Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur


  

Azərbaycanın dinamik inkişafında ARDNF-nin rolu

 

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. 

İlham Əliyev

 

Dünyanın zəngin neft ehtiyatlarına sahib ölkələrindən biri də Azərbaycandır. Belə zəngin sərvətə sahib olduğundan neft və qaz gəlirlərinin səmərəli idarə edilməsinə, mövcud enerji resurslarından əldə edilən vəsaitlərin prioritet sahələrin inkişafına, sosial-iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsinə də ehtiyacın hiss olunması təbii idi. Xüsusilə, ölkəmizin müstəqilliyin ilk illərində yaşadığı müxtəlif sosial-iqtisadi problemlər bu ehtiyacı daha da zərurətə çevirirdi. Belə olan halda isə xalqımızın ümumilli lideri, müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Həmin dövrdə Azərbaycanın yaşadığı iqtisadi çətinliklər və maliyyə şokları baxımından ARDNF-nin yaradılması ölkəmizin gələcək iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb etmişdir. ARDNF-nin əsasını neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi və bununla bağlı əldə olunan gəlirlərin toplanaraq səmərəli istifadə edilməsi, o cümlədən gələcək nəsillər üçün saxlanması təşkil edir. Fondun məqsədi həmçinin ölkədə makroiqtisadi sabitliyi təmin etmək, sosial-iqtisadi inkişafa nail olmaq, neft sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafıdır. Ulu öndərin əsasını qoyduğu Milli Neft Strategiyasının mühüm parçası olan Fond fəaliyyətə 2001-ci ilin iyun ayından başlamışdır.
Dünyada suveren fondlar
Bu gün dünyada 40-dan çox ölkədə 70-dən çox suveren fond mövcuddur. Suveren Fondlar İnstitutunun (SWFI) məlumatına əsasən, bu fondlar son 10 il ərzində daha da böyüyərək, 7,3 trilyon dollardan çox ümumi aktivlərə malik olmuşlar. Bu isə dünya miqyasında mövcud olan bütün özəl fondların ümumi aktivlərindən daha çoxdur. Qeyd edək ki, fondların böyük əksəriyyəti, daha dəqiq desək, 72%-i Şərqi Asiya və Yaxın Şərq ölkələrinin payına düşür. Ümumi olaraq çoxu neft və təbii resurslar üzərində qurulsa da, ixrac və maliyyə bazarlarındakı gəlirlərə görə qurulan fondlar da var. İngiliscə “sovereign wealth fund”, bizim dildə isə “suveren fond” mənasını verən bu fondlar ölkələrin rəsmi ehtiyatları xaricindəki yığımlarını ifadə edir. Dünyada bu sahədə çoxdan mövcud olan təcrübənin ölkəmizdə tətbiqi əsas olaraq iqtisadiyyatın daha səmərəli inkişafını təmin etmək və təbii sərvətlərdən uğurlu istifadə ilə bağlı olmuşdur. Həmçinin, bu fondun yaradılması düşünüldüyü kimi, ölkədə qısamüddətli iqtisadi şoklarının təsirlərinin minimuma endirilməsi, valyuta məzənnəsi və maliyyə bazarlarındakı dalğalanmaların mənfi təsirlərinin aradan qaldırılması, iri layihələrin həyata keçirilməsi, o cümlədən uzunmüddətli investisiyaların qoyulmasına səbəb olmuşdur. Məhz bu amillərdən çıxış edən ölkələr iqtisadi cəhətdən böyüməyi də  hədəfləyərək suveren fondların yaradılmasına səy göstərirlər. Onu da qeyd edək ki, suveren fondlar yalnız güclü iqtisadiyyata malik deyil, həm də kiçik iqtisadiyyatlı Yeni Zelandiya, Seneqal, Vyetnam kimi ölkələrdə də mövcuddur. 
Suveren fondların əsas maliyyə mənbələri
