Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması

 

Müsahibimiz akademik Ziyad Səmədzadədir.
- Ziyad müəllim, son bir il yarımda, xüsusilə də 2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycanda bütün sahələrdə güclü inkişaf getməkdə, islahatlar prososesi daha da dərinləşməkdə və genişlənməkdədir. Eyni zamanda, insanların fəallığı, təşəbbüskarlığı, görülən işlərə, islahatlar prosesinə dəstəyi artmaqdadır. Siz bir ziyalı, bir alim, bir vətəndaş olaraq, bu haqda nə düşüncədəsiniz?
- Təbii ki, dedikləriniz reallıqdır, faktdır. Bunları hər birimiz hər gün müşahidə etməkdə, şahidi olmaqdayıq. Hər şey göz qabağındadır və bu, çox sevindirici bir haldır. Dünyada, ətrafımızda baş verən hadisələrin bir-birini sürətlə əvəzlədiyi, qlobal kataklizmlərin, təhdidlərin davam etdiyi və daha da təhlükəli bir hal aldığı şəraitdə iqtidar-xalq vəhdətinin, bağlılığının olması çox mühüm şərtlərdəndir, ölkənin milli, siyasi, iqtisadi təhlükəsizliyini, inkişafını təşkil və təmin edən başlıca amillərdəndir. Məhz iqtidar-xalq vəhdətinin nəticəsidir ki, Azərbaycan dünyada yaşanan və daha da amansız xarakter alan hadisələrdən, qarşıdurmalardam özünü sığortalamaqda, onlardan zərərsiz ötüşməkdə və gələcək inkişafına doğru daha iri, daha inamlı addımlarla irəliləməkdədir. Heç təsadüfi deyil ki, Azərbaycan, xüsusilə barıt çəlləyinə, qaynar qazana bənzəyən coğrafiyamızın təhlükəsizlik və sabitlik adasına, dünyanın siyasi, iqtisadi, hərbi, humanitar dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib. Dünyanın ən vacib və ən mühüm taleyüklü məsələləri, nüfuzlu idman yarışları Azərbaycanda keçirilməkdə və  ölkəmiz həmin təbdirlərə, yarışlara layiqncə ev sahibliyi funksiyasını yerinə yetirməkdədir. Qarşıdan dünyanın BMT-dən sonra ikinci ən böyük qurumu olan Qoşulmamaq Hərəkətanın növbəti Zirvə toplantısı gəlir ki, ölkəmiz payızda ona ev sahibliyi edəcək. Bu, Azərbaycana olan etimadın, güvənin nəticəsi, göstəricisidir. Dediyim kimi, bunlar da iqtidar-xalq birliyinin daha da sarsılmazlığı, insanlarımızın, vətəndaşlarımızın 1993-cü ilin iyunundan, o cümlədən 2003-cü ilin oktyabrından-ölkə Prezidenti İlham Əliyevin hakimiyyət estafetini davam etdirməsindən, xüsusilə ötən ilin 11 aprel seçkilərindən sonra hər bir sahədə islahatlar prosesinin daha da sürətləndirilməsindən və geniş vüsət almasından sonra yürüdülən siyasətə, həyata keçirilən ölçüyəgəlməz işlərə açıq şəkildə dəstək verməsi, siyasi, ictimai, sosial, iqtisadi fəallığın artması nəticəsində baş verməkdə, yaşanmaqdadır. İnsanlarımız, vətəndaşlarımız ölkə prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasi-iqtisadi kursu qiymətləndirir, dəyərləndirir, öz açıq və birmənalı münasibətini, dəstəyini ifadə edir. Bu, olduqca müsbət meyildir. Bu,  həm də inkişafımızın və təhlükəsizliyimizin rəhni, təminatı deməkdir. Bununla yanaşı, insanlarımızın, vətəndaşlarımızın daha da fəallaşdırılması, proseslərə daha aktiv şəkildə cəlb edilməsi və qoşulması gərəkdir. Bu,meyil daha da gücləndirilməli, sürətləndirilməlidir. İnsanlarımız özləri daha fəal və daha təşəbbüskar olmalıdırlar, hər şeyi dövlətdən, dövlət qurumlarından gözləməməlidirlər.
