Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Aqroparkların yaradılması kənd təsərrüfatını yüksək standartlar səviyyəsinə gətirəcək

 

Yurdumuza bahar qədəmlərini basıb, hər yan yaşıl xalıya, gülə-çiçəyə bürünüb. Azərbaycan bütün fəsillərdə gözəldir. Lakin yazın öz aləmi var. Həm insanın ovqatı təzələnir, həm də qayğıları artır. Axı, bol məhsulun təməli indi qoyulur. Kənd əməkçiləri sübh tezdən tarlalara axışır, toran qovuşanda evə tələsirlər. Bir tərəfdən də ev-eşik, həyət-baca işləri. Aqrar sahəyə son illər verilən diqqət, bu istiqamətdə həyata keçirilən islahat proqramları öz müsbət nəticələrini göstərməkdədir. Respublikamızın rayonlarında bir qarış əkilməyən, səpilməyən torpaq sahəsi qalmayıb, yeni  ərazilər əkin dövriyyəsinə cəlb edilib. Son bir neçə il ərzində pambıqçılıq, tütünçülük, tərəvəzçilik, baramaçılıq, istixana təsərrüfatlarında becərilən bostan bitkilərinin istehsalında və tədarükündə iki dəfədən çox artım əldə edilib. Şəmkir rayonu da uğur qazanan rayonlar sırasındadır.
Təkcə bir faktı demək kifayətdir ki, keçən il ərzində Şəmkir rayonunun istixana təsərrüfatlarından 144 milyon dollar dəyərində pomidor və digər kənd təsərrüfatı məhsulları ixrac olunub. Rayonda iki il öncə istifadəyə verilən Aqropark respublikamızda ilk dəfə yaradılan və  miqyasına görə ən böyük olan aqrar-sənaye kompleksidir. Yaxın illər ərzində ölkəmizdə aqroparkların sayı 52-ə çatdırılacaq və demək olar ki, bu qurumdan kənar qalan rayon qalmayacaq. Azərbaycanın unikal modeli olan ASAN xidmət kimi, aqroparklar da ciddi qurum olaraq ölkənin sosial-iqtisadi yüksəlişində mühüm rol oynayacaq. Şəmkir Aqroparkının yaradılması bölgədə yaşayan sahibkarlıq subyektlərinə texniki-innovativ, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik təsərrüfat subyektlərinin iri sənaye istehsalına keçidinin və ixrac potensialının gücləndirilməsinə geniş imkanlar açmışdır.
Bunun nəticəsidir ki, onlarla çeşid kənd təsərrüfatı məhsulları "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxarılır.
Şəmkir Aqroparkının yaradılması zərurətdən doğub və cənab Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına yönəldilən islahat proqramının ayrılmaz tərkib hissəsidir. 2014-cü ildə dövlət başçısının bilavasitə iştirakı ilə təməli qoyulan belə bir nəhəng kompleksin qısa zaman kəsiyində istifadəyə verilməsi layihənin əhəmiyyətinə və önəminə verilən yüksək qiymətdən irəli gəlir.
Aqroparka 8604 hektar – Könüllü kəndi ərazisində 604 hektar, Ceyrançöl massivində isə 8000 hektar torpaq sahəsi ayrılıb. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatlarını özündə birləşdirən Aqropark aqrar bölgənin inkişafına güclü təkan verəcək.
8000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Kür çayından əraziyə iki istiqamətdə 730 min diametrdə dəmir borularla 15,6 km uzunluğunda təsərrüfatdaxili su xətləri çəkilib.
Aqroparkın ərazisində bütün zəruri infrastruktur yaradılıb. Aqropark üçün 10 ədəd müasir tipli "New Holland" markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və mexanizmi lizinq yolu ilə alınıb. Ümumi tutumu 15 milyon kubmetr olan 5 ədəd sututan inşa edilib və sahəsi 2,1 milyon kubmetr olan su anbarı tikilib. Ərazidə 16 min kilovat gücündə elektrik yarımstansiyası yaradılıb və 35 km uzunluğunda elektrik xətləri çəkilib. Bundan başqa, 2 ədəd üzən panton üzərində 3 ədəd su nasosu, 1000 hektar torpaq sahəsində ABŞ istehsalı olan 14 ədəd müxtəlif radiuslu müasir pilot suvarma aqreqatı və avadanlıqları quraşdırılıb.
Keçən il sahələrdən 14 min ton şəkər çuğunduru yığılaraq, İmişli şəkər zavoduna təhvil verilib. Təkcə Ceyrançöl massivində 200 nəfər mövsümi işlə təmin olunub.
İntensiv bağçılıq təsərrüfatlarının yaradılması məqsədilə 2400 hektarda suvarma sistemləri quraşdırılıb. Gələcəkdə buradan 36.000 ton məhsul götürülməsi nəzərdə tutulur. Sahələrdə, əsasən, kartof, soya, soğan və digər bitkilər əkiləcək. Həmin məhsulların saxlanılması üçün 30.000 tonluq taxıl anbarı kompleksinin tikilməsi və 10.000 tonluq kartof saxlama kamerasının yaradılması nəzərdə tutulur.
8000 hektar torpaq sahəsində aqrotexniki tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün ABŞ-ın «John Deere» şirkətinin istehsalı olan 30 adda müxtəlif  kənd təsərrüfatı texnikası və avadanlıqları  alınacaq. Nəticədə 500 daimi, 1500 mövsümi iş yerləri açılacaq. Logistika Mərkəzləri aqropark kompleksi zəncirində mühüm həlqədir. «Ceyrançöl»də salınan bağçılıq təsərrüfatlarının məhsulları Aqroparkın Logistika Mərkəzində emal ediləcək, ixrac və satış əməliyyatları məhz burada həyata keçiriləcək. Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsi 604 hektarı təşkil edir ki, bunun da 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tinglik, 5 hektarı isə şitillik üçün nəzərdə tutulub.
Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. Burada Fransanın «Mof Roqa» şirkətinin meyvələri ölçüsünə və rənginə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Burada İtaliyanın «İsolcell» şirkətinə məxsus ümumi tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Bunlar soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanmasını təmin edir. İstehsal sahəsində eyni vaxtda 200 ton məhsulu qəbul edən iki terminal, 120 ton hazır məhsulu yola salan bir terminal yaradılıb. Logistika Mərkəzində meyvə və tərəvəzlərin keyfiyyətini, toksikliyini, bakterioloji və mikrobioloji göstəricilərini müəyyən edən laboratoriya fəaliyyət göstərir. Çeşidləmə, qablaşdırma, soyuducu kameralara yerləşdirmə yüksək texnoloji standartlara uyğun şəkildə aparılır.
Logistika Mərkəzində regionda geniş yayılan şərq xurmasının alıcılıq qabiliyyətinə təsir göstərən xüsusi tamın aradan qaldırılması üçün sutkada gücü 1 ton olan «determing room» qurğusu işə salınıb. Logistika Mərkəzində sahibkarlıq subyektlərinin ixrac əməliyyatları proseslərini  sadələşdirmək üçün «bir pəncərə» sistemi yaradılıb. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin Ekspertiza Mərkəzinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, «Atabank» Kommersiya Bankının müvafiq strukturları fəaliyyət göstərir.
Mərkəzin kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, 3 km-lik qaz xətti və 22 km-lik fibro-optik rabitə xətti çəkilib. Buraya 10 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Mərkəzin ərazisində 20 TIR yük avtomobil dayanacağı, vertolyot meydançası, qazanxana tikilib. Mərkəzdə ümumi sahəsi 2600 kvadratmetr olan ofis binası, konfrans zalı, yeməkxana və s. infrastruktur obyektləri yaradılıb, ərazidə geniş abadlıq işləri aparılıb. Layihənin ümumi dəyəri 100 milyon manatdan çoxdur. Tikintiyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat güzəştli kredit ayrılıb.
«Şəmkir Aqroparkı» Logistika Mərkəzi tam işə düşdükdən sonra 274 nəfər işlə təmin olunacaq. Hazırda burada 200 nəfərə qədər işçi çalışır və orta aylıq əməkhaqqı 600 manat təşkil edir.
Son illər aqrar sahədə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan bu sahədə də regionun lider ölkəsinə çevrilib. Cənubi Qafqazda kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə bizimlə rəqabət apara biləcək ikinci ölkə yoxdur. İxrac strukturuna daxil olan məhsulların keyfiyyəti yüksək standartlara cavab verir və  buna görə də geniş arealda özünə müştəri tapa bilir. Yaxın iki-üç il ərzində ixrac imkanları azı iki-üç dəfə artacaq.
 
Zülfü İLYASOV,
bölgə müxbiri