Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"Qlobal layihələr əhalidən xəbərsiz reallaşmayacaq"

Azərbaycanın dinamik inkişafı onun şəhər və qəsəbələrinin abadlaşdırılmasında öz əksini tapır. Təbii ki, əsas diqqət böyük şəhərlərə, xüsusilə ölkələrin paytaxtlarına yönəlir. Bu da labüddür. Bakının, eləcə də digər şəhərlərin gözəlləşməsi həmvətənlərlə yanaşı, qonaqların da diqqət mərkəzindədir. Məhz məsələ ilə bağlı oxucuların marağını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevlə olan müsahibəmizi sizlərə təqdim edirik.


- “Tikinti və Şəhərsalma Məcəlləsi” indiyədək mövcud olan normativ-hüquqi bazadan daha çox nə ilə fərqlənir?

- İndiyə qədər də ölkəmizdə şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi baza mövcud idi. Lakin bunlar müstəqilliyin ilk illərində qəbul olunmuş normativ hüquqi aktlar sırasına daxildir. Onlar əsasən “Şəhərsalmanın əsasları haqqında” , “Memarlıq fəaliyyəti haqqında” qanunlar və tikinti, şəhərsalma fəaliyyətini tənzimləyən bir çox normativ-hüquqi aktlar qüvvəsinə malik qayda, təlimat, metodik göstərişlərdən ibarət idi. Lakin biz müstəqil dövlət olaraq inkişaf etdikcə şəhərsalma sahəsində normativ-hüquqi bazanın təkmilləşməsinə çox böyük ehtiyac  vardı. Bu həm şəhərlərimizin simasının yaxşılaşdırılması, həm də  ərazidən təyinatına görə daha səmərəli istifadənin təmin olunması məqsədilə gündəmə gəlmiş məsələ idi. Mən çox böyük səmimiyyətlə bu məcəllənin ərsəyə gəlməsində xidməti olan bütün deputatlarımıza, qanunverici hakimiyyətin bu sahədə çalışan əməkdaşlarına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm, sözün həqiqi mənasında gələcək üçün normal hüquqi bazanın yaradılmasına təminat yaradan bir məcəllə hazırlanıb. Heç də təsadüfi deyil ki, cənab prezidentin imzaladığı Fərmana görə, bu məcəllənin icra olunması ilə bağlı 40-a yaxın yeni normativ hüquqi akt hazırlanacaq. Hesab edirəm ki, bu da  məcəllənin icra mexanizminin təmin olunmasına  çox böyük kömək olacaq. Məcəllə 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Məcəllədə diqqət çəkən bir neçə məsələ var. Bu məsələlərdən biri ondan ibarətdir ki, anlayış nöqteyi nəzərdən bizim leksikonda indiyə qədər “ümumi plan” məfhumu olmayıb. Hal-hazırda bu qanunda “ümumi”, “baş” və ən nəhayət “müfəssəl” plan anlayışları  nəzərdə tutulur. Ümumi, baş və müfəssəl planların indiyə kimi həll olunması yalnız müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdisə, kifayət qədər cəmiyyətin bundan xəbəri olmurdusa, indi artıq yeni məcəlləyə görə belə planların reallaşması əhalinin maarifləndirilməsi ilə paralel aparılacaq. Həmin məcəllənin müvafiq maddəsinə görə bizim komitə ümumi və baş planlarla bağlı əhalinin marağına toxunan böyük tikinti layihələri və müfəssəl planlar haqqındakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən əhaliyə hökmən çatdırılacaq. Bu o deməkdir ki, hər hansı görülən iş, dövlət tərəfindən həyata keçirilən qlobal layihələr əhalinin xəbəri olmadan reallaşmayacaq. Daha çox təklif əhalidən gələcək. Bu da ümumiyyətlə əhalinin özünün şəhərsalma prosesinin idarə olunmasına cəlb edilməsinin bir mexanizmi kimi qəbul edilməlidir. Bu işə onların cəlb edilməsi ölkədə bütövlükdə şəhərsalma və şəhərsalma obyektlərindən istifadə mədəniyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Çünki idarəedənlərlə idarəolunanların eyni dildə danışması idarəetmənin səmərəliliyi üçün vacib məsələlərdən biridir. Digər vacib məsələ şəhərsalma, tikinti sahəsində vəziyyətin nisbətən inqilabi təəssürat yaradan geniş yayılmış bir texnologiya ilə mülayimləşdirilməsidir. Bu da ondan ibarətdir ki insanlar özləri üçün özlərinə məxsus ərazidə yaşayış evi tikərkən elə də uzun-uzadı icazə prosedurlarından keçməməlidir. Artıq bizdə də xəbərdarlıq icraatı  proseduru tətbiq olunacaq. Bunun əsas mexanizmi ondan ibarətdir ki, hər hansı bir vətəndaş tikmək istədiyi 3 mərtəbəyə qədər, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evinin layihəsini icra hakimiyyətinə təqdim edəcək. Əgər 3 ay müddətinə  icra hakimiyyətindən heç bir arayış, irad tələb olunmasa və yaxud da irəli sürülməsə o vətəndaş həmin evi inşa eləməyə hüquq qazanacaq. Bu, sözün həqiqi mənasında çox böyük demokratik normadı. Amma onu qeyd etməliyəm ki, bu heç də bizim ölkə üçün göydəndüşmə deyil. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti Azərbaycanda mənzil tikintisinə rəvac verir.  Bu Konstitusiya norması reallaşdırılmalı idi. Bu müddəa müəyyən mənada həmin normanın icra mexanizmi kimi qəbul edilməlidir. Digər vacib məsələ ondan ibarətdir ki, hal-hazırda ölkənin bütün ərazisində nə qədər tikinti obyektində iş gedir, lakin bunun dəqiq uçotu demək olar ki yoxdu. Amma bu məcəllənin tələblərinə görə vahid tikinti reyestri aparılacaq. Onun da aparılması bizim komitə tərəfindən həyata keçiriləcək. Tikinti və şəhərsalma fəaliyyətinin informasiya təminatına gəldikdə isə qeyd edim ki, elektron layihələrdən istifadə etməklə informasiya bankı yaratmaq xeyli asanlaşıb. Müvafiq yerli icra hakimiyyəti ərazisində tikintiyə başlanması barədə məlumat bizim komitəyə ötürüləcək ki, o da vahid banka daxil ediləcək. Hesab edirəm ki, bu da ümumiyyətlə bu sahənin idarə olunmasına və yaxud da baş verə biləcək hansısa qanunsuzluğun və yaxud da nöqsanın qarşısının alınmasına çox böyük kömək edəcək.

-Bu məcəlləyə əsasən şəhərlərin tikilib-abadlaşdırlması zamanı tarix və memarlıq abidələrinin qorunması necə təmin olunacaq?

- Bu da çox vacib məsələdi. İndiyə qədər də bizim tarix-mədəniyyət abidələrimizin qorunması haqqında qanun vardı və indi də o qüvvəsində qalır. Bu məcəllə nəinki tarix-mədəniyyət abidələrinin, hətta tarixi landşaftın da qorunmasını nəzərdə tutur. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, hər hansı bir ərazidə hər hansı bir icra hakimiyyəti, investor və ya sərmayədər abadlıq işləri aparacaqsa, həmin abadlıq işləri müvafiq söküntü işləri ilə müşayət olunmalıdır. Ona görə belə abadlıq işlərinin layihəsi bizim komitədə layihələrə rəy verən qurum tərəfindən bəyənildikdən sonra o icra olunacaq. Bu müddəa onu deməyə əsas verir ki, tarix və mədəniyyət abidəsi olan hər hansı bir ərazinin abadlaşdırılması zamanı o obyektlərin qorunmasına xüsusi diqqət yetiriləcək. Xüsusilə qeyd etmək istəyirəmki, hal-hazırda “Böyük Bakının Regional İnkişaf Planı” hazırlanır və onun 1500 ha-lıq mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi də hazırdı və həmin layihədə də nəzərdə tutulub ki, tarixən formalaşmış mərkəzi hissənin siması saxlanılsın. Bu məcəllədə belə abidələrin qorunması nəzərdə tutuluduğundan bunun reallaşmasının həm hüquqi, həm də mənəvi əsası olacaqdır.

-Məcəlləyə əsasən, yeni tikililər şəhər arxitekturasına xələl gətirməməlidir. Belə olan halda yeni binaların taleyi necə olacaq?

- Yeni binalar deyəndə yəqin ki, indiyədək tikilmiş binalardan söhbət gedir. Vaxtilə modern üslubda tikilmiş elə binalar vardı ki, onların altına Kiyev, Minsk, Daşkənd və ya Almaata yazsaydın heç nə dəyişməzdi. Xüsusilə qeyd etmək istəyirəm ki, cənab prezidentin müvafiq Sərəncamı ilə  bir neçə il əvvəl binaların və tarix-mədəniyyət abidələrinin bərpası və onların işıqlandırılması məsələsi gündəmə gəlmişdi. O Sərəncamın işığında bizim binalarımıza demək olar ki, milli libas geyindirildi. Bir məsələni də qeyd edim ki, hər zamanın özünəməxsus memarlığı var. O, milli köklərə söykənməklə bərabər, həmin dövrdə mövcud olan tikinti materialları, yeni texnologiyalar nəzərə alınmaqla inşa olunur. Məsələn, Alov qüllələri, təbii ki, orda daşdan istifadə edib elə bir memarlıq abidəsi yaratmaq mümkün deyildi. Bu həm müasir tikinti texnologiyası ilə bağlıdır, həm də indiki zamanın reallıqlarını təcəssüm etdirmək üçün vacibdi. Bir məsələyə diqqət yetirək ki, İsmailliyə, yəni Elmlər Akademiyası Rəyasət Heyətinin binasında vaxtilə onu layihələndirən memar rəqs edən xanımların əlində qaval təsvirini verib. Hal-hazırda isə biz  bu cür axan yazıları, axan görüntüləri  elektron lövhələrdə görürük. Təbii ki, müasir dövrdə belə texnologiya varsa, tez-tez milli ornamentləri dəyişmək və onun çoxluğunu cəmiyyətə göstərmək lazım gəlirsə, onda müasir texnologiyalardan istifadə etmək lazımdı. Digər tərəfdən bizim şəhərimiz tarixi və qədim şəhərdi. Biz isə bu qədim və tarixi şəhərdə müasir cəmiyyər qurmuşuq. Bu baxımdan şəhərimizin müasirləşməsinə də çox böyük ehtiyac var. Abşeron, Hilton kimi unikal binalara gəldikdə isə onlar müasir dövrün Azərbaycana gətirdiyi memarlıq abidələri kimi qəbul olunmalıdır. Təbii ki,  belə obyektlərin taleyi üçün narahat olmağa dəyməz. Əksinə belə obyektlərin milli memarlıq obyektləri ilə uzlaşması üçün orda milli ornamentlərin nəzərdə tutulması təbii ki, bütün icraçı və layihəçilər tərəfindən qorunacaq.

-Məcəllədə qeyd olunur ki, o qüvvəyə minənədək verilmiş tikinti icazələri məcəllə qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədə olacaq. Bəs 3 il sonra onların sökülmə ehtimalı varmı?

- Burda söhbət ondan gedir ki, hər hansı bir sahibkar, ya sərmayədar hanısa yerdə bir bina tikmək istəyir. Tutaq ki, ona 2012-ci ilin may, iyun və ya sentyabr ayında icazə verilib və o tikintiyə  məcəllə qüvvəyə minəndən 3 il müddətində başlaya bilər. Amma 3 il sonra orda tikinti işi apara bilməz. Burda əsas məsələ şəhər ərazisindən daha səmərəli istifadə etməkdən ibarətdir. Bəzi sərmayədarlar var ki, ərazini hasara alır, lakin orda illərlə iş görülmür. Bu həm şəhər görkəminə çox mənfi təsir göstərir, həm də ərazidən istifadə əmsalını çox aşağı salır. Bu baxımdan həmin normanın qoyulması çox vacibdi. Çünki orda tikilən obyekt sonradan bir əmlak vergisi obyektinə çevrilir.

