Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Hacı Zeynalabdin Tağıyevin qəlblərdə ucalan

heykəlinə daha bir heykəl əlavə olunacaq»

 

Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar.
İlham ƏLİYEV

 

Müsahibimiz akademik Ziyad Səmədzadədir.
- Ziyad müəllim, Azərbaycan xalqının tarixində öz əməyi və zəhməti ilə  yüksəklərə ucalmış, böyük xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, əslində Azərbaycanda xeyriyyəçilik, mesenatlıq məktəbinin əsasını qoymuş tarixi və böyük şəxsiyyətlərdən biri və birincisi, heç şübhəsiz ki, Hacı Zeynalabdin Tağıyevdir. Xeyriyyəçilikdən, mesenatlıqdan söz düşəndə birmənalı olaraq ilk gözlər önünə Hacı Zeynalabdin gəlir. Bildiyiniz kimi, martın 1-də  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə də Hacı Zeynalabdin Tağıyevlə bağlı məsələ gündəmə gətirilmiş, onun Bakıda heykəlinin ucaldılması təklifi irəli sürülmüş və bu təklif dərhal dövlət başçısı tərəfindən dəstəklənmişdi. Bu baxımdan bir ziyalı, bir akademik və Hacı Zeynalabdin Tağıyevin fəaliyyətindən bəhs edən, tanınmış publisist Mirvari Rəhimzadənin qələmə aldığı  “Allahın eşqiylə” kitabına ön söz yazmış və həmin kitabın rəyçisi, məsləhətçisi olmuş  bir insan kimi bu məsələlər barədə nə deyərdiniz?
- Əvvəla, qeyd edim ki, xeyriyyəçilik fəaliyyəti və ənənələri uzun tarixi dövrü əhatə edir. Yəni,  belə demək mümkünsə,  bəşəriyyət, insanlıq, Adəm övladı yaranandan bu yana xeyriyyəçilik, xeyriyyəçilik əməlləri daim mövcud olub. Xeyriyyəçiliyə, xeyriyyə əməllərinə, savab işlər görməyə çağırış həm də dinimizdən, müqəddəs İslam dinindən irəli gələn bir məsələdir. Ümumiyyətlə, bütün səmavi dinlərdə, o cümlədən İslam dinində xeyriyyəçiliyə, insanlara rəhm və mərhəmət göstərməyə, əl tutmağa, savab əməllər sahibi olmağa çağırışlar var. Bu, həm də bir könül, ruh işidir. Yəni, xeyriyyəçilik, əl tutmaq, savab əməllər sahibi olmaq, ilk növbədə insanın içindən, daxili aləmindən, mənəviyyatından, ruhundan doğan bir məsələdir. Burada zorla nəyi isə etdirmək, əldə etmək mümkün deyil. Bu, ya olur, ya da olmur. Həmçinin, bu xeyirxah işlə, bu xeyirxah missiya ilə məşğul olan və məşhurlaşan, insanların qəlblərində əbədi taxt ucaldan insanlar, şəxsiyyətlər tarixən mövcud olublar və bu gün də vardırlar. Onlar öz işıqlı əməlləri ilə özlərinə hələ sağlıqlarında rəhmət qazandırmağı bacarıblar.
