Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ziyad Səmədzadə: “Demoqrafik inkişaf meyilləri nəzərə alınmalı, yeni iş yerləri yaradılmalıdır, bu, həm də dövlət başçısının tələbidir”

 

Müsahibimiz akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadədir:
- Ziyad müəllim, yanvarın 29-da ölkə prezidenti İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirildi. Qeyd edək ki, bu, 3-cü Dövlət Proqramı idi və artıq növbəti mərhələyə yekun vuruldu. Bu haqda nə deyərdiniz?
- Əvvəla qeyd edim ki, bu, Azərbaycanın inkişafının daha bir göstəricisidir. Məhz bu inkişaf, sistemli, düşünülmüş, düzgün, uzaqgörən siyasət nəticəsində bu günlərə gəlindi, regionların sosial-iqtisadi inkişafı yönündə 3-cü Dövlət Proqramının icrasına nail olundu. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqram həm də imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verilsin.
Onu da xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi  məhz 2003-cü ilin prezident seçkiləri ərəfəsində o vaxt prezidentliyə namizəd olan və seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazanaraq, dövlət başçısı seçilən cənab İlham Əliyevin vədlərindən biri idi. İlham Əliyev hələ o vaxt bəyan etmişdi ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə regionların inkişafı ilə məşğul olacaq, bölgələrdə olan problemlərin həlli işində öz səylərini əsirgəməyəcək. Bunun üstündən çox keçməmiş, dövlət başçısı prezidenliyinin ilk ilində, 2004-cü ilin fevral ayında da birinci  Dövlət Proqramını təsdiq etdi və bununla da Azərbaycan regionlarının inkişafında yeni, əsl quruculuq, abadlıq, inkişaf, tərəqqi mərhələsi başlandı.  Qısa zaman ərzində Azərbaycan regionlarının siması dəyişdi, bölgələrimiz başdan-ayağa gözəlləşdi, insanların maddi güzəranı, sosial rifah halı yaxşılaşdı, yeni-yeni, saysız-hesabsız müəssisələr, obyektlər, iş yerləri açıldı.
Rəqəmlərə, statistikaya müraciət etsək, görərik ki, regionlarla bağlı dövlət proqramlarının icrasına start veriləndən sonra, yəni ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır.  Həmçinin,  sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız  24 dəfə artmış və bu gün 45 milyard dollar təşkil etmişdir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Eyni zamanda,  ölkədə aparılan uğurlu siyasət Azərbaycana böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Bu gün  xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.  Əgər ilk dəfə, 2006-cı ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə qərarlaşmışdısa, ölkə prezidentinin də vurğuladığı kimi, aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda artıq ölkəmiz 25-ci yerdədir. Yəni, bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Həmçinin, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin.
Bununla yanaşı, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Çox sevindirici və əlamətdar haldır ki, bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür.  Eyni zamanda, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artmış, 3 min 200-dən çox məktəb əsaslı təmir edilmiş və ya yenidən tikilmiş, 640 tibb müəssisəsi tikilmiş və yenidən qurulmuş,  44 olimpiya mərkəzi yaradılmışdır.
Daha bir vacib və önəmli məsələ - 31 ildən artıq məruz qaldığımız  Ermənistan-Azərbaycan münaqişəsi, erməni işğalçıları tərəfindən torpaqlarımızın 20 faizindən çoxunun işğalı nəticəsində  öz evlərindən, yurd yerlərindən didərgin salınmış məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur və bu gün də belədir. Heç təsadüfi deyil ki, məhz bu diqqət nəticəsində son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilmiş, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir.  Ölkə prezidentinin də bu tədbirdən bir gün öncə, yəni yanvarın 28-də şəhid ailələri ilə görüşündə səsləndirdiyi kimi, bu kateqoriyadan olan bütün vətəndaşlar evlərlə təmin olunacaqlar, mənzilsiz qalan şəhid ailəsi və müharibə əlili olmayacaq.
Bundan başqa,  son 15 il ərzində  Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atıldı. Sahibkarlığın inkişafına böyük dəstək verildi. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği bu gün 2 milyard manatı ötmüşdür ki, bu, balaca rəqəm deyil. Sevindirici hal həm də ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə,  ölkədə kifayət qədər böyük maliyyə resursu yaradılıb ki, bununla da dövlət büdcəsinin yükünün azaldılması və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mümkündür və realdır.
Ötən 15 il ərzində ölkədə sənayeləşmə prosesi uğurla gedib və bu gün də davam etməkdədir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət almışdır. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında 67 rezident var ki, onlardan 40-ı artıq fəaliyyətdədir. Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub ki, onlardan 17-si fəaliyyətdədir.  Dövlət başçısının nitqində qeyd edildiyi kimi, qalan aqroparkların işə düşməsi nəticəsində də həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artacaq.
Daha bir mühüm məqam, heç kim üçün sirr deyil ki, 90-cı illərdə, 2000-ci illərin əvvəllərində Azərbaycanda, xüsusilə bölgələrdə enerji qıtlığı yaşanırdı. Saatlarla, hətta günlərlə insanlar işıqsız qalırdı, üstəlik, qaz təchizatı da tam bərbad durumda idi. Evlərin, mənzillərin qızdırılması üçün yaşıllıqlar, meşəliklər məhv edilirdi. Yəni, 15-20 il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik, ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı.  Ancaq çox önəmli  bir haldır və uğurlu bir göstəricidir ki, ötən 15 il ərzində ölkədə 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır.  Artıq nəinki özümüzü təmin edirik,  eyni zamanda, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün isə 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün 70 faizdir. Bununla belə, 90-cı və 2000-ci illər ərzində Azərbaycanın yollarında vəziyyət son dərəcə bərbad, xüsusilə  kənd və qəsəbələrdə dözülməz idi, insanlar gediş-gəliş zamanı böyük əziyyət çəkir, avtoqəzaların sayı gündən-günə artırdı. Bu vəziyyəti də aradan qaldırmaq üçün ötən on beş il ərzində böyük işlər görüldü və artıq 15 min kilometrdən çox avtomobil yolu tikilib, istifadəyə verilib.
Heç kim üçün sirr deyil ki, ölkə iqtisadiyyatının əsas sahəsi neft-qaz sektorudur. Bu, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Yəni, hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Bu baxımdan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Bu layihələr icra edilməsəydi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Bununla yanaşı, 2017-ci ilin sonlarında Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər şərqdən-qərbə, qərbdən-şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Yəni, bunları deməkdə məqsədim odur ki, bu layihələrə diqqət yetirilməsəydi, onlar icraya yönəldilməsəydi, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.
Hesab edirəm ki, bütün bunlar - sadaladıqlarım və sadalamadıqlarım böyük göstəricilərdir, dinamik, sürətli və dayanıqlı inkişaf, Azərbaycanın gücü və qüdrəti deməkdir. Dövlət başçının da giriş nitqində bildirdiyi kimi, görülmüş işlər haqqında danışmaq üçün saatlarla vaxt lazımdır.
O, “Sadəcə olaraq, əsas məqamları mən sizin diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və müzakirələrdə həm görülmüş işlər, həm də görüləcək işlər haqqında danışacağıq və gələcək inkişaf planlarımızı təmin edəcəyik. Biz bu gün, eyni zamanda, görüləcək işlərlə bağlı fikirlərimizi bildirəcəyik. Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib”, - deyərək bəyan etdi ki, görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq...
- Ziyad müəllim, məqamı düşmüşkən, bu yerdə bir məsələyə də münasibətinizi bilmək istərdik. Son 15 il ərzində dünyada, ətrafımızda müxtəlif proseslər gedib, dünya, belə demək mümkünsə, çox dəyişib...
- Bəli, tamamilə doğrudur. On beş il əvvəl vəziyyət tam fərqli idi, son illər isə risklər, təhdidlər, münaqişə, müharibə ocaqları artır və bu meyil, əfsuslar olsun ki, güclənir. Əgər 2000-ci illərin əvvəllərində dünyada həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik baxımından  bir qədər nisbi sabitlik var idisə, Əfqanıstan, İraq hadisələrinin yenidən alovlandırılması, xüsusilə də yanğısı, hələ də davam etməkdə olan başabəla və dəhşətli “Ərəb baharı” adlı “layihə”nin ortaya atılması ilə Yaxın Şərqdə - Suriyada, Liviyada, Yəməndə və digər ölkələrdə vətəndaş müharibələri, qanlı terraktlar, dinc və günahsız insanların qətlə yetirilməsi, kəndlərin, qəsəbələrin, şəhərlərin yerlə-yeksan edilməsi başlandı. Bu gün də həmin ölkələrdə qanlı göz yaşları tökülməkdə, axıdılmaqda, insanlar özlərini qorumaq üçün həyatlarını taleyin ümidinə buraxaraq, ölkələrindən, vətənlərindən didərgin düşməkdə, insan haqlarından gecə-gündüz hamıya dərs verməyə çalışan Avropa ölkələrində son dərəcədə acınacaqlı miqrant həyatı yaşamaqdadırlar. Eyni zamanda, bizim bölgəmizdə,  MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər bu gün də getməkdədir.  Azərbaycan isə hər zaman fəxr və qürur hissi ilə söylədiyimiz kimi,  sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix özü də əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur.  Ancaq Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına və ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Elə bilirəm ki, bu, hər kəs tərəfindən qiymətləndirilməli və təqdir edilməlidir. Heç kim artıq kənar, zərərli təsirlərə məruz qalmamalıdır, əksinə, bu təsirlərə qarşı daha səfərbər olmalıdır. Bu gün ölkəmizin müstəqilliyini, inkişafını, sabitliyini gözügötürməyən qüvvələr hələ də mövcuddur. Onlar hər an fürsət gözləyirlər. Ona görə də həmin qüvvələrə heç zaman fürsət verilməməlidir. Bu dövlət hamımızındır, onun üçün hamımız məsuliyyət daşıyırıq və daşımalıyıq.
- Bəs, konkret olaraq yaxın gələcəkdə daha çox nə kimi işlərin görülməsi və hansı addımların atılmasına ehtiyac var?
