Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Nəsimi bir baxışda
 
Nəsimi dövrü
Bütün Şərqi istila və talan edən moğollardan yaxasını qurtarmaq istəyən və külli miqdarda vergi ödəyən vassal dövlətlərdən tutmuş pərən-pərən düşmüş irili-xırdalı xalqlara qədər hamının bezdiyi XIIIəsr yeni qurtuluş və vəhdət ideyalarına tamarzı idi. İslam dininin şahların, sultanların hərbi məqsədlərini həyata keçirtmək üçün vasitəyə çevrildiyini anlayan aydın düşüncəli insanlar bəzən məcburiyyətdən, bəzən öz çıxarları məqsədi ilə Allahın adından, kitabından istifadə edərək insanları bir yerə cəlb etmək, bir qayə ətrafında birləşdirmək üçün müxtəlif yollar arayırdılar. Azərbaycan torpaqları gah Əmir Teymurun, gah Toxtamış xanın, gah da Osmanlı sultanlarının at oynatdığı hərbi arenaya çevrilmişdi. Üç tərəfdən mühasirədə can verən sahibsiz, sərhədləri bilinməyən Azərbaycan və vergilərin ağırlığı altında əzilən Şirvanşahlar dövləti sonunda işartı görünən az qala hər azadlıq düşüncəsinə imza atmağa hazır idi. İdeyaları bir mütləq hakimiyyətə çevirmək, azad nəfəs ala biləcək bir dövlət yaratmaq bir çox təriqət başçılarının, mürşidlərin can atdığı məsələ idi. Nəticə etibarı ilə şifrəli dillə danışan, rəmzlərlə bir-birindən seçilən və öz dini görüşlərini kütlələrə xitabın bütün təzahür formalarından istifadə edərək çatdırmaq istəyən neçə-neçə təriqət ocaqları yaranırdı. Bəziləri qarışıq vəziyyətdən istifadə edərək varlanmaq, bəziləri də böyük həqiqətləri insanlara çatdırmaqla vəhdətə, birliyə nail olmaq niyyəti ilə çırpınırdı. Hindistandan Anadoluya, İrakdan Azərbaycana qədər böyük bir coğrafi əraziyə yayılmış təriqətlər, eyni zamanda, müəyyən mənada həm yerli əhalinin yaşam tərzinə, həm də dövlətlərin siyasətinə təsir edə bilirdi. Bu ocaqlar ətrafına yığılanların böyük əksəriyyəti dövlətdən narazı şəhər əsnafı və başqa məmləkətlərdən müxtəlif səbəblərdən köç etmiş qruplar idi. Bəzən təriqət üzvlərinin sayı və gücü o səviyyəyə çatırdı ki, xanədan və ya dini idarə başçıları da onlarla işbirliyi etmək məcburiyyətində qalırdı. Bəzən dövlətlərin özləri, bəzən müxalif güclər təriqətlərin gücündən, təbliğat imkanlarından istifadə edirdi. Bir sözlə, təriqətlərin varlığı dövrün tələbi olmaqla yanaşı, həm də Şərqin qurtuluş məktəbi idi. Təbii ki, bu təşkilatların işğalçılara da xeyri var idi, onlar da təriqətlərin yerlərdəki ruhani hakimiyyətindən faydalanırdılar, amma əksər hallarda təriqət nümayəndələri təqib olunur, zindana salınır və ya sürgün edilirdi. Ən radikal görüşdə olanlar isə edam edilir, görk olsun deyə kəsik başları ya şəhər darvazasından asılır, ya da düşmənlərə “hədiyyə” göndərilirdi. Bu səbəbdən, təriqət üzvü olduğunu gizlətmək təriqətin var olması demək idi. Geyim tərzi, saqqal şəkli və ya müxtəlif gözə çarpmayan nişanələrlə bir-birinə işarə vermək, rəmzlərlə danışmaq sağ qalmağa və təşkilatı qorumağa yönəlmiş tədbirlər idi.Belə bir hərc-mərcliyin içində fəaliyyəti genişləndirmək və ayaqda qalmaq həm böyük iradəyə sahib olmaqdan, həm nizam-intizama ciddi riayət etməkdən xəbər verir. Çox az sufi cərəyanı bu gərginliyə davam gətirə bilirdi. Hürufilik də bu təriqətlərdən biri və dövrün tələbi idi.
