Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Çiyid səpini kampaniyası optimal müddətdə başa çatdırılacaq

 

Son on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmış, valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ildə 46 milyard dollara çatmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur ki, bunun təxminən yarısı xarici mənbələrin payına düşür. Yatırılan sərmayələrin strukturunda kənd təsərrüfatı da xüsusi çəkiyə malikdir. Son illər aqrar bölməyə yardımlar fonunda bütün bölgələrdə yüksəliş dinamikası özünü göstərmişdir. İslahat proqramları, demək olar ki, kənd təsərrüfatının bütün sahələrinə siraət etmiş, bununla yanaşı konkret istiqamətlər və prioritetlər müəyyən edilmişdir. Önə çıxan sahələrdən biri də pambıqçılıqdır. Son illərdə həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində pambıqçılıqda üç dəfəyə yaxın artım əldə edilmişdir.
Cari ildə hədəf 300 min tonu ötüb keçməkdir. Hazırda əkin-səpin kampaniyasının qızğın çağıdır, bütün bölgələrdə, necə deyərlər, həyat coşub qaynayır.
Baharın gəlişi bölgələrimizə füsunkar gözəllik bəxş edib, təbiət min bir rəng ilə naxışlanıb, güllərin-çiçəklərin rayihəsi aləmi bürüyüb, quşların cəh-cəhəsi tarlalarda işləyən insanların, traktorların səsinə qarışaraq, bənzərsiz bir harmoniya yaradıb. Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgələrində də əkin-səpin işlərinə başlanılıb. Belə rayonlardan biri də Ağdam rayonudur. Torpaqlarının bir hissəsi düşmən tapdağı altında olsa da, ağdamlılar gecəni gündüzə qatıb çalışırlar.
Bu yerlərdə torpaq münbitdir, təbii su mənbələri işğal altında olmasına baxmayaraq, Yuxarı Qarabağ kanalı və subartezian quyularının hesabına suvarmada ciddi problem yaşanmayıb. Sovetlər dönəmində pambıqçılıq Ağdamda yüksək inkişaf mərhələsinə çatmışdı, əmək qəhrəmanlarının adı, şöhrəti bütün ittifaqı bürümüşdü. Kəndlər, qəsəbələr abadlaşmışdı, yaraşıqlı fərdi evlər tikilmişdi, əhalinin günü-güzəranı yaxşılaşmışdı. Nə yaxşı ki, tamam unudulmuş, yaddan çıxarılmış pambıqçılıq üç ildir ki, dövlətimizin, dövlət başçımızın qayğısı və dəstəyi nəticəsində yenidən dirçəldildi. Bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq bütün sahələrdə zəruri aqrotexniki tədbirlər görülüb, torpaqlar səpinə hazır vəziyyətə gətirilib. İlk olaraq, səpinə Quzanlı qəsəbəsi, İmamqulubəyli, Xındırıstan, Üç oğlan kəndlərində başlanılıb. Rayonda fəaliyyət göstərən "MKT İstehsalat Kommersiya" MMC, "Aqropambıq" MMC və "P-Aqro" MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçılarına zəruri texnika, toxum, gübrə və kimyəvi preparatlar verilib. Əgər havalar əlverişli keçsə, qısa müddət ərzində səpin kampaniyası başa çatdırılacaq.
Cənab Prezident İlham Əliyevin ölkəmizdə aqrar sektorun aparıcı istiqamətlərindən biri olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq Ağdam rayonunda bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Üstün cəhətlərdən biri də budur ki, Ağdamda İqlim şəraiti pambıqçılıq üçün əlverişlidir, həm də bu sahədə illərin zəngin təcrübəsi var. Yüksək məhsuldarlığı şərtləndirən amillərdən biri də budur.
Cənab prezident pambıqçılığın inkişafına həsr  olunmuş respublika müşavirəsində qeyd edib ki, pambıqçılığın ölkə iqtisadiyyatı üçün çox böyük faydası var – ilk növbədə, məşğulluğu təmin edir, ölkəmizə valyuta gətirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq, eyni zamanda, digər sahələrdə  yeni iş yerləri yaradır. Ötən ilin məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə, respublikanın pambıqçılıq rayonları arasında Ağdam ön sıralarda olub.
