Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Bir mahnıdan alınan qisasın izi ilə...
 
 
Azərbaycan öz coğrafi mövqeyinə görə mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, əsrlərlə Böyük İpək Yolunun üzərində yerləşən, zəngin mədəniyyətə, musiqiyə malik olan ekzotik Şərq ölkəsidir. Buna sübut Şərq musiqi təfəkkürünün ali musiqi sistemi sayılan muğamın hələ XIII-XV əsrlərdə Azərbaycan əsilli böyük alimlərin – Marağayi, Urməvinin risalələrində sistemləşdirilməsidir. Bu məktəbin davamçıları XIX əsrdə Mir Möhsün Nəvvab, XX əsrdə isə fundamental izahı ilə lad sistemini bərpa edən Üzeyir Hacıbəyli olub. Bununla da biz muğam adlı mürəkkəb, zəngin, böyük musiqi sisteminə sahib olduğumuzu sübut etmişik. Bu muğam təfəkkürü üzərində yaranan milli folklorumuzun əsl sahibi olduğumuz halda, Qafqaza,  Azərbaycan ərazisinə 2 əsr bundan əvvəl geosiyasi maraqlarla yerləşdirilən erməni tayfaları yerli xalqın məişəti, musiqisi, mədəni irsinin içində “özümə yer eləyim, gör sənə neylərəm” təfəkkürü ilə yavaş-yavaş özlərini bu mədəniyyətin bir parçası hesab etməyə başladılar. Günlərin birində isə bu rahatlıq da onlara yetərli olmadı, iddiaları böyüdü. Sonra yaşadıqları torpağa, əraziyə, mətbəxə, folklora, musiqiyə göz dikdilər. Öz yalanlarına o qədər aludə oldular ki, muğamın əsası hesab edilən  əruzun, qəzəl janrının erməni poeziyasında mövcud olmadığına baxmayaraq, muğamın Qafqaza məhz ermənilər tərəfindən gəldiyini iddia etməyə başladılar.
Dəliyə yel ver, əlinə bel ver...
Bu atalar sözü sanki qonşularımız üçün deyilib. Rus havadarları olmasa, çətin ki, öz murdar iddialarını irəli sürə bilsinlər. Erməni siyasətçilərinin, ziyalılarının həyasız iddiaları, utanmadan verdikləri bəyanatlar absurd xarakter daşısa da, təbliğatda istifadə etdikləri tribunalardan dünya ictimaiyyətinin diqqətini cəlb etməyi bacarırlar. Necə deyərlər, it ağac kölgəsində yatar, elə bilər öz kölgəsidir.
Həmişə olduğu kimi, bu gün də Rusiyanın radio və televiziya kanalları öz qapılarını ermənilərin üzünə geniş açır. Belə olmasaydı, Bakıda doğulub müğənni kimi yetişən rus əsilli ermənipərəst estrada müğənnisi Larisa Dolina “Rossiya” kanalında muğamın ermənilərin olduğunu bəyan etməzdi. Düşünülmüş təbliğatın nəticəsi isə budur: orta statistik rusun və ya digərlərinin (“Rossiya” kanalının bütün dünyada yayımlandığını nəzərə alsaq) öyrəndiyi o oldu ki, muğam (yalnız Azərbaycan musiqisinin janrı) ermənilərindir...
Nə qədər absurd bəyanat! Faktlar isə sonsuzdur...
“Vağzalı”dan başlanan oğurluq
Əslində ermənilər tərəfindən plagiat, saxtakarlıq və oğurluq faktları XIX əsrin sonlarından başlanıb və 150 ildir ki, səngimək bilmir.
Hələ ötən əsrin əvvəllərində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Türkiyə, Avropa, Amerika səhnələrində erməni əsəri kimi təbliğ edildiyinə aid çoxsaylı faktlar var. Təkcə elə Üzeyir bəyin möhtəşəm əsərlərinin oğurlanması 100 ilə yaxındır ki, davam edir. İllərdir Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin əsərləri erməni musiqisi kimi təqdim olunur.
Erməni əsilli bəstəkar Komitasın (1869-cu ildə Türkiyənin Kütahya şəhərində anadan olub) nəşr etdirdiyi rəqslər məcmuəsində bizim məşhur rəqslərimiz, oyun havaları erməni folkloru kimi təqdim edilir. Ötən əsrin 40-cı illərində Aram Xaçaturyanın “Qayane” baletində istifadə etdiyi “Vağzalı” rəqsi, balabanın, kamançanın mənimsənilməsi faktları, “İnnabı”, “Köçəri”, “Uzundərə”, “Mirzeyi”, “Yallı”  rəqsləri, Tofiq Quliyevin “Sənə də qalmaz”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Aygün Səmədzadənin “Məktəb illəri”,  xalq mahnıları: “Qaragilə”, “Sarı gəlin”, “Süsən sünbül”, bir çox aşıq havaları bu gün də erməni musiqisi kimi təbliğ olunur.
