Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Son zamanlar Azərbaycanda həyata keçirilən mühüm dövlət proqramları, iqtisadiyyatın şaxələnməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması qeyri-neft sektorunun dinamik inkişafını sürətləndirir və neft sənayesinin artım tempini üstələyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət etibarı ilə yüksəlişində sahibkarlar daha böyük rol oynayırlar. Təbii ki, bütün bu nailiyyətlər ölkədə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.

Azərbaycanın bazar iqtisadiyyatı sahəsində keçdiyi yol çox qısadır. Lakin bu qısa zaman kəsiyində sahibkarlarımız böyük inkişaf yolu keçib. Onlar ölkədə bazar iqtisadiyyatını formalaşdırmaqla, inkişaf etdirməklə yanaşı, özləri də formalaşıb inkişaf ediblər. Belə sahibkarlardan biri də “Xəzər” SC-nin sədri, tanınmış sahibkar, iqtisad elmləri doktoru Qüdrət Kərimovdur. Onunla ölkəmizdə sahibkarlığın keçdiyi yol, qazandığı təcrübələr, üzləşdiyi problemlər və qarşıda duran vəzifələr barədə söhbət etdik.

- Qüdrət müəllim, siz Azərbaycanın ilk sahibkarlarından birisiniz. Bu sahənin formalaşmasında müəyyən rolunuz olub. Sizə  göstərilən etimadın nəticəsidir ki, 1998-ci ilin prezident seçkilərində ulu öndər Heydər Əliyevin vəkili olmusunuz. 2005-ci ildə Prezident İlham Əliyev sizə Tərəqqi medalını təqdim edib. Ancaq, təbii ki, bu yolda müəyyən problemləriniz də olub. Dönüb arxaya baxdıqda Azərbaycan sahibkarlığının hansı mərhələlərdən keçdiyi və bu yolda hansı çətinliklərlə qarşılaşdığı barədə nələri deyə bilərsiniz?

- Biz bu gün tam əminliklə deyə bilərik ki, son zamanlar Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır.

Bu nailiyyətlər ölkə başçısının təşəbbüskar, yaradıcı, gərgin əməyilə yürüdülən uğurlu siyasətin, aparılan islahatların, uğurla həyata keçirilən mühüm Dövlət Proqramlarının səmərəsi ilə əldə olunub və bütün bu nailiyyətlərin əldə olunmasında sahibkarlarımız böyük rol oynayıblar.

Azərbaycanda sahibkarlıq zümrəsi 3 tarixi mərhələni keçib – yaranma, formalaşma və inkişaf. Sahibkarlığın yaranması mərhələsi  çox ağır və ziddiyyətli olub, ölkədə iqtisadiyyatın böhrandan çıxarılması mərhələsi idi. Sonra formalaşma mərhələsi – qanunvericiliyin formalaşması, ictimai-siyasi şüurun formalaşdırılması, ictimai münasibətlərin formalaşması və islahatlar. Davamlı, ardıcıl hüquqi və iqtisadi islahatlar mərhələsi. Mən həmin mərhələləri yaşamışam, görmüşəm.

Müstəqilliyin ilk illərində ölkəmizdə ictimai-siyasi vəziyyət gərginləşmiş, beynəlxalq münasibətlər pozulmuş,  iqtisadiyyat böhran içərisində idi. Belə bir şəraitdə Heydər Əliyev hakimiyyətə qayıtdı, ilk növbədə milli iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə qurulacağını elan etdi. Bu məqsədə çatmaq üçün hüquqi bazanın yenidən qurulması, islahatların aparılması, mülkiyyət münasibətlərinin dəyişdirilməsi, iqtisadçı dili ilə desək, bütünlükdə istehsal üsulunun dəyişdirilməsi tələb olunurdu.

Bu məqsədlə Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmiş komissiya yeni Konstitusiya layihəsini hazırladı və  layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Azərbaycan bu Konstitusiyası ilə dünya ictimaiyyətinə demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolunu tutduğunu bəyan etdi. Nəticədə də, inkişaf etmiş dövlətlər Azərbaycan ilə münasibətlər yaratmağa başladılar.

Digər tərəfdən Heydər Əliyev müharibəni dayandıraraq atəşkəs rejimi əldə etdi, sonra daxildə hakimiyyət uğrunda gedən mübarizəni səngidərək, ordu quruculuğu prosesinə, hüquqi və iqtisadi islahatlara başladı. Neft kontraktı imzalandı və bununla da ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verildi.

Həmin vaxt insanların sosial problemləri artmış, iqtisadi əlaqələr itmiş, xammal-materialların alınması çətinləşmiş, müəssisələrdə istehsalın həcmi aşağı düşmüş, bir çox müəssisə fəaliyyətini dayandırmış, nəticədə də, işsizlərin sayı artmışdı. Böhran dərinləşmişdi. Belə bir şəraitdə ictimai-siyasi quruluşun aparıcı qüvvəsini formalaşdırmaq zərurəti meydana gəldi. Əgər sosializm cəmiyyətində aparıcı qüvvə fəhlə-kəndli birliyi hesab edilirdisə, bazar iqtisadiyyatında bu, sahibkarlar zümrəsidir. Sahibkarlar ölkənin milli burjuaziyasıdır. Ona görə də, ulu öndər özünəməxsus müdriklik və uzaqgörənliklə mənəvi-pisixoloji baxımdan sağlam, qanunlara söykənən, Azərbaycanın gələcək inkişafını təmin edəcək tərzdə sahibkarlıq zümrəsini formalaşdırmağa başladı. Bunun üçün ilk növbədə sahibkarlığın inkişafını təmin etmək üçün hüquqi baza formalaşdırıldı. Həmçinin, sahibkarların dövlət məmurları ilə münasibətlərini tənzimlədi, mərhələ-mərhələ sahibkarlığın inkişafına əngəl törədən maneələri aradan qaldırdı. Bir-birinin ardınca mühüm dövlət proqramlarının həyata keçirilməsinə başlanıldı. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanun, Kiçik və orta sahibkarlığın inkişafı” Dövlət Proqramı (1997-2000-ci illər) qəbul edildi, “Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında” Qanuna əlavə və dəyişikliklər edildi.

“Haqsız rəqabət haqqında”, “İnvestisiyanın qorunması haqqında”, “İstehlak bazarı haqqında” qanunlar qəbul edildi. “2002-2005-ci illər üzrə kiçik və orta sahibkarlığın inkişafı” Dövlət Proqramı qəbul edildi. 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondu yaradıldı.

10 sentyabr 2002-ci ildə “Sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci ildə “Sahibkarların inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərman imzalandı. Bütün bu tədbirlər sahibkarlığın inkişafı üçün xüsusi önəm daşıyırdı. Həmin proqramlar çərçivəsində qarşıya konkret vəzifələr qoyuldu, sahibkarlıq fəaliyyətinə geniş imkanlar yardıldı. Ulu öndərin  uzaqgörən, müdrik siyasəti nəticəsində bu formalaşma mərhələsi məqsədyönlü getdi. Özəlləşdirmə, torpaq islahatı ədalətli, məqsədyönlü şəkildə həyata keçirildi. Nəticələr də göz qabağındadır. Özəl sektorun payı 1996-cı ildə 29%-dən 2003-cü ildə 75%-ə qaldırıldı. Bu gün ölkəmizdə sahibkarlıq inkişaf mərhələsini yaşayır,  sahibkarlar  dövlət proqramlarının reallaşdırılmasında, milli iqtisadiyyatın formalaşdırılmasında,  dünya təsərrüfat sisteminə inteqrasiyada çox mühüm rol oynayırlar.

Sahibkarlığın inkişafı üçün  hüquqi bazanın yaradılması, islahatların aparılması ilə bərabər, eyni zamanda, etibarlı texniki infrastrukturun qurulması da tələb olunurdu. Əgər təbii qaz, işıq, yol yoxdursa, yeni istehsal sahələri qurmaqdan söhbət gedə bilməzdi. Odur ki, infrastrukturun müasirləşdirilməsi, inkişafı üçün böyük layihələrin təməli qoyuldu, nəticədə də,  bu gün sahibkarlar həmin infrastrukturdan faydalanaraq ölkənin bütün regionlarına sərmayə yatırır, öz işlərini qururlar. Paralel olaraq bazar infrastrukturu formalaşdırıldı.

Burada bir mühüm məsələ də var. Dövlət proqramlarında qarşıya qoyulmuş möhtəşəm vəzifələrin yerinə yetirilməsi üçün ictimai münasibətlər sistemi, o cümlədən bu sistemin mühüm tərkib hissəsi olan dövlət–sahibkar münasibətləri qarşılıqlı əməkdaşlığa əsaslanaraq yenidən qurulmalı idi. Bu sahədə mühüm addımlar atıldı, ilk növbədə sahibkarlar mərkəzi olaraq birləşdirildi, Sahibkarlar Konfedrasiyası formalaşdı. Daha sonra Prezident yanında Sahibkarlar Şurası, regionlarda sahibkarlar assosiasiyaları yaradıldı. Mən bu strukturların yaranmasında və formalaşmasında fəal iştirak etmişəm. Yəni, məntiqli dövlət siyasəti nəticəsində sahibkarlar bir zümrə olaraq təşkilatlandı. Sahibkarlıq zümrəsi həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatda mühüm rol oynadı. Çünki, hər bir sahibkar öz ətrafında yığdığı insanlar ilə birlikdə bir qurumdur. Hər bir qurumun öz mühiti, münasibətlər sistemi, özünün sosial problemləri və inkişaf perspektivləri var.

