Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Nəsrəddin Tusinin sosila-iqtisadi təlimində insan və insan kapitalı

 

Tarix sübut edir ki, dünyada hər şeyi axtarıb tapan, hazırlayan, ortaya qoyan və yaradan insandır. Yer kürəsində 3,9 milyard ildir ki, insan yaranmışdır. Bizim sifətdə və formada olan insanlar 5 milyon ildir ki, əmələ gəlib.
İlk əmək alətləri, silahlar, ev-eşik, od-ocaq, qab-qaçaq, işıq, hərəkət vasitələri, metal, şüşə, yazı, dərman, pul, təqvim və s. məhz bu insanların beyni və düşüncəsinin nəticəsində yaranmışdır. Nəticədə insanlarda və dövlətlərdə sərvət, varidat, başqa sözlə, kapital yaranmışdır. Lakin elm sübut edir ki, adi halda insanın potensial elmi gücünün 5-10 faizindən istifadə edilir. Onun qalan əqli gücündən istifadə edilməsi üçün toplanmış maddi-maliyyə kapitalının (neft-qaz və s.) insan kapitalına çevrilməsi daha böyük elmi nəticələrin, kəşflərin, yeni məhsulların alınmasına, maliyyə-iqtisadi gəlirlərin yaranmasına, onun artmasına, ölkənin dayanıqlı və davamlı inkişafına və xalqın tərəqqisinə təkan vermiş olur.
Ona görə də dünyanın inkişaf etmiş ölkələri 70 ildən çoxdur ki, insanın əqli gücündən maksimum istifadə etməklə daha böyük gəlirlər əldə etmək üçün çalışır, bütün ölkələrin güclü beyinlərini tapır, toplayır, böyük vəsaitlər sərf etməklə, daha da böyük gəlirlərin əldə olunmasına nail olurlar. Çünki dövləti inkişaf etdirən, böyük gəlirlər əldə edən, xalqının tərəqqisinə nail olan da təhsildir, elmdir, innovasiyalardır və onun hərəkətverici qüvvəsi olan insan və insan kapitalıdır.
Azərbaycan Respublikası da məhz bu yolla gedərək, bütün iqtisadi gücünü, konkret olaraq neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşıya qoymuşdur. Hazırda neft kapitalı iqtisadi inkişafa və sosial rifaha xidmət edir. Bu istiqamətdə klassik filosof və iqtisadçıların insan və insan kapitalı təlimlərinin öyrənilməsi lazım gəlir və bu, çox vacibdir.
Klassik fəlsəfədə insan
Klassik yunan fəlsəfəsinin banisi, 2400 il bundan əvvəl 70 il yaşamış (e.ə. 469-399), ölümə məhkum edilmiş, böyük filosof Platonun müəllimi, dahi Sokrat, klassik yunan fəlsəfəsində Sokrat məktəbinin davamçısı, Sokratın şagirdi və Aristotelin müəllimi, 80 il yaşamış (e.ə. 428-348), Şərq dünyasında Əflatun kimi tanınan nəhəng filosof Platon, klassik yunan fəlsəfəsində Sokrat və Platon məktəbinin davamçısı, Platonun şagirdi və Makedoniyalı İsgəndərin müəllimi, 62 il yaşamış (e.ə. 384-322), Şərq dünyasında Ərəstun kimi tanınan nəhəng filosof Aristotel cəmiyyətin inkişafında insanın rolu və mövqeyini dahiyanə təlimləri ilə qiymətləndirmişlər.
XIII əsrdə yaşamış azərbaycanlı-türk ensiklopedik alimi – riyaziyyat, astronomiya, məntiq, psixologiya, ilahiyyat, coğrafiya, fəlsəfə, iqtisadiyyat və s. sahələrdə yüzdən artıq əsərin müəllifi Xacə Nəsirəddin Tusi dövrünün ən tanınmış Azərbaycan filosofu və iqtisadçısı olmuşdur. Tusinin əsərləri səkkiz yüz ildən artıq Orta, Yaxın Şərq və dünya elm ictimaiyyəti tərəfindən tədqiq edilir. Qeyd etmək lazımdır ki, «Əxlaqi-Nasiri» əsəri yeddi yüz ildən artıq Yaxın və Orta Şərq məktəblərində dərslik kimi istifadə edilmişdir.
