Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan ipəyinin şöhrətini qaytaraq

 

Məlumat üçün: Hazırda dünya ipək bazarında vəziyyət
Bu gün dünyanın ən böyük ipək istehsalçıları Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiyadır. Çində hər il 146 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı ilə həmçinin Cənubi Koreya, Tailand, Vyetnam, Şimali Koreya, İran, Türkiyə və s. ölkələrdə məşğul olurlar.
Dünyanın ən böyük ipək istehlakçıları isə ABŞ, İtaliya, Yaponiya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Vyetnam və digər ölkələrdir. İpək istehsalının dünya tekstil bazarının yalnız 0,2 faizini təşkil etməsinə baxmayaraq, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb.


 

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı fonunda kənd təsərrüfatı sahələri arasında qədim ənənələrə malik olan ipəkçiliyin inkişafı xüsusi yer tutur. 1500 illik tarixə malik ipəkçilik bu gün Azərbaycanda inkişaf edən sahələrdən biridir.
Qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra müttəfiq respublikalar arasında iqtisadi münasibətlərin pozulması ipəkçiliyə marağın azalmasına və nəticədə bu sahənin tənəzzülə uğramasına gətirib çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hazırda bu sahə yenidən inkişaf etməyə başlayıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdi: “Baramaçılıqda, ümumiyyətlə, vəziyyət, bəlkə ən acınacaqlı idi. Biz, demək olar ki, bu sahəni tamamilə itirmişdik. 2015-ci ildə məlumat verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və baramaçılar heç bilmirdilər ki, onu hara versinlər. Bütün bir zəncir sistemi yaratdıq - həm stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin gətirilməsi, indi Qaxda barama mərkəzinin yaradılması. Bütün bu işlər gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq”.
Azərbaycanda ipəkçiliyin qədim tarixi
Arxeoloji və etnoqrafik tədqiqatlara görə, Azərbaycanda ipəyin 2000 ildən çox tarixi var və bu, Böyük İpək Yolunun yaranması ilə sıx bağlıdır. Əsrlər boyunca Odlar Yurdu Azərbaycan dünyanın ipəkçilik mərkəzlərindən biri hesab olunurdu. Mütəxəssislərin fikrincə, hələ V-VI əsrlərdə Mingəçevirdə qızılı işləmələrlə ipək baş örtükləri dəbdə olub.
Tədqiqatçıların bildirdiklərinə görə, XI əsrin 70-ci illərində Şamaxı şəhərində olmuş İtaliya səyyahı Kontarini yazırdı ki, bu şəhərdə yüksək keyfiyyətli ipək parçalar hazırlanır. Həmin dövrlərdə Şamaxıdan Rusiyaya, İraqa, Suriyaya və başqa ölkələrə ipək aparılırdı.
Hələ XIII əsrdə italiyalı səyyah Marko Polo Şamaxı və Bərdədə toxunan ipək yaylıqların gözəlliyini təsvir edirdi. XVII əsrdə Azərbaycana gəlmiş holland səyyahı Y.Streys yazırdı ki, Şamaxı bazarında “xəz, gümüş və qızıl işləməli ipək yaylıqlar satılır…”.
XVI-XVII əsrlərdə isə Şirvan ipək istehsalına görə Yaxın Şərqdə öz üstünlüyünü saxlaya bilmişdi. Şirvan ipəyinin xeyli hissəsi Asiya və Avropanın bir çox ölkələrinə göndərilirdi.
XVII əsrdə I Pyotr Xəzər boyu əyalətlərə yürüşə hazırlaşarkən əsasən ipəkçilik rayonlarını ələ keçirməyi nəzərdə tutmuşdu. O, bu torpaqları ələ keçirdikdən sonra topladığı xam ipəyi Qərbi Avropa ölkələrinə, o cümlədən İngiltərəyə, Hollandiyaya, Fransaya, Polşaya ixrac etmək niyyətində idi. O dövrün arxiv sənədlərində 1724-cü ildə rus tacirlərinin Təbrizdən və Şamaxıdan Həştərxana mal aparmaları haqqında məlumatlara rast gəlmək olur.
Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olub. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərib. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi.
Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
İpəkçiliyin inkişafında dönüş
Azərbaycanda ipəkçiliyin inkişafında əsaslı dönüş ötən əsrin 70-ci illərinə təsadüf edir. Bu dövrdə Azərbaycanda ipəkçilik yenidən inkişaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir. Nazirlər Soveti Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul etmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. 70-80-ci illərdə ölkəmizdə, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsət almışdı. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunmuş, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunmuşdu.
Bu dövrdə barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi məşğul olurdu. Azərbaycanın ipək sənayesində 14 mindən çox, o cümlədən “Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Rayonun kəndlərində isə 10 minə yaxın kümçü barama yetişdirilməsi ilə məşğul olurdu.
90-cı illərin əvvəllərində - Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu ilk illərdə ipəkçiliyin inkişafında ciddi tənəzzül başlanmış, uzun illər ərzində qurulmuş iqtisadi əlaqələr tamamilə qırılmışdı. Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişmiş, bu sənayenin bərpası istiqamətində zəruri işlər görülmüşdür. H.Əliyev 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanmış və onun bilavasitə tapşırığı, imzaladığı müvafiq sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədi ilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə işə salınmışdır.
Təkcə onu qeyd etmək kifayətdir ki, respublikamız barama istehsalına görə keçmiş Sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. “Şəki-İpək” kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.
İpəkçiliyə dövlət dəstəyi gücləndirilir
Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli və "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 16 noyabr tarixli sərəncamları bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.
Əsas məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaqdır.
Dövlət başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılıb. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi də bu sahəyə olan marağı artırıb.
Dövlət Proqramının icrası ölkədə ipəkçiliyin kompleks inkişafına təkan verəcək
Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da öz əksini tapır.
Tədbirlər Planına baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq zavodlarının yaradılmasının dəstəklənməsi də daxil olunub. Həmçinin, tədarük olunmuş baramanın ilkin emalı üçün baramaqurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.
Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.
 
Yeganə MƏMMƏDOVA