Azərbaycanda xeyriyyəçilik fəaliyyətindən bəhs edərkən gözlər önünə ilk gələn şəxs böyük əməllər sahibi Hacı Zeynalabdin Tağıyevdir. Biz uzun illər keçmiş sovetlər birliyində yaşamışıq, fəaliyyət göstərmişik. Ancaq həmin illərdə çox təəssüflər olsun ki, öz keçmişimizlə, tariximizlə, tarixi şəxsiyyətlərimizlə, böyük əməl sahiblərimizlə daha yaxından tanış olmaq, onları olduğu kimi tanımaq, öyrənmək mümkün olmamışdı. Xüsusilə də, kapitalist, burjuaziya nümayəndələri kimi damğalanan sahibkarlara, iş adamlarına, xeyriyyəçilik əməlləri ilə məşğul olan və bu istiqmətdə məşhurlaşan, iz qoyan insanlara münasibət birmənalı deyildi. Düzdür, ideoloji-siyasi yasaqlara rəğmən, hələ uşaqlıq illərindən bir çox xeyriyyəçilərimizin, o cümlədən Hacı Zeynalabdinin adını eşitsək də, onların Azərbaycan xalqının həyatında böyük rol oynadıqlarını bilsək də, bu barədə tam, ətraflı, yetərli məlumatlara malik deyildik. Çünki dediyim kimi, ideoloji-siyasi cəhətdən bu insanlara yasaq qoyulmuşdu. Bu baxımdan, həmin dövrlərdə  xeyirxah əməllər sahibi olan insanlarımızı, xüsusilə də Hacı Zeynalabdin Tağıyevi tam və ətraflı şəkildə öyrənmək mümkün olmamışdı. Onu da deyim ki, ötən əsrin 70-ci illərinin əvvəllərində Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləyirdim. Həmin vaxt Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı tez-tez görürdüm. O Sara xanımı ki,  xüsusilə, Hacının dünyasını dəyişməsindən sonra çox ağır və acı tale yaşamışdı, həyatı başdan-ayağa əzablar, iztirablar içində keçmişdi, təqiblərə, təzyiqlərə, məhrumiyyətlərə məruz qalmışdı. Onunla söhbət zamanı Hacının xeyriyyəçilik əməllərindən, böyük işlərindən söz düşərdi və Sara xanım atası haqqında həqiqətlərin insanlara olduğu kimi çatdırıla bilməməsindən ağrılı şəkildə danışar, gileylənərdi. Təbii ki, Hacı haqqında, onun nurlu, işıqlı əməlləri barədə məlumatlarım olsa da, etiraf edirəm ki, Sara xanımın dediklərini, ağrılarını, həqiqətin nədən ibarət olduğunu indiki kimi tam təsəvvür etmək bir qədər çətin idi. Bunlar çox sonralar bizlərə, hamıya tam aşkarlığı, çılpaqlığı ilə məlum, agah oldu. Bir daha Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqının, Azərbaycan dövlətinin həyatında, Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, ilk müstəqil cümhuriyyətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı rolu, tarixi xidmətləri özünün əsl mahiyyətini, məzmununu ortaya qoymuş, Tağıyev obrazı olduğu kimi gözlər önündə canlanmış, beyinlərə, düşüncələrə hakim kəsilmiş oldu. Heç təsadüfi deyil ki, cəmi bir neçə ay öncə təntənəli şəkildə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Parlamentinin ilk tarixi iclası məhz Tağıyevin tikdirdiyi, keçmiş Nikolayev küçəsində yerləşən “Qızlar məktəbi”nin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada) keçirilmişdi. Bunun özü də çox böyük məna daşıyır, Hacının Azərbaycanın istiqlalına, müstəqil cümhuriyyətinə münasibətini bir daha əyani şəkildə ortaya qoyur…
Konkret sualınıza gəlincə, hesab edirəm ki, ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü tarixi bir görüş idi. Bu görüşdə mədəniyyətimizi, incəsənətimizi, bütövlükdə sənət aləmimizi, yaradıcı insanlarımızı maraqlandıran və narahat edən bütün məsələlər dilə gətirildi. Eyni zamanda, ən vacib və əsas məqamlardan biri də odur ki, səsləndirilən bütün fikirlər, verilən bütün təkliflər dövlət başçısı və birinci xanım tərəfindən bir-bir diqqətə və qeydə alındı. Heç təsadüfi deyil ki, həmin görüşdən cəmi saatlar sonra kinomuzun inkişafı ilə bağlı fərman verildi, həmçinin iki dövlət teatrına akademik statusunun verilməsi, o cümlədən teatr işçilərinin, aktyorların maaşlarının 50 faiz artırılması, bir sıra yaradıcılıq ittifaqları və birliklərinə əlavə vəsaitin ayrılması ilə bağlı sərəncamlar imzalandı. Bu, Azərbaycan dövlətinin və dövlət başçısının, eləcə də ölkənin birinci xanımının Azərbaycan mədəniyyəti və incənətinə nə qədər böyük önəm verməsinin göstəricisi, nümunəsidir. Çox sevindirici və əlamətdar haldır ki,  məlum görüşdə sizin də xatırlatdığınız kimi, Azərbaycan xalqının həyatında və tarixində böyük rolu olmuş, hələ sağlığında insanların qəlbində özünə əbədi heykəl ucaltmış böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevlə də bağlı məsələ gündəmə gətirilərək, onun Bakının ən gözəl guşələrindən birində heykəlinin ucaldılması təklifi irəli sürülmüşdü. Mən bu təşəbbüsünə görə Azərbaycanın görkəmli incəsənət xadimlərindən olan  Bəhram Bağırzadəyə öz adımdan, tağıyevsevərlər adından minnətdarlığımı ifadə edirəm. Eyni zamanda, bu təşəbbüsə, bu təklifə dərhal müsbət reaksiya vermiş, onu həssalıqla qarşılamış ölkə prezidentinə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığımı və təşəkkürlərimi ifadə etmək istəyirəm.
“Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir”, - deyən dövlət başçısı, hətta  xatırlatmışdı ki, ana babası mərhum Əziz Əliyev də vaxtı ilə Tağıyevə məktub yazaraq xahiş edibmiş ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin.
“Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar”, - deyə davam edən   dövlət başçısı, eyni zamanda, bildirmişdi ki, bu yöndə konkret təkliflər hazıransın.
Həmin görüşün səhərisi günü ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələ ilə bağlı Bəhram Bağırzadəni qəbul etmiş, məsələ ətrafında onunla müzakirələr aparmışdı. Bu, bir daha Azərbaycan dövlətinin, ölkə prezidentinin ən yaxın silahdaşı olan ölkənin birinci xanımı Mehriban xanımın Azərbaycanın tarixinə, keçmişinə, Azərbaycanın böyük və tarixi şəxsiyyətlərinə necə yüksək hörmət və ehtiram nümayiş etdirdiyinin əyani təzahürüdür, bariz nümunəsidir. Bu, onu göstərir ki, Azərbaycanın tarixinə, keçmişinə, onun dəyərlərinə, adət-ənənələrinə, böyük və tarixi şəxsiyyətlərinə, parlaq zəka sahiblərinə diqqət ən əsas, prioritet məsələlərdəndir. Bu baxımdan qəti şəkildə əminəm ki, bu məsələ də  tezliklə öz həllini tapacaq və Bakının ən gözəl guşələrindən birində Bakını Bakı edən tarixi, bütöv şəxsiyyətlərdən biri və birincisi Hacı Zeynalabdin Tağıyevə  gözəl bir heykəl ucaldılacaq. Qəlblərdə ucaldılan, ucalan Tağıyev heykəli həm də  reallıqda özünün əksini tapacaq, bakılıların, bütövlükdə dünya azərbaycanlılarının ən çox ziyarətinə gəldikləri heykəllərdən, ziyarət yerlərindən birinə çevriləcək. Buna heç bir şübhəm yoxdur. Çünki İlham Əliyev indiyə kimi nə söz veribsə, nə vəd edibsə, hamısını da zamanla bir-bir yerinə yetirib, əməl edib, reallaşdırıb, gerçəkləşdirib. Bu dəfə də məhz belə olacaq. Mən buna adım kimi əminəm…
- İstərdik ki, bir qədər də Hacı Zeynalabdin Tağıyev, onun həyatı, keçdiyi yol, tarixi xidmətləri ilə bağlı məlumat verəsiniz. Düzdür, Tağıyevin geniş təqdimata ehtiyacı yoxdur, amma yetişməkdə, böyüməkdə olan nəslin də Tağıyevi tanıması, bilməsi çox vacibdir…
- Hacı Zeynalabdin Tağıyev barədə nə qədər deyilsə, yazılsa, yenə də azdır. Çünki o elə bir möhtəşəm kitabdır, elə bir  möhtəşəm əsərdir ki,  oxunduqca, oxunur, vərəqləndikcə, vərəqlənir, bitmək bilmir ki, bilmir. O, bir sonsuz ümman, bir  sirli xəzinədir.
H.Z.Tağıyev özünü bir çox peşələrdə sınayıb: bənna, tikinti ustası, tacir...  Sonradan o, Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilir. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçilərdən olur. 1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi.
Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Xaricdən gəlmiş sərmayədarlar Bakı ətrafındakı kəndlərdə neft buruqları ucaldırdılar. Bu da öz növbəsində  Hacının diqqətini cəlb edir və o, 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda icarəyə torpaq payı götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fontan vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıqlar quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o, həm də neft zavodları alır. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur - 32 milyon pud (512 kq) neft hasil edir.
Daha sonra Tağıyev yerli varlılardan olan Ağabala Quliyevlə birlikdə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. 1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı Toxuculuq Fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Fabriki xammalla təmin etmək məqsədi ilə Tağıyev 1909-cu ildə Yevlax rayonunda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də  məhz Tağıyev təşkil edir. Bununla yanaşı,  Tağıyev Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstan sahillərinə qədər, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salır, Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürür. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etdirir. Tağıyev balıqçılığın zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına atıb balığı dənizə buraxır  və bunu eşidən balıqçılar həmin balığı tutmaq arzusu ilə bir andaca dənizə tökülüşürlər.
- Ziyad müəllim, eşitdiyimizə görə,  Hacının Bakıda “Qızlar  məktəbi”ni açmasına ciddi maneələr törədilir, amma Tağıyevin əzmini, iradəsini qırmaq, sındırmaq mümkün olmur və o, istəyini, niyyətini reallaşdırır…
- Tamamilə doğrudur. Çox təəssüflər olsun ki, o zamanlar bəzi köhnə fikirli insanlar və xalqın tərəqqisini istəməyənlər “Qızlar məktəbi”nin açılmasına mane olurdular. Dövrün mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət sayır, buna qarşı çıxırdılar. Hacının gördüyü tədbirlər heç bir səmərə vermir və ona görə də o, məcbur olub etirazçılar qarşısında çıxış etməli olur və onlara qızlar üçün təhsilin vacibliyini başa salır, məktəbdə onlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcəyini bildirir. Beləliklə, Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk “Qızlar məktəbi” tikdirir.  Bu məktəbdən sonra Tağıyevin  maddi yardımı ilə iki illik qadın kursları, gimnaziyalar, “Səadət” məktəbi, İranda “Qüdsiyyə”, “Müzəffəriyyə”, “Şərəf”, “Ədəb”, “Tərbiyət” kimi tədris ocaqları açılır.
H.Z.Tağıyev, həmçinin azərbaycanlıların xaricdə təhsil almasına da kömək edib. Onun sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb. Bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da var.
Bununla yanaşı, XX əsrin əvvəllərində ölkədə xeyriyyə cəmiyyətlərinin yaranması, qəzet və jurnalların çapı da onun adı ilə bağlıdır.  Bu xeyriyyə cəmiyyətlərinə Müsəlman Xeyriyyə Cəmiyyətini, “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərini nümunə göstərmək olar.
Hətta Hacının xeyirxahlığından və böyüklüyündən irəli gəlirdi ki, o, həm də tikdirdiyi dəyirman binasını insanlar Nargin adasına gəliş-gediş zamanı əziyyət çəkməsinlər deyə dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını isə Toxuculuq Fabriki yerləşən əraziyə daşıtdırır və orada dəyirman tikdirir.
- Tağıyevin ən böyük xidmətlərindən biri də tarixi Bakı-Şollar su kəmərinin tikintisidir…
- Elədir, tam haqlısınız. Çünki o zamanlar Bakı su məsələsindən böyük əziyyətlər çəkirdi. Bakıda böyük su çatışmazlığı problemi yaşanırdı. Bu isə öz növbəsində antisanitariya, bir sıra qorxulu və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnirdi. Bütün bunları görən H.Z.Tağıyev Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırır. Onu da qeyd edim ki, o zamanlar memar Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əks-təbliğat səbəbindən uzanır. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə, istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsinin tikintisi başa çatır. 1917-ci ilin yanvar ayının 22-də isə 187 kilometrlik məsafəni 63 saata qət edən Şollar suyu anbara tökülməyə başlayır. 1917-ci il fevralın 18-də Şollar-Bakı su kəmərinin təntənəli açılışı keçirilir. Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş bu xətt həm də Birinci Bakı su kəməri adı ilə tarixə düşüb…
- Bəs, “Tağıyev teatrı” barədə nə deyə bilərsiniz?
- Mən bu barədə yuxarıda adını xatırlatdığınız və elmi redaktoru olduğum “Allahın eşqiylə” adlı kitaba ön sözümdə geniş bəhs etmişəm. Həmin kitabın müəllifi tanınmış publisist, dəyərli ziyalımız, Azərbaycanın Əməkdar jurnalisti, dəyərli qələm sahibi, mərhum Mirvari xanım Rəhimzadədir. Bu kitab məhz onun təşəbbüsü, əməyi, zəhməti, qələmi ilə ərsəyə gəlib. Elə bilirəm ki, bu kitab Tağıyev irsinin araşdırılmasında müsbət rol oynayacaq.
Qeyd edim ki, taleyi olduqca mürəkkəb olan “Tağıyev teatr”ı binasının yaranma tarixi də qəribədir. Hacı “Qafqaz və Merkuri” cəmiyyətləri yanında böyük ticarət anbarı tikdirmək fikrində idi. Onu fikrindən daşındıranlar bu binanı teatr üçün tikməyi və beləliklə, türk teatrının inkişafına köməyi məsləhət görürlər. Bu da Tağıyevin diqqətini cəlb edir və o,  teatr binası məsələsi ilə bağlı ona edilən təkliflə razılaşır. Bu razılaşmanın özündə də Tağıyev fenomeninin daha bir xüsusiyyəti - onun mədəniyyətə, sənətə marağının iş marağından üstünlüyü özünü göstərir. Beləliklə, Hacı Zeynalabdin  Bakıda teatr binası tikdirir və Azərbaycan klassik musiqisinin  banisi, böyük bəstəkar  Üzeyir bəy Hacıbəylinin  “Leyli və Məcnun” operası  1908-ci ilin yanvar ayında bu teatrın səhnəsində oynanılır.  Xatırlatmaq yerinə düşər ki, indi həmin binada - “Tağıyev teatrı”nda  Azərbaycan Dövlət  Musiqili Komediya Teatrı  fəaliyyət göstərir.
- Tağıyevlə bağlı ən maraqlı məqamlardan və faktlardan biri də onun Azərbaycanla qardaş, dost Pakistan xalqı arasında əlaqələrin yaranmasındakı tarixi rolu və xidmətləridir…
- Bəli, Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri də məhz Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin çox çətin anlarda Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında pandemiya xəstəliyi yayılır və insanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb, indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur…
- Hacı Zeynalabdindən söz düşərkən, heç şübhəsiz ki, məşhur Tağıyev kombinatından, Tağıyev adına Taxıl Məhsulları Kombinatından danışmamaq qeyri-mümkündür…
- Hesab edirəm ki, Hacı Zeynalabdin Tağıyevin nurlu, işıqlı əməlləri, tarixi xidmətləri sırasında bu kombinat çox mühüm rol oynayır. Bu kombinat Tağıyevin Azərbaycan xalqına qoyub getdiyi ən böyük yadigarlardan biridir. Bu kombinat istər Tağıyevin sağlığında, istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərimizdə, xüsusilə də müstəqilliyimizin ilk, ən ağır, çətin günlərində öz tarixi rolunu, missiyasını şərəflə, layiqincə yerinə yetirib. Bildiyiniz kimi, 90-cı illərin əvvəllərində Azərbaycanda un, çörək çatışmazlığı yaşanırdı. Məhz həmin illərdə bu kombinat Azərbaycan xalqının, Bakı sakinlərinin un və çörək məhsulları ilə təminatında böyük rol oynadı. Bu məsələdə ən böyük xidməti olmuş şəxslərdən biri həmin kombinatın direktoru, Azərbaycan xalıqının ləyaqətli oğullarından biri Nadir Quliyev idi. Məhz onun fəaliyyəti, xidmətləri, işgüzarlıq bacarığı sayəsində bu kombinat uzun illər Azərbaycan xalqına xidmət etmişdi, ələlxüsus da ötən əsrin 90-cı illərinin çətin, ağır günlərində. Eyni zamanda, Nadir Quliyev hələ o illərdə H.Z.Tağıyevin heykəlini məhz öz maddi vəsaiti hesabına kombinatın ərzisində ucaltdırmışdı. Nadir Quliyevin fəaliyyəti, xeyirxahlıq əməlləri Azərbaycan dövləti, ulu öndər  Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdi.