N.Tusi «Əxlaqi-Nasiri» əsərində əmək, işgüzarlıq, fəaliyyət, hərəkət və kamil insanı təhlil etməklə, insanın yalnız şüurlu zəhmət (əmək) nəticəsində öz səadətinə qovuşa bilməsini və bunun mümkün olmasını elmi dəlillərlə sübut etmişdir.
N.Tusi təlimində insan
N.Tusi göstərir ki,
- … ölümdən deyil, faydasız yaşamaqdan qorxmaq lazımdır;
- insan yaşamaq üçün, hər şeydən əvvəl, yeməyə möhtacdır;
- heyvanların qidası təbiət tərəfindən hazır verilənlərdirsə, insanın qidası əmək, sənət və peşə olmadan – əkmək, biçmək, təmizləmək, üyütmək, yoğurmaq, bişirmək və s. olmadan mümkün deyildir;
- yenidən istehsal olmadan mal toplamaq və onu saxlamaq mümkün deyil, çünki xərc (istifadə) etmək zəruridir;
- yenidən istehsal edilə bilməyən və ya ələ gətirilə bilməyən şeylər … əldən verilməməlidir;
- çıxar (xərc) gəlirə bərabər və ya çıxar (xərc) gəlirdən az olmalıdır (Ç = G və ya Ç < G);
- əgər bir yerdə azlığa, başqa yerdə çoxluğa yol verilsə (sərvət), ədalət pozulsa, fisq-fəsad törəyər, məhəbbət ədavətə çevrilər, dostluq düşmənçiliyə dönər, nizam-intizam pozular, hərc-mərclik başlayar, səmimiyyət aradan qalxar, qurulan dağılar, hər şey məhv olar və s.
Əhali kəmiyyətcə yox, keyfiyyətcə artmalıdır
Yer kürəsinin ərazisi böyümür (710 mln. km2), su və quru ərazisi dəyişmir (71 faiz su, 29 faiz quru), daim dəyişilməyən sahəyə malikdir. Əhali isə sürətlə artır. Əgər dünyada əhalinin sayı 1500-cü ildə 458 milyon nəfər olmuşdursa, 1804-cü ildə dünyada birinci milyard nəfər tamam olmuşdur. Bundan 123 il sonra 1927-ci ildə 2 milyard, 33 il sonra 1960-cı ildə 3 milyard, 14 il sonra 1974-cü ildə 4 milyard, 13 il sonra 1987-ci ildə 5 milyard, 12 il sonra 1999-cu ildə 6 milyard, 12 il sonra 2011-ci ildə 7 milyard nəfər əhali olmuş, 2017-ci ildə 7,5 milyard nəfərə çatmışdır. 2050-ci ildə 8,9 milyard, 2111-ci ildə 15 milyard nəfərə çatacağı proqnozlaşdırılır.
Azərbaycanda da əhalinin sayı sürətlə artır. Azərbaycanda bir saat ərzində orta hesabla 18 uşaq dünyaya gəlir (2016), ölkə əhalisi 2018-ci ildə 10 milyona çatmışdır. Bu da onu göstərir ki, ərazi artmadığı halda əhali – insanlar sürətlə artır.
Hazırda bəşəriyyəti bir problem düşündürür. Əhalinin kəmiyyət artımı yox, keyfiyyət artımına nail olmaq. Sağlam, savadlı, səriştəli, intellektual, innovativ, müasir bilikli insan hazırlamaq, insan kapitalı yaratmaq və inkişaf etdirmək.
Böyük ingilis iqtisadçısı Vilyam Petti XVII əsrdə yazırdı ki, «Əmək sərvətin atası, torpaq isə onun anasıdır». 300 ildən sonra dünyada gedən güclü inqilabi yenilik və dəyişikliklər sübut edir ki, XX əsrin ortalarından başlayaraq dünyada «Bilik (elm) sərvətin atası, texnologiya isə onun anasıdır» (MM). Texnologiyanı da insanlar yaradır.