Hürufilik
Niyyətimiz hürufiliyin tarixi və yaşam tərz və prinsiplərini təhlil etmək olmasa da, deməliyik ki, bu təriqət də digərləri kimi Qurana söykənir və müsəlmanların qəbul etdiyi ümumi ölçülərdən kənara çıxmırdı. Fərqlərin içində “Allah və insan” münasibətlərinin və xüsusən də insan mərkəzli düşüncənin ağırlığı hürufiləri xüsusi diqqətlə incələməyə əsas verir.
Hürufi dünyagörüşü və yaşam tərzində “Rifai”likdən zikr gücü ilə insanlara təsir, “Yəsəvi”likdən insanın Allahda əriyib yox olması, “Şəzliyyə”dən nəfslə mübarizə metodları, “İşraqiyyə”dən həqiqətlərə ağılla deyil, qəlbin nuru ilə yetişməyin tək yol olduğunu anladan fərziyyələr, “Qədriyyə”dən çoxsəsli (xor) və yüksəkdən oxunan zikrin ruha təsiri, “Mövləvi”likdən hallar vasitəsilə vəcdə gəlmək və bir çox böyük sufi Şeyxlərinin görüşlərindən incə məqamlara rast gəlmək olar. Səyyah müridlərin qurduğu məclislərlə, məktub və əlyazmalarla, xüsusən də şeirlər vasitəsilə yayılan bu ezoterik “məhsul”lar istedadli bir şəxs üçün öz “yol”unu yaratmaq baxımından qiymətli xəzinə və ələdüşməz fürsət idi. Zəmanəsinin dərin bilik və məlumata sahib insanlarından biri olan Fəzlullah Nəimi də bu fövqəladə istedada malik idi. Nəiminin görüşlərində “yuxu” və “vəhy” ağırlıqlı məqamlar üstünlük təşkil etsə də, Musəvilik və İsəvilikdən gələn düşüncələr də az deyildir. Bu dünyagörüşü din içərisində “aciz və zəif” mövqeydə olan insanı yaradılışın fövqünə qaldırır, Quranı insanı ucaldan ayələrlə cəmiyyətə təqdim edirdi. Müxtəlif dini mətnlərdə və xüsusən də Quranda “yer üzünün əşrəfi”, “Allahın ən gözəl əsəri”, “kainatın yaradılışının səbəbi” kimi təriflərlə vəsf olunan insana öz məqamını tanıtmaq, ona layiq olduğu həyatı anlatmaq və Allahın bəndəsinə necə məhəbbət və ümidlə yanaşdığını izah etmək hürufiliyin əsas məqsədidir.
