “Gəncə avtomobil zavodu” İB Minsk traktor və avtomobil zavodları ilə əməkdaşlıq etməklə, quruculuq mərhələsini uğurla başa vurmuş və bu gün dinamik inkişaf edən saz mexanizmə çevrilmişdir, yeni tərəfdaşlarla əməkdaşlıq isə sabit inkişaf etməkdədir.

Yeganə MƏMMƏDOVA