Yəni, artıq insanlar təkcə fərd (adam) kimi yox, yaradıcı və qurucu olmaqla kapitala çevrilir, cəmiyyəti inkişaf etdirir, varlandırır, məhsuldarlığı artırır və saflaşdırır.
Buna görə də onlara ölkənin qızıl beyinləri deyilir. Fiziki-maddi, maliyyə və bütün digər kapitalların hamısı insan kapitalı üzərində dayanır və inkişaf edir.
İnsan düşünən, axtaran, tapan, ideya verən, yaradan, təkmilləşdirən, inkişaf etdirən, qoruyan, saxlayan, gücləndirən, əkən, biçən, yetişdirən, hərəkətə gətirən, əlaqələndirən, qulluq edən və canlandıran fiziki və əqli varlıqdır. Yaradıcı olduğu üçün də kapital, xüsusilə daim artıran kapitaldır.
Nəsirəddin Tusiyə görə cəmiyyətin dörd sinfi
Nəsirəddin Tusi insanları cəmiyyətdəki yerinə, roluna, mövqeyinə, fəaliyyət sahələrinə, məşğuliyyətinə və əməyinə görə dörd sinfə bölür (sxemə bax).
Sxemdən göründüyü kimi, cəmiyyətdə qələm əhli təbiətin su, güc əhli od, xidmət əhli hava, torpaq əhli torpaq kimi təbiətin dörd ünsürü funksiyasını yerinə yetirirlər. Qələm əhli cəmiyyəti irəliyə aparan, güc əhli  cəmiyyəti qoruyan, xidmət əhli  cəmiyyətə xidmət edən, torpaq əhli  cəmiyyəti yaşadanlardır. Qələm əhli cəmiyyəti su kimi təmizləyir, güc əhli cəmiyyəti od kimi isidir, xidmət əhli cəmiyyətə hava kimi nəfəs verir, torpaq əhli cəmiyyəti qidalandırır. Bunların heç biri təklikdə mövcud ola bilməz, hər biri digərinə təsir edir, əlaqələndirir, cəmiyyəti canlandırır və hərəkətə gətirir.
Sosial-iqtisadi təhlil və qiymətləndirməyə görə cəmiyyətdə – dünyada əhalinin, insanların 3 faizini qələm əhli (ziyalılar), 5 faizini güc əhli, 60 faizini xidmət əhli və 32 faizini torpaq əhli təşkil edir. Deməli, torpaq əhli hazırlayan, xidmət əhli çatdıran, güc əhli qoruyan və qələm əhli isə inkişaf etdirənlərdir ki, bunlar da insan kapitalının əsas elementləridir.
Vilyam Şekspir yazır ki, «xərcləməkdən əvvəl qazanan …» cəmiyyətdə kamil insandır (hər sahədə – MM).
Cəmiyyətin qələm əhli – ziyalıları insan kapitalının xəzinəsidir və milli sərvətidir. İnsan kapitalı insanın özü ilə bərabər dövlətini, xalqını, millətini və bəşəriyyəti inkişaf etdirir. Necə ki, İsaak Nyutonun ümumdünya cazibə qanunu ilə göy cisimləri öyrənilməyə başlandı, Thomson Edison elektrik lampasını icad etməklə bütün dünyanı işıqlandırdı, radionun yaradıcısı sayılan İtaliyalı alim G.Makroni uzaq ölkələri yaxınlaşdırdı, müasir avtomobilin yaradıcısı Karl Bens uzaq yolları birləşdirdi, Con Loqi Beyrdin hazırladığı ilk televizoru ilə (1923, İngiltərə) evlərə daxil oldu, kompüter maqnatı, «Mikrosoft» korporasiyasının banisi Bill Qeyts bütün dünyanın vahid informasiya sistemini yaratdı, Millət Atası Böyük Atatürk Türkiyə dövlətini yaratdı, dünyada sənaye üsulu ilə ilk neft quyusu (1846-cı il, Azərbaycan, Bakı, Bibiheybət mədəni) qazılmaqla neft çıxarılmasına başlandı, akademik Yusif Məmmədəliyev dünyada ilk dəfə yüksək oktanlı benzin ixtira etdi, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi Marağa rəsədxanasını (1259-cu il, Cənubi Azərbaycan, Marağa şəhəri) açdı və s., və i.a. Bu kimi kəşflər və ixtiralar edildi, ildən-ilə, əsrdən-əsrə yeni-yeni məhsullar yarandı, insanların həyat şəraiti yaxşılaşdı, mədəni səviyyəsi yüksəldi, ümumi uzunömürlülük artdı və təbii ki, bu proses sürətlə davam edir və edəcəkdir. Bütün bunların da kökündə savadlanma, təhsil, elm və innovasiyalar durur.
