Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Canlı aləmin gələcəyi hər birimizin həssas münasibətindən asılıdır

 

Müasir insan və təbiət
21-ci əsrin ilk onilliyinin sonuna az qalıb. Elm  sürətlə inkişaf edir, texnoloji yeniliklər durmadan bir-birini əvəzləyir. İnsanın cəmiyyətə,  təbiətə münasibəti də dəyişir. İnsanların sayı artır, istəkləri, arzuları isə bitmir. İnsan günbəgün artan, çoxalan tələbatlarını ödəmək üçün yeni kəşflər, axtarışlar uğrunda çarpışır və bu zaman yolundakı bütün sədləri aşmağa, maneələri aradan qaldırmağa çalışır. Öz gələcəyi, rahatlığı üçün təbiətə, ətraf mühitə daha çox müdaxilə edir, mənafeyi naminə canlıların məhvinə səbəb olur, meşələri qırır, təbii sərvətləri mənimsəyərək kainata sahib olmağa çalışır. Nəticədə nə ilə qarşılaşır? – Maddi nemətlər bolluğu şəraitində tarazlığı pozulmuş  ətraf aləmlə baş-başa qalıb, onun acı nəticələrindən təəssüflənmək və bunu bərpa etmək üçün çıxış yolları axtarmaq. İndi cəmiyyətin  qarşısında yeni öhdəlik yaranıb: insanlar tərəfindən törədilən problemlərin onların öz  sağlamlığına, həyat səviyyəsinə, həyat keyfiyyətinə təsirlərini öyrənmək və baş verən mənfi fəsadların qarşısını almaq.
Məncə, müasir ekologiyanın qarşılaşdığı problemlərdən ən ürək ağrıdanı  ağacların kəsilməsi, meşələrin məhv edilməsidir. Bunların ağır  nəticəsini görəndə bir anlığa düşünürsən: Görəsən, meşələri məhv etmədən, ağacları qırmadan yaşamaq biz insanlar üçün çoxmu çətin olar?
Hamıya məlumdur ki,  ağac möhkəm, davamlı və qiymətli tikinti materialıdır. Taxtadan mebel, əmək alətləri, musiqi alətləri, oyuncaqlar hazırlanmasında,  gəmiqayırmada, tikinti sahəsində geniş istifadə olunur.
İqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə ağacdan hələ də yanacaq məqsədilə istifadə edirlər. BMT-nin məlumatlarında bildirilir ki, hazırda dünyada 2 milyarddan çox insan yemək hazırlamaq, eləcə də qızınmaq məqsədilə ağacları yanacaq kimi işlədir.
Ağacdan bir çox kimyəvi maddələrin hazırlanmasında istifadə edilir. Meşə örtüyü bitki mənşəli dərman preparatları üçün əvəzsiz xammal mənbəyi hesab olunur. Ağac kağız istehsalında işlədilən əsas xammaldır.
Yəqin ki, bəşəriyyət meşələrin canlı aləm üçün nə dərəcədə əhəmiyyətli olduğunun fərqində olsa,  ağacların qırılmasının acı nəticələri insanları bu işdən əl saxlamağa vadar edər.
Ağacların canlı aləmdə rolu haqqında
Ağacları çox vaxt planetin ağ ciyərləri adlandırırlar. Onlar  özlərinin həyat fəaliyyəti dövründə fotosintez prosesində havadan karbon qazını alır, oksigeni atmosferə buraxırlar. Çürüyən, yanan ağaclar isə yenidən karbonu havaya ötürürlər. Bu da qlobal istiləşmənin səbəblərindən biridir. Demək, meşələrin məhvi təkcə lokal deyil, həm də qlobal coğrafi dəyişikliyin meydana gəlməsinə və iqlim sabitliyinin pozulmasına gətirib çıxarır.
Ağaclar su dövranına təsir edirlər - kökləri vasitəsilə yeraltı suları içir, yarpaqlarını qidalandırırlar. Sonra həmin suyun  buxarlanması baş verir. Ağaclar torpağın həddindən artıq rütubətli olmasının qarşısını aldığı üçün onların yoxluğu yeraltı suların qalmasına səbəb olur. Nəticədə bataqlıqlar artır, buxarlanma baş vermir və sonda yağıntıların da miqdarı  azalmış olur. Çox yağıntılı  ərazilərdə ağaclar olmazsa,  torpağın məhsuldar qatı yuyular, ağacların olması isə buna mane olur.
Ağaclar olmayan yerdə torpağın fiziki-kimyəvi tərkibi dəyişikliyə uğrayır ki, bu da sürüşmə və su altında qalma təhlükəsi yaradır.
Ağacların yaratdığı rütubət və nəmlik tropik meşələrdə bioloji müxtəlifliyi təmin edir. Meşələr flora və fauna üçün həyat və qidalanma mənbəyi olduğundan, meşələrin məhvi canlı aləmin getdikcə tükənməsinə səbəb olur.
