Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dünyada islam və müqəddəs «Qurani-Kərim»in iqtisadi ideyalarI

 

Dünyanın tarixi çox qədimdir və yaşı dəqiq bilinmir Dünya elm mərkəzlərinin apardığı tədqiqatların nəticələri göstərir ki, yer kürəsi təxminən 4,5 milyard il bundan əvvəl yaranmışdır. Elmi mövqeyə görə yer kürəsinin yaranmasından 1 milyard il sonra, yəni 3,5 milyard il bundan əvvəl yerdə canlı həyat yaranmışdır. Hazırkı formada insanların yaranması 5 milyon ildir.
İlk insan məskənləri qədim Mesopotamiya (indiki İraq), qədim Misir, qədim Çin, qədim Hindistan və qədim Roma olmuşdur. İnsan yaranandan indiyə qədər bir çox mərhələlərdən, dövrlərdən və quruluşlardan keçmişdir.
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. İnsan cəmiyyəti ilk dəfə Asiya, Afrika və Avropanın isti iqlim ərazilərində əmələ gəlmiş və təşəkkül tapmışdır. Sonrakı dövrlərdə quldarlıq, feodalizm və kapitalizm cəmiyyətlərində millətlər, dövlətlər və xalqlar yaranmışdır.
Millət – eyni torpaqlar üzərində yaşayan, tarix, ərazi və dil eyniliyi olan insan birliyinə deyilir.
Dövlət – siyasi birlik olub, müəyyən edilmiş struktura və sərhədlərə malik olan, xalqının varlığını təmin edən xüsusi təsisatdır.
Xalq – müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir.
Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Sonra ərazilərin bölüşdürülməsi, yaşayış yerlərinin əmələ gəlməsi, əhalinin həyat tərzi, ətraf mühit, cəmiyyətin idarə edilməsi və qayda-qanunların yaradılması məqsədi ilə hər birinin özünəməxsus dili, dini, inancı və mədəniyyəti əmələ gəlmişdir.
Din ərəb mənşəli söz olub «yol, hökm, hədiyyə» mənasında qəbul edilmiş müqəddəs və əxlaqi normaları özündə birləşdirir.
1. Dünyada dinlər və inanclar
Dünyanın müxtəlif ölkələri arasında yayılmış dinlərə dünya dinləri deyilir. Bu dinlərə dörd din daxil edilir: xristianlıq, islam, buddizm və bəhailik.
Dünyanın müxtəlif regionlarında (mə­sələn, Yaxın Şərq, Cənub-Şərqi Asiya) yayılmış dinlərə milli dinlər deyilir. Bu dinlərə (inanclara) əsas altı din (inanc) daxil edilir: iudaizm (yahudilik, musəvilik), hinduizm, konfusianizm, siqhizm, cainizm və sintoizm.
Dünyada geniş yayılan 10 din və inanc vardır.
Dinlər (inanclar) yaranma və formalaşma əlamətinə görə iki qrupa bölünür:
1. Səmavi dinlər:
• Iudaizm (yəhudilik, musəvilik), 14 milyondan çox;
• Xristianlıq, 2,2 milyard nəfərdən çox;
• Islam, 1,7 milyard nəfərdən çox;
• Bəhailik, 7 milyon nəfər.
2. Ənənəvi formalaşan dinlər (inanclar):
• Hinduizm (Hindistanda), 1 milyard nəfərdən çox;
• Buddizm (Çin və s.), 800 milyondan çox;
• Siqhizm (Şimali Hindistan), 23 milyondan çox;
• Cainizm (Hindistan), 4 milyondan çox;
• Konfusiyaçılıq (Çin və s.), 6 milyondan çox;
• Sintoizm (Yaponiya), 119 milyondan çox və s.
2. Dünyanın səmavi dinləri
Qədim insanlar ayrı-ayrı təbiət cisimlərini, bütləri və hadisələri (günəş, ay, torpaq, daş, od, yağış və s.) tanrı kimi qəbul edərək onlara səcdə etməklə dualar edir və qurbanlar verirdilər. O vaxtdan belə ibadət edənlər – inanclılar və ya çoxtanrılı dinlər sayılır. Bunlara əsasən Cənubi-Şərqi Asiya ölkələrinin (Çin, Hindistan, Kamboca və s.) əhalisi daxildir.
Səmavi kitabların Böyük Allah tərəfindən yer üzünə göndərilməsi ilə təkallahlı dinlər yaranmışdır. İlk səmavi, təkallahlı din b.e.ə. VII əsrdə yaranmışdır, artıq 2700 ildən artıqdır ki, mövcuddur. Səmavi kitablar və dinlər bunlardır:
- «Tövrat» – ibrani sözü olub «qanun, şəriət və təlim» mənalarını verir. Həzrəti Musaya nazil olmuşdur. Yəhudilərin ilahi kitabıdır. B.e.ə. VII əsrdə nazil olub.
 - «Zəbur» – ibrani dilində «məktub», ərəb dilində «kitab» mənasını verir. Həzrəti Davuda nazil olub. Yəhudilərin ilahi kitabıdır.
- «İncil» (Bibliya) – «müjdə, yeni xəbər, təlim» mənalarını verir. Həzrəti İsaya nazil olmuşdur. Xristianların ilahi kitabıdır. Bizim eranın əvvəlində – birinci əsrdə nazil olub.
- «Quran» («Qurani-Kərim», «Qurani-Şərif») ərəb sözü olub «oxumaq, qiraət etmək» mənasını verir. 23 il ərzində əvvəlcə mələk Cəbrayıl vasitəsi ilə, sonra isə birbaşa Məhəmməd Peyğəmbərə (s) vəhy edilmişdir. Müsəlmanların ilahi – müqəddəs kitabıdır. VII əsrdə nazil olub. Ən son səmavi kitabdır. Axırda bütün insanlar bu dinə gələcəkdir.
Diqqəti çəkən odur ki, üç müqəddəs səmavi kitab – «Tövrat», «İncil» və «Quran» bir-birindən yeddi əsr – 700 il sonra nazil olmuşdur, bir-birindən 700 il sonra Yer üzünə göndərilmişdir (Tədqiqata ehtiyac var – MM).
Dünyada bütün səmavi, ilahi dinlərin özünə müqəddəs saydığı, hər üç ilahi böyük din arasında ortaq nöqtə və ya məkan, hər üç ilahi, səmavi dinin yan-yana və birgə fəaliyyət göstərdiyi yeganə bir şəhər Qüdsdür. Qüds (Yerusəlim) – müsəlmanlar üçün Əl-Əqsa (müsəlmanların ilk qibləsi) məscidinin yerləşdiyi yer, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur edəcəyi yer, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Sahəsi 125,42 kv.km, əhalisi 900 minə yaxındır ki, onların da 37 faizini ərəblər, 61 faizini yəhudilər təşkil edir. Tərcümədə “Tanrının şəhəri” mənasını verir.
3. Dünya dillərində «Qurani-Kərim»
İslam dünyanın sonuncu səmavi dinidir. Müqəddəs səmavi kitabı «Qurani-Kərim»dir. Tanrı – Böyük Allah insanlığın ən böyük kəşfidir.
«Qurani-Kərim» 114 surədən, 6236 ayədən, 77934 sözdən ibarətdir.
«Quran»ın elm aləminə məlum olan ilk türkcə tərcüməsi XI əsrdə olmuşdur. Sonrakı illərdə türk dilində yüzə yaxın tərcüməsi və təfsiri olmuşdur. Bunlardan ərəbcə-türkcə qarşılıqlı tərcümədə verilənlər daha çox diqqəti cəlb edir.
«Qurani-Kərim» 1141-ci ildə (maraqlıdır ki, Şeyx Nizami Gəncəvinin anadan olduğu il) latın, 1513-cü ildə italyan, 1616-cı ildə alman, 1647-ci ildə fransız, 1648-ci ildə ingilis, 1716-cı ildə rus dillərinə və digər dillərə tərcümə edilmişdir. Bu gün yer üzündə «Quran»ın tərcümə edilmədiyi dil demək olar ki, qalmamışdır.
«Qurani-Kərim» rus dilinə bir neçə dəfə tərcümə edilmiş, lakin İ.Y.Kraçkovskinin  rus dilinə tərcümə etdiyi (Moskva, 1963) nəşr daha çox diqqəti cəlb edir.
Türk xalqları İslamı qəbul etdikdən qısa bir müddət sonra «Quran» türkcəyə çevrilmişdir.
İlk dəfə olaraq «Quran»ı türk dilinə (Azərbaycan türkcəsinə) Ağqoyunlu dövlətinin banisi – I Sultanı Uzun Həsən və ya Həsən Padişah tərcümə etdirmişdir.
Sonra 1890-1905-ci illərdə Səid Əfəndi Ünsizadə, 1904-cü ildə Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, 1908-ci ildə Məhəmməd Mövlazadə, 1991-ci ildə Ziya Bünyadov və Vasim Məmmədəliyev (istinadlar bu tərcümədən götürülüb –MM), 1993-cü ildə Nəriman Qasımoğlu, 2006-cı ildə Ağabala Mehdiyev və Dürdanə Cəfərli, 2008-ci ildə Əlixan Musayev Azərbaycan türkcəsinə tərcümə etmişlər.

(davamı gələn sayımızda)


i.e.f.d. Hacı Müzəffər Məmmədov,
ADIU-nun dosenti, Azərbaycan  Respublikasının
Əməkdar Müəllimi, “Qızıl Qələm” mükafatı Laureatı