Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Əkilməyən, becərilməyən torpaq sahəsi qalmayıb
 
Aqrar sahənin dayanıqlı və davamlı inkişafını təmin etmək, bol məhsul yetişdirmək, təsərrüfatların gəlirlə işləməsinə nail olmaq meliorasiya və su təsərrüfatı sisteminin yüksək səviyyədə qurulmasından asılıdır. Hektarlarla uzanıb gedən boz səhralara dirilik gətirən, həyat nişanəsi bəxş edən sudur. Ona görə su həyatdır, deyiblər. Günəş şüalarının bol düşdüyü Azərbaycanda əkin sahəsinin böyük qismi suvarılan torpaqlardır. Torpağının altı da, üstü də qızıl olan ölkəmizdə əkinçilik mədəniyyətinin, o cümlədən suvarma mədəniyyətinin tarixi çox qədimdir. Əcdadlarımız yer üzündə bitən növ-növ, çeşid-çeşid məhsulların çox hissəsini əkib-becərmişlər. Sözsüz ki, bu, suvarma olmadan mümkün olmazdı. Arxeoloji qazıntılar hələ eramızdan əvvəl bizdə suvarma sisteminin mövcud olduğunu sübuta yetirmişdir. Ulu öndər Heydər Əliyev sovetlər dönəmində, 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda ölkədə meliorasiya və su təsərrüfatı sisteminin tamamilə yenidən qurulmasına nail olmuş, nəhəng layihələr reallaşdırılmış, iri su anbarları, hidroqovşaqlar, suvarma kanalları tikilib istifadəyə verilmiş, Milin, Muğanın, Şirvanın susuz çöllərinə həyat gətirilmişdir. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan hakimiyyətinə qayıdan ümummilli lider meliorasiya və su sisteminin yenidən qurulmasına və inkişafına xüsusi diqqət yetirmiş, bu proses torpaq islahatları ilə paralel şəkildə aparılmış və həmin işləri tənzimləyən normativ-hüquqi baza yaradılmışdır. O illərdən başlanan inkişaf və tərəqqi dalğası bu gün də uğurla davam etdirilir.
Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanı ölkədə meliorasiya və su təsərrüfatı sisteminin yaxşılaşdırılmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
Ulu öndərin tapşırığı və göstərişlərinə uyğun olaraq o vaxtlar respublikaya qoyulan xarici investisiyaların böyük bir qismi meliorasiya tədbirlərinin görülməsinə yönəldilirdi ki, bu da sonrakı illərdə öz real nəticələrini göstərmişdir. Hazırda cənab prezidentin rəhbərliyi ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı ilə bağlı problemlər dərindən təhlil olunur, strateji hədəfə çatmaq istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər respublikada iri kapital qoyuluşlu layihələrin reallaşdırılması buna bariz nümunədir. Görülən hər bir tədbir ərzaq bolluğunun yaradılmasına, ixracın genişləndirilməsinə, vətəndaşların gəlirlərinin artmasına, rifah halının yüksəlməsinə yeni imkanlar və yollar açmışdır.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat proqramları meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılmasına və onların müasir tələblər səviyyəsində qurulmasına yönəldilmişdir. Son 15 ildə Azərbaycanda genişmiqyaslı suvarma kanalları, kollektor-drenaj şəbəkələri tikilmiş, yenidən qurulmuş, bərpa olunmuşdur ki, bu da torpaqların suvarma təminatının və meliorasiya vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmış, yeni ərazilərin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaratmışdır. Ümumi tutumu 456 milyon kubmetr olan, strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə 4 ən böyük su anbarı – Taxta körpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilmişdir. Həmin su anbarlarının istifadəyə verilməsi on minlərlə hektar torpaq sahələrinin suvarma suyu ilə təminatı problemini birdəfəlik həll etmişdir.