Məsələn, bu günlərdə  Yeni Azərbaycan Partiyasının (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Xəzər dənizinin füsunkar təbiəti olan Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirildi. Aksiyada YAP üzvləri, ETSN əməkdaşları, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak edirdilər. Hesab edirəm ki, bu cür çoxsaylı layihələrin mütəmadi olaraq həyata keçirilməsinə ehtiyac var. Mən özüm də həmin aksiyada iştirak etmişdim. Qeyd edim ki, çox yaxşı və vacib bir tədbir idi. Ekologiyamızın qorunması, Xəzərin çirklənməsinin qarşının minimum səviyyədə alınması bir vətəndaş olaraq, hər birimizin vəzifəmiz, borcumuzdur. Çünki Xəzərin sərvətlərindən istifadə etdiyimiz kimi, onun sərvətlərinin qorunması, gələcək nəsillərə çatdırılması da hər birimizin vətəndaşlıq vəzifəmizdir. Xəzər dənizi xalqımızın milli-təbii sərvətidir. Xəzər bizim zənginliyimiz, dünyaya çıxışımız, dünyaya inteqrasiyamız, şöhrətimizdir. Heç təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən, xüsusilə də son 22 il -1996-2018-ci illər ərzində aparılan gərgin müzakirələrdən, ağır, çətin keçən danışıqlar prosesindən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsi mümkün oldu. Məhz ulu öndər Heydər Əliyevin və onun kursunun layiqli davamçısı olan ölkə prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, Xəzərlə bağlı danışıqlar prosesinə verdiyi töhfələr nəticəsində 2018-ci ilin elə bu günlərində, avqust ayında Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçısının iştirakı ilə Aktau Konvensiyası imzalandı. Bununla da Xəzərin bir daha sülh, təhlükəsizlik, əməkdaşlıq dənizinə çevrilməsi istiqamətinə mühüm addımlar atıldı, ən əsası Xəzərin hüquqi statusu müəyyənləşdirildi. Bu Konvensiyanın özü həm də,  belə demək mümkünsə, Xəzərin ekoloji durumunun, onun çirkləndirilməsinin qarşısının alınması üçün mühüm bazalardan birini təşkil edir.  Bunları təfsilatı ilə deməkdə məqsədim odur ki,  xalqımız, dövlətimiz Xəzərin sərvətlərindən istifadə hüququna malik olan Xəzəryanı ölkələrdən biridir. Digər Xəzəryanı ölkələr kimi, biz də Xəzərin sərvətlərindən tam istifadə hüququna malikik və bu sərvətlərdən də istifadə edirik, yararlanırıq. Bununla belə, Xəzərin ekologiyasının qorunması, onun çirklənməsinin qarşısının alınması mühüm məqamlardan, vəzifələrdəndir. Təəssüflər olsun ki, bəzən bilmədən, bəzənsə bilərəkdən Xəzərin onsuz da ağır olan ekoloji durumunu daha da ağırlaşdırır, çirkləndiririk. Hansı ki, bunun zərəri də elə ilk növbədə özümüzə, insanlarımıza dəyir, uzun illər insanların istifadə etdikləri çimərliklər bəzən məhz bu çirklənmələr, çirkləndirilmələr səbəbindən bağlanır, qapadılır, yasaqlanır. Dediyim kimi, Xəzərdən, onun sərvətlərindən istifadə etdiyimiz, yararlandığımız kimi, onun ekoloji durumunun yaxşılaşdırılmasına, çirklənməsinin qarşısının alınması qayğısına da qalmalıyıq. Bu, bizim bir vətəndaş borcumuz, vəzifəmizdir. Dövlətlə yanaşı, hər birimiz bu işə öz töhfəmizi verməliyik...
- Konkret olaraq, hansı addımlar atılmalıdır?
- İlk olaraq Xəzər dənizinin və sahil zonasının ekoloji vəziy­yətinin yaxşılaşdırılmasında bütövlükdə ictimaiyyətin ro­lu­nu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək çox mühüm mə­qam­lardandır. Bu məsələdə öz­fəaliyyət olmaz, burada bütövlükdə cəmiyyətin, ictimaiyyətin rolunun artırılması vacibdir. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir, bu məsələnin vacibliyini vurğulayır. Çünki hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Odur ki, bu istiqamətdə atılan addımlardan biri də  insanları, ictimaiyyəti, xüsusilə paytaxt əhalisini Xəzərin çirklənməsinin qarşısını almaq işinə səfərbər etməkdir. Hər kəs bu vacib məsələdə səfərbər olmalıdır. Onu da deyim ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, burada Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir. Bu, bir dövlət olaraq, Azərbaycanın Xəzərin ekologiyasının yaxşılaşdırılmasına necə böyük önəm verməsinin göstəricisi sayıla bilər.
Bununla yanaşı, Heydər Əliyev Fondu və onun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın Xəzərin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı çox gözəl təşəbbüsləri, layihələri olub və var. Fond tərəfindən bu istiqamətdə bu günün özündə də çox əhəmiyyətli və vacib aksiyalar keçirilməkdədir.
Elə bu günlərdə məbuatda gedən məlumatlara görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çimərliklərin yaradılması işləri davam edir.  Belə ki, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.  Artıq Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra  Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Yəni, əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinələri, duş, sanitar qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb. Bununla yanaşı, vətəndaşların istirahətinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. Yaxın günlərdə daha dörd qəsəbədə də yeni ictimai çimərliyin istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində yeddi yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.  Onu da qeyd edim ki, yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Həmçinin, ərazinin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək. Bunlar çox gözəl, önəmli addımlardır, müsbət örnəkdir, təcrübədir. Ona görə dövlətimizlə bərabər hər birimiz Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirklənməsinin qarşısının alınması işinə səfərbər olmalı, öz töhfəmizi verməliyik. İnsanlarımız özləri könüllü şəkildə bilməlidirlər, başa düşməlidirlər ki, Xəzərə, sahilyanı ərazilərə zibil atmaq, onu çirkləndirmək olmaz. Bu, Xəzərin ekologiyasının korlanması, həmçinin, xəstəlik, xəstəliklərin yayılması deməkdir.