Biz hazırki təfəkkürümüzə uyğun sahibkarları mənsubiyyətinə və mənşəyinə görə qiymətləndiririk, belə ki, mənsubiyyətinə görə milli və azad sahibkarlar kimi təsnifləşdiririk. Bunların hər birinin mövcud problemləri və inkişaf perspektivləri bir-birindən fərqlidir. İkincisi, sahibkarlıq mənşəyinə görə fərqlənir. Elə sahibkar var ki, sıfırdan başlayaraq hansısa istehsal və ya xidmət sahəsini qurur. Bir də var, sahibkar dövlətin hansısa  əmlakını özəlləşdirir və onun bazasında sahibkarlıq fəaliyyəti göstərməyə başlayır. Müstəqil işini quran sahibkar ilə  dövlət əmlakını özəlləşdirib fəaliyyət göstərən sahibkarın problemləri və inkişaf perspektivləri fərqlidir. Bunları bir müstəvidə dəyərləndirmək mümkün deyil. Azərbaycanda belə bir şəraitdə sahibkarlıq inkişaf etməyə başladı.

Biz dönüb geriyə baxdıqda qürurla deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən başlamış və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən bu prosesin nəticəsində sahibkarlarımız böyük inkişaf yolu keçmişdir. Azərbaycan sahibkarının ictimai-siyasi şüur səviyyəsi, düşüncə tərzi, təfəkkürü, dünya görüşü, intellektual səviyyəsi və nəhayət, milli təəssübkeşliyi o vaxtlar ilə müqayisə edilməz dərəcədə dəyişib. Bugünkü sahibkarlar nəinki kiçik ticarət və xidmət sahəsini, həmçinin iri şirkətlər qrupunu da idarə etməyə qadirdirlər. Bu nailiyyətlər asan əldə edilməyib. Bunlara Azərbaycanda məqsədyönlü  şəkildə həyata keçirilmiş islahatların, dövlət proqramlarının məntiqi nəticəsində nail olunmuşdur.

- Qüdrət müəllim, sahibkarlığın yaranma mərhələsinə qayıtsaq, o vaxt sovet təfəkküründə olan bir cəmiyyətdə sahibkarlıq necə qarşılanırdı?

- Həmin vaxt sahibkarlığa pis baxırdılar. Müstəqilliyimizin ilk illərində insanların bazar iqtisadiyyatının prinsiplərini başa düşməsi və qəbul etməsi digər bir problem idi. Ötən əsrin doxsanıncı illərində Sumqayıt Şüşə Zavodunu özəlləşdirdikdə mənə düşmən kimi baxırdılar. Ona görə də insanların düşüncəsini, pisixologiyasını yeni proseslərə hazırlamaq tələb olunurdu. Mən ilk sahibkarlardan biri olaraq həmin proseslərdə çox fəal iştirak etmişəm. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasətinin məhsulu olan “Azərbaycanın Milli İdeologiyası” insanların düşüncə tərzini və ictimai şüurunu dəyişdi.

- Siz sahibkarlıq sahəsində müstəqil Azərbaycanın yaşı qədər yol keçmisiniz. Əldə etdiyiniz təcrübələr digər sahibkarlar üçün faydalı ola bilər. Bu gün ilk addımlarını atan, xüsusilə mürəkkəb sənaye sahəsində çalışan sahibkarlar uğur qazanmaları üçün  işlərini necə idarə etməlidirlər?

- Mən fəhləlikdən zavod  rəhbəri vəzifəsinə qədər yüksəlmişəm. Sumqayıt Şüşə Zavodunu özəlləşdirən zaman elə zənn edirdim ki, hər şeyi bilirəm. Amma sonra başa düşdüm ki, hələ çox məsələləri tam bilmirəm. Şüşə istehsalı fasiləsiz istehsaldır, soyuq təmirdən sonra zavod 5 il dayanmadan işləməlidir. Əgər istehsal 1 saat dayanarsa, şüşə donacaq və bütün istehsalat sökülərək yenidən qurulmalıdır. Buna isə milyonlarla vəsait tələb olunur.  Bundan başqa, bir də görürsən ki, qaz, elektrik enerjisi, su, əmək qüvvəsi, xammal sərf edilməsinə baxmayaraq,  nəticədə son məhsul olan şüşə qüsurlu alınır. Bu proses ardıcıl bir neçə gün davam etdikdə iflasa doğru gedirsən. Zavodun mütəxəssislərini toplayaraq problemin səbəbini müəyyənləşdirmək istədikdə baş energetik bir şey, baş mexanik tamam başqa bir şey danışır, baş texnoloq onların dediklərinin əksini söyləyir,  baş mühəndis isə bunlardan hansına  yaxındırsa, onu müdafiə etməyə başlayır. İstehsalatçılar isə  bir-birlərini ittiham edirlər. Nəticədə də, qərar vermək çətinləşir. Əgər sən işi bilmirsənsə, hadisəni  öz təfəkkür ələyindən keçirib qiymətləndirməyə qadir deyilsənsə, necə qərar verəcəksən?! İstehsal prosesi isə qüsurlu  davam edir, milyonlarla vəsait havaya sovrulur. Ona görə də energetika, mexanika, texnologiya sahələrini dərindən öyrənməyə məcbur oldum.

Mənə xammalı müxtəlif yerlərdən almağı təklif edirdilər. Məsul işçilərdən biri keyfiyyətli olduğunu əsas gətirərək xammalı onun tanıdığı yerdən,  digər biri isə  ucuz olduğundan başqa bir yerdən alınmasında israr edirdi. Xammalı tanımadığımdan məni inandırırdılar. Sonra məlum olur ki, bunların hər birinin öz şəxsi marağı var. Xammalın tərkibində istehsal prosesində ziddiyyətlər yaradan oksidlər var. Bu səbəbdən  istehsalda istifadə edilən xammalın fiziki-kimyəvi xassələrinə qədər öyrənməli oldum. Mənim üçün ən mürəkkəb sahə  istilik texnikasını öyrənmək idi. Açığını deyək, bu gün təbii qaz müəyyən qüsurlar ilə gəlir, onun tərkibi zənginləşmiş və ya zənginləşməmiş olur. Həmin qazın yanması üçün ona təmizlənmədən hava vururuq və havanın tərkibindəki müxtəlif qazlar təbii qaz ilə birləşdikdə xoşagəlməz fəsadlar yaradır. Mən bunların hamısını ziyan çəkə-çəkə öyrənməli oldum. Azərbaycanda bu sahədə nə qədər mütəxəssis var, onlar ilə əməkdaşlıq etmişəm. Böyük məbləğdə vəsait sərf edərək Rusiya, Ukrayna, Türkiyə və İrandan mütəxəssislər dəvət edirdim. Bunların hamısı ilə əməkdaşlıq edərək və öyrənərək öz təcrübəmi formalaşdırmışam. Yəni, sənayeçi sahibkarların intellektual səviyyəsi başqa sahibkarlar ilə müqayisədə yüksək olmalıdır. Dünyada baş verən ən son texnoloji yeniliklərdən xəbər tutmalı, gecikmədən onu tətbiq etməlidir. Mən Almaniyada, Yaponiyada olaraq şüşə istehsalı texnologiyası ilə tanış oldum. Onlarda tətbiq edilən texnologiya istehsalın insan iradəsinə tabe olmasına imkan vermir. İnsanın yorğun, fikirli olması səbəbindən istehsal prosesi pozula bilər. Həmin ölkələrdə istehsal prosesi insandan asılı deyil, texnoloji proseslərə kompyuterlər nəzarət edir.

Bəzən kənardan deyirlər ki, “Sahibkarın fəaliyyət göstərdiyi sahəni dərindən bilməsinə ehtiyac yoxdur, işi onun təyin etdiyi insanlar bilməlidirlər”. Xeyr, bu, belə deyildir. Bəzən işin üzərinə təyin olunmuş insanlar başqa bir mövqe, açığını desəm, sahibkara xəyanət mövqeyi tuturlar.

