Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İDARƏETMƏ MEXANİZMİNİN TƏKMİLLƏDİRİLMƏSİ

MƏMNUNLUĞUN TƏMİN EDİLMƏSİNƏ YÖNƏLİB

 

Azərbaycan iqtisadiyyatının inkişafının müasir mərhələsini şərtləndirən mühüm amillərdən biri idarəetmə mexanizminin maksimum sadələşdirilməsidir. Belə olan halda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına geniş üfüqlər açılır. İdarəetmə mexanizminin təkmilləşdirilməsi, yaxud sadələşdirilməsi dedikdə iki məsələ önə çıxır: prosedurların zaman və keyfiyyət kriteriyası. İki amil nəzərə alınarsa, o halda idarəçiliyin optimal şəkildə təşkil edildiyini söyləmək olar. Hər bir ölkənin idarəçilik sistemi özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. İnkişaf etmiş ölkələrin təcrübəsi örnək ola bilər. Lakin hər hansı ölkənin təcrübəsini olduğu kimi gətirib tətbiq etmək olmaz. Hər bir ölkənin idarəçilik sistemində milli, etnik, təbii-coğrafi şərait və digər amillər mütləq nəzərə alınmalıdır.
Son bir neçə il ərzində struktur islahatları sahəsində Azərbaycanda xeyli iş görülüb. Bəzi nazirlik, komitə və dövlət şirkətlərinin ləğvi, rekonstruksiyası, həmçinin bir çox xidmət növlərinin ASAN xidmətə ötürülməsi, müasir standartlara uyğun yeni qurumların yaradılması həyata keçirilib.
İdarəetmə sahəsində struktur islahatları 2018-ci ildə də davam etdirilib. Keçən il ərzində dövlət başçısının ölkə iqtisadiyyatı üçün vacib əhəmiyyət daşıyan bir sıra sərəncamları imzalanıb. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək, iki dövlət agentliyinin yaradılması, idxal-ixrac əməliyyatlarına nəzarət səviyyəsinin təkmilləşdirilməsi, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq yerində iki çevik dövlət qurumunun – Mədəniyyət Nazirliyinin və Turizm Agentliyinin təsis edilməsi bu sırada mühüm əhəmiyyət kəsb edən tədbirlərdir.
Bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birgə nəzarət edilməsi barədə verilən qərar ölkəmizdə aparılan islahatların tərkib hissəsi kimi böyük önəm daşıyır. Bu islahatların nə qədər vacib və həyati olması elə 2019-cu ilin ilk ayından hiss olunmağa başlayıb.
Cari ilin yanvar ayının 1-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasda çıxışı zamanı o, bu islahatlara dövlətin nə qədər ciddi önəm verdiyini, köhnəlmiş iqtisadi strukturun yeni, çevik və səmərəli strukturla əvəz olunmasının vacibliyini vurğulayaraq demişdir: "Harada ki, mümkündür biz maksimum dərəcədə istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə də kadr islahatı bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha çevik, daha yığcam, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatları, kadr islahatları aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər".
Dövlət başçısının bu açıqlamasından cəmi üç gün sonra imzaladığı fərman və sərəncamlar bu tələbin nə qədər vacib və təxirəsalınmaz olduğunu sübuta yetirdi. Öncə, prezident "Azərsursat" ASC-nin yaradılması haqqında sərəncam imzaladı ki, ölkədə müdafiə sənayesinin inkişafının dayanıqlığını təmin etmək üçün bu, çox zəruri addım hesab olunmalıdır. Yalnız bu yolla Azərbaycanın regionda silah-sursat istehsal edən əsas sənaye mərkəzlərindən  birinə çevrilməsini təmin etmək olar – belə çevik, yığcam qurum yaratmaqla.
Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, eyni zamanda, regionun ən nüfuzlu ölkələrindən birinə çevrilib. Bununla yanaşı, bizim Dağlıq Qarabağ kimi həll olunmamış problemimiz var. Torpaqlarımızı işğaldan azad etmək üçün güclü ordu və silah-sursat lazımdır. Ölkə daxilində müasir tipli silah istehsalı düşmən üzərində qələbəni şərtləndirən mühüm amillərdən biridir.
Dövlət başçısının Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı başqa bir sə­rəncamla Prezident Yanında Elmin İnkişafı Fondunun və  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin özünümaliyyələşdirmə əsasında yenidən təşkil edilməsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Prezident Yanında Dövlət Sirrinin Mühafizəsi üzrə idarələrarası komissiyanın katibliyinin, Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə daimi fəaliyyət göstərən işçi qrupunun, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun, habelə Azərbaycan Respublikası Tarif Şurasının katibliyinin ləğv edilməsi və onların fəaliyyətinin ictimai əsaslarla yenidən təşkil olunması təsdiqlənmişdir.
"Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanla isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Komitəsinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. Yeni agentlik baytarlıq və fitosanitar xidmətlərin təşkilini və idarə edilməsini, keyfiyyətə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyətini əlaqələndirəcək, kənd təsərrüfatı texnikasının qeydiyyatını, nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə təşkil edəcək, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort-sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarəti həyata keçirəcəkdir. İdarəetmənin çevik, yığcam və  funksional təşkili azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına, xidmət mexanizminin rahatlığına və operativliyinə, təmasların minimuma endirilməsinə gətirib çıxaracaq.
Ticarətin asanlaşdırılması, eləcə də gömrük risklərinin idarə olunması sahəsində mühüm işlər görülüb. Ticarət əməliyyatlarının asanlaşdırılması ixrac potensialının artmasına, rəqabət qabiliyyətinin güclənməsinə və  sonucda ölkə iqtisadiyyatının möhkəmlənməsinə geniş imkanlar və yollar açır. Son illər gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi bu sahədə işin təşkilini daha çevik etmiş, həmçinin gömrük prosedurlarının sürətləndirilməsi xarici ticarət iştirakçılarının sayını artırmışdır. "Xarici ticarət iştirakçılarının "yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi, bərpası Qaydalarının təsdiq edilməsi haqqında" cənab prezidentin 2018-ci il 21 dekabr tarixli fərmanı gömrük orqanlarının fəaliyyətində dönüş yaratmışdır. Bu həm də respublikamızda sahibkarlığın inkişafını, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracını gücləndirir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, yeni texnoloji prosedurların tətbiqi biznes mühitində səffaflığın təmin edilməsində, gömrük-biznes münasibətlərində "könüllü riayət" prinsipinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Aparılan işlər, görülən tədbirlər məmur-vətəndaş təmaslarını minimuma endirib, korrupsiya ilə mübarizə mexanizmini gücləndirib.
Hazırda 14 elektron gömrük xidməti "elektron hökumət" portalının sahibkarlıq subyektlərinin istifadəsinə verilməsi görülən işlərin əyani göstəricisidir.
Gömrük orqanlarının qarşısına qoyulan məqsədlərdən biri yeni innovativ layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə, ticarət dövriyyəsinin artmasına nail olmaqdan ibarətdir. Bununla yanaşı, Ümumi Tranzit Konsepsiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas hədəflərdəndir. Yaxın illərdə görülən tədbirlərin real nəticələrini görəcəyik.
 
Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri