Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Sənaye və texnologiyalar parkları üçün vergi güzəştləri

Sənaye və texnologiyalar parklarının yaradılması sahəsində xarici ölkələrin təcrübəsi göstərir ki, dünya iqtisadiyyatında qloballaşma proseslərinin sürətləndiyi və bazara çıxışla bağlı rəqabət mübarizəsinin gücləndiyi bir şəraitdə  bu sahədə  fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət dəstəyinin verilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən müsbət amillərdən biridir. Sənaye və texnologiya parkları inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da, Yaponiyada və Çində geniş şəkildə yayılmışdır və həmin ölkələrin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. 

Beynəlxalq təcrübəyə uyğun olaraq, sənaye parkı dedikdə, ümumi infrastruktura və qarşılıqlı istehsal əlaqələrinə malik olan istehsal və digər müəssisələrin birləşdiyi xüsusi ərazi nəzərdə tutulur. Sənaye parkları vasitəsilə  ümumi fəaliyyət sferası və vahid mühəndis infrastrukturu, o cümlədən vahid enerji obyektləri, elektrik və istilik şəbəkələri, su, kanalizasiya qurğuları olan müəssisələrin birgə fəaliyyəti təşkil olunur. Fəaliyyətin belə formada təşkil olunması sənaye parkının bütün iştirakçılarına infrastruktur xərclərinin azaldılmasını təmin etməklə onların hər birinin fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan yaradır. Texnologiya parkları dedikdə isə  elmi-texniki ixtiraların, nou-hau və digər elmtutumlu texnologiyaların yaradılması məqsədilə innovasiya fəaliyyəti göstərən müəssisələrin təşkil olunduğu və onların səmərəli fəaliyyətinin təşkili üçün maddi-texniki, sosial-mədəni, servis, maliyyə və digər bazadan ibarət olan əmlak komplekslərinin yerləşdiyi ərazi başa düşülür. Ümumiyyətlə, texnologiya parklarının yaradılması elm və istehsal müəssisələrinin vahid ərazi üzrə birləşdirilməsini və onların birgə fəaliyyətini  nəzərdə tutur. 

Sənaye və texnologiya parklarının iqtisadi inkişafdakı müsbət rolu barədə beynəlxalq təcrübə nəzərə alınmaqla, Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin tərkib hissələrindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə imzalanmış «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası innovativ sahibkarlığın inkişaf etdirilməsini, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparkların və innovasiya zonalarının yaradılmasını nəzərdə tutur. Ölkə başçısının fərman və sərəncamları ilə artıq Bakı şəhərində Balaxanı Sənaye Parkı, Sumqayıt şəhərində Kimya Sənaye Parkı və Sumqayıt Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, sənaye  və texnologiyalar  parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən (102.1.21-ci maddə),  parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi müddət qoyulmadan mənfəət vergisindən (106.1.12-ci maddə), sənaye və texnologiyalar  parklarının rezidenti olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 7 il müddətinə mənfəət vergisindən (106.1.13-cü maddə), sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idarəedici təşkilat və operator tərəfindən idxal edilən texnikaların, texnoloji avadanlıqların və qurğuların idxalının müddət qoyulmadan ƏDV-dən (164.1.15-ci maddə), parkların rezidenti olan şəxslər tərəfindən  qeyd olunan məqsədlər üçün gətirilən  texnika, texnoloji avadanlıq və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən (164.1.16-cı maddə) azad edilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslər parklardakı əmlaka və istifadə etdikləri torpaqlara görə əmlak və torpaq vergilərindən 7 il müddətinə (199.7-ci və 207.3-cü maddələr), parkların idarəedici təşkilatı və operatoru parklardakı əmlaka və istifadə etdikləri torpaqlara görə əmlak və torpaq vergilərindən müddət qoyulmadan (199.8-ci və 207.4-cü maddələr) azad edilmişdir.

Akif Musayev

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi