Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

 

 

 

 

 Bəyalı Xanalı oğlu Ataşov,

                                                                       Azərbaycan Kooperasiya Universitetinin

elmi işlər üzrə prorektoru,

iqtisad elmlər doktoru, professor

 

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ DAİR BƏZİ MÜLAHİZƏLƏR

İnsanların ümumi tələbatları və ehtiyacları kompleksi çərçivəsində qidalanmanın aparıcı əhəmiyyətini ön plana çəkən  K.Marks yazırdı: “Qida məhsullarının ərsəyə gətirilməsi bilavasitə istehsalçıların və ümumiyyətlə, hər növ istehsalın mövcudluğunun ən birinci şərtidir” (1, səh. 184 – 185).

Bəşər tarixinin sosioloji təhlili göstərir ki, kifayət qədər təbii – iqlim, torpaq və maddi resursların yetərli olmasına baxmayaraq yer üzünün əhalisinin böyük bir hissəsi əsrlər boyu aclıqdan əziyyət çəkmişdir.

Əhalinin ərzaqla etibarlı təminatı hər bir dövlətin başlıca vəzifəsi kimi bütün cəmiyyətlərə mənsub olmuşdur. Əbəs yerə deyil ki, indi bu problem bəşəriyyət üçün nəinki geniş sosial və iqtisadi xarakter almış, hətta beynəlxalq siyasətin ən vacib faktorlarından birinə çevrilmişdir.

İnkişaf etmiş ölkələrin bəziləri də orta hesabla adambaşına istehlak edilən qida məhsullarının ümumi kalorililiyi elmi cəhətdən əsaslandırılmış normalara yaxın olarsa belə, onun tərkibi  çox hallarda tibbi rasionlara uyğun gəlmir, yəni hər hansı bir ərzağın kəsiri, çatışmaması digərinin artıq istifadəsi ilə əvəzləşdirilir. Əslində isə hər nemətin özünəməxsus ləzzəti, orqanizm üçün öz gərəkliyi, öz faydalılığı var. Bioloji nöqteyi-nəzərdən uzun müddət onların bir-birilə müəyyən miqdarda əvəzləşdirilməsi yolverilməzdir. Məsələn, D.İ.Mendeleyev cədvəlindəki elementlərin praktiki olaraq hamısını özündə cəmləşdirən, tərkibində 250-yə yaxın müxtəlif maddə saxlayan, "təbiətin özünün hazırladığı ecazkar məhsul" (I.P.Pavlov) olan südü heç bir başqa ruzi növü əvəz edə bilməz.

Tanrının Azərbaycana bəxş etdiyi təbii və torpaq - iqlim durumu ərzaq məhsullarının əsas istehsalçısı olan bitkiçiliyin, heyvandarlığın ahəngdar inkişafı üçün etibarlı zəmin yaratmışdır. Buna görə də yaxın və uzaq keçmişimizə nəzər salsaq görərik ki, yurdumuzda tarixən aclıq təhlükəsi olmamış, yalnız zaman-zaman (müharibələr, təbii fəlakətlər illəri istisna olmaqla) müəyyən ərzaq məhsullarının qıtlığı özünü büruzə vermişdir.

İ.B.Zaqaytov haqlı olaraq qeyd edir ki, hər bir ölkənin ərzaqla təminatı vəziyyətini düzgün qiymətləndirmək üçün ərzaq probleminin həllini mərhələlərə bölməklə dinamikada təhlil etmək lazımdır (2, səh. 52). Bunların birincisi xroniki tam qidalanmamanın qarşısını almaqla bağlıdır ki, bu da gündə adambaşına 1800-2000 kilokalori (kkal) istehlak etməklə əhalinin sadə təkrar istehsalına şəraitin təmin edilməsinə imkan verir. İkinci mərhələ ərzaq ehtiyatlarının o həcmlərinə nail olunması ilə səciyyələnir ki, gündə 2300-2800 kkal istehlak edilsin və əhalinin sabit artımı təmin edilmiş olsun. Sabit miqdarda, hətta qida rasionu elementlər üzrə balanslaşdırılmamış olsa belə, gündə 2800-3600 kkal. istehlak etməyə imkan verən ərzaq ehtiyatları həddi üçüncü mərhələyə xasdır. Qida məhsullarının zülal, vitamin və digər komponentlərlə balanslaşdırılmış istehlak səviyyəsi dördüncü mərhələyə məxsusdur. Bu parametrlərə bir vacib və qiymətli elementdə - ekoloji cəhətdən təmiz qidalanma - əlavə olunduqda onlar beşinci mərhələnin tələblərinə uyğun gəlirlər. Altıncı mərhələ əhalinin bütün sosial qrupları tərəfindən balanslaşdırılmış və ekoloji cəhətdən təmiz məhsulların yetərincə bol istehlakını nəzərdə tutur. Və nəhayət, yeddinci mərhələ - insanın bioloji təbiətini, mənəvi durumunu təkmilləşdirməyə imkan verən və uzunömürlüyün rəhni olan fəal həyat fəaliyyətini təmin edən qida strukturudur.

Hazırda dünyada hələlik elə bir dövlət yoxdur ki, ərzaq probleminin heç olmasa beşinci mərhələsinin tələblərini tam şəkildə həll etmiş olsun. Yalnız o istisna oluna bilər ki, ayrılıqda götürülmüş hər bir ölkədə əhalinin bəzi sosial təbəqələri beşinci və altıncı mərhələlərin məziyyətlərindən zövq alırlar.

FAO – nun (1946–cı ildə BMT – nin xüsusi qurumu statusunu almış Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı təşkilatının) bir neçə il öncəki məlumatlarına görə yer üzünün bütün əhalisinin hər bir nəfərinin gündəlik orta qida məhsulları istehlakı 2600 kkal., dünyanın inkişaf etmiş ölkələrində 3330, o cümlədən Qərbi Avropa ölkələrində 3380, Azərbaycanda isə 2900 kkal. təşkil edir.

Qeyd etmək lazımdır ki, respublikamızda ərzaq məhsullarının ümumi kaloriliyi əsasən rasion normalardan artıq olub tərkibində çoxlu karbohidratlar cəmləşdirən çörəyin, çörək məhsullarının, kartof və şəkərin hesabına əldə olunur.

Zülallara olan tələbat çox hallarda bitki zülallarının hesabına ödənilir ki, amin turşularının tərkibinə görə onlar heyvanat mənşəli zülallara bərabər tutula bilməz.

Hazırda vitamin çatışmazlığı və mineral tərkibin struktur cəhətdən qeyri-tarazlığı açıqca müşahidə edilir. Başqa sözlə, ümumi kalorililiyin nisbətən yetərli olduğu halda, əhalinin qida rasionunun tərkibcə qeyri-tarazlılığı ərzaq probleminin ən ciddi təzahürüdür.

Əhalinin müxtəlif qruplarının ərzaq məhsullarına olan tələbatları onların yaşı, peşəsi, əmək şəraiti, milli xüsusiyyətləri, yaşadığı coğrafi məkan kimi şərtləndirici amillər nəzərə alınmaqla müəyyənləşdirilir.

Beləliklə, respublikamızda təzahür edən ərzaq problemi fizioiloji deyil, sosial-iqtisadi xarakter daşıyır. O, bir tərəfdən tələbatlar strukturunun dəyişməsindən və ödənilməli olan təkliflərin sürətlə artmasından (ilk növbədə heyvandarlıq məhsullarına), digər tərəfdən isə bu məhsulların istehsalının nisbətən aşağı artım templərində olmasından irəli gəlir.

Yaranmış vəziyyət müasir şəraitdə ərzaq probleminin həlli yollarını da müəyyən etmiş olur: əvvəla, bütövlükdə kənd təsərrüfatının, xüsusilə heyvandarlığın inkişafının real olaraq sürətləndirilməsi üçün imkanları araşdırmaq; ikincisi, kənd təsərrüfatı məhsulunun sahə və fermadan istehlakçının süfrəsinə qədər olan bütün yol boyu itkikərini azaltmaq və qarşısını almaq, bu əsasda hər kənd təsərrüfatı xammalı vahidindən son məhsul çıxımını artırmaq; üçüncüsü, ərzaq malların strukturunu təkmilləşdirmək, onu əhalinin müasir tələbat strukturuna uyğunlaşdırmaq; dördüncüsü, ərzaq və qeyri - ərzaq xalq istehlakı mallarına olan təklif və tələbat arasında tarazlaşdırılmış mütənasibliyi təmin etmək.

Ərzaq istehlakının ümumi səviyyəsinə görə biz inkişaf etmiş ölkələrdən çox da geri qalmırıq. Lakin əhalinin qidalanması vəziyyətinin qiymətləndirməsində kəmiyyət amili əsas meyar kimi götürülə bilməz. İnsan orqanizmini ömrü boyu bütün zəruri komponentlərlə miqdar və keyfiyyət nisbəti gözlənilməklə elmi əsaslarla tarazlaşdırılmış qida təmin etməlidir. Yalnız balanslaşdırılmış qidalanma prinsipinin tələblərinə söykənən yeyinti məhsullarının optimal strukturu insanı sağlam, gümrah, əmək qabiliyyətli və psixoloji cəhətdən rahat edir. Düzgün qidalanma sağlam həyat tərzinin aparıcı atributlarından biri olmaqla uzunömürlülüyün rəhnidir. Odur ki, daha faydalı ərzaq növlərinin hesabına qida strukturunun təkmilləşdirilməsi, qida mədəniyyətinin durmadan yüksəldilməsi indiki nəsil üçün ən ümdə vəzifə kimi qarşımızda durur.