Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
TARİXİN CANLI ŞAHİDİ - BAKININ ƏMİRCAN KƏNDİ

Hər birimiz Vətən qarşısında olan borcumuzu fərqli dəyərləndiririk. Sadə vətəndaşdan tutmuş ən yüksək rütbəli dövlət məmuru, yaxud elm xadiminin Vətən qarşısındakı xidmətləri müxtəlifdir. Lakin bir həqiqət var ki, tutduğun vəzifədən, çalışdığın sahədən asılı olmayaraq işinlə, əməyinlə Vətən torpağına olan borcunu ödəməyi bacarasan, özü də təmənnasız və ləyaqətlə. Üzərinə çox çətin və məsuliyyətli iş götürərək, gecə-gündüz yorulmadan çalışan, qarşısına çıxan maneələri, çətinlikləri dəf etməyi bacaran belə fədakar insanlar o qədər də çox deyil. Sizi belə zəhmətkeş insanlardan biri – tarixçi Fəridə xanım Bünyatova və onun bu yaxınlarda qədim Abşeron torpağının bir parçası olan Əmircan kəndi haqqında hazırladığı "Əmircan (Xilə) şəcərələri" kitabı  ilə tanış etmək istəyirik.

Fəridə xanım Bünyatova Əmircan kəndində doğulmuş, boya-başa çatmış, öz kəndini sevən bir insandır. Tarixdə baş verənləri  öyrənmək, tədqiq etmək həvəsi onu 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə gətirib çıxarmışdır. Ali məktəbi bitirdikdən sonra o, Azərbaycan Sovet Ensiklopediyasında işləmiş, bu günə kimi tarix fənninin tədrisi ilə məşğuldur.  Öz doğma kəndinin tarixinə olan marağından, sonsuz məhəbbətindən, sədaqətindən irəli gələrək uzun müddət öz zərif çiyinlərinə ağır yük götürərək  kəndinin tarixi keçmişini, hər bir daşının, ensiz dalanlarının sanki dilini öyrənir və  bütün əldə etdiyi qiymətli məlumatları qələmə almağa qərar verir. Qarşılaşdığı çətinliklər onu bu yoldan çəkindirmir. Gərgin axtarışlar, uzun sürən araşdırmalardan sonra nəhayət, bu ilin aprel ayında Fəridə xanımın "Əmircan (Xilə) şəcərələri" adlı zəngin materiallarla dolu olan kitabı işıq üzü görür və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilir.
512 səhifədən ibarət  bu kitabı vərəqlədikcə qədim Əmircan torpağında  yaşamış nəsillər, onların sayılıb-seçilən nümayəndələri, görkəmli  şəxsiyyətləri haqqında məlumatlar oxucuda olduqca böyük maraq doğurur. Bu ulu torpağın sakinləri arasında neçə-neçə tanınmış ziyalı, elm, mədəniyyət və incəsənət xadimləri, rəssam, yazıçı, şair, bəstəkar, həkim, müəllim, idmançı, hərbçi, neftçi, neft sənayeçiləri  olduğunu bilmək insanda qürur hissi oyadır. Kitabda müəllifin illər uzunu işlədiyi müxtəlif arxivlərdən topladığı qiymətli materiallar, nadir sənədlər, maraqlı tarixi faktlar olduğu kimi öz əksini tapmışdır.
Müəllif yazır ki, Bakının qədim kəndlərindən sayılan Əmircanın “Darülelm”, “Xilə” kimi qədim adları da olub. Bu adlardan biri olduğu güman edilən Əmir Hac, yəni Hacıların əmiri XIV əsrdə Şirvan şahı və şeyxülislamın təyin etdiyi  Xilənin mötəbər və ziyalı şəxslərindən olan Əmir Nizaməddin Əmirhacın  titulundan meydana gəlmişdir. Əmircanlıların dərin ehtiramla yad etdiyi böyük mütəfəkkir alim  Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır.
Əmircan kəndi 1329-1330-cu illərdə yonulmuş əhəng daşından Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə tikilmiş Nizaməddin məscidinin ətrafında salınıb, zaman keçdikcə ərazisi daha da genişləndirilib. Məscidin mərkəzində yerləşən  qapının üst hissəsində fars dilində bu  yazıları oxuyuruq: "Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir". Qurani-Kərimdə buna bənzər bir ayə var: “Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!” (Ənkabut surəsi 64 ayə) Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri - qəməri 730-cu il (miladi tarix 1329-1330)". "Əmircan (Xilə) şəcərələri" kitabında Əmircan kəndinin qədim tarixə malik olduğunu sübut edən bir çox  faktlara rast gəlirik: “Bakının yaxınlığında yanar qazın qədimdən çıxmasını sübut etmək üçün yalnız Atəşgahın adını çəkmək kifayət edər” (Sara Aşurbəyli, 1964, Очерки истории средних веков, Баку, с. 53). Daha bir fakt - 1932-ci ildə kənddə qədim bir qəbiristanlıq sökülərkən onun 7 mərtəbədən ibarət olması aşkar olunur. Qəbiristanlığın dörd qatında İslama qədərki dövrdə basdırılan insan qalıqları aşkar edilmiş, qalan alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların sümükləri aşkarlanıb. Daha dərində isə məişətdə işlənən qablar, qədim pullar, ox, yay, xəncər, qadın qızıl-ziynət əşyaları aşkarlandığı qeyd olunur.
Azərbaycanın bir çox bölgələrində “Xilə” adlı kəndlər var. Lakin tarixçi Fəridə xanım Bünyatova yazır ki, bunların arasında ən qədimi  Abşeronun Əmircan kəndidir. Fəridə xanım: “Bu kəndlərdə nə qədər arxeoloji qazıntılar aparıldığını deyə bilmərəm, lakin e.ə. V əsrə aid kişi büstünün  tapılması Abşeronun Xilə kəndinin  digər bölgələrin Xiləsindən ən qədimi olduğunu deməyə  əsas verir”. Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşən Əmircan kəndi hal-hazırda şəhər tipli qəsəbədir və burada 30000-dən artıq əhali yaşayır, onların 1180 nəfəri məcburi köçkünlərdir. Çox qədim zamanlardan Xilə kəndinin ərazisindən karvan və araba yolu keçərmiş. Abşeron yarımadasının düz ortasından keçən bu qədim yol XIX əsrə qədər Pirallahıdan Bakıya gedən yeganə karvan yolu olmuşdur. Xilənin içərisindən keçdiyi üçün bu yola bəzən Dərxilə, yəni (Xilə qapısı) deyərmişlər.
"Əmircan (Xilə) şəcərələri" kitabında həmçinin bir zamanlar Əmircanı səyahət edən səyyahların da bu haqda qeydləri  verilmişdir: “Dünyada bu yerdən başqa heç bir yerdə ağ neft yoxdur. Neft olan bu torpaqda daim alov püskürən yer vardır” (Ərəb coğrafiyaşünası Məsudi, X əsr). Məşhur fransız yazıçısı Aleksandr Düma (ata) Qafqaza səfəri zamanı  Atəşgaha səyahətə gəlmiş, eləcə də Xilə kəndində olmuşdur.
Qeyd edək ki, rəvayətə görə, Makedoniyalı İsgəndər e.ə. təxminən 335-325-ci illərdə Azərbaycana yürüşü zamanı Atəşgahı dağıtmışdır. 636-cı ildə İrandan qovulmuş atəşpərəstlər Atəşgahı bərpa etmişlər. Buna baxmayaraq, Ərəb xilafəti zamanı Atəşgah yenidən dağıdılmışdır. İllər sonra yenidən atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib orada ibadətlə məşğul olmuşlar. Atəşgahın ən qədim yazısı 1713-cü il, ən son yazısı isə 1827-ci ildə daş kəsabələrdə yazılıb. Təkcə bir otağın divarında fars dilində yazı var, qalan yazılar isə hindustani dilində “qurmuki” əlifbası ilə yazılmışdır. Hindistanın məşhur siyasi xadimi və ilk baş naziri İndira Qandi də Atəşgahı ziyarət etmişdir. Oktyabr inqilabından sonra Atəşgah məbədi kerosin zavoduna çevrilir, hətta gümbəzində yanan od belə söndürülür. Yalnız 70­ci illərin əvvəlində İndira Qandi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra məbəd bərpa olunur, oraya  gedən yollara  asfalt döşənir. Ən əsası isə məbəddə qaz yenidən yandırılır. İndira Qandi Atəşgaha ziyarətindən çox razı qalır.

Görkəmli şəxsiyyətlər
Qədim Əmircan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında danışarkən Abbasqulu ağa Bakıxanovu qeyd etməmək düzgün olmazdı. O, 1794-cü ildə Bakının  Əmircan (Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan  olmuşdur. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. Abbasqulu ağa kiçik yaşlarında ailə vəziyyəti ilə əlaqədar olaraq Qubanın  Əmsar kəndinə köçərək 1819-cu ilədək Qubada yaşamış, təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tutduğu vəzifə ilə əlaqədar olaraq bir çox dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmiş, mühüm hadisələrin şahidi və iştirakçısı olmuşdur. Uzun illər çar ordusunda hərbi xidmətdə olmuş, ali rütbələrə qədər yüksəlmişdir. Qeyd edək ki, Bakıxanovlar nəslindən  Cəfərqulu ağa Bakıxanov, Abdulla ağa Bakıxanov, Həsən ağa Bakıxanov kimi yüksək rütbəli hərbçilər yetişmişdir. Abbasqulu ağa Bakıxanov  tarixdə həm də mütəfəkkir yazıçı, şair, ilahiyyat və islam elmlərinin, məntiq, fəlsəfə, astronomiya, coğrafiya elmlərinin mahir bilicisi kimi qalmışdır. Bakıxanov öz əsərlərini Azərbaycan, rus, ərəb və fars dillərində yazmışdır.
XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətli inkişafı ilə əlaqədar olaraq mal-qara ilə məşğul olan kənd əhalisinin əksəriyyəti neft mədənlərində çalışmağa başladılar. Neft sənayesinin inkişafından danışarkən neft milyonçusu Murtuza Muxtarovu, Şəmsi Əsədullayevi qeyd etməmək düzgün olmazdı.
Neft sənayeçisi və eləcə də  xeyriyyəçi kimi tanınan  Şəmsi Əsədullayev 1840-cı ildə  Əmircan kəndində anadan olmuşdur. Bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmış Şəmsi uzun müddət neft mədənində işləmiş, müəyyən qazanc əldə etdikdən sonra 1874-cü ildə neft çıxaran və emal edən kiçik müəssisə (kontor)  açmış, həmin kontoru sonralar iri “Şəmsi Əsədullayev və K” şirkətinə çevirmişdi (1893). Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması məqsədilə Bakının neft kapitalistləri içərisində ilk dəfə olaraq Ş. Əsədullayev 1891-ci ildə neftin Xəzər dənizi vasitəsi ilə daşınmasını həyata keçirməyə müvəffəq olmuşdur. 1895-ci ildə Əsədullayevin  təzə aldığı torpaq sahələrindən birində güclü neft  fontanı vurur. 56 gün davam edən  fontan hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən yaddaqalan hadisələrdən biri idi. Beləliklə, Ş.Əsədullayev neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması təşkil edir. Onun Bakıda bir neçə neftayırma zavodu, mexaniki emalatxanası, Suraxanı, Sabunçu və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri var idi. Bakı şəhərinin  mərkəzində əzə¬mətli bina tikdirmişdi. O, həm də xeyriyyəçiliklə də məşğul olurdu: “Nəşri-maarif” cəmiyyətinin fəal üzvü idi.  
Milli burjuaziyanın görkəmli nümayəndələrindən biri olan Murtuza Muxtarov 1857-ci ildə Əmircanda anadan olmuşdur. Əmək fəaliyyətinə fəhləlikdən başlayan M.Muxtarov sonralar neft emalı texnologiyasını dərindən bilən bir mühəndisə çevrilir. 1890-cı ildə onun tərəfindən yaradılan kontor qazma avadanlıqlarını təkmilləşdirərək Abşeronda 1100 m dərinlikdə neft quyuları qazmağa başlamışdır. XIX əsrin sonunda o, Bibiheybətdə və Rusiyada ilk neft qazma avadanlıqlarını istehsal edən iri zavodlar tikdirmişdir. Əmircanda ikiminarəli məscid, Mərdəkanda Nəbatat bağı, Bakının mərkəzində tikdirdiyi əzəmətli Səadət sarayı milyonçu M.Muxtarovun yadigarıdır. Tanınmış neft sahibkarı olan M.Muxtarov xeyriyyəçi kimi bir müddət milli mətbuatımızın inkişafına xidmət edən mətbu orqanlardan sayılan “Tərəqqi” qəzetini “İrşad” mətbəəsində çap etdirmiş, onun şəxsi vəsaiti ilə neçə-neçə gənclər xaricdə öz təhsilini davam etdirmiş və layiqli mütəxəssis kimi vətənə qayıtmışlar.
Əmircan torpağının yetirmələri olan neçə-neçə məşhur neft ustaları, neftçi mütəxəssislər, mühəndislər, tarixçi, iqtisadçı alimlər bu gün adlarını  fəxrlə çəkdiyimiz şəxsiyyətlərdir. Bu məqamda Azərbaycanda iqtisadi tarix elminin ilk yaradıcılarından biri sayılan akademik Əlisöhbət Sumbatzadəni xüsusi qeyd etməliyik.  Azərbaycanın  görkəmli iqtisadçısı və tarixçisi, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə 1907-ci ildə Bakının Əmircan kəndində doğulmuşdur.  Ömrünün yarım əsrdən çoxunu zəngin tariximizin, ictimai-iqtisadi fikrimizin müxtəlif problemlərinin araşdırılmasına sərf etmiş, bu sahədə dəyərli əsərlər yaratmışdır. Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. Bacarıqlı elm təşkilatçısı olan Əlisöhbət Sumbatzadə 1957-1959-cu illərdə  AMEA-nın vitse-prezidenti, sonralar Yaxın  və Orta Şərq xalqları institutunun direktoru və İctimai elmlər bölməsinin akademik katibi vəzifələrində çalışmışdır. 1958-ci ildən AMEA-nın həqiqi üzvü seçilmişdir.  Alim özünün elmi potensialına, müxtəlif elmlərə yaxından bələd olmasına, elmi təcrübəsinə söykənərək, Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə, müdrik çağında "Azərbaycanlılar – etnogenez və xalqın formalaşması" adlı son dərəcə vacib monoqrafiyasını yazmış və bununla da elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoymuşdur.
Əmircan kəndinin təbiətini öz sehrli barmaqları ilə kətan üzərində əks etdirən qüdrətli fırça ustası Səttar Bəhlulzadə 1909-cu ildə bu kənddə anadan olub. 1927-1931-ci illərdə  rəssamlıq məktəbində təhsil almışdır. 1933-1941-ci illərdə təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirmişdir. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şeqalın tələbəsi olmuş S.Bəhlulzadə lirik mənzərə janrının banisidir. Bəhlulzadənin yaradıcılığında həmçinin tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı", "Fətəli xan", "Xəttat Mir Əli" ) xüsusi yer tutmuşdur. Böyük Vətən müharibəsindən sonrakı illərdə rəssam Abşeronun neft mədənlərini, bağ və kəndlərini tərənnüm etmişdir. Yaradıcılığı getdikcə kamilləşən sənətkar  təbiət təsvirlərinə daha çox meyil etmiş, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır.
Ecazkar rəng duyumuna malik olan Bəhlulzadənin təbiət qoynunda yorulmadan çalışmalarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Buzovna neft mədənləri", "Əmircan",  "Kəpəzin göz yaşları", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri sənətsevərlərdə heyranlıq doğurur.
Vaxtilə Əmircan xalçaları dünyada məşhur olub. Əmircanlıların toxuduğu Xilə, Xiləputa, Xilə-Əfşan xalçaları dünya bazarlarında yüksək qiymətləndirilirdi. Moskva Dövlət Tarix muzeyində XVIII əsrdə toxunmuş Xiləbuta xalçası bu günədək qorunub saxlanılır. "Əmircan (Xilə) şəcərələri" kitabında bu qədim xalq sənəti nümunələrinin illüstrasiyaları verilmişdir.
Bu kiçik yazıda Əmircan kəndinin yetişdirdiyi tanınmış şəxsiyyətlərindən olan buruq ustasından siyasi xadimədək yüksəlmiş Zeynal Zeynalovun, Azərbaycanın xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun,  istedadlı şair, publisist və teatr xadimi Səməd Mənsurun, yazıçı Mirmehdi Seyidzadənin, yaratdığı əsərlərlə ürəklərdə iz qoyan  ilhamlı şairimiz Tofiq  Bayramın, yüngül atletika üzrə dünya rekordçusu Ziba Ələsgərovanın,  Azərbaycanda görkəmli teatr rejissoru kimi tanınan Tofiq Kazımovun, ilk azərbaycanlı təyyarəçi qadın Sona Nuriyevanın, istedadlı rəssam Qəyyur Yunusun yalnız adlarını çəkməklə kifayətlənməli olduq.
Beləliklə, Fəridə xanımın "Əmircan (Xilə) şəcərələri" kitabı haqqında çox yazmaq olar. Kitab qədim torpağı tanıtmaq, burada doğulmuş, yaşamış nəsillər, şəcərələr haqqında geniş və dəqiq məlumatlar baxımından olduqca dəyərlidir. Düşünürük ki, aramızda tariximizi, keçmişimizi dərindən bilən mütəxəssislər, tədqiqatçılar o qədər də az deyil və arzu edərdik ki, onlar da milli təəssübkeş Fəridə xanımdan nümunə götürsünlər. Azərbaycanımızın digər qədim şəhər və kəndlərini tədqiq edərək tariximizin qaranlıq səhifələrini bizə açsınlar. Ümidvarıq ki, milli-mənəvi və maddi dəyərlərimizi qiymətləndirməyi bacaran, öz xeyriyyəçiliyi ilə tanınmış yerli himayədarlar bu şərəfli işə biganə qalmayacaq, öz maddi köməyini əsirgəməyəcəklər.
 
Aytən Səmədzadə
Lamiyə Nəbiyeva