Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Azərbaycanda büdcə xərclərinin maliyyələşdirilməsi

sahəsində aparılan islahatlar»

Bizim üçün müstəqilliyimizin gücləndirilməsi, islahatların davam etdirilməsi və insanlarımıza daha yaxşı həyat şəraitinin yaradılması ən yüksək prioritet təşkil edir.
 
İlham Əliyev
 
Hər bir ölkənin büdcə sistemi onun seçdiyi iqtisadi inkişaf modelinin mühüm cəhətlərini özündə əks etdirir. Azərbaycan bazar sisteminə keçdiyi dövrdə büdcə siyasətinin əsas istiqamətlərindən biri büdcə xərclərinin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və bazar sisteminin tələblərinə uyğunlaşdırılması idi. Belə ki, ümumimilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda büdcə sahəsində islahatların aparılması üçün vacib olan qanunvericilik bazası işlənib hazırlandı, bir sıra qanun, proqram və konsepsiyalar qəbul edildi. Azərbaycan Respublikasının büdcə sisteminin hüquqi bazası olan “Büdcə sistemi haqqında” Qanun 1 dekabr 1992-ci ildə təsdiq olundu. Yeni maliyyələşmə mexanizminə keçid dövründə qanunvericilik bazasında boşluqları aradan qaldırmaq məqsədilə 1999-cu ildə “Dövlət büdcəsi haqqında” Qanun qəbul edildi. Büdcə sisteminin təkmilləşdirilməsi işlərinin davamı olaraq, beynəlxalq təcrübəyə və standartlara cavab verən yeni qanunvericilik aktı - “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası  Qanunu 2002-ci ildə qəbul olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”, 12 iyul 2004-cü il tarixli qərarı ilə “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”, 6 oktyabr 2004-cü il tarixli qərarı ilə “Vahid büdcə təsnifatı” kimi normativ-hüquqi aktlar təsdiq olundu.
Məlum olduğu kimi, ölkəmizdə büdcə təşkilatlarının xərcləri iki metod əsasında planlaşdırılır: normativ metod və proqramlı-məqsədli metod. Büdcə təşkilatlarının maliyyələşdirilməsi üçün smeta tərtibi zamanı normativ metoddan istifadə olunur. Norma və normativlər daim təkmilləşdirilir, yeni iqtisadi şəraitə uyğun müəyyən olunur. Məsələn, hazırda büdcə təşkilatlarında çalışanların əməyinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli qərarına əsasən “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli”, ezamiyyə xərclərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına əsasən “Ezamiyyə xərclərinin normaları haqqında” Qanun əsasında həyata keçirilir.
Ölkədə büdcə xərclərinin planlaşdırılması ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (YADİDP)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı” və ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafını təmin edən digər məqsədli dövlət proqramları vasitəsilə həyata keçirilir. Bu isə büdcə xərclərinin sosial və investisiya yönümlüyünün artırılmasına səbəb olmuşdur. Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri də vəsaitlərin məhz məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.
Büdcə xərclərinin maliyyələşdirilməsində dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, büdcə xərclərinin maliyyələşmə mənbələrinə görə dünya ölkələri bir-birindən fərqlənir. Məsələn, səhiyyənin maliyyələşdirilməsində dövlət və özəl sektorun oynadığı rola görə dünya ölkələri üç qrupa bölünür:
- Birinci qrupa daxil olan ölkələrdə səhiyyənin maliyyələşdirilməsində dövlət xərclərinin payı yüksəkdir. Bu ölkələrdə əhalinin müxtəlif təbəqələri üçün pulsuz tibbi sığorta xidməti təklif edilir, tələbə və pensiyaçıların tibbi sığortası dövlət hesabına həyata keçirilir;
-İkinci qrupa daxil olan ölkələrdə səhiyyə xərcləri, əsasən, özəl sektorun hesabına təmin olunur;
- Üçüncü qrup ölkələrdə səhiyyə xərcləri hər iki sektor hesabına maliyyələşdirilir.
Sosial müdafiə sahəsində maliyyələşdirmə mexanizminə görə də dünya ölkələri fərqlənir. Sosi­al müdafiənin sosial-demokrat (Skan­dinaviya ölkələri və Yeni Zelan­di­ya) və Beveric (İrlandiya) model­lə­rində sosial siyasətin başlıca ma­liyyələşmə mənbəyini dövlət büd­cəsinin vəsaitləri təşkil edir. Bis­mark modelində (kontinental Av­ropa ölkələri) sosial müdafiə üçün əsas maliyyələşmə mənbəyi ki­mi sosial sığorta haqları çıxış edir.
Mədəniyyət sahəsində maliyyə­ləş­dirməyə gəldikdə isə Avropa ölkələrində maliyyələşdirmə dövlət büdcəsi vəsaiti hesabına deyil, digər alternativ mənbələr hesabına həyata keçirilir. Bu alternativ mənbələrə büdcədənkənar vəsaitlər, milli mədəniyyət fondunun vəsaitləri, özəlləşdirilmədən əldə olunan vəsaitlər daxildir.
Hazırda respublikamızda da büdcə təşkilatlarının maliyyələşməsində dövlət büdcəsindən asılılığın azaldılması istiqamətində tədbirlər həyata keçirilir. Məsələn, bunu səhiyyə sahəsinin timsalında aydın görmək olar. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli fərmanına əsasən, icbari tibbi sığorta rayonlarda pilot layihə şəklində həyata keçirilməyə başlanılıb. Gələcəkdə icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Dünya təcrübəsi göstərir ki, hazırda icbari tibbi sığorta səhiyyə xərclərinin maliyyələşdirilməsində ən dayanıqlı sistemdir.
Qeyd edək ki, 2018-ci il ölkəmiz üçün dərin iqtisadi islahatlar ili olmuşdur. Dövlət büdcəsinin və icmal büdcənin gəlirləri bütün sosial öhdəliklərin, dövlət proqramlarının və prioritet layihələrin tam maliyyələşdirilməsinə imkan yaratmışdır. Ölkənin hərtərəfli dinamik inkişafı təmin olunmuş, makro iqtisadi sabitlik əldə olunmuşdur. Bunu statistik rəqəmlər də daha sübut edir. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22,7 milyard manat və ya 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,7 faiz təşkil etmişdir. Ümumi daxili məhsul 1,4 faiz, inflyasiya 2,3 faiz təşkil etmişdir. Əhalinin nominal gəlirləri isə 9,2 faiz artmışdır.
Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur. Həmçinin, Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə, 2017-ci illə müqayisədə 2018-ci ildə təhsil xərclərinə 12,8 faiz (223,9 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 11,8 faiz (138,8 mln. manat), qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanması xərclərinə 13,6 faiz (75,2 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 18,2 faiz (46,2 mln. manat) çox vəsait yönəldilmişdir.
Ölkə iqtisadiyyatının bütün sahə­ləri kimi büdcə sistemi də ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Hər il ölkə prezidentinin büdcə xərclərinin maliyyələşdirilmə mexanizminin təkmilləşdirilməsi istiqamətində imzaladığı fərmanlar əsasında ölkədə ardıcıl olaraq islahatlar həyata keçirilir. Belə ki, 24 avqust 2018-ci ildə Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ-nin) hazırlanmasında məqsəd makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şərait yaradılmasıdır. Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) büdcə təşkilatlarının strateji planları, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişləri əsasında hazırlanır. 2021-ci ildən başlayaraq ortamüddətli xərclər çərçivəsinin tətbiqi ölkədə dövlət vəsaitlərinin daha səmərəli istifadə edilməsinə şərait yaradacaq.
24 avqust 2018-ci ildə Prezidenti İlham Əliyev «Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Bu qanuna əsasən , 2019-cu ildən xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq ediləcək. Bu isə ölkənin büdcə ili ərzində xalis maliyyə aktivləri əsasında xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı hədlərinin hesablanması mexanizmini müəyyən edir.
Büdcə sisteminin inkişafının strateji məqsədləri Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ifadə olunmuşdur. Belə ki, konsepsiyanın əhatə etdiyi dövrdə görüləcək tədbirlər büdcə sektorunun inkişafını təmin edəcəkdir. Konsepsiyaya əsasən, büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Bundan əlavə, digər sahələrdə olduğu kimi, elmin maliyyələşdirilməsinə də dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq ki, bu da son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin, gənclərin sosial müdafiəsini gücləndirəcək. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları və innovativ fəaliyyəti stimullaşdıran qrant maliyyələşdirmənin tətbiqi genişləndiriləcəkdir.
Büdcə xərclərinin maliyyələşdirilməsinin təkmilləşdirilməsi isti­qa­mətində aşağıdakı təklifləri irəli sürə bilərik:
- Büdcə təşkilatlarının büdcə resurslarından asılılığının azalmasını təmin edən yeni bir sistemin yaradılması;
- Büdcə xərclərinin məqsədli proqramlar əsasında planlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- Maliyyə intizamının artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasına nəzarətin gücləndirilməsi.
Beləliklə, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən büdcə siyasəti və ölkədə aparılan islahatlar nəticəsində Azərbaycanda bazar iqtisadiyyatının bütün tələblərinə cavab verən büdcə sistemi formalaşmışdır. Hal-hazırda bu siyasət Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda cənab Prezident İlham Əliyev qeyd etmişdi: “Bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə sosial sahələrə yönəldirik”.
Məhz əldə etdiyimiz bu uğurlu nəticələr Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafına zəmin yaradır. Ümid edirik ki, gələcəkdə  həyata keçiriləcək iqtisadi isalahatlar nəticəsində ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.
 
Əliyeva Günay,
ADİU-nun magistri