Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

 

 

 

 

 

 

i.e.d., prof. E.M.Hacızadə

Azərbaycan Dövlət İqtisad Universiteti

 

 «İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI VƏ «ELEKTRON HÖKUMƏT» FENOMENİ

 Respublikamızda İnformasiya-kommunikasiya texnologiyaları (IKT) sahəsində geniş fəaliyyətlərə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilən Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) ilə (Azərbaycan Respublikası Prezidentinin 17.02.2003 tarixli 1146 №-li sərəncamı) təkan verilmişdir. Milli Strategiyanın əsas məqsədi İKT-dən geniş istifadə olunmaqla ölkənin demokratik inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Prezident İlham Əliyevin İKT istiqamətində imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkədə informasiya cəmiyyətinə keçid yeni mərhələyə qədəm qoymuşdur. Cənab prezidentin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında Sərcamlarından (Azərbaycan Respublikası Prezidentinin 21.10.2005 tarixli 1055 №-li və 11.09.2010 tarixli 1056 №-li sərəncamları) irəli gələrək isə ölkədə İKT sahəsində mühüm və əhəmiyyətli bir infrastruktur formalaşdırılmışdır.

«İnformasiya-Kommunikasiya Texnologiyaları» - informasiyaların təsbit olunmasını, onun emalını və mübadiləsini təmin edən texnologiyalar məcmusu kimi anlaşılır. İKT olaraq həmçinin mikroprosessorlar və hesablama texnikası bazasında aparat-proqram avadanlıqlar, qurğular və elektron informasiyanın yaradılması, yığılması, saxlanması, ötürülməsi sisteminin müasir vasitələri də nəzərdə tutulur. Buraya kompüterlər, proqram təminatları, şəbəkə infrastrukturu, elektron rabitə vasitələri və s. daxildir. Bu baxımdan İKT həm də iqtisadi və sosial məzmun kəsb etməlidir. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2002-ci ilin 20 dekabr tarixində BMT Baş Assambleyasının 57/295 saylı «İnkişaf naminə informasiya kommunikasiya texnologiyalarının istifadə olunması» qətnaməsində məhz bu məsələlər önə çəkilərək İKT-nin sosial-iqtisadi həyatın bütün bölmələrində təsirindən bəhs edilir.

Hazırda Azərbaycan ictimai həyatın bütün istiqamətləri əhatə olunan innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması və bu perspektivdə güclü sosial irəliləyişləri sürətləndirən inkişafın yeni mərhələsinə qədəm qoyur. İnkişafın bu yeni mərhələsi yaxın on ildə ÜDM-in iki dəfə artırılması ilə müşayiət olunacaqdır. Bu yüksəlişi hərtərəfli təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamıma müvafiq olaraq «Azərbaycan - 2020» Gələcəyə Baxış İnkişaf Konsepsiyası hazırlanmaqdadır. Qəti bəllidir ki, konsepsiyada İKT sektoru da mühüm tutum əldə edəcəkdir. Bu qayət onunla əsaslandırılır ki, cənab prezident tərəfindən neft faktorunun insan kapitalına çevrilməsi strategiyası irəli sürülmüş və ölkədə informasiya texnologiyaları prioritet sahə elan edilmişdir.

İKT sektoru mültiplikativ effektivliyi ilə daha çox fərqlənərək müasir zamanda qlobal sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi dünya ÜDM-ində mühüm pay genişlikləri əldə edir. Buradakı artım sürəti hər beş ildə iki dəfə yüksəliş templəri ilə ölçülür və nəticəvi olaraq İKT-nin 10% inkişafı iqtisadiyyatın 1% inkişafına təkan verir.

İKT sahəsində Azərbaycanda da sürətli inkişaf müşahidə olunur. Son 5 ildə burada əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan İKT göstəricilərinə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, «İKT-nin inkişafı indeksi» üzrə 154 ölkə arasında 74-cı yerdə, «Texnoloji hazırlıq indeksi» üzrə isə 2010-cu ildə 70-ci ölkə kimi qərar tutmuşdur. 2012-ci il Dünya İqtisadi Forumunun hesabatına əsasən «Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi» üzrə 142 ölkə arasında 14-cü, «Şəbəkə hazırlığı indeksi»nə görə 61-ci yeri, «Qlobal rəqabətqabiliyyətlilik indeksi»nə görə 55-ci, «İnnovasiyaların tətbiqi üzrə reytinq»də 52-ci yeri tutur.

Statistika göstərir ki, 2011-ci ildə milli İKT sektorunda fəaliyyət göstərmiş müəssisələr tərəfindən 1,236 milyard manat məhsul istehsal olunmuş, 0,742 milyard manatlıq əlavə dəyər yaradılmışdır. 2020-ci ildə respublikanın İKT sahəsindən 9,3 milyard manat gəlir əldə edəcəyi gözlənilir. İstehsal sahəsinin hazırkı (2011-ci il) İKT strukturunda 9,54%-lik payı 2020-ci ildə 25%-ə yüksələcək, onun ÜDM-dəki hazırkı 2,5% tutumu isə 2020-ci ildə 10%-i aşacaqdır. Bu ərəfədə İKT sahəsinə yönələn investisiyalar 5-6 milyard manat təşkil edəcəkdir. Ümumiyyətlə, 2020-ci ilədək milli İKT sektorunun 5 dəfə artması gözlənilir.

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün bir sıra vəzifələrin həlli vacib hesab olunur. Burada ilk növbədə, telekommunikasiya, xüsusən də genişzolaqlı internet inkişaf etdirilməli, sahəvi infrastruktur təkmilləşdirilməli, İKT-nin özünün iqtisadiyyatın digər sektorlarda rolu və əhəmiyyətinin artırılması istiqamətində adekvat layihələr həyata keçirilməli, ixrac yönümlü istehsal stimullaşdırılmalı, vergi güzəştləri tətbiq olunmalı və gömrük rüsumları optimallaşdırılmalıdır. Rentabelliliyi və reinvestisiya imkanlığı ilə fərqlənən fiberoptik infrastrukturun inkişafı da diqqətdən yayınmamalıdır. Bu gün ölkə ərazisinin 75%-ni əhatə edən fiberoptik kanallar şəbəkəsi tam maksimal həddə genişləndirilməlidir. Burada İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu (İTİDF) ilə yanışı ölkədə fəaliyyət göstərən digər dövlət investisiya qurumlarının (ARDNF, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şırkəti və s.) imkanlarından genişliklə istifadə olunmalı, İKT sektorunda sahibkarlığa dəstək gücləndirilməli, innovativ layihələr həyata keçirən startap kompaniyaların (Start-up) maliyyələşdirilməsinə, onlara vençur investisiyalar yönəldilməsinə üstünlüklər verilməlidir.

İKT sektorunun müasir seqmentlərindən biri kimi «Elektron hökumət» infrastrukturu çıxış edir. «Elektron hökumət» fenomenal təzahür olaraq qlobal sferada əsrlərin qovşağında formalaşmağa başlamışdır. Mahiyyətcə o, yaşadığımız informasiya cəmiyyətinin əsas elementlərindən biri olaraq konstitusiyalı dövlətin inkişafının yeni mərhələsini ifadə edir. «Elektron hökumət» müasir institusional sistem olaraq «hökumət-vətəndaş», «hökumət-hökumət», «hökumət-biznes» əlaqələrinin yaradılmasına təkan verir.

«Elektron hökumət»in məqsədi bir necə istiqamətlərdə əhatə olunur. Buraya əhaliyə İnternet şəbəkəsində inteqrir formada xidmətlərin təqdimatı, informasiya bərabərsizliyinin aradan qaldırılması, bütün həyatı boyu insanlara öyrənməyə, oxumağa imkanlar açmaq, iqtisadiyyatın inkişafına yardım etmək, zaman maneələrini təcrid edən müqabil idraklı qanunların işlənməsi, daha çox vətəndaşın iştirakını təmin edən idarəetmə formalarının yaradılması və s. daxildir. Vətəndaşlara və biznesə hökumət xidmətlərinin təqdimatının optimallaşdırılması, seçicilərin ölkəyə rəhbərlik və idarəetmə proseslərində iştirak səviyyəsinin yüksəldilməsi, vətəndaşların özünə xidmət imkanlarının dəstəklənməsi və genişləndirilməsi, onların ixtisasının və texnoloji məlumatlandırılmasının artımı, coğrafi yerləşmə amilinin mülayimləşdirilməsi kimi mühüm komponentlər də «elektron hökumət»in məqsədini ehtiva edir. Bu məqsədləri gerçəkləşdirmək üçün informasiya cəmiyyəti qanunvericilik qarşısında vətəndaşların identifikasiyası və onların şəxsiyyətinin təsdiqi, konfidensiallıq və göstəricilərin mühafizəsi, elektron kommersiyasında vergiqoyma, kiberməkanda hüquqi münasibətlər, kiber-cinayətkarlıq və kiber-terrorizm kimi yeni çoxsaylı problemlər qoyur. Bundan irəli gələrək, dövlət bütün növ elektron əməliyyatlara etibar etmək, iqtisadi inkişaf və informasiya konfidensiallığının təminatı arasında zəruri tarazlığı saxlamaqla yeni çevik qanunvericilik formalaşdırmalıdır.

«Elektron hökumət»i ənənəvi hökumətin analoqu və ya əlavəsi kimi dəyərləndirməməli. Belə ki, o, İKT-dən fəal istifadə etməklə bu sferada dövlət xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə yeni qarşılıqlı münasibətlər sistemini təyin edir. İKT inkişaf etdikcə isə «bir pəncərə» prinsipinə əsaslanan «elektron hökumət»in funksionallığı daha da genişlənəcək və ənənəvi veb-servisləri üstələyən, istifadəçilərin özləri tərəfindən inkişaf etdirilən və yaxşılaşdırılan internetin və softun yeni «Web 2.0» nəsli daha geniş sferada reallaşacaqdır. Bu texnoloji nailiyyətlər siyasi kommunikasiyanın imkanlarını da genişləndirəcək, hökumətlə vətəndaşlar və biznes arasında inteqrasiyanın daha mütərəqqi formalarının yaranmasına təkan verəcəkdir.

Azərbaycanda «elektron hökumət» layihəsi «Elektron Azərbaycan» dövlət proqramı çərçivəsində həyata keçirilir. Tutumluluğu və uzaq hədəfliliyi ilə fərqlənən həmin Dövlət proqramı mütləq əksəriyyətlə respublika üzrə bütün mərkəzi icra hakimiyyəti orqanlarını əhatə edir. Belə reallıq müvafiq istiqamətdə müştərək fəaliyyətlərin, silsilə tədbirlərin həyata keçirilməsini və bu sahədə davamlı koordinasiyanın aparılmasını əsaslandırır. «Elektron hökumət»in özəl qaynaqları «Informasiya əldə etmək haqqında» Qanunda da öz əksini tapıb. Həmin Qanuna əsasən, dövlət qurumları sahibi olduqları ictimai məlumatları açıqlamaq üçün ən qısa zamanda özlərinin internet resurslarını yaratmalı idilər. Bu çox vacib bir məsələdir. Tələblər belədir ki, heç bir dövlət qürumu «elektron hökumət» infrastrukturundan kənarda qalmamalıdır.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçirilən «Elektron hökumət dövlət informasiya sistemi» layihəsi çərçivəsində dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinin inteqrasiyası, vətəndaşların müraciətlərinin dövlət orqanlarına çatdırılması, həmçinin, elektron xidmətlərin «bir pəncərə» prinsipi əsasında təşkili və istifadəsini təmin etmək məqsədilə «elektron hökumət» şlüzü və «elektron hökumət» portalı (sayt - http://e-gov.az) yaradılmışdır. Bu infrastrukturlar dövlət orqanlarının informasiya sistemləri arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı dövlət orqanları tərəfindən aparılan informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsini təmin edir. Hazırda 30-a yaxın dövlət qurumu «Elektron hökumət» şlüzünə qoşulmuşdur. «Elektron hökumət» portalı və «Elektron hökumət» şlüzü RİTN yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi tərəfindən idarə olunur.

Ölkədə «elektron hökumət» infrastrukturunun müasir vəziyyəti qənaətbəxş hesab olunur. Bunu BMT hesabatlarında «Elektron hökumət inkişafı indeksi» üzrə Azərbaycanın 192 ölkə arasında 96-ci yerdə qərarlaşmasını da bir daha əsaslı edir. Yaxın perspektivdə bu sahədə daha ciddi dəyişikliklərin reallaşacağı gözlənilir. Belə ki, hazırda (2012-ci il) dövlət xidmətlərinin elektron formada təqdimatı 30%, vətəndaşların elektron xidmətlərə çıxış imkanları 80% təşkil edir. Bu göstəricilərin 2020-ci ildə 100%-ə çatdırılması məqsəd olaraq qarşıda durur. Həmçinin 2020-ci ildə elektron xidmətlərdən istifadə edən vətəndaşların xüsusi çəkisinin indiki 20%-dən 80%-ə qaldırılması da əsas strateji hədəflər sırasındadır.

Dövlət cəmiyyətin informasiya erasına keçidində ən başlıca liderdir. Onun bu sıradakı imkanları bənzərsizdir. Bu gerçəkliyin təmin edilməsində isə ən güclü mexanizm «elektron hökumət» infrastrukturudur. «Elektron hökumət» infrastruktutuna tam keçid dövlət orqanlarına rəqabətqabiliyyətliliyini artırmağa, islahatları dərinləşdirməyə, iqtisadi irəliləyişləri səmərəli və davamlı etməyə daha geniş imkanlar açacaqdır.