Əsas iqtisadi göstəricilər üzrə dünya ölkələrinin inkişafının tədqiqi göstərir ki, hər bir ölkənin inkişafı təhsildən və elmdən başlayır, yüksək milli gəlir, adambaşına düşən yüksək gəlir, yüksək əməkhaqqı, həyat səviyyəsi, rifah, uzunömürlülük, sabitlik və firavanlıqla başa çatır.
Sokrat yazır: «Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət». N.Tusi yazır: «Hikmət» cinsinə daxil olan növlərin miqdarı yeddidir: birinci – zəka, ikinci – dərketmə, üçüncü – zehn aydınlığı, dördüncü – öyrənmə səviyyəsi, beşinci – ağıl gözəlliyi, altıncı – hafizə, yeddinci – hazırcavablıq». Hikmət cinsinə daxil olan bu elementlərin birləşməsi və əlaqələndirilməsi nəticəsində elmi təfəkkür formalaşır, bilik elmi nəticə verir, elmi ideya, elmi yenilik və elmi məhsul ortaya çıxır. Bütün bunları dünya təcrübəsi tam sübut etmişdir. «Bilik» insan beyni və düşüncəsinin məhsuludur, bilikli insan kapitalı harada varsa, orada inkişaf, tərəqqi və rifah da var. Harada «cəhalət» varsa, orada gerilik, yoxsulluq, aclıq və səfalət vardır.
Beləliklə, N.Tusinin sosial-iqtisadi təliminin əsaslarını aşağıdakı kimi qruplaşdırmaq olar:
- dünyadakı mövcudatın ən şərəflisi olan insandır…;
- insan yaşamaq üçün, hər şeydən əvvəl, yeməyə möhtacdır;
- heyvanların qidası təbiət tərəfindən hazır verilənlərdirsə, insanların qidası əmək sərf etmədən, hazırlamadan mümkün deyil;
- yenidən istehsal olmadan davamlı yaşamaq mümkün deyil;
- yenidən istehsal edilə bilməyənlər, qorunub saxlanılmalı və əldən verilməməlidir;
-ən azı xərc gəlirə bərabər olmalı və inkişaf üçün xərc gəlirdən az, gəlir xərclərdən çox olmalıdır;
- sərvətin bölgüsü ədalətli olmalıdır, ədalət pozularsa, hər şey məhv olar;
- elmlə əməlin (təcrübənin) qarşılıqlı əlaqəsi və birgə inkişafı nəticəsində insanın kamilləşib «mütləq insan» səviyyəsinə qədər yüksələ bilməsi;
- hər elmin bir obyekti (mövzusu) olur və o elmdə həmin obyekt (mövzu) haqqında danışarlar;
- bütün varlıqlar Allah və insan tərəfindən yaradıldığından, hikmət də iki növ olur: biri öyrəniləsi, biri ediləsi, yəni nəzəri və əməli;
- gəlir əldə etmək üçün əsasən üç şərti yerinə yetirmək lazımdır: birinci – zülmə yol verməmək; ikinci – rüsvayçılığa yol verməmək; üçüncü – alçaqlığa yol verməmək;
- mala üç nöqteyi-nəzərdən yanaşmaq olar: birinci – gəlir; ikinci – mühafizə; üçüncü – çıxar (xərc);
- çox yatağanlığı qadağan etmək (uşaqlara – MM) lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər;
- mümkün olmayan şeyləri arzu etmə və s. …
 
i.f.d., dos. Müzəffər Məmmədov, ADİU