Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Asudə vaxtın təşkilinə böyük qayğı var

Gəncə özünün inkişaf və çiçəklənmə dövrünü yaşayır. Bütün sahələrdə yüksəliş və tərəqqi nəzərə çarpır. 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramına ciddi əməl olunur. Son iki ildə geniş vüsət alan tikinti-quruculuq işləri şəhərin simasını büsbütün dəyişib. Bütün bunlarla yanaşı, əhalinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən Heydər Əliyev adına istirahət parkında və Heydər Əliyev meydanında, Xan bağında «Yaşıl teatr»da sakinlər qarşısında təşkil edilən rəngarəng konsert proqramları hər kəsə xoş ovqat bəxş edir. Yay aylarında şəhər xüsusilə qonaqlı-qaralı olur, hər yerdə sevgi və coşqu yaşanır. Buna ən çox sevinənlər isə fidan balalardır. Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin ansambllarının və özfəaliyyət kollektivlərinin iştirakı ilə xüsusi qrafik əsasında may ayından başlayaraq hər həftənin şənbə günləri konsert və tamaşalar nümayiş etdirilir. Məktəbli uşaqlara gəlincə isə onların yay istirahətlərini harada və necə keçirdiklərini valideynlərdən soruşmaq lazımdır. Axı indi sovet dönəmində olduğu kimi bu məsələ planlı şəkildə aparılmır. O vaxtlar belə məkanlardan biri Hacıkənd qəsəbəsində fəaliyyət göstərən düşərgə və istirahət mərkəzləri idi. Həmin mərkəzlərdə minlərlə məktəbli istirahət imkanı əldə edirdi. Təəssüf ki, indi həmin istirahət müəssisələri fəaliyyət göstərmir. Hal-hazırda burada görülən işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə həmin istirahət məkanları yenidən uşaqların ixtiyarına veriləcək, yenə də Hacıkənd qəsəbəsi körpə balaların şən-şaqraq gülüşlərinə qərq olacaqdır. Şəhər Mədəniyyət və Turizm İdarəsi artıq neçə ildir ki, Xan bağındakı «Yaşıl teatr»da axşam saatlarında şəhər sakinlərinin istirahətini şən keçirmək üçün konsertlər təşkil edir. Əsasən «Göygöl» Dövlət mahni və rəqs ansamblının, kamera orkestrinin, uşaq musiqi məktəblərinin, mədəniyyət evləri və klubların musiqi kollektivlərinin ifasında mahnılar, muğam sənət nümunələri, müxtəlif səhnə əsərlərindən parçalar tədbirə qatılanlar tərəfindən hər dəfə böyük rəğbətlə qarşılanır. Eyni zamanda, şəhərdə fəaliyyət göstərən kitabxanalarda, klublarda, mərkəzi kitabxana sistemində təşkil edilən sərgilər, müsabiqələr, yaradıcı insanlarla görüşlər də əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkilində mühüm rol oynayır. Bu tədbirlər payız aylarında da davam etdiriləcək.

 Heydər Əliyev Mərkəzi Tikilir

Gəncə şəhərində 1979-cu ildə ulu öndər Heydər Əliyevin əlləri ilə əkdiyi əzəmətli Xan çinarının ətrafında nəhəng inşaat işləri aparılır. Burada hündürlüyü 22 metr olan 3 mərtəbəli Heydər Əliyev mərkəzində inşaat işlərinin həcmi xeyli genişləndirilib. Uzunluğu 1 kilometr, eni isə 52 metr olan mövcud xiyaban Şəmkir-Gəncə yoluna qədər uzadılıb. Ölkəmizdə öz möhtəşəmliyinə və əzəmətinə görə paytaxt Bakıdan sonra ikinci olacaq Heydər Əliyev mərkəzində tikinti işlərinin vaxtında başa çatdırılması üçün xüsusi qərargah yaradılıb. Qərargahın üzvləri tikinti işlərinin gedişinə nəzarət etməklə yanaşı, onun keyfiyyətinə də diqqət yetirirlər. Artıq mərkəzin birinci mərtəbəsində sərgi zalı, istirahət guşələri, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə isə köməkçi sahələrlə yanaşı, müşavirə zalı, 400 nəfərlik iclas zalı nəzərdə tutulur. Binanın inşası başa çatdırıldıqdan sonra onun qarşısında ümummilli lider Heydər Əliyevin 7,5 metr hündürlüyündə abidəsi, arxa hissəsində isə 50 metr yüksəklikdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

 Qədimdən bu günə boylanan divarlar

Gəncə şəhərinin ən mühüm tarixi abidələri içərisində Gəncə qapıları və Gəncə qalası xüsusi qeyd olunmalıdır. Belə ki, bəhs olunan tikililər şəhərin hələ erkən orta əsrlər dövründən etibarən möhtəşəm, böyük, eyni zamanda iqtisadi, mədəni inkişafı baxımından fərqləndiyini göstərir. Gəncə qalasının inşası IX-X əsrlərə aid edilir. Bu qala Gəncə çayının sağ sahilində tikilmişdir. Qalanın qalıqları isə Qədim Gəncənin xarabalıqları ərazisindədir. Çoxsaylı tədqiqatlarla yanaşı, Gəncə qalasının ilkin, yaxud qədim hissələrinin inşaedilmə tarixinin IX-X əsrlərə aid olunmasında ən tutarlı dəlil qismində XI əsrdə hazırlanmış məşhur Gəncə qapıları çıxış edir. Belə ki, məntiqi olaraq əvvəlcə Gəncə şəhərinin ətrafına yadelli işğalçılardan və feodal basqınlarından qorunmaq üçün müdafiə sədləri, qala çəkilmiş, sonra onun böyük ikiqapılı dəmir darvazaları hazırlanmışdır. Məşhur Gəncə qapıları Şəddadi hökmdar əl-Fəzlin oğlu Əbul Əsvar Şabunun zamanında (1048-1060) onun tapşırığı ilə dəmirçi İbrahim Osman oğlu tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra gürcü çarı I Dmitri tərəfindən aparılmış, bu günədək Kutaisidəki Helati monastrında saxlanılır. Bəhs olunan dövrdə Gəncənin beş darvazası olmuşdur: Babül əl-Məqbərə, Babül əl-Bərdə, Babül əl-Qarabağ, Babül əl-Gülüstan, Babül əl-Tiflis. 1558-ci ildə Qafqazdakı türk qoşununun komandanı Fərhad Paşa Sultan III Muradın xüsusi sərəncamına əsasən bölgənin ən mühüm mərkəzlərindən biri olan Gəncənin qədim məskənlərindən 7-8 km aralıda yeni qalanın inşası ilə bağlı əmr vermişdir. 1606-cı ildən etibarən isə I Şah Abbas da bu sahədə müəyyən quruculuq işləri həyata keçirmişdir. Ümumiyyətlə, XVI-XVII əsrlərin hüdudlarında Gəncə şəhəri 4 hissədən ibarət olmuş və şəhər qalası xüsusi əhəmiyyəti ilə seçilmişdir. Bunlar aşağıdakılardır: Bayır şəhər, Şəhristan, İçqala, Narınqala. Ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 metr olmuş Gəncə qalasının XVI əsrdə inşa olunmuş divarı 3,6 km uzunluğa və 12-17 metr hündürlüyə malik olmuşdur. Gəncə qalasının indiyədək qorunub saxlanmış divarı AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən bərpa edilmiş  Şərili bəy bürcüdür. Bu istiqamətdə işlər davam etdirilir.

Zülfü İLYASOV,

bölgə müxbiri