Təbii ki, bu çətin məqsədi həyata keçirtmək üçün müsəlman şüuruna oturmuş sakral dini görüşləri müəyyən qədər dəyişmək və bunu bəzən çox bəsit, bəzən də anlaşılmaz fikirlərlə möhkəmləndirmək lazım idi. Bu, “alın yazısı” və “qəzavü-qədər” kimi yarıqorxulu məfhumları müəyyən qədər zəiflətməyə və onların içini “insan zəkası” və “kamil insan” ifadələri ilə doldurmağa, başqacür desək, bəndə üzərindəki Allah xofunu nisbətən azaltmağa, insanı düşdüyü “heçlik” quyusundan çıxartmağa xidmət etmək idi. Panteist düşüncədən fərqli olaraq insan “heçlikdən” ucalaraq “heçliyə” yetişməli idi. Birinci “heç” özündə cəhaləti, ikinci isə kamilliyi ehtiva edir. Sufizmə görə insana bu dünyada verilən ömür “cəhalət”dən “kamalat”a yetmək üçün verilən müddətdir. “Kamil insan” dünyanın mahiyyətini (fani, müvəqqəti olduğunu) idrak edərək Yaradanı tanımış olur və “hər şey öz əslinə qayıtmalıdır” düşüncəsi ilə zərrə şəklində Allaha qovuşur və onda əriyib yox olur. Bu “heç olma” “damla”nın “okean”a qovuşmasına bənzəyir.“Okean”la birləşən “damla” nəticədə “damla”lığından çıxır və “okean”laşır. Eyni bənzətmə ilə kamil insan “insan”lığı bitirib “Allah”laşır. QurandakıTin surəsində “biz insanı, əlbəttə, ən gözəl biçimdə yaratdıq” ayəsini “mən  gizli xəzinə idim, bilinmək istədim və bu üzdən xəlq etdim” hədisi ilə tutuşduraraq hürufilər və onlar kimi insanı ucaldan başqa təriqətlər də  məhz insanın ən gizli xəzinə olduğunu və Yaradanın öz qüdrətini insanı xəlq etməklə göstərdiyini irəli sürürdülər. Təriqət üzvləri təqib səbəbiylə açıq-aşkar söyləməsələr də, Nəsimi, Həqiqi, Süruri kimi şairlər bu fikirləri öz əsərlərində dolayı yolla, şeirin bədii örtüyü altında cəmiyyətdə yayırdılar.
İnsanın Haqqı tanıyıb onunla bütövləşməsi Hürufi dünyagörüşünə görə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər təriqi qayda və qanunlara, ayin və ibadətlərə riayət edilərək keçilirdi. Formallığı bir kənara qoysaq, hürufilik insanın müqəddəsliyini, onun ilahi məqsədləri öz ixtiyarı ilə (faili-muxtar) həyata keçirə bilməli olduğunu ön plana çıxaran yaşam tərzi və dünyagörüşüdür. İlk baxışdan utopik görünsə də, müasir dünyaya hakim kəsilmiş və Qərbin ciddi-cəhdlə həyata keçirdiyi homosentrizm ideyalarının hələ altı əsr bundan qabaq Azərbaycanda mövcud olması faktı ilə üz-üzəyik. Hürufilik məqsədinə çatıb dövlət qura bilsəydi, dünyanın tarixini dəyişən demokratik, azad və insan hüquqlarının dominant olduğu ilk  dövləti yaratmış olardı. İmadəddin Nəsimi belə bir dövləti və cəmiyyəti qurmaq ideyalarının daşıyıcısı və carçısı idi.
Səs – söz – hərf
“Səs” fiziki anlayış kimi nə qədər  dərin elmi çəkiyə malikdirsə, bir o qədər də metafiziki ağırlığa malikdir. Ən qədim dövrdən bu günə qədər “səs”lər insanların həyatında mühüm yer tutub. Həm vahimənin, qorxunun, həm sevginin, nəvazişin mənbəyi olub. “Səs”də “görüntü”dən də təsirli sehrkar qüvvə var və bu sehrə düşənlər əsrlərlə insan psixikasına hökm edə biliblər. Yaradanın “ol” əmrindən müasir “böyük partlayış” nəzəriyyəsinə qədər hər düşüncənin içində bir “səs” hegemoniyası var. İnsanın intuitiv  yaşamındakı “səs”lər - qəlbinin səsi, “öz”ünün səsi, “vicdanının səsi” fenomenoloji baxışın əsasını təşkil edir. “Vəhy”dən tutmuş “ürəyə damma”ya qədər insan ruhuna hər səsləniş bu və ya digər şəkildə “görüntü”lərlə birləşib fikir