Ağcabədi rayonunda da pambıq səpininə start verilib. Bu il rayonda 10 min 432,8 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq sahələrdə şumlama, arata qoyulma işləri vaxtında aparılıb, sahələr səpin üçün hazır vəziyyətə gətirilib. İlk olaraq, səpinə Ağcabədinin Yeni Qaradolaq, Mehrablı, Yuxarı Qiyaməddinli, Hüsülü kəndlərinin ərazisində başlanılıb. Rayonda fəaliyyət göstərən "MKT İstehsalat Kommersiya" MMC, "Azərpambıq" MMC və "P-Aqro" MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Keçən il Ağcabədi rayonunda 10 hektar ərazidə pambıq əkini aparılmış, 23 min 304,81 ton məhsul toplanılaraq tədarük məntəqələrinə təhvil verilmişdir. Orta məhsuldarlıq hektara 23,3 sentner təşkil etmişdir. 2017-ci illə müqayisədə Ağcabədi rayonunda pambıq əkin sahələri 4,7 faiz, pambıq istehsalı isə 13,6 faiz artmışdır. Ağcabədililər cari ildə daha yüksək məhsul götürmək əzmindədirlər. Saatlı rayonu da pambıqçılıq sahəsində zəngin ənənəsi olan bölgələrimizdən biridir. Rayonda pambıq əkini ilə bir neçə təsərrüfat və şirkət məşğul olur. Onlardan biri – "AQRO-Az" MMC əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də pambıq əkininə mütəşəkkil başlayıb. Kollektiv keçən mövsümdə Saatlı rayonu ərazisində 4200 hektarda məhsul becərmiş, sahələrdən 10.300 ton "ağ qızıl" toplayaraq hər hektarın məhsuldarlığını 24,5 sentnerə yüksəldə bilmişdir.
Mövsümdən əvvəl müqavilə bağlanan bütün təsərrüfat subyektlərinə  avans verilmiş, həmin vəsait hesabına əkinə, səpinə, becərməyə, yığıma sərf olunan dərman preparatları, texniki vasitələr alınmışdır. Cari ildə bəzi qabaqcıl fermerlər sahələrdən hektara 40-45 sentner məhsul götürməyə söz vermişlər.
Zavodda istehsal olunan məhsulun böyük hissəsi satılıb, yaxın vaxtlarda yerdə qalan hissəsi də satışa çıxarılacaq. Vacib məsələlərdən biri də budur ki, məhsulun satışı və ixracı zamanı qarşıya çıxan bütün maneələr aradan qaldırılıb.
Cari ildə səpin ərəfəsində yağışın bol düşməsi fermerlərin işinə yarayıb. Onlar deyirlər ki, bol məhsul götürmək üçün təbiət də bizim köməyimizə gəlib. Səpində yüksək məhsuldarlıqlı "ADN-123", "BA-440" xarici, "AZNX-194" növlü toxum materiallarından istifadə olunur. Adıçəkilən MMC-nin öhdəsində kifayət qədər kənd təsərrüfatı texnikası var. Çiyidsəpən və ağır malaçəkənlə birlikdə şum traktorları fermerlərin ixtiyarına verilib. Bundan başqa, 10 fermerin hər birinə lizinq yolu ilə "MTZ-80X" markalı traktorlar verilib.
"AQRO-Az" MMC-nin müasir tipli pambıq zavodu fəaliyyət göstərir. Burada 120 nəfər daimi işlə təmin olunub. Fəhlələrin orta əməkhaqqı 300-350 manat təşkil edir.
Yeri gəlmişkən, demək lazımdır ki, müəssisənin qurulmasında uzun illər Şirvan-Muğan zonasında yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən, pambıqçılıq üzrə mütəxəssis Vahid Hüseynovun xüsusi xidmətləri vardır. Bu gün təkcə Saatlıda yox, bütün pambıqçılıq rayonlarında onu yaxşı tanıyırlar, ondan məsləhətlər alırlar.
Pambıqçılığa diqqət artdıqca bu sahədə bilikli, bacarıqlı mütəxəssislərə də ehtiyac artır. Ali məktəb partası arxasından durub birbaşa təsərrüfata gələn gənclərə hamilik lazımdır. Bu missiyanı yalnız təcrübəli pambıqçılar yerinə yetirə bilərlər. Nəsillər dəyişir, tələb və çağırışlar da dəyişir. Gənclərə torpağı sevdirmək, keçmiş ənənələrə hörmət təlqin etmək hər kəsin vətəndaşlıq borcu olmalıdır. Burada maddi stimul da müstəsna əhəmiyyət kəsb edir.
Səriştəli, bacarıqlı gənclərin sayı artdıqca texnoloji yeniliklərin tətbiqi də artacaq, yaradıcı təşəbbüslər dəstəklənəcək, nəticədə maya dəyəri aşağı düşəcək, keyfiyyət artacaq, məhsuldarlıq yüksələcək. Bütün bunlar isə sonucda insanların həyat səviyyəsinin yüksəlməsində öz parlaq təcəssümünü tapacaq.
Sonda onu demək qalır ki, aqrar sahədə aparılan köklü islahatlar, Strateji Yol Xəritəsi, təsərrüfatların struktur və istiqamətlər üzrə şaxələndirilməsi Azərbaycanı yaxın illərdə nəinki Cənubi Qafqaz regionunda, hətta beynəlxalq müstəvidə növ-növ, çeşid-çeşid kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevirəcək. Azərbaycanda bir-birinin ardınca nəhəng aqrar-sənaye parkları açılır, yaxın illərdə onların sayı 52-ə çatdırılacaq. Aqroparklarda istehsal edilən məhsullar, Azərbaycan brendi ilə dünyanın dörd bir yerinə ayaq açacaq, ölkəmiz xammal ixrac edən ölkədən hazır məhsul istehsal edən diyara çevriləcək. Hazırda bu proses çox sürətlə gedir.
Bütün bunları öz gözləri ilə görüb zövq almaq istəyənlər baharın bu çağında bölgələrimizə – doğma yurd yerlərinə baş çəksinlər!


Zülfü İLYASOV,
bölgə müxbiri