İnsanı heyvandan fərqləndirən keyfiyyət onun insanlığıdır. Bir itin 10 il qayğısına qalıb həyətində saxlasan, lakin bir dəfə bilməyib ayağını bassan, səni gəmirər. Çünki, bu heyvandır. Bir kəsə 10 il deyil, sadəcə bircə dəfə kiçik yaxşılıq edib,  sonra bilməyib onun ayağını basdıqda (rəmzi mənada) sənin ürəyin ağrımasın deyə ufuldamayacaqsa, o, əsl insandır. Təəssüflər olsun ki, hərdən bizim insanların içərisində xoşagəlməz keyfiyyətə malik insanlar da olur. Belə insanlara çörək, vəzifə, ev, xidməti avtomobil verib sonra sədaqətlə işləməyi tələb etdikdə, əksinə xəyanət görürsən.  Haradasa qüsura yol verir, onu danlayırsan, başlayır üzünə qayıtmağa, bütün xidmətlərini unudur. Sahibkar işini bilməsə, xəyanətkar kadırı ona elə bir yerdə zərbə vurar ki, bütün əməyin hədər gedər. Buna görə uğur qazanmaq istəyən sahibkar, xüsusilə sənayeçi sahibkar özü qərar verməyi, texniki məsələləri nəzərindən keçirib qiymətləndirməyi bacarmalıdır. Düzgün qiymətləndirməsən, düzgün qərar verə bilməzsən. Düzgün qərar verməsən, nəticəsi ağır olar.

- Qüdrət müəllim, bəs sahibkarlar bizneslərini idarə edəcək düzgün insanları necə seçməlidirlər?

- Məhəmməd Əl-Qəzalı 11-12-ci əsrlərdə yaşamış  islam alimidir. O yazır, “hər hansı funksiyanın idarə edilməsini kimə etibar etmək olar?” və  cavablandırır: “kim ki özünü idarə edə bilir”. İlk baxışdan başa düşülə bilər ki, alim “özünü idarə etmək” dedikdə nizam-intizamlı olmağı, qayda-qanunlara riayət etməyi nəzərdə tutur. Xeyr. Özünü idarə etmək nəfsini idarə etmək, öz tamahını idarə etmək, öz şəhvətini idarə etmək, öz ehtiraslarını idarə etmək, öz qəzəbini idarə etmək, qisas, hiylə və qısqanclıq kimi hisslərini idarə etmək və nəhayət, münasibətlərini idarə etməkdir. Əgər insan bunları idarə edə bilmirsə, ona hər hansı bir funkisyanı idarə etməyi tapşırmaq olmaz (fərqi yoxdur sahibkar, yaxud dövlət məmuru). Bu, çox mürəkkəb bir məsələdir. Bu gün bizim bir çox  sahibkarlarımız buna hazır deyillər, onların idarəetmə elmindən xəbərləri yoxdur.

Əgər sahibkar bir funksiyanı idarə edə bilmirsə, yaranmış situasiyanı necə idarə edəcəkdir?! Biz bilirik ki, idarəetmə elmi təsnifatına görə funksiyanın və situasiyanın idarə edilməsi ilə təsnifləşir. İstənilən halda situasiyanın idarə edilməsi funksiyanın idarə olunmasından daha məsuliyyətlidir. Situasiyanın idarə edilməsi bizdən daha yüksək keyfiyyətlər tələb edir. Burada yalnız peşəkarlıq və intellektual səviyyə məsələni həll edə bilmir. Onun qətiyyəti, çevikliyi insanın düşüncə tərzi, şəxsi təfəkkürü, dünya görüşü, ictimai-siyasi şüur səviyyəsi, onun üzərinə düşən maddi və mənəvi öhdəliklərə məsuliyyəti, öz işinə və yaranmış situasiyada vəziyyətə sədaqəti mühüm rol oynayır. Biz nəzərə alsaq ki, “İqtisadiyyat” qəzetinin oxucuları yalnız iqtisadçı alimlər deyil, eyni zamanda, geniş oxucu kütləsidir. Buna görə də mən bunu, yəni funksiyanın və situasiyanın idarə olunmasını el dilində izah etmək istəyərdim. Bu gün çoxumuz avtomobil sürücüsüyük. Avtomobili işə salaraq onu idarə etmək, onun işıqlandırma sistemini, qapı-pəncərələrini, soyutma və havalandırma sistemlərini  idarə etmək, avtomobili döndərmək, durdurmaq və s. avtomobilin funksional idarə olunması kimi qəbul olunur. Bəs, burada situasiyanın idarə olunması necə ortaya çıxır? Bir anlığa təsəvvür edin ki, biz sizinlə, ailələrimiz ilə birlikdə idarə etdiyiniz avtomobildə Sumqayıtdan Şəkiyə gedirik. Yolun müəyyən bir hissəsində görürük ki, böyük bir yük maşını öz yolundan çıxıb üstümüzə gəlir. Siz funksional idarəetməni normal həyata keçirirsiniz, yol hərəkəti qaydalarına riayət edirsiniz. Ancaq təhlükə qaçılmazdır, yük avtomobili üstümüzə gəlir. Sağ tərəfdə xeyli insanın olduğu dayanacaqdır, sol tərəfdə isə iri gövdəli ağaclar var. Belə bir situasiya ilə qarşılaşdınız. Bax, bu situasiyanın səmərəli idarə edilməsi, yuxarıda sadaladığım keyfiyyətlərinizdən asılıdır. Əgər biz bu situasiyanı kağız üzərinə köçürüb, ekspertiza institutuna göndərsək, onun cavabını mütəxəssislər bir neçə günə verə bilərlər. Sizin isə bir neçə saniyə vaxtınız var, yük avtomobili sürətlə üstümüzə gəlir. Yaranmış situasiyadan ən optimal çıxış yolunu tapmalısınız – sükanı insanların və ya ağacların üzərinə çevirmək, ya da ki, yük maşını ilə toqquşmaq? Buna situasiyanın idarə edilməsi deyilir. Beynəlxalq münasibətlərdə, ictimai həyatda, iqtisadiyyatda, ailədə, kollektivdə də belə situasiyalar olur. Bunun üçün bizim nəyi bilməyimizə ehtiyacımız var – ilk növbədə nəzəri cəhətdən idarəetmə elmini, kulturalogiyanı, politologiyanı, pisixologiyanı bilməliyik. Təbii ki, biz idarəetmə elmini öyrəndikdə funksiyanın və situasiyanın idarə olunmasında nələrdən istifadə olunursa,  onlardan çox səmərəli şəkildə istifadə etməliyik.