-Siz məcəllədə daha hansı maddələrin öz əksini tapmasını istərdiniz?

- Mən ümumiyyətlə normativ hüquqi aktların həddindən artıq çox maddəli, çox müddəalı olması tərəfdarı deyiləm. Onlar daha yığcam olanda tez qəbul və icra olunur. Orda daha nələrin qeyd olunmasını həyat göstərər. Yeri gəlmişkən təkcə onu qeyd edim ki, orda qonşular haqqında müddəa var ki, onun dəqiqləşdirilməsinə ehtiyac duyulur. Burda horizontal səviyyədə qonşu məsələsi var, halbuki çoxmərtəbəli binalarda mənzillərin yanlarında, yuxarı və aşağı mərtəbələrdə qonşular olur. Lakin bunlara fəlakət kimi baxmaq olmaz, istənilən vaxt məcəlləyə dəyişiklik edilib  zənginləşdirilə bilər. Ümumiyyətlə ilk təşəbbüsdən ideal qanun layihəsi hazırlamaq mümkün olmur. Zaman ona öz korrektələrini edir.

- Hazırda meqapolislərin ən başlıca problemlərindən biri tıxaclardır. Bu qanunvericiliyin köməyilə şəhərin arteriyalarını təmizləmək mümkün olacaqmı?

- Elə indi də mövcud olan qanunverici baza imkan verir ki, şəhərlərdə abadlaşdırma, yenidənqurma işləri həyata keçirilsin. Bu məcəllə də elə həmin texnologiyanın inkişafına təminat yaradır. Şəhərlərin ən vacib məsələlərindən biri insanlar üçün sağlam və təhlükəsiz həyat fəaliyyəti və iş şəraitinin yaradılmasıdır. Təbii ki nəqliyyatda tıxacların yaranması müəyyən mənada şəhər və insanların həyatında müəyyən problemlər yaradır. Şəhərin baş planı, ərazilərin müfəssəl planı işlənən zaman digər məsələlərlə yanaşı, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və onun zamanın tələblərinə uyğun yenidən qurulması gündəlikdə olan məsələlərdən biri olacaq.

- Seysmoaktiv Abşeron yarımadasının tikinti ilə yüklənmə problemi varmı?

- Təkcə Abşeron deyil, ümumiyyətlə Azərbaycan seysmoaktiv zonada yerləşir. Mən bunu çox böyük əminliklə qeyd etmək istəyirəm ki, hal-hazırda Azərbaycanda həyata keçirilən tikinti-quruculuq işləri zamanı layihədə nəzərdə tutulan bütün seysmik tələblər qorunur. Çünki təyinatından asılı olmayaraq, binanın  layihələndirilməsindən əvvəl müvafiq geoloji axtarış işləri aparılır. Bu axtarış işləri həm quruntun, torpağın tərkibini müəyyən edir, həm də həmin torpaqda binanın ağırlıq və həndəsi ölçülərindən asılı olaraq mühəndisi hesabatlar aparmaqla onun seysmik dayanıqlığını nəzərə almağa imkan verir. Son illərdə bizim tikilən binalar ümumən çox keyfiyyətlə tikilir. Nəzarət çoxtərəflidir. Əvvəla, layihə sonra texniki, müəllif və dövlət nəzarəti mərhələri olur. Bu mərhələlərdən keçən hər hansı bir tikinti seysmik dayanıqlığa cavab verə bilər. Bir məsələni də qeyd etmək istərdim ki, bina tikilən zaman ola bilər ki, onun seysmik dayanıqlığı, texniki parametrləri texniki standartlara cavab versin, amma istismar zamanı o binanın istismar texnolgiyasına əməl edilməməsi onun texniki və seysmik dayanıqlığına mənfi təsir göstərə bilər. Yəni binanın seysmik dayanıqlığı həm də əhalinin özündən asılıdı.