Mütəxəssislərin, elm adamlarının dediklərinə görə, dünyada okeanların çirkləndirilməsi, çirkli, zəhərli suların, tullantıların onlara axıdılması səbəbindən okean balıqları zəhərlənir və bu da nəticə etibarı ilə onlardan qida məhsulları kimi istifadə edən insanların özlərinə "qayıdır", onların sağlamlığına təsir edir, səhhətlərində ciddi problemlər yaradır. Yəni, təsir əks təsirə bərabərdir. Odur ki, Xəzərə də çirkli sular axıtmaqla, onu çirkləndirməklə həm də öz sağlamlığımıza ziyan vurmuş oluruq. Bunların-Xəzərə çirkli, kanalizasiya sularının axıdılmasının qarşısı alınmalıdır. Yeni təmizləyici qurğular qurulmalıdır. Konkret şəkildə qeyd etməli olsaq, təəəssüflər olsun ki, bu gün Xəzərlə sərhəd, Xərəzərə çıxışı olan rayonlarımızda, kəndlərimizdə kanalizasiya sistemlərininsəviyyəsinin yüksəldilməsinə ehtiyac var. Bir çox yerlərdə kanalizasiya suları Xəzərə axıdılır. Bu, ciddi problemdir və bu problemin aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Xəzərin Rusiya ilə olan sərhəddindən İranla olan sərhəddinə qədər, yəni Azərbaycana aid olan hissəsində mütəmadi monitorinqlər aparılmalıdır. Yeniyetmələr, gənclər, uşaqlar arasında maarifləndirmə işləri gücləndirilməlidir. Çox təəssüflər olsun ki, ölkəmizdə bir çox telekanal olmasına baxmayaraq, onların heç birində Xəzərin çirkləndirilməsinin, Xəzərin ekoloji durumunun korlanmasının qarşısının alınmasına çağırış edən edən reklam çarxı yoxdur. Hesab edirəm ki, telekanallarımız bu barədə də ciddi şəkildə düşünməli, Xəzərin çirkləndirilməsinin qarşısının alınmasına çağırış edən reklamlar nümayiş etdirməlidirlər. Həmçinin, telekanallarda, mediada Xəzərlə bağlı maarifləndirici verilişlər, proqramlar, yazılar getməlidir, mütəxəssislərin, peşəkarların fikirləri ictimaiyyətə çatdırılmalıdır.
Bu baxımdan artıq hər bir kəs bu məsələdə diqqətli olmalı, məsuliyyət hissini artırmalıdır. Xəzərin sərvətləri də, onun təmizliyi də bizimdir. Biz bunlara seyrçi, biganə qala bilmərik. Xəzər dənizi xalqındır, cəmiyyətindir və bu səbəbdən də insanlarımızın, vətəndaşlarımızın, cəmiyyətimizin Xəzərin ekoloji təmizliyinin təmin edilməsi işində üzərlərinə böyük vəzifələr, məsuliyyət düşür. İnsanlarımız özləri bu prosesdə daha yaxından və könüllü şəkildə iştirak etməlidirlər. Məhz son aksiya zamanı da bunun müsbət elementlərini, işartılarını gördüm və düşünürəm ki, bu proses yarımçıq qalmamalı, davamlı olmalıdır.
Hesab edirəm ki, bu gün Xəzərin problemlərinin, xüsusilə, ekoloji problemlərinin həlli ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına və artırılmasına ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bununla bağlı böyük potensialı mövcuddur. Onlar müvafiq dövlət qurumları ilə bu istiqamətdə fəaliyyətlərini əlaqələndirə, Xəzərin ekoloji problemlərinin həllinə öz töhfələrini verə bilərlər. Xatırladım ki, hələ sovetlər dövründə, 70-ci illərdə Azərbaycanda, Elmlər Akademiyasında Xəzərin problemləri ilə məşğul olan ayrıca institut var idi. Görkəmli ziyalımız, professor Gülün rəhbərliyi ilə Xəzərin ekoloji məsələlərinin həlli ilə bağlı çox mühüm işlər görülmüş, addımlar atılmışdı. Bu baxımdan, hesab edirəm ki, indi də bu istiqamətdə işlərin canlandırılmasına, sürətləndirilməsinə, Xəzəryanı ölkələrlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, birgə monitoriqnlərin keçirilməsinə ehtiyac var.
Əgər bu istiqamətdə birgə, koordinasiyalı fəaliyyət mümkün olarsa, Xəzərin çirkləndirilməsinin, onun ekoloji durumunun ağırlaşdırılmasının qarşısının alınmasına böyük töhfələr verilmiş olar. Bu, çox mühüm və vacib məsələdir.
 
Müsahibəni apardı:
Kamil HƏMİDOV