Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
YENİ DÖVLƏT PROQRAMI AZƏRBAYCAN İQTİSADİYYATININ KEYFİYYƏTCƏ YÜKSƏK STANDARTLAR SƏVİYYƏSİNƏ ÇATDIRILMASINI TƏMİN EDƏCƏK
 
 
Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişaf etdirilməsində regionların sosial-iqtisadi inkişafına dair üç mərhələ Dövlət Proqramları müstəsna əhəmiyyət kəsb etmişdir. Bu ilin yanvar ayının 29-da cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" təsdiqlənmişdir. Sayca dördüncü olan bu proqram ölkənin dayanıqlı və davamlı inkişafında ciddi dönüş yaradacaqdır. Yeni qəbul edilən Dövlət Proqramı öz məram və məqsədinə görə əvvəlki proqramların yeni çağırışlara uyğun formada məntiqi davamıdır. Öncə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının bəzi məqamlarına toxunmaq istərdik. Əgər ümumi şəkildə ifadə etsək, bu proqram Azərbaycanın yeni inkişaf mərhələsinin təməlini qoydu. Proqram çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən iri infrastruktur layihələrinin reallaşdırılması iqtisadiyyatın qeyri-neft sektorunun bütün sahələr və istiqamətlər üzrə konkret fəaliyyət konturlarının formalaşması prosesini sona çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə danışarkən demişdir: "Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirilib. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək".
İnkişafı və yüksəlişi şərtləndirən, onu səngiməyə qoymayan bir sıra vacib amillər vardır ki, bunlardan ən başlıcası ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasıdır. Sabitlik, əmin-amanlıq olmayan yerdə inkişafdan danışmaq yersizdir. Cənab prezidentin vurğuladığı kimi, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Məhz bu siyasətin dəstəklənməsi nəticəsində Azərbaycan bu gün qlobal aləmdə tanınan, regional müstəvidə söz sahibi olan bir dövlətə çevrilmişdir. Son 15 il ərzində regionlarda görülən işlərin miqyası o qədər böyükdür ki, onları saymaqla qurtarmaq olmaz. Məhz bu 15 il ərzində regional proqramların icrası nəticəsində qazınılan uğurlar bütün dünyanın diqqətini cəlb etmişdir. Bu dövrdə iqtisadiyyat 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. Cəmi 15 il ərzində ölkə iqtisadiyyatının 3,3 dəfə artması faktını fenomen hadisə adlandırmaq olar. Bunları görməmək mümkün deyil. Azərbaycan üçün önəmli olan budur ki, əldə edilən nailiyyətlər dünyanın ən mötəbər maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilib.
Dünya Bankı kimi mötəbər bir maliyyə institutunun "Doing Business" hesabatında 2006-cı ildə 98-ci sırada yer alan Azərbaycan 78 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşıb. On iki il ərzində belə nüfuzlu qurumun reytinq cədvəlində bu qədər irəliləmək ölkədə həyata keçirilən iqtisadi islahatların, investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılmasının nəticəsidir. Əgər vaxtında bu islahatlar aparılmasaydı, dünyanın nüfuzlu maliyyə qurumları Azərbaycana bu qədər investisiya yatırmazdılar.
Son 15 il ərzində bütövlükdə Azərbaycana 250 milyard dollar sərmayə qoyulub. Bunun təxminən yarısı daxili sərmayədir. Bu rəqəm Cənubi Qafqazın iki dövlətinin – Gürcüstanın və Ermənistanın 15 illik dövlət büdcəsindən 2,4 dəfə çoxdur. Azərbaycana yatırılan xarici investisiyaları nəzərə alsaq, müqayisədə çox böyük rəqəm əldə olunar.
İqtisadi sahədə qazanılan uğurlar, valyuta ehtiyatlarının ilbəil artması ölkənin sosial problemlərinin həllinə əlverişli imkan yaratmışdır. Son 15 il ərzində yeni yaradılan müəssisələrdə 2 milyon iş yeri açılmış, əməkhaqları 7 dəfə, təqaüdlər 9 dəfə artmışdır. Ötən illər ərzində 3272 məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib. Bölgələrdə 44 olimpiya idman mərkəzləri istifadəyə verilib. Qaçqın və köçkün soydaşlarımızın, şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yaşayış binaları, fərdi evlər tikilib istifadəyə verilmişdir.
Regionların siması köklü şəkildə dəyişmiş, müasirləşmiş, yüksək standartlara uyğun yollar, körpülər, su qovşaqları, dəryaçalar, su kanalları tikilib istifadəyə verilmiş, yüzlərlə müasir tipli istehsal və emal müəssisələri yaradılmışdır.