- Dünyanın məşhur şəhərlərinin sanki özünəməxsus səciyyəvi xüsusiyyətləri var. Məsələn, Roma güc-əzəmət, Vyana kübar mədəniyyət xüsusiyyətinə malikdir. Belə bir xarakterin müəyyən olunması Bakının da gələcək inkişafı üçün çox vacibdir. Bəs sizin fikrinizcə Bakının bu cür xarakterik cəhəti nədir?

 - Bakının ən xarakterik cəhəti insanlar arasında doğmalığın yüksək olmasıdır.  Burada tolerantlığın yüksək olması ilə səciyyələnən tarixi memarlıq irsinin qorunması həmisə yaşayacaq. Bakı vaxtilə Neapola bənzədilib, amma mən belə hesab edirəm ki, Bakı elə həmişə Bakıya oxşayacaq. Bakının pasportu, tarixi-mədəni irsi olan İçərişəhər həmişə iç dünyamız kimi başqalarına göstərməli yerimiz olacaq. Mən hesab edirəm ki, İçərişəhərin ətrafında formalaşan bayır şəhər də bizim şəhərimizin başqa şəhərlərlə müqayisədə həm müasirliyi, həm də qədimliyini qoruya biləcək. Bu yaxınlarda bizə Bolqarıstanın səfiri qonaq gəlmişdi. O, etiraf etdi ki, mən əvvəlki gəlişimdə buranı Asiya şəhəri bildim, amma mən görürəm ki, Bakı həm də bütün görkəmi ilə Avropanın mərkəzi şəhərlərindən fərqlənmir. Mən hesab edirəm ki, Bakının şəhərsalma tarixindən nəinki bizim gələcək nəsillər, başqa ölkələrin memarları da faydalana bilərlər. Bakıda bizim milli parametrlərimizə uyğun olmayan binalar da tikilib. Elə binalar var ki, şəklini çəkib altına hər hansı ölkənin adını yazsan heç kimi şübhə etməz ki, bu elə ordadı. Amma elə binalar var ki, onun altından heç nə yazmasan da, o ölkənin bir rəmzi, simvolu kimi çıxır. Məsələn, Qız qalası, Hökümət evinin binası və yaxud da Eyfel qülləsi, Kreml və s. Belə bir söz var, mal yiyəsinə oxşamasa haramdı, şəhər də insanlara oxşayır. Hər hansı konkret bina ya onun memarının təfəkkürünün məhsulu olur, ya da onun sifarişçisinin. Sovet dönəmində o modern memarlıqla tikilmiş binlar yenidən quruldu və onlar milli libas geyindi. Bu günün özündə də tarix və memarlıq abidələri yaranır. Məsələn, mən bunu dəfələrlə demişəm, tutaq ki, “Bibiheybət” məscidi ulu öndərin birbaşa  dəstəyi və istəyilə yaranan  bir abidədir. Bu gün yaransa da, o tarix və memarlıq abidəsidir. Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, yeni tikilən binalarda milli memarlıq elementlərinin  qorunmasına bizim milli memarlarımız  daha çox maraq göstərirlər. Sovet dönəmində buna imkan verilmirdisə, indi  bizim milli memarlar bu işə qoşulurlar. Digər tərəfdən ele memarlıq elementləri var ki, o bizə xaricdən gəlir. Məsələn, Zaha Hadiin müəllifi olduğu Heydər Əliyev Mərkəzi. O, ümumiyyətlə dünya memarlığı üçün bir abidədir. Bizim bəxtimiz gətirdi ki, elə bir memarlıq incisi Bakıda tikildi. Bunları da nəzərə almaq lazımdı. Bütün bunlar Azərbaycan memarlığının həmişəyaşar olmasına dəlalət edir.

Mətanət Hüseynova