Qeyd etmək lazımdır ki, Qərb bölgəsində yerləşən Şəmkirçay Su Anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsinin reallaşdırılması son illərin əlamətdar hadisələrindəndir. Şəmkirçay Su Anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı işğal zonasında yerləşən Goranboy rayonunun 8293 hektar yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar ərazini suvarma suyu ilə təmin edir. Məlumat üçün bildirək ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının İpək Yoluna qədər 8,6 kilometrlik birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Samux və Goranboy rayonlarının yeni suvarılacaq torpaqlar olmaqla, 8638 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. Dövlət başçısının elə həmin mərasimdə verdiyi  tapşırıqlara uyğun olaraq, 2017-ci ildə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu və ikinci dərəcəli avtomobil yolu ilə kəsişməsində keçid qurğuları, həmçinin kanalın özünün tikintisi davam etdirilmişdir. Məlumat üçün onu da bildirək ki, cənab Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə Şəmkirçay Su Anbarının təməlqoyma və 2014-cü ildə açılış mərasimləri keçirilmişdir. Su Elektrik Stansiyası ilə birlikdə Şəmkir dəryaçasının, oradan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalın istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına, 17 min hektar yeni torpaqların əkin dövriyyəsinə daxil edilməsinə, ildə 56 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, həmçinin Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonu Nəbiağalı qəsəbəsinin əhalisinin ildə 50 milyon kubmetrə yaxın təmiz içməli su ilə təchiz olunmasına imkan yaratmışdır. Şəmkirçay dəryaçası istifadəyə verildiyi vaxtdan 2018-ci ilin yanvarın 1-dək yığılan 740 milyon kubmetr su hesabına Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarının 43 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşmış, həmçinin 5500 hektar yeni suvarılacaq torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyev bu möhtəşəm layihələrin ərsəyə gəlməsini Azərbaycanın artan iqtisadi gücünün və qüdrətinin real təcəssümü olduğunu dilə gətirərək demişdir: “Uğurlar olsun. Biz bu gün belə gözəl layihələrə start veririk. Yaxşı iş görmüsünüz. Gözəl kanal çəkmisiniz. Kənd təsərrüfatının inkişafı üçün bunun böyük əhəmiyyəti var”.
Ölkə başçısının vurğuladığı kimi,meliorasiya və irriqasiya sahəsində belə nəhəng layihələrin reallaşdırılması həm kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına öz töhfəsini verəcək, həm ixracyönlü məhsul istehsalını yüksəldəcək, həm də bölgələrin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələ açacaqdır. Bu gün bölgələrdə yaşanan coşqu və qələbəlik, əmək adamlarının təsərrüfat işlərinə həvəs və marağının artması buna əyani sübutdur. Yaradılan aqroparklar, iri fermer təsərrüfatları, müasir tipli heyvandarlıq kompleksləri aqrar sahəni yüksək inkişaf və tərəqqi yoluna çıxaracaqdır. Bundan sonra biz hər il yüksəliş dalğasının genişləndiyinin şahidi olacağıq. Eyni zamanda, belə nəhəng layihələrin gerçəkləşməsi dövlətimizin qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyduğu strateji məqsədin həyata keçirilməsinə xidmət edir.
Meliorasiya və suvarma sistemi Azərbaycanın aqrar bölməsinin əsas qan damarıdır. Tam əminliklə demək olar ki, bu sistemin mükəmməl qurulması və modernləşdirilərək dünya standartları səviyyəsinə qaldırılması ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının dəfələrlə artmasını təmin edəcək, aqroparklar, iri fermer təsərrüfatları və assosiasiyaları ilə yanaşı, kiçik və orta biznesin canlanmasına və inkişafına təkan verəcəkdir. Açığını etiraf etmək lazımdır ki, 10-15 il öncə kiçik torpaq mülkiyyətçiləri öhdələrində olan torpaq sahələrini qoyaraq şəhərlərə üz tuturdular. Bunun əsas səbəblərindən biri suvarma suyu ilə bağlı problemlərin yaşanması idi. Suvarma mövsümü zamanı yaranan çətinliklər, sahələrə vaxtında və optimal müddətdə suyun çatdırılmaması məhsulun məhv olması ilə sonuclanırdı. Nəticədə təsərrüfat adamları ziyan çəkirdilər. İndi, demək olar ki, vəziyyət dəyişib. Bu problemlər minimuma endirilib, kəndlərə böyük axınla dönüş baş verib, əkilməyən, becərilməyən torpaq sahəsi qalmayıb...
 
 
Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri