Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şeyx həzrətlərinin çoxşaxəli fəaliyyəti ölkəmizi gücləndirir

 

 

İslam dövlətlərinin görkəmli nümayəndəsi, İslam ənənələrinin, milli-mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini verən, başçılıq etdiyi strukturun inkişafı üçün yorulmaz və məhsuldar fəaliyyət göstərən görkəmli ziyalı, çox dəyərli və qayğıkeş Vətən oğlu Hacı Allahşükür Paşazadənin 70 yaşı tamam olur.

Şeyx ağsaqqal deməkdir, başçı deməkdir. Şeyxülislam – İslamın Şeyxi, seçilmişlərin seçilmişidir. Azərbaycan tarixində Şeyx Cüneyd, Şeyx Üveys, Şeyx Cəbrayıl, Şeyx Səfiəddin, Şeyx Heydər, Şeyx Bəhaüddin, Şeyx İbrahim kimi görkəmli şəxslər olmuşdur. Azərbaycanda “ağsaqqal” adı çox-çox qədimlərdən yüksək tutulub, ağsaqqala həmişə sonsuz ehtiram və hörmət olub. Ağsaqqal sözü həmişə haqq yolunda baş məsləhətçi olub. Ağsaqqal sözü, ağsaqqal məsləhəti olub ki, dinsizləri də imana gətirib. Sonsuz hörmət sahibi olan Şeyxülislam Hacı Allahşükür Paşazadə də belə ağsaqqallardandır.
Hacı Allahşükürün Şeyxülislam seçilməsindən düz 40 il keçir. Onu illərdir ki, tanıyıram. İlk növbədə, bir din xadimi, tarixçi, ilahiyyatçı alim, nəhayət, bir insan kimi. Allahşükür Paşazadə bütov adamdır, az danışır, amma hər dediyi sözün sahibidir. Müdrik insandır, öyrənən və öyrədəndir. Sözün əsl mənasında, Allah adamıdır. Bütün qəlbi ilə İslam dininə bağlı adamdır. Şeyx ensiklopedik məlumata malikdir. Dərin məntiqi var, hazırcavabdır. Son dərəcə sadədir. Sanki, bir baxışla insanın ürəyini oxuyur.
Yəqin ki, əfsanələşmiş pak hisslər oyadan, eşidənləri müqəddəsliyə çağıran bu dərin köklər Allahşükür Paşazadənin ömür yolunun səmtini də müəyyən etmişdir. O, paklığa aparan yolu seçmişdir. Buxarada, Daşkənddə dini təhsil almış, ərəb dilini öyrənmiş, İslam dinindən nurlanmışdır.Elə bu islami nur Allahşükür Paşazadəni həm ölkə içərisində, həm də onun hüdudlarından çox-çox uzaqlarda şöhrətləndirmiş, 1980-ci ildə o Qafqaz Müsəlmanları İdarəsinin sədri – Şeyxülislam seçilmişdir.
Azərbaycanda əvvəllər də hörmət və izzət sahibi din xadimləri olmuşdur. Onlardan Axund Mirzə Əbu Turab Axundzadəni, Mir Məhəmməd Kərim Mirzəcəfərzadəni, Axund Molla Ruhullanı və Axund Molla Ağa Əlizadəni xatırlamamaq mümkün deyil. Xalq yazıçısı Qılman Musayev yazır ki, Axund Mirzə Əbu Turab dini təhsilini Mədinə şəhərində almışdır. Axund Mir Məhəmməd Kərim Mircəfərzadə Qurani-Kərimin üç cildlik təfsirini vermişdir. Axund Molla Ruhulla Məmmədzadə Qəzvində oxumuşdur. Axund Molla Ağa Əlizadə isə Nəcəfül-əşrəf universitetini bitirmişdir. Axund Molla Ağa Əlizadə iki dəfə Şeyxulislam seçilmişdir. Qılman müəllim razılıqla yazır ki, bu ləyaqətli ruhani rəhbərlərin Azərbaycan xalqının mənəvi kamilliyində xidmətləri böyükdür.
Hacı Allahşükür Paşazadə on ikinci Şeyxülislamdır. On iki – müqəddəs rəqəmdir. On iki – ayların sayıdır, on iki – saat rəqəmlərinin sayıdır. Nəhayət, on iki – imamların sayıdır.
Şeyxülislam Allahşükür Paşazadə dünya şöhrəti qazanmış din xadimlərimizdəndir. O öz savadı, dünyagörüşü, insansevərliyi, tolerant siyasəti ilə hər yerdə sonsuz rəğbətlə qarşılanır.
Şəxsən mən Şeyximizi ən cəsarətli, haqq işi uğrunda hər cür fədakarlığa hazır bir insan kimi tanıyıram.
Hələ 1984-cü ildə mən Mərkəzi Komitənin şöbə müdiri, Azərbaycan SSR nümayəndə heyətinin rəhbəri kimi, Şeyxülislam Allahşükür Paşazadə isə SSRİ nümayəndə heyətinin tərkibində “Azərbaycan mədəniyyəti günləri”ndə iştirak etmək üçün Fransaya gəlmişdik. Strasburq (Fransa) Universitetində keçirilən kollokviumda iştirak edirdik. Həmin kollokviumda mən bir vaxtlar Bakıdan köçüb getmiş mühacir S.Afanasyansın məruzəsindən sonra çıxış etməli oldum. O, ağına-bozuna baxmadan DQMV-də və Naxçıvan Muxtar Respublikasında demoqrafik vəziyyəti kobudcasına, təhrif olunmuş şəkildə təqdim edir, sübut etməyə çalışırdı ki, Azərbaycan dövlətinin siyasəti erməniləri bu respublikadan sıxışdırmağa yönəldilib. Mənim söylədiyim dəlillər və faktlar auditoriyanın reaksiyasına və kollokviumda iştirak edən həmyerlilərimizin (o cümlədən, yazıçı Anarın, professorlar Yaqub Məmmədovun, Teymur Vəliyevin, Həmid Əliyevin, Şeyxülislam Allahşükür Paşazadənin) təəssüratına görə o qədər inandırıcı idi ki, pərt olmuş S.Afanasyans özündə cəsarət tapıb, tam informasiyaya malik olmadığını bəhanə gətirərək bizdən üzr istəməli oldu...
Məlumdur ki Azərbaycanın istiqlal yolu çox çətin və qanlı-qadalı olmuşdur. “20 yanvar” Azərbaycan təqviminə matəm günü kimi düşmüşdür.
1990-cı ilin 20 yanvar gecəsi azğın Qorbaçovdan əmr alan Sovet ordusu hissələri silahsız xalqımıza divan tutanda, bu dəhşətli faciə ilə əlaqədar ilk etiraz səsini ucaldanlardan biri ŞeyxülislamHacı Allahşükür Paşazadə oldu. Əli qana batmış M.Qorbaçova ünvanladığı qəzəbli məktubunda Şeyxülislamyazmışdı: “Azərbaycan xalqı ilə silah gücü ilə danışmaq olmaz”. Böyük vətəndaş cəsarəti ilə deyilmiş bu öldürücü kəlam o vaxt geniş əks-səda vermişdi...
Həqiqətdə də, Azərbaycan xalqı 20 Yanvar faciəsindən sınmadı. Xalqın qəzəbi daha da alovlandı, gecə gülləbaran edilən xalq səhər küçələri bağlamış zəhmli tanklardan belə çəkinmədi. O gecə şəhid olmuşların dəfni görünməmiş bir etiraz nümayişinə çevrildi. Azadlıq meydanına yığılanların sayı milyonu ötmüşdü. Millət ağsaqqalı ŞeyxülislamAllahşükür Paşazadə dəfn izdihamının önündə gedirdi.
Yenə təkrar edirəm, bu, qeyri-adi bir dəfn idi. Bütün gəmilər səs-səsə vermişdi. Bütün şəhərin qəzəbi, nifrəti bir yumruq kimi düyünlənmişdi. Təsəvvür etmək çətindir ki, Sovetlərin hansısa bir respublikasında xalq qəzəbinin belə güclü nümayişi ola bilərdi. Azadlıq meydanından başlayan qəm karvanı Dağüstü parkadək uzanırdı. Bütün küçələr və meydanlar, hətta ağaclar da qırmızı qərənfilə bürünmüşdü.Allah yolunda, haqq yolunda şəhid olanlar, həqiqətən də, ölümsüzlüyə qovuşurmuş...
Heç bir il də keçmədi ki, M.Qorbaçov rüsvayçılıqla istefaya göndərildi. 1991-ci ilin 18 oktyabrında Ali Sovet Azərbaycan Respublikasının müstəqillik aktını təntənə ilə qeyd etdi. Həmin tarixi gündə hamı kimi Şeyx ilə mən də bir-birimizi təbrik etmişik.
Şeyxülislam Hacı Allahşükür Paşazadə yüksək mədəniyyət sahibidir. Planetimizin çox ölkəsində dini görüşlər arasında dözümsüzlüyün hökm sürdüyü, qonşu Ermənistanda dini düşmənçiliyin təbliğ edildiyi bir vaxtda məhz Şeyxülislam Hacı Allahşükür Paşazadənin  titanik fəaliyyəti Azərbaycanda əsl dini qardaşlıq ab-havası yaranmasında müstəsna rol oynamışdı.
Ateizmin cövlan etdiyi sovet quruluşunda Moskvanın təzyiqi ilə din xadimlərinin nələr çəkdiyi çoxlarına bəllidir. Hər bir ideoloji müşavirədə din üzərinə hücumlar təşkil edilirdi. Otuz yeddinci il qurbanlarının siyahısı din xadimlərinin adları ilə də zəngin idi. Elə şərait yaranmışdı ki, hüzn yerinə və qəbir üstünə molla da çağırmaq olmurdu. Pir üstündə maşınların nömrələri yazılırdı. Savadlı mollaların sayı, demək olar ki, sıfıra enmişdi. İslam dünyasına edilən təzyiqləri yalnız ulu öndər Heydər Əliyevlə və sonradan onun davamçısı, ölkə başçısı İlham Əliyevlə birləşərək dəf etmək mümkün oldu. Mənəviyyatın və tarixin yadigarı olan məscidlər, türbələr və dünya övliya ocaqları təmir və bərpa edildi, yeni məscidlər, mədrəsələr açıldı. Azərbaycan üçün ali təhsilli dini kadrlar hazırlayan Bakı İslam Universiteti möhtərəm şeyximizin təşəbbüsü və tükənməz fəaliyyəti sayəsində yaradılmışdır.
Belə bir vaxtda Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilən Allahşükür Paşazadənin çoxsahəli fəaliyyəti üçün geniş meydan açıldı. O, dini-mənəvi dəyərlərin təbliğ və təlimi üçün hər şeyi yenidən, amma köklü başladı. Din sahəsində əsaslı maariflənmə işləri aparıldı.
1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın təşkil edilməsi də Hacı Allahşükür Paşazadənin adı ilə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsi şeyximizin səmərəli təşkilatçılıq fəaliyyəti nəticəsində geniş təsir dairəsinə malik və İslam dünyasında böyük hörmət sahibi olan bir təşkilata çevrilmişdir.
Hacı Allahşükür Paşazadə elmi qəlbən sevən alim, ziyalı, dini-mənəvi dəyərləri təbliğ edən qiymətli əsərlərin müəllifidir. Qurani-Kərimin tərcüməsi çox çətin və məsuliyyətli işdir. Məhz Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü və dəstəyi sayəsində Qurani-Kərim Azərbaycan dilinə mükəmməl tərcümə edilərək xalqın istifadəsinə verilmişdir. Heç şübhəsiz, bu mübarək iş gələcəkdə də davam etdiriləcəkdir.
Elmə və dinə bağlılığının nəticəsidir ki, Şeyxülislam HacıAllahşükür Paşazadə uzun müddət gərgin əmək sərf etdikdən sonra - 1991-ci ildə Bakı İslam İnstitutunun açılmasına nail olmuşdur. Bu ali təhsil ocağı 1997-ci ildə universitet statusu almışdır.
Yetmiş illik sovet dövrünün ateist tərbiyəsi, hədə-qorxu islam dininə az ziyan vurmadı, 40 il elə də uzun vaxt deyil. Və nəzərə alaq ki, dağıtmaq asan, qurmaqsa çətindir. İblis əməli ilə dağılanı qurmaq çox-çox müşküldür. Məhz Şeyxülislam Hacı Allahşükür Paşazadənin uzaqgörənliyi, müdrikliyi sayəsindədir ki, bu gün, xüsusən, gənclər islam dininə böyük məhəbbətlə bağlanmağa başlamışlar. Hazırda onu bütün İslam dünyası tanıyır və rəğbət bəsləyir. Şeyxülislam regionda sülhün qorunub saxlanması üçün bu gün də var-qüvvəsi ilə çalışır. Onun dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yaxın dostluğu da regionda bərqərar olmuş sülhün və sabitliyin qorunmasına xidmət edir.
İslam dininə bağlanmaq isə mənəvi köklərə bağlanmaq deməkdir. İslam dininə bağlanmaq əsl vətənpərvərlik məktəbidir. Şeyxülislam Hacı Allahşükür Paşazadə bu yolun örnək olan görkəmli nüməyəndəsidir.
Ən yaxşı alim öyrənib, öyrədən insandır. Möhtərəm Şeyximiz məhz belə nəcib insandır.
Mən Hacı Allahşükür Paşazadəyə möhkəm cansağlığı, sevinc dolu illər, gərgin və səmərəli fəaliyyətində uğurlar diləyirəm. Onun Şeyxülislam seçilməsinin 40 illiyi münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm.
 
Akademik, Ziyad Səmədzadə