Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yerli vergi və ödənişlər - bələdiyyələrin uğurlu fəaliyyəti üçün maliyyə təminatıdır

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və təşəkkül tapması üçün məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmış, ölkəmiz «Yerli özünüidarə haqqında» Avropa Xartiyasına qoşulmuş, bələdiyyələr formalaşmışdır. Bələdiyyələrin uğurlu fəaliyyəti üçün bir çox şərtlər və amillər vardır ki, onlardan biri də bələdiyyələrin sərəncamında kifayət qədər maliyyə vəsaitlərinin olmasıdır.

«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu kimi, bələdiyyələrin maliyyə vəsaitləri yerli büdcənin gəlirləri əsasında formalaşır və onun əsas mənbələrini yerli vergi və ödənişlər təşkil edir.

 Yerli vergilər və ödənişlər

Azərbaycan Respublikasında tətbiq olunan vergilər, o cümlədən yerli vergilər Vergi Məcəlləsi ilə müəyyən edilmişdir. Yerli vergilərə fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) üzrə mədən vergisi aiddir.

Qanunvericiliyə görə, vergilərin dərəcələri yalnız Vergi Məcəlləsi ilə təsbit edilmiş hədlər daxilində tətbiq oluna bilər. Əlavə vergilərin tətbiq olunması, vergi dərəcələrinin bələdiyyələr tərəfindən artırılması isə qanunvericiliklə yolverilməzdir.

«Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə büdcələrinə, yerli vergilərlə yanaşı, yerli ödənişlərin də ödənilməsi müəyyən olunmuşdur. Həmin Qanuna əsasən yerli ödənişlərə aşağıdakılar aiddir:

-    bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

-    Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

-    bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

-     bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;

-    bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Bunlarla yanaşı, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər də tətbiq edə bilər.

Yerli vergilərin və ödənişlərin qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti bələdiyyələrin vergi xidməti orqanları həyata keçirir. Bununla əlaqədar olaraq, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Fiziki şəxslərin torpaq vergisi:

necə ödəməli?

Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi qaydaları Vergi Məcəlləsinə və «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən müəyyən edilmişdir. Bu yazımızda yerli büdcənin gəlirlərinin formalaşmasında rol oynayan vergilərdən biri - fiziki şəxslərin torpaq vergisi barədə məlumat veriləcək.

Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləri sayılırlar. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir.

Torpaq Məcəlləsinə görə fiziki şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Bu halların hər birini ayrılıqda nəzərdən keçirək.

Torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququ olmaqla dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması nəticəsində yaranır.

Torpaq sahəsi üzərində istifadə hüququ isə müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə olunması deməkdir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə - torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli - on beş ilədək və uzunmüddətli - on beş ildən 99 ilədək müəyyən edilə bilər. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.

Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

Torpağın icarəyə götürülməsinə görə ödənilən icarə haqqı torpaq icarəsi haqqında müqavilədə nəzərdə tutulur. Nazirlər Kabinetinin «Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə» 3 dekabr 2000-ci il tarixli 226 nömrəli qərarına əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı isə tərəflərin razılığı ilə müəyyən olunur.

Torpaq Məcəlləsinə əsasən, icarəyə verən torpaq vergisi tədiyyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyə verən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Torpaqdan icarəyə görə isə yalnız icarə haqqı alınır. Eyni zamanda, icarəyə götürülmüş torpaqlara görə torpaq vergisinin ödənilməsi halı Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisinin məbləği torpaq sahəsinin ölçüsü, onun kənd təsərrüfatı torpaqlarına, yaşayış fondlarının, həyətyanı və ya bağ sahələrinin tutduğu torpaqlara aid olması nəzərə alınır.

Torpaq Məcəlləsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara isə belə istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri aiddir.

Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat təşkil edir. Kənd təsərrüfatı torpaqları üzrə şərti ballar Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli qərarı ilə, kadastr qiymət rayonları və kənd təsərrüfatı torpaqlarının təyinatı, keyfiyyəti nəzərə alınmaqla torpaq sahəsinin 1 hektarı üçün, onun dağ və ya düzən torpaqlarına aid olmasından, əkin, dinc və çoxillik əkmələr altında olub-olmamasından asılı olaraq müəyyənləşdirilmişdir. Kənd təsərrüfatı torpaqları üzrə 1 hektar torpağa görə verginin illik məbləği torpağın keyfiyyət qrupu nəzərə alınmaqla 1 hektar üçün müəyyən olunmuş şərti balın 0,06 manata vurulması yolu ilə hesablanır.

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisinin dərəcələri torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpağın təyinatından və yerləşdiyi ərazidən asılı olaraq müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 208-ci maddəsinə əsasən, fiziki şəxslərə torpaq vergisi torpaq sahəsinin yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır və hesablanmış vergi barədə tədiyyə bildirişi avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Torpaq vergisinin tədiyyə bildirişində göstərilən məbləğinin yarısı 15 avqust, digər yarısı isə 15 noyabr tarixlərindən gec olmayaraq yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Qanunvericilik torpaq vergisinin ödənilməsi üzrə güzəştlər də müəyyən edib. Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin (bunlara Milli Qəhrəmanlar, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər, I və II qrup müharibə əlilləri və s. aiddir) mülkiyyətində olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği 10 manat azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 4.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

 Məqalə Vergi siyasəti və strateji araşdırmalar

Baş İdarəsinin materialları əsasında hazırlanmışdır