- Bilirsiniz,  adıçəkilən konfransda da səsləndirildiyi kimi, özümüzü  elektrik enerjisi ilə tam təmin, hətta bunu böyük həcmdə ixrac etsək də, iqtisadi müstəqilliyimiz və təhlükəsizliyimiz, gələcəkdə yenidən problemlər yaşamamaq üçün ölkədə yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın.
Çox yaxşı haldır ki, bu il Bakıda böyük elektrik stansiyasının açılışı planlaşdırılır, 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir. Eyni zamanda, verilən məlumatlara görə, Bakı şəhərində yeni 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılır.  Hazırda isə dəqiqləşmələr gedir və stansiyanın tikintisi ölkənin enerji potensialını daha da möhkəmləndirəcək.  Konfransda da vurğulandığı kimi, bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri apararaq onların potensialını böyük dərəcədə artıra, yəni təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.
Bildiyiniz kimi, keçən il 118 min yeni iş yeri yaradılmışdır. Ancaq bununla belə,  iş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə özəl sektor əsas rol oynamalıdır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır.  Yuxarıda da qeyd edildiyi kimi, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır ki, bu,  çox ciddi iş tələb edir, yəni iş yerlərinin yaradılması prioritet məsələlərdən biri kimi daim diqqətdə saxlanılmalıdır.  Həmçinin, iş yerlərində ixtisarlar minimuma endirilməlidir. Bu məsələdə həm dövlət qurumları, həm də özəl sektor və sahibkarlar son dərəcə həssas davranmalı, narazılıqlara yol verməməli, ölkədə aparılan böyük işlərin üzərinə kölgə salınmasına imkan yaratmamalıdırlar. Qeyd edim ki, bu məsələ dövlət başçısının çıxışında da ana xətlərdən birini təşkil etmişdir.
Dövlət başçısı çox haqlı olaraq “Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq”, - dedi və eyni zamanda, açıq şəkildə bəyan etdi ki, iş yerlərini  mütləq şəkildə qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda.
O, daha sonra “Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar”, - deyərək növbəti dəfə özəl sektor və sahibkarlara səsləndi və bir daha vurğuladı ki, heç bir ixtisar aparmamalıdırlar.
Həmçinin, kənd təsərrüfatında islahatların dərinləşdirilməsinə ehtiyac var. Yəni, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır.  Bu məsələ də dövlət başçısının çıxışında əsas tezislərdən biri oldu. Belə ki, o, çıxışında “Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq”, - deyərək  son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracının təxminən 6 dəfə artdığını, ancaq potensialın daha böyük olduğunu, xüsusilə yeni bazarlara çıxmağın vacibliyini dilə gətirdi...
Burada ən önəmli, ən diqqət yetirilməli, gələcək inkişafımızla bağlı ən vacib məqamlardan biri də, heç şübhəsiz ki, məmur-vətəndaş münasibətlərinin ən yüksək səviyyəyə qaldırılması, təmin edilməsidir.  Xüsusilə də, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidir.  Heç bir halda yaddan çıxarmamalı, unutmamalıdırlar  ki, onlar vətəndaşlar üçün çalışır, vətəndaşlara xidmət edirlər. Yerli icra orqanları diqqətli olmalı, problemləri həll etməlidirlər. Dövlət başçısının söylədiyi kimi, hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Məmurlarla vətəndaşlar arasında daimi ünsiyyət, təmas olmalıdır. Heç təsadüfi deyil ki, bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb. Ona görə daim bu təmas olmalıdır ki, insanları narahat edən, yarımçıq qalan məsələlər tam həll olunsun. Həmçinin, regionların son illərdəki inkişafı ilə bağlı müqayisəli təhlil, araşdırma aparılmalı, yeni iş yerləri yaradılmalıdır. Azərbaycanda, regionlarda həm əmək ehtiyatları çoxdur, artır, həm əhali sayında artım yaşanır və bunlara da paralel olaraq, yeni əməkutumlu iş yerləri yaradılmalı, insanlar işlə təmin edilməlidir.
- Yeri gəlmişkən, konfransdan dərhal sonra ölkə prezidenti regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramını təsdiqlədi...
- Hesab edirəm ki, bu, məntiqi və gözlənilən bir addım idi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, uğurlarla və nailiyyətlərlə yanaşı, hələ bir çox işlərin görülməsinə ehtiyac var. Odur ki, ölkə prezidenti də belə bir addım ataraq, 4-cü Dövlət Proqramını təsdiqlədi. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da göstərildiyi kimi,  bu sənəd ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb.
Həmçinin, sənəddə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
Bütövlükdə isə qeyd etməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Yəni, ilkin hesablamlara və proqnozlara görə, bu vəsaitin 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq.  Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.
Ancaq təbii ki, dövlət başçısının qeyd etdiyi kimi, bunlar ilkin rəqəmlərdir, yəni  bu rəqəm gələcəkdə daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası da bunu göstərir, bu reallığı ortaya qoyur. Ona görə bütün bunlar tam əminlik yaradır və onu deməyə əsas verir ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək.


Müsahibəni apardı: Kamil