- Sahibkarların bir-birini, müştərilərini aldatmaları hallarını da tez-tez eşidirik....

- Bəli,  bir çox sahibkar nəfsinin öhdəsindən gələ bilmir. Belə olan halda, sən ondan sədaqət gözləyə bilərsənmi?! İmkan düşən kimi sənə kələk gələcəkdir, xəyanət edəcəkdir. Bu gün bəzi sahibkarlar bütün üsullardan istifadə edərək, bir-birlərinə qarşı xəyanət edirlər. Bu dözüləsi deyil, bunun qarşısı alınmalıdır. Mən düşünürəm ki, sahikarlar maariflənməli, elmi biliklərə dərindən yiyələnməlidirlər. Pul həyat üçün nə qədər xeyirli və zəruridirsə, bir o qədər də təhlükəlidir. Pulun elmdə göstərilməyən bir çox neqativ funksiyaları var: pul insanları məhv edir, ən pis yollara düşməsinə səbəb olur. Ona görə də sahibkarın əlində maliyyə resurslar olduğundan, çalışmaq lazımdır ki, onun mənəviyyati, pisixologiyası, təlim-tərbiyəsi sağlam olsun, pulun yalnız müsbət keyfiyyətlərindən bəhrələnsin, cəmiyyətin inkişafına, gənclərin təhsilinə sərf etsin, xəstələri müalicə etdirsin. Sahibkar pulunu artırmaq  üçün xeyirxahlıq işləri görməli, ətrafında sağlam mühit yaratmalıdır. Bu gün biz Azərbaycan sahibkarlığının mayakı olan Hacı Zeynalabdin Tağıyevi misal göstərə bilərik. Bu gün də onun xeyirxah əməlləri yaşamaqdadır.

- Belə çıxır ki, ictimai münasibətlər sistemində qüsurlar var?

- İnsanların hamısı eyni düşüncədə deyil. Fərq etməz, sahibkar, yaxud məmur. Adam var ona səmimiyyət göstərirsən, o bunu “yəqin məndən qorxur, ya  acizdir, ya da mənə yaltaqlanır” kimi başa düşür. Sənin səmimiyyətini acizlik kimi qəbul edir. Elə ki, sərt sifətini göstərisən, səndən çəkinir, səni kobud sayır. Yəni, belə psixologiyalı insanlar da var. Buna nə edəsən? Bu gün təəssüflər olsun ki, Azərbaycanda halallıq, insaf, ədalət, mərhəmət kimi dəyərlər kifayət qədər dəyərləndirilmir. Odur ki, biz baxırıq beynəlxalq təcrübəyə. İctimai münasibətlər sisteminin ən sağlam, mükəmməl modeli Avropa modelidir. Avropalılar deyir ki, “sən məni necə görürsənsə, mən də səni elə görürəm. Əgər mənim üzümə gülüb, arxamda  məni aldatmaqla məşğulsansa, bil ki, mən də sənə qarşı eyni mövqedə olacağam”. Ona görə onlar bir-birlərinə hörmət edirlər, kömək göstərirlər, düzgün əməkdaşlıq edirlər. Nəticədə də, onların inkişafı baş verir. Biz isə bir-birimizin ayağından dartaraq tənəzzülə yol açırıq. Təəssüf ki, bu gün bizim ictimai münasibətlər sistemində qüsurlar var. Burada milli ideologiyanın təbliğat maşını öz sözünü deməlidir.

Karl Marks deyirdi ki, nəticə etibarı ilə maddiləşmək qabiliyyəti olmayan münasibət obyektiv deyil. Bunu siyasi iqtisadda bizə məhsuldar qüvvələrin istehsal vasitələrinə olan münasibəti kimi öyrədirdilər. Amma bizim ulu babalarımız Marksdan illər, əsrlər öncə deyiblər ki, “Doğma qardaşın sənə gündə 100 dəfə qurban olum desin..., səndən ötəri 100 manatından keçmirsə, bil ki, onun münasibəti boş şeydir”. Marks da bunu demək istəyirdi. Sadəcə olaraq bizimkilər bunu el dilində deyiblər. Bu gün  Amerikada, Avropada, Yaponiyada  insanlar real maddiləşən münasibətlər qururlar. Onların münasibətlərini həm qanunlar, həm də sağlam demokratik mühit tənzimləyir. Onlarda ictimai qınaq güclüdür. İctimai qınaq insanı tərbiyə edən, islah edən başlıca vasitədir. Odur ki, biz də bu cür beynəlxalq təcrübələrdən faydalanmağa çalışmalıyıq.

Hər bir insan, o cümlədən sahibkar öz maddi və mənəvi öhdəliklərinə məsuliyyətlə yanaşmalı, məsuliyyət hiss etməlidir. Əgər hansısa sahibkarda məsuliyyət hissi yoxdursa, gələcəkdə heç kəs onunla əməkdaşlıq etməyəcəkdir.

Biz çalışmalıyıq ki, maddi və mənəvi imkanlarımızı ortalığa qoyaraq dövlətimizi, xalqımızı inkişaf etdirək. Bugünkü ictimai-iqtisadi quruluşun lokomotivi sahibkarlardır. Sahibkarlar zümrəsi nə qədər sağlam olarsa, millət o qədər sağlam olacaqdır. Sahibkarlıq zümrəsi maddi cəhətdən nə qədər zəngin olarsa, dövlət də, millət də bir o qədər zəngin olacaqdır. Sahibkarlıq zümrəsi nə qədər zəif, “xəstə” olsa, cəmiyyət də zəif olacaqdır.

Mən hesab edirəm ki, bu gün Azərbaycan sahibkarı həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq  20 il əvvəlki sahibkar deyil, onun ictimai-siyasi şüur səviyyəsi, düşüncə tərzi, təfəkkürü, intellektual səviyyəsi və dünyagörüşü çox dəyişib. Amma yenə də qarşıda duran möhtəşəm vəzifələrin yerinə yetirilməsi üçün qənaətedici səviyyədə deyil. Sahibkarlar arasında idarəetmə mədəniyyətinin təbliğinə, sahibkarların ictimai münasibətlərdə rolunun artırılmasına, dövlət məmurlarının sahibkarlığa münasibətinin  dəyişməsinə böyük ehtiyac vardır. Bu gün Azərbaycanda hüquqi baza günün tələbinə uyğun təkmilləşdirilir, lakin hələ də qanunlarımızda  müəyyən çatışmazlıqlar var. Bu gün sahibkarın əlində olan mülkiyyətini qoruyub saxlamaq qarantı yoxdur. Bəzi hadisələr göstərir ki, dövlət məmurları özbaşınalığa yol verirlər. Düzdür, ölkə prezidenti onları cəzalandırır, amma yenə də sahibkarlar ziyan çəkirlər. Yəni, bunlar qarşıda duran, həllini gözləyən  mühüm məsələlərdir. Korrupsiya və inhisarçılıq aradan qalxmalıdır. Mən hazırda bu mövzuda real həyatdan götürülmüş hadisələri ümumiləşdirib kitab yazıram.

- Siz bir sahibkar olaraq, qarşılaşdığınız problemlərin öhdəsindən necə gəlirsiniz?

- Qloballaşan dünyamızın problemlərindən tutmuş, kiçik sahibkarların üzləşdiyi çətinliklərə qədər yaranan bütün problemləri həll edəcək yeganə vasitə ünsiyyət mədəniyyətidir.  Əgər ünsiyyət sağlamdırsa, məhsuldardırsa, obyektiv münasibət üzərində qurulursa, belə əməkdaşlıq perspektivlidir. Mən bir sahibkar olaraq, üzləşdiyim problemləri bu prinsiplərə söykənərək həll etməyə çalışıram.