Dünyada mövcud olan ən böyük suveren fondlar üzrə ilk sıraları 1990-cı ildə əsası qoyulan və 885 mlrd. dollar aktivə sahib Norveç (GPF - Government Pension Fund), 813.8 mlrd. dollarla Çin (CIC - China Investment Corporation), 792 mlrd. dollarla Birləşmiş Ərəb Əmirlikləri (ADIA - Abu Dhabi Investment Authority) və 592 mlrd. dollarla Küveyt (KIA - Kuwait Investment Authority) tutur. Sıralamada 4-cü yerdə qərarlaşsa da, Küveyt neftin kəşfi ilə əldə olunan gəlirləri dəyərləndirmək məqsədilə 1953-cü ildə ilk suveren fond təsis edən ölkədir.
Əsas gəlir mənbəyi neft və qazın satışından əldə olunan gəlirlər olan ARDNF-nin isə aktivləri cari ilin 31 mart tarixinə 40 mlrd. ABŞ dollarını keçmişdir. Bu artım isə əsas olaraq  Fondun büdcə gəlirləri, həmçinin vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına mümkün olmuşdur.
Ümumiyyətlə isə, fondların maliyyə mənbələrinə gəldikdə bu, əsas olaraq xammal və digər maliyyə mənbələri olmaqla iki hissəyə ayrılır. Əsasən neft və qaz kimi təbii resursların satışından əldə edilən gəlirlər hesabına formalaşan fondlar təbii sərvətlərə malik olan ölkələrdə yaradılır. Hazırda dünyada mövcud olan suveren fondların 59%-i karbohidrogen, 41%-i isə digər mənbələr hesabına maliyyələşməkdədir. Bu baxımdan suveren fondlar nöqteyi-nəzərindən BƏƏ, Norveç, Küveyt, Rusiya, Qətər neft gəlirləri, Çili, Botsvana, Kiribati kimi ölkələrin fondları mis, almaz, fosfat kimi təbii ehtiyatlar, Fransa, Avstraliya, Yeni Zelandiya kimi ölkələr sosial yardımlar hesabına, Sinqapur, Cənubi Koreya və Çin Xalq Respublikası kimi ölkələr isə əsas olaraq özəlləşdirmə, yığım və mövcud ixrac əməliyyatları ilə maliyyələşir. Azərbaycana gəldikdə isə ARDNF-nin əsas maliyyə mənbələri neft və qazın satışından əldə olunan gəlirlər, karbohidrogen ehtiyatları, qrantlar və təmənnasız yardımlar, dividendlər və sərmayiçilər tərəfindən verilən aktivlərlə bağlıdır. ARDNF-nin xərcləri isə əsas olaraq ölkənin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif mühüm layihələrin maliyyələşdirilməsi ilə əlaqədardır. Fond Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin maliyyələşdirilməsinə, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə,  Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihələrinə, "Azərbaycan İnvestisiya Şirkəti"nin nizamnamə kapitalının formalaşdırılması və Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi layihəsinə və bir çox bu tipli layihələrin həyata keçirilməsinə əsaslı vəsait ayıraraq, çox mühüm problemlərin uğurlu həllinə nail olmuşdur.
Həmçinin, ARDNF dövlət büdcəsinə transfertlər edir, ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına vəsaitlər ayırır. Suveren fondların ölkə iqtisadiyyatını mövcud iqtisadi böhranlardan qorumaqdan başqa, həm də xarici ölkələrə investisiya qoyduğu da məlumdur. Bu baxımdan Azərbaycanın suveren fondu olan ARDNF də xarici ölkələrə investisiya yatırır və bununla da öz vəsaitlərini artırmağa səy göstərir.
Fondların şəffaflıq prinsipləri
Suveren fondların ortaq xüsusiyyətləri nəzərdən keçirildikdə, xüsusilə onların dövlət mülkiyyətində olması bəziləri tərəfindən narazılıqla qarşılanır. Bu isə əsas olaraq fondun verəcəyi qərarlarda və qoyacağı investisiyalarda iqtisadi amillərdən daha çox siyasi amillərə yönəlməsi, şəffaflıq prinsiplərini pozması ilə izah olunur. Lakin Azərbaycan dövləti haqlı olaraq hesab edir ki, Neft Fondunun dövlət nəzarətində olması ölkəmizin müstəqilliyinin qorunması, dövlət əhəmiyyətli, strateji layihələrin həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. ABŞ və Avropa suveren fondların izlənməsinin vacibliyini dəfələrlə qeyd etsə də, fondların bir çoxu şəffaflıq məsələsində fikir ayrılığına sahibdirlər. Şəffaflıq prinsipi üzrə aparılan araşdırmalara görə, Norveç ən böyük aktivlərə sahib olması ilə birlikdə bu məsələdə mövcud tələblərə cavab verərkən, Çin, Küveyt və Əbu-Dabi qismən  bu tələblə uyğunlaşır. Körfəz bölgəsi isə şəffaflıq baxımından ümumiyyətlə ən aşağı göstəricilərə sahibdir.
Azərbaycanın suveren fondu olan  ARDNF-nin isə fəaliyyəti tamamilə şəffaflıq prinsiplərinə söykənir. Şəffaflıq prinsipinə böyük önəm verən ARDNF-nin maliyyə hesabatı hər zaman müstəqil auditorlar tərəfindən yoxlanılır, gəlir və xərcləri haqqında rüblük, illik hesabatları mətbuatda, ARDNF-nin internet səhifəsində (www.oilfund.az) və sosial media səhifələrində mütəmadi olaraq dərc edilir. Bu amil həm də fonda qarşı inamın formalaşmasında mühüm rol oynayır.
Dövlət Neft Fondunun şəffaflıq prinsipinə əsaslanan fəaliyyəti dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən də yüksək qiymətləndirilmişdir. Fond 2007-ci ilin may ayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatı dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunur və Şərqi Avropa və MDB ölkələri arasında ilk olaraq ARDNF bu mükafata layiq görülmüşdür.
ARDNF Suveren Fondların Beynəlxalq Forumu (SFBF) vasitəsi ilə digər Suveren Fondlarla (SF) uğurlu əməkdaşlıq edir və fikir mübadiləsi aparır. Məhz bu səbəbdəndir ki, dünyanın 20-dən artıq ölkəsinin suveren fondlarının da iştirak etdiyi SFBF-nin ilk görüşü 2009-cu ilin 8-9 oktyabr tarixlərində ARDNF-nin təşkilatçılığı ilə ölkəmizdə keçirilmişdir.
ARDNF-nin şəffaf fəaliyyəti beynəlxalq qurumlar tərəfindən aparılan qiymətləndirmələrdə də öz təsdiqini tapmışdır. Fond Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunun tərtib etdiyi Suveren Fondların Şəffaflıq və Hesabatlılığı qiymətləndirmə cədvəlində 92 xalla 60 suveren fond arasında 4-cü yeri tutmuşdur.Sıralamada ilk üçlükdə qərarlaşan ölkələr isə Norveç Pensiya Fondu, Yeni Zelandiya Pensiya Fondu və ABŞ-ın Vayominq Mineral Trast Fondudur.
Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin yaratdığı təməl üzərində çox dinamik inkişaf edir. Bir çox qlobal proqramlar, irimiqyaslı layihələr həyata keçirilir ki, bunlar da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və iqtisadi qüdrətinin artmasına xidmət edir. Ölkəmiz öz iqtisadi potensialını gücləndirməyə, vəsaitlərini artırmağa səy göstərir. Bu baxımdan Dövlət Neft Fondunun da vəsaitlərinin artması ölkənin iqtisadi qüdrətinin artması baxımından çox əhəmiyyətlidir.
Məqaləmi ARDNF-nin əsasını qoymuş və ölkəmizin bu gün əldə etdiyi uğurlarda birbaşa əməyi olan, bir cümlə ilə fondun fəaliyyətini bütünlüklə əhatə etməyi bacarmış, dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin sözlərilə bitirmək istəyirəm: “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.


Mətanət Hüseynova