Ermənilər şifahi xalq ədəbiyyatımızı, folklorumuzu  da erməniləşdirirlər. Bayatılarımızı isə xüsusi “sevgi” ilə oğurlayırlar.  Hələ ötən əsrin 50-ci illərində erməni şairi Avetik İsaakyan yazırdı: “Azərbaycan xalqı bundan sonra şair yetişdirməsə də, bayatılar onlara minilliklər boyu bəs edəcək – bu, xalqa Allah tərəfindən göndərilmiş paydır”.
Amma hər şeyin həddi, hüdudu var. Səbir kasamızdakı sonuncu damla Üzeyir Hacıbəylinin cümhuriyyət dövründən yadigar qalan “Çırpınırdı Qara dəniz” mahnısının oğurlanması oldu.
“Çırpınırdı Qara dəniz”erməni dilində...
Rusiyanın Soçi şəhərində keçirilən “İlin mahnısı” (2018-2019) tədbirində rus müğənnisi Avraam Russo (Abraxam İpcyan, Suriyada anadan olub) erməni dilində Sayat Novanın (Erməni şairi və aşığı (1712-1795). Əsərlərinin 63-ü erməni, 33-ü gürcü və 128-i Azərbaycan dilində yazılıb) “Kamança” adlı mahnısını (musiqisi Ü.Hacıbəylinin) ifa etdi və mahnı müsabiqənin qalibi elan edildi.
100 yaşlı mahnının tarixçəsi
Dünyanın qlobal axtarış sistemi olan Google-da rus və Azərbaycan dillərində yazılmış vikipediyadan oxuyuruq: “Çırpınırdı Qara dəniz” mahnısının  sözləri (“Türkün bayrağı”) istiqlal şairi Əhməd Cavadın Türk bayrağına sevgisindən yaranmış, türk əsgərinin igidliyinə, böyük zəfərinə həsr edilmiş əsərdir. Onun 1914-cü ilin dekabr ayında Gəncə şəhərində yazdığı (525-ci qəzet, 16 маy 2009-cu il) bu şeirə dörd il sonra - 1918-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli mahnı bəstələmiş, onu Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf etmişdir. Mahnının ilk ifaçısı isə Bülbül olub. Qeyd edək ki, "Türkün bayrağı" şeiri 1919-cu ildə Ə.Cavadın ikinci şeir kitabı olan "Dalğa"da dərc olunub.
Bu mahnı qısa bir müddətdə Azərbaycanda və Türkiyədə böyük rəğbət qazanaraq çox populyar olub. Təəssüflər olsun ki, 1920-ci ildə bolşeviklər Azərbaycanda bu mahnıya pantürkist damğası vuraraq onun səsləndirilməsini qadağan ediblər. Biz 70 il bu mahnının mövcud olmasından xəbərsiz olmuşuq. Nəhayət, 90-cı illərdə müstəqilliyimizi bərpa etdikdən sonra bir çox arxivlər açıldı, gizli sənədlər üzə çıxdı, bu mahnı da həbsdən azad oldu...
Yenə Google-dan oxuyuruq: “Azərbaycanda 1920-ci ildə qadağan edildikdən sonra bu mahnı Türkiyədə uzun illər radio və televiziya kanallarında, rəsmi tədbirlərdə səslənmişdir. Hətta qeyd edilir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk bu mahnını ilk dəfə eşidərkən gözləri dolubmuş... (“Xalq cəbhəsi” qəzeti, 19 yanvar 2012-ci il).
Mahnı ilk dəfə Bakıda ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Respublika sarayında (indiki Heydər Əliyev sarayı), Əhməd Cavadın 100 illik yubileyinə həsr olunmuş gecədə Azərinin ifasında səslənmişdir”.
Ümumiyyətlə, bu mahnının yaranması tarixi siyasi mahiyyət daşıyan hadisə, erməni daşnaklarına, erməni birliyinə vurulan zərbə idi. Mahnının 100-cü ildönümündə onu Ermənistanda “İlin mahnısı” seçmək nəinki absurd, həm də Azərbaycandan, dahi Üzeyir Hacıbəylidən növbəti dəfə qisas almaqdır. Bu hadisə erməni şovinizminin parlaq təzahürü olub, təkcə plagiat faktı deyil, Azərbaycanın musiqi mədəniyyətinə təcavüzdür.
Məqsəd musiqinin Azərbaycan mənşəli olduğunu gizlətməkdir
Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov erməni plagiatının növbəti faktını belə şərh edir: Çox təəssüf ki, dünya təcrübəsində başqalarının mahnılarının müəllifliyini mənimsəyən bəstəkarlar və ifaçılar çoxalmaqdadır.  Bəzən bu hallar bilməyərəkdən olsa da, “Çırpınırdı Qara dəniz” mahnısının oğurlanması açıq-aşkar plagiatdır. Hətta musiqinin melodiyası, fakturası, polifoniyası, ritmi və s. kimi formaları da dəyişdirilməmişdir. Musiqinin ifa edildiyi çarxda bilərəkdən bəstəkarın adı göstərilmir ki, bu da beynəlxalq hüquq normalarının kobud pozulmasıdır. Burada məqsəd musiqinin Azərbaycan mənşəli olduğunu gizlətməkdir. Xüsusi olaraq ifaçının adının vurğulanması isə musiqinin bütün dünyaya erməni musiqisi kimi təbliği üçün yaxşı silahdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Müəllifləri İctimai Birliyi öz səlahiyyətləri və imkanları çərçivəsində daim bu cür məsələlərin həlli üçün tədbirlər görür.