Ətraf mühitə zərərli qazlar buraxaraq, qlobal istiləşməyə təsir edən sənaye sahələri içərisində kağız istehsalı 4-cü yerdə qiymətləndirilir. İstehsal olunan bütün kağızların 85%-dən çoxunu inkişaf etmiş ölkələrin əhalisi işlədir. Bütün tullantıların 4-də birini də kağız təşkil edir. 1 ton kağız və kağız tullantılarının təkrar işlənməsi 17 ağacın kəsilməsinə qənaət etmək deməkdir. Kağızların təkrar işlənməsi  nəinki ağacların həyatını xilas edir, həm də benzin, elektrik enerjisi, su kimi digər maddi ehtiyatlara qənaət etməyə imkan verir. Təkrar emal edilmiş kağızların tərkibində  zərərli maddələr daha az olur. Son 20 ildə kağızın işlədilməsi 2,5 dəfə artıb: ildə 92 mln.-dan 208 mln. tona qədər. Hətta elektron sənədləşmə də bunu əvəz edə bilməyib. Kağız məhsulları Yer əhalisi tullantılarının dörddə birini təşkil edir. Lakin gəlin etiraf edək ki, müasir texnologiyaların sürətli inkişafı  dövründə  elektron daşıyıcılarının məlumatları ani olaraq ünvana çatdıra bildiyi halda belə, kağızı əvəz edən ikinci material yoxdur. Nəfis şəkildə tərtib edilmiş, vərəqlədikcə özünəməxsus qoxusu duyulan hər hansı bir kitabı mütaliə etmək insana müasir texnologiyanın köməyi ilə oxunacaq elektron kitabdan daha çox zövq verir və təsir gücünü uzun müddət saxlaya bilir. Yaxud taxtadan hazırlanmış qapı-pəncərə, gözoxşayan mebellər, taxta döşəmələr  istər keyfiyyətinə, möhkəmliyinə, istərsə də ekoloji cəhətdən insan sağlamlığı üçün qənaətbəxş olduğuna görə heç bir plastik mənşəli əşyalarla müqayisə edilə bilməz. Hazırda ekoloji tarazlıq insanın həyat səviyyəsini xarakterizə edən göstəricilər arasında vacib yer tutur. Ekoloji təmiz şəraitdə yaşamaq, ekoloji cəhətdən təmiz məhsullarla qidalanmaq insanların həyat keyfiyyətinin məqbul olduğunu nümayiş etdirir.
Meşə örtüyünün məhv olmasının əsas səbəbi nədir?
Bunun əsas səbəblərinə ağacların kütləvi şəkildə kəsilərək, əvəzində yeni ağacların əkilməməsi, meşə yanğınlarının baş verməsi, sel, turş yağışların müşahidə edilməsi, bəzi zərərvericilərin ziyanlı təsirindən ağacların məhvi aiddir.
Meşələrin qırılması ətraf mühitə, iqlimə, sosial-iqtisadi proseslərə təsir edən aktual problem kimi təkcə ekoloqları deyil, bütün cəmiyyəti düşündürməlidir. Bir ağacı kəsmək nə  qədər asan və az vaxt tələb edirsə, onu əkib-böyütmək, bəhrəsini görmək üçün illərlə gözləmək yetmir.  Meşələrin məhv olmasının bir sıra təbii səbəbləri olsa da, təəssüf ki, burada insan amili üstünlük təşkil edir. İnsan kənd təsərrüfatı və heyvandarlığı inkişaf etdirmək üçün meşə zolaqlarını məhv edərək əkin sahələri yaradır, yaşamaq üçün şəhərlər salır, evlər tikir, yollar çəkir, digər infrastruktur layihələri həyata keçirməli olur.           
BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) ayrı-ayrı ölkələrdən alınan rəsmi məlumatlara əsaslanaraq bildirir ki, Yer kürəsində 21-ci əsrin ilk 5 ili ərzində 6 milyon hektar meşə qırılıb. Alimlər hesab edirlər ki, meşələrin qırılması azalarsa, bu, Yer planetində meşə örtüyünün artmasına şərait yarada bilər. Lakin meşələrin məhv edilməsinə görə də ölkələr arasında fərq mövcuddur. Belə ki, mütəxəssislərin araşdırmalarına görə, meşə örtüyünün azalması inkişaf etməkdə olan tropik ölkələrdə  daha sürətlə baş verir. Bu, bir tərəfdən insanların yanacaq məqsədilə ağacları kəsməsi ilə bağlıdırsa, digər tərəfdən inkişaf etmiş ölkələrin təbii materialı zəif ölkələrdən ucuz qiymətə xammal kimi alması ilə əlaqədardır. Hesablamalar göstərir ki, 1980-ci ildə tropik ölkələrdə meşə sahəsi 9,2 milyon hektar idisə, 90-cı illərin sonunda 8,6 milyon hektara  qədər azalmışdı.
BMT-nin 2000-ci ildə yaradılmış İqtisadi və Sosial Şuranın köməkçi orqanı olan Meşələrlə bağlı forumunda qeyd edilir ki, meşələr Yerin quru hissəsinin 30%-ni, 4 milyard ha ərazini tutur. Dünyada hər il insan müdaxiləsi nəticəsində 13 milyon hektar meşə sahəsi məhv olur. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.
Bəs, ölkəmizdə vəziyyət necədir?
Tarixi sənədlərdə göstərilir ki, XVIII-XIX əsrlərdə Azərbaycan ərazisinin 35 faizini meşələr təşkil edirdi. İndi  bu göstərici 11,8 faizə enib. Ölkəmizin neft və təbii qaz yataqları ilə zəngin olması burada ekoloji cəhətdən gərginliyin artmasına öz təsirini yetərincə göstərib. Hazırda ölkəmizdə adambaşına düşən meşə sahəsi 0,12 hektardır. 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.
Əlbəttə, etiraf etməliyik ki, ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi səviyyəsində hər il meşəbərpa tədbirləri həyata keçirilir,  ictimai birliklər tərəfindən yeni meşə sahələri və yaşıllıqlar salınır, müxtəlif ağacların, eləcə də meyvə ağaclarının qorunması və artırılması sahəsində  mühüm işlər görülür. Ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.  “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun 70-ci maddəsində qeyd olunmuşdur ki,  Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində dövlət, müəssisə (istehsalat) və ictimai nəzarət həyata keçirilir. Ümumilikdə,   qanunvericiliyin pozulmasında kifayət qədər sərt qaydalar, cərimələr tətbiq olunur, bu işdə təqsirkar şəxslər ciddi məsuliyyət daşıyırlar. Lakin bununla belə, yenə də meşələrin məhvi, yaşıllıqların sıradan çıxması ara-sıra müşahidə olunur.
Dünya əhalisinin sayı getdikcə artır, qida məhsullarına, yanacağa, istilik enerjisinə, hər bir təbii  məhsula da tələbat yüksəlir.  BMT Baş Assambleyası tərəfindən qəbul edilən dayanıqlı inkişaf sahəsində 6 qlobal məqsəd məhz meşələrin qorunması ilə bağlıdır. Eyni zamanda,  ölkəmiz  Paris Sazişi üzrə 2030-cu ilə qədər karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasını öhdəliyə götürmüşdür ki, meşə örtüklərinin  mühafizəsi, flora və faunanın qorunması bu ekoloji problemin həllinə öz müsbət təsirini göstərməlidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda hədəf götürdüyü 3 əsas sektordan biri meşələrin qorunması ilə bağlı bir sıra layihələrin  həyata keçirilməsidir.
Qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak  Azərtaca müsahibəsində bildirib ki, rəhbərlik etdiyi ofis Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırda meşəçilik sahəsi ilə bağlı böyük bir layihə həyata keçirir. Əməkdaşlığın növbəti mərhələsində bu sahədə daha 3 yeni layihəyə start veriləcək. Yeni layihələrdən biri meşələrin bərpası və genişləndirilməsini, meşəçilik sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsini və bu sahədə bilik və bacarıqların artırılmasını nəzərdə tutur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə massivlərinin salınması təşəbbüsünü, həm də ölkədə aparılan yaşıllaşma və ağacəkmə kampaniyalarına ictimai sektor tərəfindən dəstəyi qeyd edən M.Çakmak genişmiqyaslı ağacəkmə aksiyalarının  həyata keçirilməsində son illər IDEA İctimai Birliyinın xüsusi rolunu - yaşıllıqların artırılması və qorunmasına böyük qayğı göstərdiyini vurğulamışdır.
Bir neçə kəlmə İDEA ictimai birliyinin mütərəqqi fəaliyyəti barədə. Yarandığı gündən əsas məqsədi ətraf mühitin mühafizəsinin təşviqi, kağız israfçılığının qarşısının alınması, nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir heyvanların qorunması, çirklənmənin, tullantıların düzgün idarə olunmasının, ekoloji maarifləndirmənin təbliği olan bu birlik irimiqyaslı layıhələri  uğurla reallaşdırmağa müvəffəq olmuşdur və cəmiyyətin hər bir üzvündə ətraf mühitə, canlı aləmə diqqət və həssaslıqla yanaşmağı tərbiyə etməkdədir. 
Beləliklə,  meşələrin, qoruqların, parkların  qorunması işində təkcə dövlət, qeyri-hökumət təşkilatları, özəl müəssisələr, ictimai birliklər deyil, cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir. Hər birimiz planetimizin gələcəyi, övladlarımızın sağlam böyüməsi naminə təbiətdən aldığımız dəyərin əvəzini ödəməliyik.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü bütün xalqımızın ürəyindən xəbər verən vətənpərvər addımdır.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, “Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində həmin gün müxtəlif cinsli, fərqli iqlimə və mühitə uyğun meşə və meyvə ağacları əkiləcək. Bu layihənin ən böyük əhəmiyyəti də odur ki,   ilk dəfə olaraq bir gün ərzində ölkəmizin ərazisində bu qədər ağac əkilməsi gerçəkləşəcək. Demək, bəşər övladı çox böyük xarüqələr yaratmağa qadirdir. Yetər ki, qarşıya qoyulan hədəflər insanlığın gələcəyinə və inkişafına xidmət etsin.
 
Aytən SƏMƏDZADƏ