Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Beynəlxalq təcrübədə qarşılıqlı asılılıq

Müasir qloballaşan dünyada transmilli beynəlxalq şirkətlər tərəfindən transfert qiymətlərinin tətbiqi vergilərdən yayınmanın ən geniş yayılmış üsullarından biridir. Qarşılıqlı asılı tərəflər arasında aparılan əməliyyatlarda qiymətlərin bazar qiymətləri ilə müqayisədə fərqli müəyyən edilməsi transfert qiymətləri adlanır. Transfert qiymətləri bazar qiymətlərindən aşağı və ya yuxarı ola bilir. Nəzərə alsaq ki, dünya ticarətinin 60-70%-i transmilli şirkətlərin payına düşür, onda bu üsulla vergilərdən yayınmanın miqyasının necə böyük olduğu şübhə doğurmur.
Transfert qiymətləri, əsasən, qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən həyata keçirilir. Beynəlxalq təcrübədə qarşılıqlı asılı şəxslərin müəyyənləşməsinin müxtəlif üsulları mövcuddur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD)  «Vergi xidmətləri və transmilli şirkətlər üçün transfert qiymətləri» barədə Qaydaları  qarşılıqlı asılı şəxslər arasında aparılan əməliyyatlara tətbiq edilir. OECD-nin Vergi Konvensiya modelinin  9-cu maddəsinə əsasən, vergi ödəyiciləri aşağıdakı hallarda qarşılıqlı asılı şəxslər sayılırlar:  
• bir müəssisə digər müəssisənin idarə edilməsində, nəzarət olunmasında və ya kapitalında birbaşa və ya dolayı iştirak edirsə;
• onların qarşılıqlı kommersiya və maliyyə münasibətlərində iki müstəqil müəssisə arasında mövcud ola biləcək münasibətlərdən fərqli şərtlər yaradılırsa, yaxud müəyyən edilirsə.
Beləliklə, qarşılıqlı asılılıq onun üçün üç əsas şərtdə: idarəetmədə, nəzarətdə və kapitalda olan iştirakı ilə müəyyən olunur.
Göründüyü kimi, kapitalda iştirak qarşılıqlı asılı tərəflərin müəyyən edilməsinin 3-cü şərti kimi götürülmüşdür. İdarəetmədə və nəzarətdə iştirakın nədən ibarət olması barədə OECD-nin maddələrində heç bir izahat verilməmişdir. Ona görə də bu halda milli qanunvericiliyin müddəaları əsas götürülür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsində qarşılıqlı surətdə asılı olan şəxslərin şərtləri müəyyənləşdirilmişdir. Burada hər üç şərt nəzərdə tutulmuş və bir şəxsin digər şəxsin əmlakında iştirakı 20% həcmində müəyyənləşdirilmişdir. Rusiya Federasiyasının «Vergitutma məqsədləri üçün qiymətlərin təyini prinsiplərinin təkmilləşdirilməsi ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklərin daxil edilməsi haqqında» Qanununa əsasən, qarşılıqlı surətdə asılı olan şəxslərin payı 25% həddində nəzərdə tutulmuşdur. Lakin qeyd etmək lazımdır ki, real təcrübədə iştirak payının müəyyən edilməsi  məlum çətinliklərlə bağlıdır. Ona görə də bir çox ölkələrdə qanunvericilik aktlarında iştirak payı konkret olaraq qeyd edilmir. Məsələn, transfert qiymətqoymaya qarşı mübarizədə böyük uğurlar qazanmış Avstraliyada vergi orqanlarının qarşılıqlı surətdə asılı olan tərəflərin müəyyən edilməsinə aid hüquqları genişləndirilmişdir.
Bir şəxs digər şəxsin idarə edilməsində, ona nəzarətdə və kapitalında birbaşa iştirak edirsə, bu halda vergi orqanları həmin şəxslər arasında nəzarətin mövcudluğunu daha ətraflı təhlil etməlidirlər. Misal üçün: ABŞ-ın vergi orqanları hesab edirlər ki, əgər bir şəxs öz əmlakını digər bir şəxsə satarsa və alıcı, öz növbəsində, həmin əmlakı satıcıya icarə hüquqları çərçivəsində geri qaytararsa, bu halda sözügedən şəxslərə nəzarət olunan şəxslər kimi baxıla bilər.
Almaniyada qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakı hallarda müəyyən edilir:
• Yerli və xarici şirkətdə iştirakı və kapitalda payı azı 25% olduqda;
• Bir şəxs digər şəxsin və ya hər ikisi hər hansı üçüncü şəxsin qərarvermə prosesinə nəzarət edə bildiyi halda.
Bir tərəfin digər şəxsin fəaliyyətinə nəzarət edə bilməsi praktikada xeyli mürəkkəbdir. Onun sübut olunması bir çox hallarda məhkəmə qərarı vasitəsilə həyata keçirilir.  
Kanadada transfert qiymətqoyma zamanı «uzadılmış əl» prinsipi əsas prinsip olaraq götürülür. Məhkəmə praktikasında bu prinsipə uyğun gəlməməyin üç əsas meyarı nəzərə alınır:
• Hər iki tərəfin gəlir əldə etməsində ümumi məqsədin olması;
• Tərəflərin qarşılıqlı surətdə fəaliyyətində ümumi maraqların əsas götürülməsi və fərdi marağın olmaması;
• Faktiki olaraq tərəflərin fəaliyyətinə ümumi nəzarətin olması.
Yaponiyada isə kapitalda iştirak ilə yanaşı, aşağıdakı amillər də əsas götürülür:
• Bir təşkilatın digər təşkilatın qeyri-maddi aktivlərindən istifadə edərək fəaliyyət göstərməsi;
• Hər hansı bir təşkilatın fəaliyyətinin digər tərəfin maliyyə dəstəyindən asılı olması.
Göründüyü kimi, beynəlxalq təcrübədə qarşılıqlı surətdə asılı olan şəxslərin müəyyən edilməsi prinsiplərinin ümumi cəhətləri ilə yanaşı, fərqləndirici cəhətləri də mövcuddur.
Akif Musayev,
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi