Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Doğma yurd yerləri - yeni strateji reallıqlar müstəvisində
 
Azərbaycanın sıçrayışlı iqtisadi inkişafını, beynəlxalq nüfuzunu təkcə neft  amili ilə bağlamaq düzgün olmazdı. Dünyada neft hasil edən çox ölkələr var, lakin onlar inkişaf səviyyəsinə görə bir-birindən fərqlənirlər. İkinci vacib məsələ budur ki,  ölkəmizdə müharibə gedir, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyona qədər qaçqın və məcburi köçkün vəziyyətinə düşən  vətəndaşlarımız var. Bu qədər ağır iqtisadi və maliyyə yükünü öz üzərinə götürən Azərbaycan  Respublikası 15 il ərzində güclü iqtisadi  və siyasi təmələ söykənən müasir  dövlət qura bilmiş, regionların ən güclü ölkəsinə çevrilmişdir. Qısa zaman kəsiyində iqtisadiyyata 231 milyard dollar sərmayə yatırmaq, respublikanın sosial-iqtisadi infrastrukturunu kökündən dəyişmək, azad sahibkarlığın yüksək inkişaf tempini  təmin etmək, yüz minlərlə yeni  iş yerləri yaratmaq, əhalinin rifah  halını nəzərə çarpacaq dərəcədə yüksəltmək fenomenal hadisələrdəndir.
Bütün regionlarımız kimi, illər ərzində cəbhə bölgələrimiz də əsl inkişaf və tərəqqi yoluna qovuşmuşdur. Belə  regionlardan biri də Ağdamdır.  Atəşkəsdən 25 il ötməsinə baxmayaraq, mənfur  qonşular tərəfindən hər gün atəş səsləri eşidilir, cəhbə bölgəsində  yaşayan sakinlərimizin rahatlığı pozulur,  itkilər veririk. Artıq bu insanların səbr kasası dolub. Onlar savaşa girib, işğalçı  qüvvələri doğma torpaqlarımızdan qovmağa hər an hazırdırlar. Lakin  xalqımızın humanist xisləti, dövlətimizin sülhsevər siyasəti hələlik dinc danışıqlara üstünlük verir. Bu istiqamətdə cəhdlərimiz Ermənistanın destruktiv mövqeyi nəticəsində boşa çıxır. Doğma  yurd yerlərimizi xarabalığa çevirən  düşmən öz havadarlarının köməyinə  arxalanaraq,  heç bir nizamlama variantını qəbul etmir. Artıq 25 ildir ki,  Ermənistanın işğal altında   saxladığı torpaqlardan öz qoşunlarını qeyd-şərtsiz çıxarması barədə BMT-nin dörd qətnaməsi icra olunmayıb. Ermənistanın beynəlxalq təşkilatların heç bir qətnaməsinə məhəl qoymaması faktına  dünya birliyi, Minsk Qrupunun həmsədr  ölkələri  hələ ki susur. Azərbaycan  xalqının soyqırımına hesablanmış erməni təcavüzü nəticəsində işğal  altında olan yaşayış məntəqələri, o cümlədən Ağdam  şəhəri və onun kəndləri tamamilə dağıdılıb. Ağdamı bufer zona kimi saxlamağa çalışan işğalçı  dövlət burada nə vardısa hamısının, necə deyərlər, altını üstünə çevirib.
Hələ ötən əsrin 90-ci illərində ermənilər tərəfindən Ağdam ətrafında bir neçə terror aktı da törədilib. Əvvəlcə Ağdam-Tbilisi sərnişin avtobusu partladılmış, bunun nəticəsində 20 nəfər dinc sakin həlak olmuşdur.
1991-ci ilin sentyabr ayında  iki dəfə sərnişin avtobusuna basqın edilmiş, hər iki hadisədə 13  nəfər həlak olmuşdur. Üçüncü terror aktı 1992-ci  il yanvarın 28-də  Ağdamdan Şuşaya uçan vertolyotun  vurulması ilə həyata keçirilmiş,  vertolyotda olan heyət üzvləri ilə birlikdə 44  nəfər qətlə yetirilmişdir.
1993-cü ilin iyul ayının 23-də rayon ərazisinin 77,4 faizi Ermənistan  silahlı birləşmələri tərəfindən işğal olunmuş, Ağdam şəhəri, bir qəsəbə, 82 kənd zəbt  edilmiş, 153 min əhali qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Təxmini hesablamalara görə, rayona 17 milyard dollardan çox ziyan dəymişdir.
Ağdam rayonu 5 mindən çox şəhid vermiş, 3571 nəfər əlil olmuş, 16 nəfər  ağdamlı “Milli qəhrəman” adına layiq  görülmüşdür.
Hazırda rayonun Azərbaycanın nəzarətində olan ərazisində 18 yeni qəsəbə salınıb, bunların hər birində zəruri infrastruktur yaradılıb.
Ağdam rayonunda çoxlu sayda tarixi memarlıq abidəsi olub: Ağdam  şəhərinin şimal-qərbində, Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu türbəsi (1314-cü il), Salahlı-Kəndərli  kəndindəki türbə və daş abidələri (XIV əsr), Paprakənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəsillərinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şaşlınlaq qalası və i.a.
Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Ağdam qədim yaşayış məskənidir. İlk qədim insanlar bu ərazilərdə 6-8 min il əvvəl, yəni enolit dövründə (e.ə. V-IV minilliklərdə) yaşamış,  əkinçilik və heyvandarlıq mədəniyyətinə bələd olmuşlar.
Qarabağ müharibəsində ən çox ziyan Ağdam şəhərinə dəymiş, vaxtilə respublikamızın ən abad, inkişaf etmiş, güclü iqtisadi potensiala malik olan rayonu vəhşicəsinə dağıdılmış,  sənaye və sosial infrastruktur, məscidlər, tarixi abidələr yerlə-yeksan edilmişdir. Ağdam Qarabağın ürəyi idi. Onun itirilməsi  regionun itirilməsinə gətirib çıxardı. Ağdamlılar mərdliklə, son damla qanlarınadək vuruşdular. Tamamilə köməksiz qalan ağdamlıların belə faciəli vəziyyətdən çıxmağı mümkünsüz idi. Ağdamın işğalı ərəfəsində rayonda 22 batalyon, o cümlədən 4200 nəfərdən çox şəxsi heyət,  kifayət qədər silah-sursat və hərbi texnika cəmləşmişdi. Xəyanət nəticəsində  həmin batalyonlar rayondan çıxarılmış, onlardan yalnız ikisi sona qədər erməni hərbi birləşməsinə müqavimət göstərmişlər. Hakimiyyət uğruna gedən didişmələr, çəkişmələr Ağdam kimi strateji mərkəzin əldən getməsi ilə sonuclandı.
1993-cü ilin iyun ayının 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni uçurumdan xilas  etmək üçün fövqəladə fədakarlıq və  əsl  vətənpərvərlik nümayiş etdirdi. Hətta 1994-cü ilin aprel ayında  bəzi xəyanətkar qüvvələr 14 kəndi düşmənə təhvil verməklə öz çirkin  niyyətlərini həyata keçirdilər. Həmin vaxt  Heydər Əliyevə məlumat çatdırıldı, çox çətinliklə təxribatın qarşısı alındı. Bir yandan daxildə  mövcud olan  qaragüruhçu qüvvələr, digər tərəfdən  erməni qəsbkarlar Ağdamın işğalını qaçılmaz etmişdir.
Hazırda Ağdam rayonunun ərazisində 90 min nəfərdən çox əhali yaşayır. Torpağa, əkinə-səpinə bağlı olan ağdamlılar bir qarış torpağı boş buraxmır, həm Vətən təəssübü çəkir, həm də öz güzəranlarını günü-gündən yaxşılaşdırırlar.
Rayonun Quzanlı qəsəbəsində, 44 kəndində və yeni salınmış  16  qəsəbəsində həyat öz ahəngi ilə davam edir. Burada hər kəs yaxşı dərk edir ki, torpaqlarımız  uzun müddət  işğalda qala bilməz. Yaşadıqları əraziləri gülüstana çevirmək və böyük qayıdışa hazır olmaq – budur ağdamlıların yaşam fəlsəfəsi.
Buna təkan verən mühüm səbəb respublika prezidenti cənab İlham Əliyevin  Qarabağ məsələsində tutduğu barışmaz mövqe və qələbəyə olan böyük inamdır. Ölkə başçısının hər bir çağırışını səbirsizliklə gözləyən ağdamlılar əzmini,  gücünü toplayıb doğma yurd yerlərinin çicəklənməsi naminə  çalışırlar.
Yuxarıda da dediyim kimi, dövlət başçısının rəhbərliyi və göstərişi ilə rayonda  yeni qəsəbələr  salınır, zərər çəkmiş evlər bərpa edilir.Hazırda Xındırıstan kəndində cümə məscidi təmir olunur. Rayonun yaşayış məntəqələrində onlarla istehsal və emal müəssisələri yaradılmış,  minlərlə yeni iş yerləri açılmışdır.
Ermənilər tərəfindən iriçaplı silah və artilleriya atəşinə məruz  qalmış 121 evin bərpası davam etdirilir. Bərpa işləri cənab Prezident İlham Əliyevin “Ağdam rayonunun erməni silahlı birləşmələri və təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli sərəncamına əsasən həyata keçirilir.
Dövlətin hərtərəfli diqqət  və qayğısının nəticəsidir ki, vaxtı ilə  başqa yerlərə çıxıb getmiş ağdamlalar indi geriyə, doğma yurd yerlərinə qayıdır, rayonun abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.  Ağdam rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur tədbirləri ardıcıl və sistemli  xarakter daşıyır, hər il olduğu kimi  cari ildə də rayonun sosial məsələlərinin həllinə diqqət artırılmışdır.
 Əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və su ilə  təminatını yaxşılaşdırmaq istiqamətində zəruri tədbirlər görülmüş,  abadlıq-quruculuq işləri davam etdirilmişdir.
Kənd təsərrüfatı məhsulları  istehsalçılarına dövlət dəstəyinin olması, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin, subsidiyaların, yüksək  reproduksiyalar toxum materiallarının,  cins, mal-qaranın verilməsi aqrar bölmədə nəzərə çarpacaq  irəliləyişlərə səbəb olmuş, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə böyük təkan  vermişdir. Vaxt gələcək  torpaqlarımız işğaldan azad ediləcək, Ağdam doğma Qarabağın  mərkəzində möhtəşəm bir şəhərə çevriləcəkdir!
 
Zülfü İlyasov,
bölgə müxbiri