Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ARDNŞ transmilli şirkətə çevrilir

Respublikamız müstəqillik əldə etdikdən sonra neft-qaz sənayesində idarəetməni daha da təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13.09.1992-ci il tarixli Fərmanı ilə “Azərineft” Dövlət Konserninin və “Azərneftkimya” İstehsalat Birliyinin bazasında ARDNŞ yaradılmışdır. Yarandığı gündən başlayaq öz fəaliyyətini uğurla davam etdirən ARDNŞ 2006-cı ildən başlayaraq daha mühüm layihələr həyata keçirməklə qlobal şirkətə çevrilmə missiyasını qarşıya qoymuşdur. Belə ki, öz biznesini inkişaf etdirən bir şirkət kimi ARDNŞ artıq ölkə xaricində səhmlərini yerləşdirir, müəssisələr alır, öz nümayəndəliklərini açır və beynəlxalq əhəmiyyətli layihələr çərçivəsində qlobal brendlərlə əməkdaşlıq edir. Şirkətin maliyyə hesabatlarına nəzər salsaq 2011-ci ildə xarici ölkələrdəki əməliyyatlarından əldə etdiyi gəlir (müştərinin mənsubluğu əsas götürülmüşdür) 2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 93%, 2009-cu ilə nəzərən isə 179% artmışdır.

ARDNŞ-nin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən, Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri demək olar ki, neft-qaz sənayesinin bütün sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya və Ukraynada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. ölkələrdə treydinq şirkətləri təsis olunmuşdur.

Son illərdə SOCAR-ın qlobal arenadakı fəaliyyətlərindən ən öncülü demək olar ki, Cenevrə şəhərində ARDNŞ-nin ortaq treydinq şirkətinin – “SOCAR Trading SA” şirkətinin təsis edilməsidir. “SOCAR Trading SA” şirkətinin əsas fəaliyyəti SOCAR-ın hasil etdiyi və üçüncü tərəflərin neft və neft məhsullarının marketinq və satışını həyata keçirməklə yanaşı, eyni zamanda, loqistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə ARDNŞ-ə yardım göstərməsidir. 2008-ci ilin aprelində fəaliyyətə başlayan şirkət ARDNŞ-nin və digər tərəflərin hasil etdiyi neft və neft məhsullarının Avropa, Asiya və Amerika istehlakçılarına müvəffəqiyyətlə çatdırılmasını təmin edir. Şirkətin əsas mərkəzinin Avropanın ən işgüzar mərkəzlərindən sayılan və bir çox qlobal biznes qurumlarının baş ofislərinin yerləşdikləri Cenevrə şəhərində açılması sözügedən layihənin SOCAR üçün strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, “SOCAR Trading SA” və Ukrayna şirkəti olan “ROSSİM” tərəfindən neft məhsullarının Ukrayna ərazisinə çatdırılmasını təmin etmək məqsədilə “SOCAR Black Sea” şirkəti  təsis edilmişdir.

SOCAR-ın qardaş Türkiyədə də həyata keçirdiyi layihələr günü-gündən artmaqla ölkələrimiz arasında tarixi və psixoloji dostluq köklərini daha da gücləndirmişdir. Əvvəlcə, BTC neft, BTƏ qaz kəmərləri layihəsi uğurla həyata keçirildi. 2006-cı ilin sonlarında ARDNŞ və “Turcas” (Türkiyə) şirkəti “SOCAR & Turcas Enerji A.S.” müştərək şirkətinin yaradılması barədə protokol imzalamışlar. Protokolun imzalanmasında məqsəd Ceyhan limanında 2011-ci ilədək inşa ediləcək, illik gücü 20 mln. tondan artıq olacaq neftayırma zavodunun gücü üçün sərmayənin həcmini müəyyənləşdirmək, Azərbaycandan daxil olan təbii qazın idxalını və topdan satışını həyata keçirmək idi. Daha sonra, 2007-ci ildə ARDNŞ Türkiyənin iri neft-kimya kompleksi olan “Petkim” şirkətinin aktivlərinin sahibi olmuşdur. 2008-ci ildə Türkiyədə beynəlxalq tender nəticəsində “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51%-ni əldə edərək şirkətə nəzarəti ələ keçirmişdir. Bu əməkdaşlığın uğurla baş tutması yeni-yeni layihələrin reallaşdırılması imkanlarını daha da artırmışdır. Belə ki, 2011-ci ildə yeni layihəyə - “STAR” neft emalı zavodunun tikintisinə başlanmışdır, eyni zamanda ARDNŞ-Turcas qrupunun Petkim yarımadasında illik 10 mln. ton xam neft emal etmək gücünə malik ARDNŞ-Turcas Egey Neft Emalı Zavodunun inşasına başlamışdır. Əlavə olaraq, strateji əhəmiyyətli digər bir layihəyə - Transanadolu qaz boru kəmərinin tikintisinə 7-8 milyard dollarlıq investisiya planlaşdırılır. Yekun olaraq, 2018-ci ilə qədər qardaş ölkəyə 17 milyard dollar investisiya planlaşdırılır.

ARDNŞ-nin daha bir törəmə şirkəti olan “SOCAR Energy Georgia” MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir və SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsinə Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi daxildir. Şirkətin Gürcüstanın neft məhsulları bazarındakı payı 50% təşkil edir.

Əlavə olaraq, SOCAR-ın son zamanlar yaddaqalan fəaliyyətlərindən biri də ölkə daxilində və ölkə xaricində geniş yanacaqdoldurma məntəqəsi şəbəkələrinin açılmasıdır. Hal-hazırda, İsveçrədə 170, Ukraynada 30, Gürcüstanda 96, Rumıniyada 14 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Əlavə olaraq, şirkət 2013-cü ilin sonunadək  Ukraynada 100, 2015-ci ilə qədər isə Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salmağı planlaşdırır.

Bu il iyun ayının 29-da Sürix şəhərində əvvəlki ildə razılaşdırılmış “ExxonMobil” şirkətinin İsveçrədəki “Esso Switzerland” şirkətinin aktivlərinin ARDNŞ-nin nəzarətinə keçməsi SOCAR-ın, eyni zamanda ölkəmizin həyatında əlamətdar hadisə olmuşdur. ARDNŞ ilə “Exxon Mobil Central Europe Holding GmbH” şirkəti arasında noyabrda bağlanan müqaviləyə əsasən, 170-dən çox yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndəsatış şəbəkəsinin səhmləri ilə yanaşı, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu, Vangen-Oltendə Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkəti də SOCAR-ın nəzarətinə keçmişdir. Təbii ki, bu layihənin həyata keçirilməsi SOCAR-ın Avropa bazarına şaquli inteqrasiya prosesinin gücləndirilməsi və risklərin azaldılması ilə yanaşı, eyni zamanda strateji baxımdan da yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açacaqdır.

 


Təbii ki, bütün bu işlərin uğurla həyata keçirilməsi nəticəsində daxil olan gəlirlər və dünyanın dəyişən tələb və ehtiyacları ARDNŞ tərəfindən yeni-yeni strateji layihələrin formalaşdırılmasını zəruri edəcəkdir. Bununla bağlı olaraq artıq 2011-ci ildə 2011-2025-ci illəri əhatə edən uzunmüddətli inkişaf strategiyası hazırlanmağa başlanılmışdır. Şirkətin inkişaf strategiyasında şaquli inteqrasiyaolunma modeli seçilmişdir. Bu model şirkətin xam neftdən son məhsula qədər - Neft Emalı Zavodu – neft – kimya – enerji – loqistika inteqrasiyası zəncirindən ibarət olan prosesi bütövlükdə SOCAR-ın özünün həyata keçirməsinə imkan verəcəkdir. Nəzəri baxımdan şaquli diversifikasiya modelinin tətbiqi şirkətin gəlirlərini artırmaqla yanaşı, bəzi baş verə biləcək risklərin mümkünlüyünü də aşağı salmaqla inkişafı daha davamlı edir.

 

Mütəxəssislərin proqnozlarına görə, 2020-ci ilәdәk Avropanın enerji istehlakının 70%-nin, 2030-cu ilәdәk isә 85%-dәk hissәsi idxal hesabına tәmin edilәcәkdir. Respublikamızda isə 2015-ci ildә neft hasilatının 50-55 mln. tona, qaz hasilatının isә 30 mlrd. kubmetrә çatdırılacağı nәzәrdә tutulur. Təbii ki, bu perspektiv imkanlar respublikamızın neft-qaz sənayesinin flaqmanı olan SOCAR üçün də yeni layihələr deməkdir.Yekun olaraq, biz inamla deyə bilərik ki, bugünkü neft-qaz sənayemiz ölkənin neft strategiyasının reallaşdırılması çərçivəsində qarşıya qoyulan həyati məqsədlərdən daha birinin reallığa qovuşduğu tarixi bir dövr – ARDNŞ-nin transmilli şirkətə çevrilmə dövrünü yaşayır. Bu gün ARDNŞ nəinki bölgənin, artıq dünyanın enerji bazarında ciddi bir oyunçu kimi özünü tanıtmaqla Azərbaycan xalqının dünya neft tarixindəki şanlı adını saxlamaqdadır. Biz inamla deyə bilərik ki, dünyanın neft-qaz sənayesi tarixinə çoxsaylı dəyərlər bəxş etmiş xalqımız bu şərəfli missiyanı SOCAR-la daha innovativ və qlobal miqyasda uğurla həyata keçirəcəkdir.

 

Səftər Vəlizadə, ADNA-nın tələbəsi