- Siz Sumqayıt Şüşə Zavodunu özəlləşdirdiyinizi söylədiniz. Hazırda müəssisənin vəziyyəti nə yerdədir?

- Sumqayıt Şüşə Zavodu  1963-cü ildə qurulmuşdur. Həmin vaxt zavod 15 milyon kvadrat metr şüşə istehsal edə bilmək gücündə idi. Şüşə zavodu təkcə Azərbaycanda deyil, Zaqafqaziyada pəncərə şüşəsi istehsal edən yeganə zavoddur. Vaxtı ilə  bu zavod Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Dağıstanı pəncərə şüşəsi ilə təmin edib. Sonralar Sovetlər Birliyinin dağılması nəticəsində zavod fəaliyyətini dayandırdı. 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında zavod “Xəzər” SC tərəfindən özəlləşdirildi. Öz vəsaitimiz hesabına zavodun müəyyən sahələrini  yenidən quraraq fəaliyyətini bərpa etdik. Lakin əsas avadanlıqlar köhnə olduğundan zavodun tamamilə yenidən qurulmasına ehtiyac vardır. Hazırda zavod yenidənqurma ilə əlaqədar fəaliyyətini dayandırmışdır.

Mütəxəssislərimiz tərəfindən zavodun  yenidən qurulması üzrə layihə hazırlanmışdır. Layihənin ümumi dəyəri 93 milyon avro təşkil edir. Biz zavodu müasir texnologiya əsasında yenidən  işə salmaq üçün hazırda bir neçə şirkət ilə əməkdaşlıq edirik. Onlar şüşə istehsalını perspektivli görürlər. Hazırda infrastrukturu yenidən qurmaq üçün layihə-smeta sənədləri hazırlanır.

Ümumiyyətlə, şüşə sənayesi Azərbaycan üçün zəruridir. Təsəvvür edin, il ərzində xaricdən Azərbaycana 20 milyon kvadratmetr (müxtəlif təbəqə şüşəsi) pəncərə şüşəsi idxal olunur. Son məlumatlara görə, inkişaf etmiş ölkələrdə adambaşına 2,5-3,5 kvadrat metr təbəqə şüşəsi istehlak olunur. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm  2-2,5 kvadrat metr təşkil edir.  Azərbaycanda 9,4 milyon nəfər əhalini və il ərzində adambaşına 2-2,5 kvadrat şüşə istehlakını nəzərə alsaq, ildə təxminən 20 milyon kvadrat metr pəncərə şüşəsi normal istehlak təminatıdır. Ölkəmizə pəncərə şüşəsi ən çox Rusiya, Ukrayna, Türkiyə, İran və Çindən idxal olunur. Bu gün ölkəmizdə pəncərə şüşəsinə tələbat artıb. Hazırda istehsal proseslərini, tikintini, nəqliyyatı, elm və kosmik tədqiqatları, praktiki səhiyyəni mebel və mədəni-məişət predmetlərini şüşəsiz təsəvvür etmək çətindir.  İndi təbəqə şüşədən yalnız pəncərə şüşəsi kimi deyil, eyni zamanda, bəzi üzlük materialları, konstruktiv elementlər, şüşə panellər, xalça-mozaik modullar, iri ölçülü bloklar, sərtləşdirilmiş şüşə qapı layları, çoxtəbəqəli şüşə, memarlıq-tikinti elementləri, enerji qoruyan və bronlu-mühafizə şüşə təbəqəsi kimi də istifadə olunur.

Şüşənin tətbiq sahəsi geniş olduğundan ölkəmizdə şüşə sənayesinin perspektivi  böyükdür. Hazırladığımız yeni layihəyə əsasən, zavodun ildə 220 min ton xammal emal etməsi nəzərdə tutulur. Bu xammalın 12 faizinin silikat və qida sənayesi üçün qab şüşələrin istehsalına yönəldilməsi planlaşdırılır. Bu gün ölkəmizdə konserv, şərab və su zavodlarının banka, balon və butulkaya böyük tələbatı vardır. Bu tələbatın ödənilməsi üçün hər il xaricdən ölkəmizə təxminən  170 milyon ədəd şərti qab idxal olunur.  

Ölkə başçısının sənayeləşmə istiqamətində həyata keçirdiyi tədbirlər – 2014-cü ilin “Sənaye ili” elan olunması Sumqayıtda bu perspektivli sahənin böhrandan çıxacağına böyük ümidlər yaradır.

Müsahibəni apardı: Seymur Yunusov