Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Diqqət: hüquqlarınızın pozulmasına yol verməyin!

Hər birimiz istər geyim, istər qida, istərsə də başqa növ məhsul alarkən, onun keyfiyyətindən əmin olmaq istəyirik. Çox vaxt da bu əminlik satıcıların şifahi “sığortası” ilə təmin olunur. Lakin həmin məhsulda hər hansı bir qüsur aşkarlandığı zaman satıcı artıq onun üçün cavabdeh olmadığını, satıldıqdan sonra aşkarlanan heç bir qüsur üçün məsuliyyət daşımadığını bildirir. Əlbəttə ki, bununla da istehlakçıların hüquqları pozulur.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da istehlakçı hüquqları haqqında qanun mövcuddur. Lakin bir çox hallarda istehlakçıların hüquqları pozulur və vətəndaşlar haqsızlıqlarla üzləşirlər. Ölkə vətəndaşlarının sözlərinə görə, onların hüquqları daha çox ticarət və alqı-satqı obyektlərində pozulur, istehlakçılar əsasən ərzaq və qeyri-ərzaq məhsullarının keyfiyyətilə bağlı müxtəlif problemlərlə üzləşirlər. Keyfiyyətsiz, insan həyatı və sağlamlığı üçün  təhlükəli malların istehsalı və satışını həyata keçirən, eyni zamanda, daha çox gəlir əldə etmək məqsədilə süni qiymət artımına yol verən şirkətlər istehlakçı hüquqlarını kobud şəkildə pozur və belə pozulma nəticəsində bəzən eyni markalı məhsul və ya xidmətlərin müxtəlif yerlərdə kəskin fərqi meydana gəlir.

Dövlət qurumları tərəfindən son dövrlər aparılan monitorinqlərin nəticəsi göstərir ki, istehakçı hüquqlarının pozulma hallarına əsasən əmtəə nişanlarının təqlidi, saxta və vaxtı keçmiş məhsulların satılması və istehlakçıların çaşdırılması formalarında rast gəlinir. Eyni zamanda, ərzaq və qeyri-ərzaq məhsullarının mövcud standartlarının pozulması, texniki şərt və digər normativ tələblərinə əməl olunmaması hallarına da təsadüf olunur. İstehlakçı hüquqlarının pozulmasına xaricdən idxal olunan məhsulların bir çoxunun milli dildə markalanmaması da daxildir. Satılan vaxtı keçmiş məhsullara daha çox süd və süd məhsulları daxildir ki, bu da son illər əhali arasında stafilokkok, bağırsaq çöpləri, bruselyoz, qara yara kimi heyvan mənşəli xəstəliklərin yayılmasına gətirib çıxarmışdır. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında yerləşdirilən məlumata əsasən, Azərbaycan əhalinin yaşam həddinə görə bir çox ölkələrdən geri qalır. Əlbəttə ki, bunun da əsas səbəbi bəzi məhsulların beynəlxalq standartlara uyğunlaşdırılmamasıdır.

Satıcılar istehlakçı hüquqlarını, eyni zamanda, onlara saxta mallar sataraq da pozurlar. Alıcıların məlumatsızlığından istifadə edən satıcılar müxtəlif Çin məhsullarını Türkiyə adından istifadə edərək satırlar.

Hər birimiz yəqin ki, bir çox mağazaların vitrinində yazılan endirim sözünə rast gəlirik. Hətta elə mağazalar var ki, il boyu bu yazı vitrində qalır. Bu da istehlakçıları aldatmağın bir yoludur desək, yanılmarıq. Əksər, xüsusilə geyim mağazaları bu “kampaniyadan” istifadə edərək, alıcıları cəlb etməyə çalışırlar. Mağazaya girən alıcı isə qiymətdən narazılıq etdikdə ya ona cüzi endirim edilir, ya da alıcı mağazanı əliboş tərk etməli olur. Bu məsələ ilə bağlı bir neçə dəfə də araşdırma aparılmış və əksər hallarda nəticə eyni olmuşdur.

