Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanı güclü turizm mərkəzinə çevirmək üçün bütün işlər yüksək səviyyədə görülməlidir

 

Zaman dəyişib, informasiya və kommunikasiya texnologiyaları elə sürətlə inkişaf edib ki, heç nəyin arxasınca çatmaq olmur. Dünya bir tərəfdən qloballaşır, digər tərəfdən bu qloballaşma fonunda  sanki kiçilir. Dünyanın o başında baş verənlər bir göz qırpımındaca bu başına çatır. Gediş-gəliş artıb, inteqrasiya əlaqələri genişlənib, miqrasiya prosesləri dərinləşib. Bəzən insan hansı məkanda yaşadığını unudur. ABŞ-da, Avropada hər bir insan həyatı boyu yaşayış yerini 7-8 dəfə dəyişir. İstehlak və tələblər 50 il müddətində azı 10 dəfə artıb. Sovet dönəmində hər bir insan ildə iki-üç dəfə uzaq səfərə çıxa bilərdi. İndi isə insanın maraq dairəsi, zövqü dəyişib. XXI əsri səyahətlər, turizm əsri adlandırsaq, heç də yanılmarıq. İndi dünyanın dörd bir yanı insanın üzünə açıqdır. Haraya istəsən, səfər edə bilərsən. Turizm sektorunun önəmi gündən-günə artır.
Bu sahədə Azərbaycanın bəxti gətirib. Dilbər guşələrimizin bir hissəsinin düşmən tapdağı altında olmasına rəğmən, respublikamızın hər bir bölgəsi turizm üçün cəlbedicidir, maraqlıdır. Çağdaş dönəmdə turizmə baxış da dəyişib. Vaxtilə turizmə sadəcə gəzinti, istirahət növü kimi baxırdılar. İndi turizmin onlarla növü və forması meydana çıxıb.
Son 15 il ərzində respublikamızda, onun ayrı-ayrı regionlarında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, reallaşdırılan möhtəşəm infrastruktur layihələri, həmçinin qeyri-neft sektorunun və bu struktura daxil olan bölmələrin yüksək templərlə inkişafı turizm sektorunda da canlanma yaratmışdır.
15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,6 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. İndi ölkənin valyuta ehtiyatları 45 milyard dollar təşkil edir. Bunlar heyrətamiz göstəricilərdir.
Son illər respublikamızda turizmin inkişafı ilə bağlı qəbul edilən Strateji Yol Xəritəsi bu sahənin əsaslı şəkildə yenidən qurulmasına, müasir standartlar səviyyəsinə gətirilməsinə  böyük təkan vermişdir. Yaradılan əlverişli imkanlar hesabına əldə olunan nailiyyətlər göz qabağındadır. Təkcə bir fakta diqqət yetirək. Keçən il turizm sektorunda 6 faiz artım qeydə alınıb və ölkəyə 2 milyon 850 min nəfər turist gəlib. Belə yüksək artım tempi bir neçə amillə şərtlənir: Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və təhlükəsizlik, xalqımızın tolerantlığı və qonaqpərvərliyi, milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz və əsrarəngiz təbiətimiz. Sanki hər addımında flora və faunası dəyişən, ziyarətçini sehirli aləmdən çıxmağa qoymayan, unikal dəyərlər sisteminə sahiblənən odlar diyarını gəzib gedən hər kəsin qəlbində məlhəm duyğuları və xoş hislər yaranır, – “Bu yerlərə mütləq bir də dönəcəyəm” – istəyi və arzusu ilə Azərbaycandan ayrılır. Bir yanı mavi gözlü Xəzər, bir yanı Şah dağı, bir yanı Kəpəz, Böyük və Kiçik Qafqazın yamacları boyu sıralanan gölləri, çayları, bulaqları, meşələri, termal suları, yüz dərdin dərmanı məlhəmləri olan doğma yurdumuzda turizmin bütün növlərinin – dəniz turizminin, dağ-xizək turizminin, müalicə turizminin, kənd turizminin, ekoturizmin, aqroturizmin və s. inkişafı üçün hər cür şərait vardır.
Son illər turizm obyekti olan tarixi yerlərimizin bərpasına və yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısı cənab İlham Əliyev bu məsələyə böyük önəm verir. Yanardağda aparılacaq yenidənqurma işləri ilə əlaqədar, o demişdir:
“Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən, Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişməyib – həmin o dağılmış binalar, eybəcər köşklər. Sözün düzü mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə qurulacaq”. Sözsüz ki, bu gün regionlarımızda turizm imkanları olan məkanların əksər hissəsi müasir standartlar səviyyəsində qurulub. Bununla yanaşı, bu sahədə hələ çox işlər görülməlidir. Turizm elə fəaliyyət növüdür ki, burada hər gün yeniləşməyə, müasirləşməyə ehtiyac vardır. Məhz buna görə də dövlətimizin həyata keçirdiyi sistemli və ardıcıl tədbirlər nəticəsində regionlarda yeni parklar, istirahət məkanları, qoruqlar yaradılır, maddi-mədəniyyət abidələri bərpa olunur, müasir tipli hotellər, ailəvi-istirahət mərkəzləri tikilib istifadəyə verilir. Dövlət başçısının xüsusi göstərişi ilə yeni turizm marşrutları açılır. İsmayıllı rayonunun Basqal kəndində turistlər üçün əlverişli şəraitin yaradılacağını dilə gətirən Prezident İlham Əliyev demişdir ki, qədim tarixə malik Basqal kəndini abadlaşdırmaq, turist cəlbediciliyini artırmaq üçün böyük layihələr icra olunacaq. Çünki Basqal qədim tarixi kənddir, qədim yaşayış yeridir, qədim yaşayış məkanıdır. Prezident, həmçinin qeyd etmişdir ki, digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin problemləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu haqqında danışarkən, cənab prezident vurğulamışdır ki, burada yeni xizək zolaqları yaradılır, yeni yanaşma tətbiq olunur ki, bunlar da gələn turistlərin sayını artıracaq.
Tarixi yaşayış məntəqələrindən biri də İsmayıllı rayonunun Lahıc kəndidir. Şamaxıdan Lahıca rahat və təhlükəsiz, həm də kəsə yolun çəkilməsi, buraya təbii qazın verilməsi, yeni məktəb binasının tikilməsi kəndin simasını tamamilə dəyişib. Dağlıq ərazilərdə yerləşən tarixi abidələrin bərpası, yenidən qurulması, müasir infrastrukturun yaradılması Azərbaycanın qədimliyini, mədəni zənginliyini təcəssüm etdirir. Bu, eyni zamanda, ölkənin iqtisadi gücünü və qüdrətini nümayiş etdirir. Bakı-Tbilisi-Qars, Qəzvin-Astara dəmir yolu xətlərinin istifadəyə verilməsi turizm sektorunda da böyük canlanma yaradacaq. Strateji Yol Xəritəsinə görə, Azərbaycan 2020-ci ilədək bu hədəfə çatacaq və dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevriləcək. Turizm cəlbediciliyini artırmaq istiqamətində görülən tədbirlər içərisində Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” fərmanının önəmini xüsusi qeyd etmək lazımdır. Artıq deyildiyi kimi, ölkəmizdə biomüxtəlifliyin zənginliyi, iqlim şəraitinin əlverişliliyi turizmin bir çox növlərinin inkişafına geniş imkanlar açır. Lakin dövlət dəstəyi olmasaydı, konkret proqramlar qəbul olunmasaydı, bu gözəlliklərə, necə deyərlər “sığal” çəkilməsəydi, bugünkü uğurları qazanmaq olmazdı. Regionların sosial-iqtisadi inkişafına dair bütün Dövlət Proqramlarının daxili strukturunda turizmin inkişafı üstün mövqedə saxlanılmışdır.
Dövlət başçısı regionlara səfərləri çərçivəsində, digər sahələrlə yanaşı, turizmin durumu ilə maraqlanır, sahibkarlıq subyektləri ilə görüşüb söhbət edir, zəruri tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini verir. Turizm sahəsində Quba, Xaçmaz, Qusar, Lənkəran, Qəbələ, Qax rayonlarında həyata keçirilən tədbirlər daha çox diqqət çəkir. Həmin bölgələrdə yerli əhali artıq kənd turizmi ilə məşğul olaraq, ilin bütün mövsümlərində yerli və xarici turistlərə yaşayış, yemək və ekskursiya xidmətləri göstərirlər. Bu isə əhalinin həyat səviyyəsinin yüksəlməsinə, özünüməşğulluq probleminin həll olunmasına, kiçik biznesin inkişafına müsbət təsir göstərir.
Nabran ölkəmizin mühüm turizm mərkəzlərindən biridir. Prezident İlham Əliyev bir neçə il öncə, Xaçmaz rayonunda səfərdə olarkən Nabrandakı turizm obyektlərinin fəaliyyəti ilə bağlı demişdir:
“Mən Xaçmazda olarkən Nabrana getdim, turizm zonası ilə tanış olduq. Əlbəttə ki, müəyyən işlər görülübdür. Ancaq açıq deməliyəm ki, bunlar dünya səviyyəsindən hələ çox aşağıdır. Biz istəyəriksə Azərbaycanda güclü turizm mərkəzləri yaradılsın, bütün işləri yüksək səviyyədə görməliyik”. Bu çağırışdan sonra Nabrandakı turizm obyektləri yenidən quruldu, turistlərin istirahəti üçün hər cür şərait yaradıldı. Lakin, təbii ki, həm Nabranda, həm də respublikamızın digər bölgələrində görüləsi işlər çoxdur. Yeni qəbul edilmiş 2018-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dördüncü mərhələ Dövlət Proqramında da regionlarda turizmin inkişafı ilə bağlı kifayət qədər tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Tezliklə biz bunun müsbət nəticələrini görəcəyik.
 
Zülfü İLYASOV,
bölgə müxbiri