İsmayıl müəllim onu da qeyd etdi ki, mədəniyyətin inkişafında və təbliğində Azərbaycanın uğurları dövlətin köməyi və qayğısı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin  əzəməti, ənənələri və orijinallığı bütün dünyada məşhurdur. Həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda uğurlu layihələr həyata keçirilir. Azərbaycanımızın bu uğurları erməni şovinistlərinə rahatlıq vermir və nəticələr göz qabağındadır. Bu oğurluqlara qarşı biz öz mədəniyyətimizi beynəlxalq səviyyədə təbliğ etməli, onu dünyaya tanıtmalıyıq.
Tarix faktlara əsaslanmalıdır. Bu istiqamətdə fəal işlər aparılır. Hazırda Bakı Musiqi Akademiyasında elmi laboratoriya bu sahədə sanballı tədqiqatlarla məşğuldur. Laboratoriya tərəfindən Azərbaycan musiqi alətləri, müxtəlif musiqi janrları haqqında Azərbaycan, rus və ingilis dillərində broşürlər, albomlar çap edilib yayılır. Burada aparılan tədqiqatlarda Azərbaycan musiqisi, çalğı alətləri  tarixi kökü, quruluşu və forması ilə sənədləşdirilib saxlanılır.
Azərbaycan mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü böyük işləri qeyd etməmək düzgün olmazdı.   Azərbaycan, rus və ingilis dillərində çap olunan kitablar arasında “Azərbaycan muğamı” məcmuəsini və “Muğam dünyası” nəşrlərini göstərmək olar.
Hazırda Ermənistanla Azərbaycan arasında güclü ideoloji müharibə gedir. Bu gün Azərbaycan  muğamı, xalça toxuculuğu, kamança və tar ifaçılıq sənəti və bu alətlərin hazırlanması, aşıq sənəti və s.  Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Dünyaya faktlar lazımdır. Dünya artıq ermənilərə inanmır.
Milli xəstəlik
Ermənilər tək azərbaycanlılardan oğurlamır, digər qonşu xalqlardan da oğurluq edir – bu, onların milli xəstəliyidir. Əgər bir xalqın özünün tarixi, mədəniyyəti, dili yoxdursa, o başqa xalqlar hesabına “formalaşmağa” məhkumdur... 
Erməni yazıçısı Xaçatur Abovyan yazırdı: “Mənim türklərə və onların dilinə dərin nifrətimə baxmayaraq, etiraf edirəm ki, türk dili olmadan erməni dili də mövcud olmayacaqdı”.  Mütəxəssislər təsdiqləyir ki, erməni dilinin 80%-ni türklərdən götürülmüş sözlər təşkil edir. Ermənilərin heç vaxt dövlətçiliyi olmayıb. Onlar həmişə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar. Yenə də erməni xəstəliyinin simptomları...
Müəllif  Hüquqları Agentliyinin rəhbəri Kamran İmanovun sözlərinə görə, “Plagiatla mübarizəyə gəldikdə, reytinq sənədlərində, o cümlədən Davos forumunun reytinqində Azərbaycan müəllif hüquqlarının qorunması üzrə MDB ölkələri arasında liderdir və Cənubi Qafqaz ölkələri arasında birinci yerdədir. Erməni oğurluğu isə olub, var və olacaq. Bu, onunla əlaqədardır ki, işğalçı ölkə tutduğu ərazilərə olan iddialarını əsaslandırmaq üçün Azərbaycanın maddi və mənəvi irsinin mənimsənilməsi ilə məşğuldur”.
Atalar yaxşı deyib, “Hər oxuyan Molla Pənah olmaz”. Erməni bizim ayaqqabımızı geyinə bilər, amma yerişimizi yeriyə bilməz! Dolmamızı, plovumuzu yeyə bilər, amma o ləzzəti, dadı ona verə bilməz! Xalçalarımızı oğurlaya bilər, amma toxuya bilməz! Musiqimizi, alətlərimizi oğurlaya bilər, hətta balaban fabriki də açıb “Erməni brendi” adı ilə dünyaya sata bilər, amma o balabanda “Bayatı-şiraz”ın bir şöbəsini belə çala bilməz! 100 yaşlı mahnının sözlərini dəyişib oxuya bilər, amma onun möhtəşəm sözlərini heç vaxt dilinə belə gətirə bilməz:
 
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şeir, salam söylər.
Olsun Turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!
 
Yeganə MƏMMƏDOVA