İnsanların istirahət üçün, xüsusilə yay aylarında üz tutduqları məkanlardan olan Dənizkənarı Milli Parkda da istehlakçı hüquqlarının pozulması hallarına rast gəlinir. Belə ki, insanların çoxluq təşkil etdiyi bu məkanda mallarını baha qiymətə satacaqlarını yaxşı bilən işbazlar adi suyu belə öz qiymətindən iki dəfə baha satırlar.

Ölkəmizdə istehlakçıların hüquqları haqqında qanunun olmasına baxmayaraq, bu hüquqların pozulmasının əsas səbəbi istehlakçıların bir çoxunun öz hüquqlarını bilməməsidir. Hüquqi savadsızlıqdan irəli gələn bu amil isə onların müəyyən olunmuş hüquqlarından istifadə etməməsi ilə nəticələnir. Maraqlısı odur ki, hüquqlarını bilənlər də bəzən bundan istifadə etmirlər. Səbəb isə uzun-uzadı məhkəmə prosesləri ilə özlərini yormaq istəmirlər və haqlarının pozulmasına göz yumurlar.

 İstehlakçı hüquqlarının pozulmasının daha bir səbəbi isə vergi ilə bağlıdır ki, bu da daha çox satıcılarla əlaqəlidir. Belə ki, qanuna əsasən mağaza sahibləri satılmayan mala görə ziyana düşsələr də, dövlətə vergi ödəməlidirlər. Bu isə satıcıların ziyandan qaçmaq üçün yararsız məhsullar satması ilə nəticələnir.

Bu cür halların qarşısının alınması üçün istehlakçıların düzgün və dolğun şəkildə məlumatlandırılması çox vacibdir. İstehlakçı mal alarkən ilk növbədə onun satış şəraitinə nəzər yetirməlidirlər. Əgər mağaza məhsul üçün təyin olunmuş normalara cavab vermirsə, qidalar müəyyənləşdirilmiş temperaturda saxlanmırsa, bəzi açıq qidalar günün qabağında, tozlu yerlərdə satılırsa, etiketsizdirsə, istehlakçı ordan mal almamalıdır. İstehsal edilmiş məhsulun üzərində istehsal və ticarət markası, mal yaxud xidmət nişanı olmalıdır. İstehsal markasında istehsalçının adı, mənsubiyyəti, yeri və standartların işarəsi göstərilməlidir. Hazırlanmış məhsul istehsal markasına uyğun gəlməli və onun etiketi olmalıdır. Etiketdə malın buraxılma tarixi, saxlanma müddəti olmalı, əgər etiket yoxdursa, istehlakçı o malı almamalıdır. İstehlakçıların diqqət etməli olduğu məsələlərdən biri də ondan ibarətdir ki, məhsul üzərində yararlılıq müddəti göstərilən yazını əl ilə qoparmaq mümkün olmasın. Çünki belə halda satıcılar vaxtı keçmiş məhsulun üzərindəki yazını qoparıb, yerinə istifadə müddəti uzadılmış yazı yapışdıra bilərlər.

İstehlakçı aldığı məhsulun qəbzini, məişət, gigiyenik sertifikatını və ya digər istənilən sənədini tələb etmək hüququna malikdir. Satıcılar da istehlakçılara onları maraqlandıran suallarla bağlı zəruri və düzgün məlumat verməlidirlər. İstehlakçılar, həmçinin hüquqlarının qorunması üçün “Alınan mallar geri qaytarılmır” yazısının olduğu mağazalardan mal almamalıdırlar.

Hər bir insan, eyni zamanda, həm də istehlakçıdır. Bu səbəbdən istehlakçı hüquqlarının müdafiəsi və hər kəsin bu məsələ ilə bağlı məlumatlandırılması çox vacib məsələlərdəndir. Qeyd edək ki, ilk dəfə istehlakçıların hüquqlarının müdafiəsi hərəkatı Amerikada yaranıb və prezident C.Kennedi 15 mart 1962-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” bəyanat qəbul etmişdir. Əlbəttə, sonralar təkcə Amerikada deyil, beynəlxalq müstəvidə yeni qanun və bəyanatlar qəbul olundu ki,  bunlarda istehlakçı hüquqları əvvəlkilərə nisbətən genişlənmişdir. Ölkəmizdə isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci il 19 sentyabr tarixində qəbul olunmuşdur. Qanuna əsasən, istehlakçının mal, iş və ya xidmətləri, onların istehsalçı və satıcısını sərbəst seçmə, malın miqdarı, çeşidi, keyfiyyət və təhlükəsizliyi haqqında dolğun və düzgün məlumatlandırılmaq, qanunvericilikdə nəzərdə tutulan hallarda lazımi keyfiyyətdə olmayan, insan sağlamlığı və həyatı üçün təhlükəli olan mallara görə, öz hüquq və mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda birləşmək hüquqları vardır. Qanunun 7-ci maddəsinə əsasən qüsurlu mal alan istehlakçının məhsulu lazımi keyfiyyətdə mala dəyişməyə, satış qiymətini uyğun məbləğ azaltmağı, həmin mala uyğun digər modellə dəyişdirməyi, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququ vardır. İstehlakçı tələbini ödəməyən malı alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində lazımi keyfiyyətli mala dəyişmək hüququna malikdir. Pərakəndə satılan mallar üçün satıcı tərəfdən daha uzun müddət müəyyən oluna bilər. Qanuna əsasən istehlakçı hüquqlarının müdafiəsi üçün məhkəməyə də müraciət edə bilər. Qanunun 26-cı maddəsi istehlakçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsini də nəzərdə tutub. Müxtəlif vaxtlarda qanuna əlavə və dəyişikliklər də edilmişdir.

İstehlakçı hüquqlarının qorunması üçün əsas amillərdən sayılan maarifləndirmə beynəlxalq sənədlərdə, həmçinin milli qanunvericilikdə də öz əksini tapmışdır. BMT-nin “Rəhbər prinsiplər”ində bu məsələ çox mühüm amil kimi qeyd olunur, bu məqsədlə istehlakçı hüquqları və istehsal olunan mallar barədə düzgün məlumatlanmanın daha çox orta məktəblərdə dərs vəsaiti kimi tədrisi vacib element olaraq qeyd edilir. Bundan başqa “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda da istehlakçı hüquqlarının müdafiəsinə dair normalar müəyyən olunmuşdur.

İstehlakçı hüquqlarının müdafiəsi üçün sahibkarlıq subyektləri qarşısında da müəyyən vəzifələr durur. Hazırlanan məhsulların keyfiyyət və təhlükəsizliyinin vaxtaşırı monitorinqinin aparılması,  səlahiyyətli orqanlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinin təmin olunması vacibdir.

İstehlakçı hüquqlarının qorunması ilə bağlı dövlət ölkənin istehlakçı siyasətini formalaşdırmalı, bütün ticarət şəbəkələrində şikayət və təkliflərlə bağlı kitab və qutular qoyulmalıdır.

Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı ixtisaslaşmış qeyri-hökümət təşkilatları da yaradılmışdır. Belə təşkilatlardan biri də Azad İstehlakçılar Birliyidir. Birlik 31 yanvar 1997-ci ildə qeydiyyatdan keçmişdir. Məqsədi istehlakçı hüquqlarının müdafiəsi, istehlakçı bazarının insan və ətraf mühit üçün mal və xidmətlərdən qorunmasıdır. Təşkilat əhali arasında istehlakçı hüquqlarına dair daimi maarifçilik işi aparmaq missiyasını həyata keçirir. Birliyin sədri Eyyub Hüseynovdur. Təşkilat istehlakçıların şikayətlərini nəzərə alaraq, bu sahədə əməli addımlar atır.

Müasir dövrdə elektron ticarət də geniş inkişaf etmişdir. İstehlakçı hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi həmçinin elektron ticarət dövriyyəsinə də aiddir. 

(ardı var...)

Mətanət Hüseynova