yaradır. “Görüntü”nün fiziki olaraq dərk edilməyən və görünməyən tərəfləri, bilinməyən xassələri intuitiv düşüncənin xammallına çevrilir. Bu məqamda “səs” kütlələri ələ alan, inandıran və ardınca apara bilən məntiqi sübut kimi ortaya çıxır. Yaradılışın başlanğıcı “səs”dirsə, səsin də insan üçün ən kamil forması “söz”dür. Canlılar kimi cansızlar da “səs”lidir. Məhz “söz”ün ən kamil forma olduğu ideyasını mökəmləndirən də bu amildir. Cansız əşyalar yalnız bir-birinə toxunduqda “səs” çıxarır, özlərindən səslənmə bacarığına malik deyillər. Canlılar isə “səs”in mənbəyidir, başqa məxluqatın təsiri olmadan “səs”lənə bilirlər. Lakin insanlar heyvanlardan fərqli olaraq bu “səs”lərə forma  və məna verərək “səs”in ən kamil şəklini – “söz”ü yaradırlar. Bu baxımdan İlahi başlanğıclı “səs” yalnız Allah və insanda kamilliyə çata bilir. Burada insan öz Yaradanı ilə eyniləşir. Fəqət “səs”in kamilliyə çatması hələ “söz”ün kamil olduğuna dəlalət edə bilməz. Kamil “söz”ü yaratmaq istedadı olmadan insan “Xaliq” ola bilmədiyi kimi, “bəndə” də ola bilməz. Çünki hər “bəndə” potensial “Xaliq”dir. Bu, təxminən hər birinin qılıncı olan orduya bənzəyir. “Söz” insana kamil “səs” şəklində verildiyi kimi, qılınc da əsgərə  hazır olaraq verilir, əsgər qılınc düzəltmir. Əsgərlərin biri qılınc oynatmaqda mahir, digəri zəifdirsə, burada qılınc düzəldənin heç bir təqsiri ola bilməz. Təqsir bu bacarıqdan, təcrübə və texniki imkanlardan kifayət qədər istifadə edə bilməyən əsgərdədir. Bu zəiflik həm əsgərin  canından olmasına, həm ordunun məğlubiyyətinə, həm də o orduya güvənən ölkənin məhvinə səbəb olar. Bu mənada “söz”ü kamilliyə çatdırmayan insan həm özünün “bəndə” ola bilməməsinə, həm cəmiyyətin doğru yolu tapmamasına, həm də “haqq”ın, İlahi ideyaların batil olmasına imkan vermiş olar. “Söz” cəmiyyətə xidmətin əsas silahıdır, bu xidmət nəticədə Yaradanın bütün müqəddəs sifət və xüsusiyyətlərini özündə birləşdirmiş “əsil insan”lardan ibarət cəmiyyətin yaranması və “insan” kimi yaşaması deməkdir.
“Söz”lər hərflərdən qurulduğu üçün ərəb qrafikasında hərflərin şəkli, düzülüşü, fərqli kombinasiyalarda yazılışı “görüntü”nü də cazib edir. Adından göründüyü kimi, hürufilik də hərflərin müqəddəsliyi üzərində qurulmuş sufi-fəlsəfi görüşdür. Hürufilər Quran ayələrinin təfsirində, xüsusən də surələrin əvvəlində yazılan hərflərin şərhində hərflərin sadəcə hərf deyil, içərisinə dərin İlahi sirlər, hətta elmlər gizlədilmiş simvollar olduğunu iddia edir və məntiqi düsturlarla izah edirdilər. Yaradanın insan ilə dialoqunun bu qədər sadə ola bilməyəcəyini, kamilliyin sözlərdən çox hərflərin bətnində olduğunu  önə sürürdülər. Hürufilik insan üzünün Quran olduğu, insan sifətinin fərqli cizgilərinin insanın taleyinə, yaşam tərzinə və hətta təbiətə və kainata təsiri barədə tək-tük fikirləri bir xətdə, bir ümumi görüşdə birləşdirən, dərin və dolğun məntiqlə möhkəmlədən ilk böyük fəlsəfədir. Heç bir elmi-fizioloji sübutu olmasa da, bu fikirlərin ecazına düşməmək, düşünməmək, ağlı məşğul etməmək mümkün deyil. “Səs”, “hərf”, “söz” ardıcıllığının daha düzgün olmasına rəğmən, “hərf”i üstün məqama gətirmək sufi ənənələrinə də uyğundur. Bu görüş, “bütün Quran “Fatihə” surəsində, “Fatihə” surəsi “Bismillahir rəhmanir rəhim” ayəsində, bu ayə də “be” hərfinin nöqtəsində cəmdir” fikri ilə yaxındır.
Kamillik
İnsanın bədən və ruhun birliyində yetə biləcəyi son nöqtə kamillikdir. Hər şeyə vaqif olmaq, hər şeyin məğz və mahiyyətini idrak etmək insanın heyrət mərtəbəsinə qalxmağına səbəb olur. Xəlq olunmuşların mürəkkəb quruluşu, təbiətin nizamı, insan və təbiət arasındakı üzvi və ruhani bağlılıq yalnız bir şeydən - Xaliqin əzəmət və qüdrətindən xəbər verir. Bu qüdrətə məftun olan insan dünyadakılara deyil, onları yaradana aşiq olur (əsərlərini oxuyub Nəsimiyə heyran olduğumuz kimi). Quranda insanı ucaldan, öyən  ayələrlə  yanaşı, bu mükəmməl yaradılışı kiçildən ayələr də vardır. Ucaldan ayələrdə insanın ilahi, lahuti, batini tərəfləri olduğu vurğulanır və  elə bu da kifayət edirdi ki, sufi nəzəriyyəçiləri bu xüsusun üzərində dayansınlar. Sufi nəzərindəki kamil insan bütün aləmlərin fövqündə dayanan, on səkkiz min aləmə on səkkiz min gözlə baxan, qəlbin, hissin, ağlın gözü ilə seyr edən, mələkut və cəbərutda hər şeyi görə və dərk edə bilən varlıqdır. Kainatda heç nə ona gizli deyildir, o, bütün aləmlərin sirrinə vaqifdir. Əşyalar və onların hikməti kamil insana məlumdur. Lahut aləminin güzgüsü cəbərut, cəbərut aləminin güzgüsü mələkut, mələkut aləminin güzgüsü kamil insandır. Kamil insan varlıq aləmindəki hər şeyi cəzb edir və qeybin sirləri ilə birləşdirərək özünü kainatın fövqünə ucaldır. Bu ucalıq onu ilahiləşdirir və Allahın sifətlərinin daşıyıcısına çevirir.Ona bu ucalığı bəxş edən Yaradana eşqi son həddə çatır və Allahda əriyib yox olur. Mənfəət, mənafe və tədbir vasitəsi olan ağıl dünyaya ehtiyac qalmadığına görə kamil insan üçün gərəkliliyini itirir. Aşiq ağıl və onun kimi dünyəvi yaşam üçün lazımlı olan hər şeydən (qorxu, ümüd, şəhvət, cəsarət və s.) və hər kəsdən (peyğəmbər, imam, mürşid, ustad)  azad olur və özünü tanımağa, içindəki zərrəni öyrənməyə qərq olur. Hər baxışda Allahı, hər nəfəsdə özünü kəşf edir. İnsan qüsurlardan arınır, eyiblərdən təmizlənir, Yaradanı ilə bütünləşir, tamlaşır.    
Nəsimi və insan
Nəsimi düşüncəsindəki "insan"  təkcə hürufi dünyagörüşü ilə məhdud deyil. Nəsimi "insan"ı İslami-fəlsəfi görüşlərdən çox-çox əvvəl yaranmış dini inanclardakı insan obrazlarını özündə birləşdirir. Burada həm "Məzdəki"likdən, həm "Manheyizm"dən, həm də "Zərdüştlük"dən qopan humanist ideyalar bir müstəvidə qovuşaraq əzəmətli, kamil bir obraza çevrilir.  Ayrı-ayrı din, inanc və cərəyanların içindən müsbət keyfiyyətləri bir araya gətirə bilmək, bu keyfiyyətləri üzvi halda bir insan  obrazında əridə bilmək və müstəsna bir ilahi varlıq şəklində təqdim etmək fövqəladə istedad, dərin bilik və geniş məlumat tələb edir. Nəsiminin "insan"ı tələbkar olduğu qədər səmimi, dürüst olduğu qədər sərt, təvazökar olduğu qədər uca insandır. O, qaranlıqdan qurtulmaq üçün qaranlığı inkar etmir, işıqsız qaldığı  üçün işığı  günahlandırmır. Zülmətdən çıxmaq üçün zülməti tanımağı, nura yetişmək üçün nuru dərk etməyi vacıb bilir. Nəsiminin "insan"ı inadkar deyil, dönməzdir, üsyankar deyil, tələbkardır.  Mənsur Həllac humanizmi və Zərdüşt ədalətinin vəhdətindən yoğrulmuş insanın dünyanın hər məşəqqətinə tab gətirə biləcəyinə, ruhani paklığı ilə dünyəvi üfunətdən silkinib çıxacağına inanan Nəsimi,əsərlərində səmavi kitablarda, xüsusən Quranda vəsf olunan insanı təsvir edir. İnsanın Allahın sözü olduğunu, haq deyənin Allahın sözünü dediyini bəyan edir. Nəsimi vicdan səsidir, onun "insan"ı da ziddiyyətlər tərəzisində həqiqətin ağırlığını görə bilməyənlərə gah qulaqbatırıcı səslə hayqırır, gah da nəvazişlə pıçıldayır. Bu insanın əzablardan möhkəmlənən mübariz ruhu da var, cəhalətin təntənəsinə davam gətirməyən yorğun ürəyi də. Nəsiminin "insan" düşüncəsi Mövlana Cəlaləddin Ruminin "dünyanın fövqündə dayanan" insan obrazı ilə də üst-üstə düşür. Mövlana bəndənin qul deyil, şah olduğunu, Allahın sifətlərinə və İlahi keyfiyyətlərə malik ikən ona aciz və zəlil varlıq kimi baxmağın yanlışlığını  aşiqanə bir dillə ifadə edərkən, Nəsimi bir az da yüksəyə qalxaraq bu həqiqətləri amiranə tərzdə ifadə edir. Digər bir sufi Şeyx Əttar Nişaburi insanların vəhdətindəki qüdrətin kamilliyə aparan yol olduğunu iddia edərkən, Nəsimi hər bir insanın fərd olaraq kamilliyinin bütün bəşəri vəhdətə gətirə biləcəyini deyir. Bu fikirlər bəzən ziddiyyət təşkil etsə də, nəticədə vəhdətin "olmazsa olmaz"lığında və buna gedən yolun kamillikdən keçdiyində bu böyük insanlar həmfikirdirlər.
Nəsimi ili
Klassik irsimizin təbliği istiqamətində görülən hər iş Azərbaycanın sabahına xidmətdir. Bəzi dəyərlər vardır ki, onları zamanı gəlmişkən, imkan varkən cəmiyyətə tanıtmaq və cəmiyyəti həmin dəyərin səviyyəsinə qaldırmaq vacibdir. Dövlətimiz tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması  bir şairin yaradıcılığı ilə tanışlıqdan daha böyük hadisəyə çevrilməlidir və bu istiqamətdə atılan addımlar başlanğıcdır. Belə ki məqsəd Nəsimi yaradıcılığının araşdırılması, Azərbaycan tarixinin, dilinin və mədəniyyətinin ən optimal şəkildə cəmiyyətə inikası ilə bərabər, eyni zamanda, Azərbaycan xalqının hansı ümumbəşəri dəyərlərə malik olmasını dünyaya göstərməkdir. İctimai fikir tariximizin ən önəmli mütəfəkkirlərindən olan Nəsimi, lirikası və fəlsəfi görüşləri ilə tədqiq olunarkən, fürsətdən istifadə edib onu bütün klassik ədəbiyyatımızın  simvoluna çevirə bilməliyik. Bu böyük insanın  ədəbi irsinin araşdırılması həm də köklü türkdilli Azərbaycan ədəbiyyatı tarixinin bünövrəsinin və bu bünövrə üzərində tikilmiş və hələ də qızıl daşları üst-üstə qoyulan əruz ölçülü ədəbiyyatın araşdırılması deməkdir.
 
Arif Buzovnalı, şair-tədqiqatçı