Tarixdən heç nəyi silib atmaq, gizlətmək mümkün deyil. Necə ki, Tağıyevi sovetlərin qadağalarına baxmayaraq, bu xalqın, millətin, dövlətin tarixindən, yaddaşından birdəfəlik silmək mümkün olmadı. 80-ci illərin sonunda Arif Mansurovun yardımı ilə Hacı Zeynalabdin Tağıyevin uyuduğu Mərdəkan qəbiristanlığında onun qəbirüstü heykəli ucaldıldı.
- Ziyad müəllim, söz, məqam ki, Hacı Zeynalabdin Tağıyevin son günlərinə, vəfatı dövrünə gəlib çatdı, bu yerdə nələri qeyd etmək, vurğulamaq istərdiniz?  
- Bildiyiniz kimi, Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişdi. İnsanların mülkiyyəti əlindən alındı, milli kadrlar və ziyalılar təqib edilməyə, hər şey Rusiyanın, keçmiş Mərkəzin maraqlarına yönəldilməyə başlandı. Həmin illərdə, təbii ki, Hacı Zeynalabdin Tağıyevə də münasibət dəyişdi, onun da çətin, ağrılı günləri oldu. Odur ki, istər yerli əhalinin xahişi, istərsə də yeni hakimiyyətin rəhbərlərindən biri olan və Hacıya böyük hörmət-ehtiramı ilə seçilən Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı yaradıldı.  Hacı da əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçdi və ömrünün sonuna kimi orada yaşadı. Və bu böyük insan 1924-cü il sentyabrın 1-də 101 yaşında elə Mərdəkandakı bağ evində gözlərini əbədi yumdu. Onun dəfninə çox böyük izdiham toplanmışdı. Nəriman Nərimanovun köməkliyi ilə “Kommunist” və “Bakinski raboçi” qəzetlərində onunla bağlı nekroloq çap edildi. Həmin dövrün çətinliklərinə, təhlükələrinə baxmayaraq, N.Nərimanov öz şükranlıq, vəfa borcunu yerinə yetirmək üçün Hacının dəfn mərasimində iştirak etmişdi…
Son olaraq demək istərdim ki, Hacı Zeynalabdin Tağıyevin savab, xeyirxah əməllərinin siyahısı çox uzundur,  bu barədə saatlarla, günlərlə deyil, aylarla, illərlə danışsaq belə, yenə də yetməz. O özündən sonra  elə bir zəngin irs, ümman qoyub getmişdir ki, onun ucu, nə də bucağı var… Hacını bu xeyirxah işlərə, bu xeyriyyəçilik əmməllərinə sövq edən isə  xalqına, millətinə olan böyük  sevgi və məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi və bunun üçün çalışırdı. Odur ki, nurlu, işıqlı əməllər, yaxşılıq itmir. Xalqımız böyük xeyriyyəçinin xatirəsini uca tutur, onun adı indi də qəlblərdə yaşayır.


Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa.
 
Bəhram BAĞIRZADƏ

 


Müsahibəni apardı: Kamil