Bu illər ərzində real sektorun inkişafına hədəflənən ən uğurlu dönüşlərdən biri investisiyaların təşviqi mexanizminin yaradılmasıdır. Sahibkarlıq subyektlərinə, bütövlükdə özəl bölməyə tətbiq edilən güzəşt və dəstək mexanizminin işə düşməsi bir çox iri layihələrin reallaşmasına imkan vermişdir. Bu mexanizm işə düşdükdən sonra 332 layihənin icrası nəzərdə tutulur ki, indiyədək 107 layihə tam şəkildə reallaşıb. Ötən illər ərzində respublikanın bir sıra bölgələrində sənaye parklarının, aqroparkların yaradılmasına start verilib. Yaxın bir neçə il ərzində 50-yə yaxın müasir tipli aqropark kompleksləri tikilib istifadəyə veriləcək və kənd təsərrüfatı məhsullarının ixracında ciddi dönüş özünü göstərəcək.
Transmilli neft və qaz kəmərlərinin işə düşməsi ölkəmizin iqtisadi həyatında böyük canlanma yaratdı, maliyyə imkanlarımızı artırdı, regional müstəvidə bir sıra mühüm layihələrin həyata keçirilməsində Azərbaycanı əsl söz sahibi etdi. Bunların içərisində 4 seqmenti olan Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Həmin layihənin 3 hissəsi artıq istifadəyə verilib. Son hissəsi olan TAP xəttinin 2020-ci ildə reallaşacağı gözlənilir. Neft və qaz gəlirlərindən əldə olunan maliyyə vəsaitləri hesabına Azərbaycan Avrasiya məkanının vacib tranzit yükdaşıma mərkəzinə çevrilib. Bu strukturda Bakı-Tbilisi-Qars dəmir yolu xətti mühüm arteriya kimi qiymətləndirilir. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da Azərbaycan üzərindən böyük həcmli yüklərin bu istiqamətdə daşınmasına imkan verəcəkdir. Bakı-Astara dəmir yolu xəttinin yenidən qurulması bu məqsədə xidmət edir. Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələrin sayı 10-dan çoxdur, gələcəkdə onların sayı artacaq. Ötən 15 il ərzində respublikada 31 yeni elektrik stansiyası istifadəyə verilib. Bunun nəticəsində 2500 meqavatlıq yeni güclər yaradılıb. Hazırda Azərbaycan nəinki elektrik enerjisi ilə özünü təmin edir, həm də bu sahədə ixracatçı ölkəyə çevrilib.
Yuxarıda deyildiyi kimi, bu illər ərzində iqtisadiyyatın bütün sahələrində, xüsusilə də real sektorda ciddi irəliləyişlər əldə olunub. Qeyri-neft sektoru və o cümlədən aqrar bölmədə son illər əldə olunan nailiyyətlər bunun əyani təcəssümüdür. Təkcə 2018-ci ildə qeyri-neft sənayesində 9,1 faiz artım qeydə alınıb. İndiyədək icra olunan üç mərhələ Dövlət Proqramları nəticəsində taxıl istehsalı 1,6 dəfə, ət və süd istehsalı 1,7 dəfə, quş əti istehsalı 2,5 dəfə, tərəvəz istehsalı 1,5 dəfə, meyvə istehsalı 2,4 dəfə, üzüm istehsalı 3 dəfə artıb.
Azərbaycanda turizm sahəsində də yüksək göstəricilər əldə olunub. Keçən il ölkəmizə 2 milyon 850 min nəfər turist gəlmişdir ki, bunun hesabına ölkəyə 2 milyard valyuta daxil olmuşdur. Sadalanan statistik rəqəmlər Azərbaycanda real sektorun yüksək inkişaf və yüksəliş səviyyəsində olmasını təsdiqləyir. Bugünkü inkişaf tempi onu deməyə əsas verir ki, biz gələcəkdə iqtisadiyyatımızın istənilən istiqamətdə şaxələndirilməsini həyata keçirməyə nail olacağıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə cari ilin yanvar ayının 29-da təsdiqlənən 2019-2023-cü illər üçün regional inkişaf proqramı da bu məqsədə xidmət edir. İlkin hesablanmalara görə, sözügedən proqramın icrası üçün 17 milyard manatdan artıq vəsait nəzərdə tutulur. Bu vəsaitin 4,6 milyard manatının özəl sektor, 13 milyard manatının isə dövlət tərəfindən maliyyələşdirilməsi gözlənilir. Lakin şübhə yoxdur ki, proqramın icrası prosesində hər iki mənbədən yönəldilən maliyyə vəsaitlərinin həcmi artacaq.
2019-2023-cü illəri əhatə edən yeni Dövlət Proqramı həm regionların sosial-iqtisadi yüksəlişini, yeni iş yerlərinin açılmasını təmin edəcək, həm də aqrar bölmənin müasir innovativ texnologiyalar əsasında qurulmasına, kənd təsərrüfatında xammal istehsalından sənaye məhsulları istehsalının keçidinə geniş yollar açacaqdır. Sonucda Azərbaycan dünya bazarlarına yüksək standartlara cavab verən, növ-növ, çeşid-çeşid məhsul çıxaran güclü ixracatçı ölkəyə çevriləcəkdir.
 
Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
 bölgə müxbiri